Ümummilli lider Heydər Əliyevin ədəbiyyat strategiyası

YAXUD ULU ÖNDƏR MİLLİ İCTİMAİ ŞÜURUN FORMALAŞMASINDA ƏDƏBİYYATIN ROLU HAQQINDA

Ümummilli liderimiz Heydər Əliyev istər sovet dövründə Azərbaycanda rəhbər vəzifələrdə çalışdığı vaxtlarda, istər respublikaya rəhbərlik etdiyi zamanlarda, istərsə də müstəqil dövlətimizin başçısı olarkən xüsusi diqqət yetirdiyi, onun üçün prioritet olan sahələrdən biri də mədəniyyət idi.

 

Ümummilli lider milli tərəqqini mədəni inkişafdan ayrı təsəvvür etmir, mədəni inkişafı milli varlığın irəliyə doğru hərəkətində əsas təkanverici amillərdən biri sayırdı. Bu nöqteyi-nəzərdən o, Azərbaycan xalqının ədəbi-bədii sərvətlərinə müstəsna dərəcədə böyük dəyər verirdi.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına böyük sevgisi həm də onun milli ədəbiyyatımıza böyük sevgisindən qidalanırdı. O, ədəbiyyatımızı, şəxsən özünün və eyni zamanda xalqımızın qürur mənbəyi sayır, onun keçdiyi inkişaf yolunda milli varlığımızın və dövlətçiliyimizin tarixi mənzərəsinin dəqiq təsvirini görürdü. Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ulu öndər qürur hissi ilə deyirdi: "Xalqımızın tarixi çox zəngindir. Ancaq biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik.

 

Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu böyük insanlar nəinki xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar".

 

Ümummilli lider mənsub olduğu xalqın ədəbiyyatına qəlbən bağlı idi. Bu "bağlılığ"ın psixoloji əsasını şərtləndirən amil onunla müəyyənləşirdi ki, o, xalqının ədəbiyyatını dərindən bilirdi, ədəbiyyatımızın keçdiyi tarixi inkişaf yolunun hər səhifəsinə bələd idi. Azərbaycan ədəbiyyatını daim oxumaq, mütaliə etmək onun üçün ruhi-mənəvi ehtiyaca çevrilmişdi. Ulu öndər qürurla etiraf edirdi ki, onun mənəvi təkamülündə ədəbiyyatımızın müstəsna rolu olmuşdur. O, ədəbiyyatın tərbiyəvi imkanlarını önə çəkir, insanın mənəvi zənginləşməsində onun roluna inanır, Azərbaycan ədəbiyyatının bu baxımdan gücünü xüsusi dəyərləndirir və bütün bunların təkzibedilməz faktı kimi Azərbaycan ədəbiyyatının və ümumiyyətlə, ədəbiyyatın özünün şəxsiyyət kimi formalaşmasındakı rolunu nümunə gətirirdi. Azərbaycan yazıçılarının X qurultayında üzünü qurultay iştirakçılarına tutaraq dövlətimizin başçısı deyirdi: "Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur... Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam".

 

Ümummilli liderin bu mülahizələri onun ədəbiyyata bağlılığının tarixi köklərini açır, onun böyük ədəbiyyat sevgisinin ruhi mənbələri ilə bizi tanış edir. Lakin bütün siyasi fəaliyyəti zamanında onun ədəbiyyat və mədəniyyət xadimləri ilə keçirdiyi çoxsaylı görüşlərdə və milli teatrda tamaşa etdiyi əsərlərlə bağlı təəssüratlarını ədəbiyyat və mədəniyyət xadimləri ilə bölüşəndə irəli sürdüyü mülahizələr aydın göstərir ki, onun ədəbiyyata bağlılığı, ilk növbədə, fitrətindəki nəhayətsiz ədəbiyyat duyumundan irəli gəlir. Bu cəhət onun istər ədəbiyyat haqqında ümumiləşdirici mülahizələrində, istərsə də konkret əsəri ideya-estetik cəhətdən dəyərləndirilmələrində aşkar görünən bir keyfiyyətdir. Ancaq burasını da xüsusi qeyd etməyə dəyər ki (və bu bizim üçün olduqca xoş bir haldır ki), bu duyumu, bir qayda olaraq, ədəbiyyata ciddi intellektual münasibət müşayiət edir. Bu o deməkdir ki, ümummilli liderin ədəbiyyat baxışları sənətə təkcə estetik zövq mənbəyi kimi yanaşmaqla məhdudlaşmır.

 

Böyük hərfli vətəndaş və siyasətçi olaraq o ədəbiyyata "sənət sənət üçündür" prizmasından yox, daha çox "sənət həyat üçündür" prizmasından baxır və qəbul edir. Onun bədii əsərin mütaliəsindən və yaxud tamaşasından aldığı estetik zövqün mayasında da bu həyatilik dayanır.

 

Məlumdur ki, XVIII əsr Avropasında, xüsusən maarifçi realistlərin ədəbiyyat revanşı ədəbiyyatın ictimai həyatla əlaqəsini möhkəmləndirdi, ədəbiyyat sosial missiya ilə yükləndi, həyat insan və cəmiyyət, insan və mühit kontekstlərində idrak və inikas olunmağa başladı. XIX əsrin tənqidi realistlərinin və romantiklərinin yaradıcılığında sosiallıq bədii ədəbiyyatın təbiəti kimi çıxış etməyə başladı. Bu, əslində, vətəndaşlıq düşüncəsinin formalaşdırılmasında ədəbiyyatın üzərinə qoyulan böyük missiya idi.

 

H.Əliyev ədəbiyyatdan intellektuallıq tələb edəndə və ədəbiyyata məhz bu nöqteyi-nəzərdən daha çox dəyər verəndə, heç şübhəsiz ki, "ictimai düşüncənin formalaşmasında ədəbiyyatın üzərinə qoyulan böyük missiya" nəzərdə tuturdu. Bu onun ədəbiyyat strategiyasının, ədəbiyyatı qiymətləndirmə prinsiplərinin əsasını, meyarını təşkil edirdi.

 

XVIII əsr Avropasında ədəbiyyatın sosiallaşmasına artan meylin Azərbaycan ədəbiyyatındakı ilk əks-sədası M.F.Axundzadənin yaradıcılığı idi. Məhz M.F.Axundzadənin, Y.Qarayevin təbirincə desək, səpdiyi toxumlar XIX əsrin sonları, XX əsrin əvvəllərində ciddi məhsul verməyə başladı və məhz bu dövrdə milli ədəbiyyatın sosial məzmunu, həyatla əlaqəsi möhkənlənməyə başladı. Məhz bu dövrün ədəbiyyatı öz üzərinə milli ictimai düşüncəni formalaşdırmaq missiyasını götürdü. Demək lazımdır ki, milli ədəbiyyatımız üzərinə götürdüyü bu missiyanı namusla yerinə yetirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində yetişməkdə və formalaşmaqda olan kapitalist iqtisadi münasibətləri zəminində Azərbaycan xalqının millət kimi formalaşmasında bu mərhələnin ədəbiyyatının müstəsna rolu oldu.

 

Ümummilli lider ədəbiyyatla bağlı çıxışlarında klassik ədəbiyyatımıza həmişə böyük dəyər vermiş, milli tarixi varlığımızın təsdiqində, bir xalq və millət olaraq dünyada tanınmağımızda və qəbul edilməyimizdə klassiklərimizin - Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dühalarımızın çox dəyərli rollarından ürək dolusu danışmışdır. Bununla belə, ədəbiyyatla bağlı nitqlərini, sənət adamları ilə söhbətlərini təfsilatlı şəkildə nəzərdən keçirdikdə onun XIX və XX əsrdə yaranan ədəbiyyatımıza xüsusi diqqət yetirməsini, xüsusi dəyər verməsini görürük. Bu diqqət, ilk növbədə, bu əsrlərin Azərbaycan xalqı üçün xüsusi taleyüklü bir zaman olması ilə bağlıdır. Məlumdur ki, məhz bu əsrlərdə Azərbaycan xalqı böyük güc dövlətləri içərisində öz taleyini müəyyənləşdirməyə çalışmış, tarixi taleyimizdə ağır iz qoyan ikiyə parçalanma ağrısını yaşamış, özünü bir millət və dövlət kimi təsdiq etmək zərurəti qarşısında qalmışdır.

 

H.Əliyev xalqımızın bir millət kimi özünüdərkində və təsdiqində, milli dövlətçilik uğrunda mübarizəsində bu dövrün ədəbiyyatının oynadığı müstəsna rolu görür və ədəbiyyat və mədəniyyət xadimləri qarşısındakı çıxışlarında bu rolu dönə-dönə vurğulayırdı. Bu, təkcə tarixi dövrün düzgün qiymətləndirilməsi, qədirşünaslıq nöqteyi-nəzərindən dilə gətirilmiş mülahizələr deyildir. H.Əliyev XIX əsrdə və XX əsrin əvvəllərində milli ictimai şüurun formalaşması və dövlətçilik uğrunda mübarizənin dərslərini xatırladırdı, milli müstəqillik dövründə müstəqilliyimizin "dönməzliyi və əbədiliyi"ndə bu dərsləri yaddan çıxarmamaq, bu təcrübədən istifadə zərurətini önə çəkirdi. Ulu öndər Azərbaycan ədəbiyyatının keçdiyi yolu milli yaddaşın tarixi yolu hesab edir, XIX əsr və XX əsrin əvvəllərini bu tarixi yaddaşın ən mühüm səhifələri kimi dəyərləndirirdi. O deyirdi: "Azərbaycan Asiya ilə Avropanın birləşdiyi, qovuşduğu bir ərazidə yerləşən, amma Avropaya daxil olan bir ölkədir. Ancaq Azərbaycan öz kökünə, dini mənsubiyyətinə, ənənələrinə görə Şərq aləminə, İslam, türk dünyasına daxil olubdur. Bu qəbildən olan xalqlar, millətlər içərisində Azərbaycan xalqı XIX-XX əsrlərdə öz milli köklərindən ayrılmayaraq öz ədəbiyyatını, mədəniyyətini dünyanın inkişaf etmiş Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirə bilibdir". "Bizim milli ədəbiyyatımızı, mədəniyyətimizi Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirən, onun sintezini yaradan insanlar" sırasında H.Əliyev M.F.Axundzadənin, S.Ə.Şirvaninn, N.Vəzirovun, H.Cavidin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin və başqalarının adlarını dərin bir məmnunluq hissi ilə çəkirdi. Əslində, H.Əliyev müstəmləkə rejimləri şəraitində xalqımızın milli tarixi varlığını qoruyub saxlayaraq Qərb dünyasında gedən mütərəqqi prosesləri mənimsəməsində bu sənət adamlarının gördüyü böyük işlərdən danışır və bütün bu "işlər"in strateji məqsədlərə xidmət etdiyini, son nəticədə Azərbaycan xalqını milli istiqlala qovuşdurmağa hesablandığını görür və yüksək dəyərləndirirdi. Ümummilli lider bu "yüksək dəyərləndirmə"də, ilk növbədə, irs-varislik əlaqəsini nəzərə alır və hesab edirdi ki, əgər bu gün biz "öz milli, mənəvi ənənələrimiz əsasında, xalqımızın, həyatımızın xüsusiyyətlərini nəzərə alaraq öz dövlətimizi qururuq"sa, qura biliriksə, deməli, bu proseslərdə tarixi ənənənin və heç şübhəsiz ki, ədəbi ənənənin də böyük payı vardır.

 

Ümummilli liderin ədəbiyyat strategiyasında ədəbi-tarixi yaddaşın bərpası və qorunması məsələsi mühüm yer tuturdu. O, çox yaxşı bilirdi ki, ədəbi-tarixi yaddaşın bərpası və qorunması mahiyyətcə milli tarixi yaddaşın qorunması və bərpası demək idi və strateji planda bizim özümüzü dərkimizə, təsdiqimizə və milli tarixi keçmişimizi dünyaya tanıtmaq məqsədinə xidmət edirdi. Məhz bu məqsədlə o, Azərbaycan xalqının özünütəsdiqində əhəmiyyətli rolu olan sənətkarların yubileylərinin keçirilməsini vacib hesab edir və bu məsələdə əks mövqe tutanları təkzibedilməz dəlillər və məntiqlə yerlərində otuzdururdu: "Məhz bu fikirlərlə XIX əsrin və XX əsrin Azərbaycan ədəbiyyatı üçün nə qədər məhsuldar olduğunu bildirmək istəyirəm. Bu gün biz burada qurultay keçirərək müasir ədəbiyyatımız haqqında danışarkən bu ədəbiyyatı yaradanları, bu ədəbiyyatı daim inkişaf etdirənləri daim hörmət, ehtiram, minnətdarlıq hissi ilə yad etməliyik. Ona görə də təsadüfi deyil ki, biz Azərbaycanda yazıçıların, şairlərin yubileylərinin keçirilməsini böyük əhəmiyyətli bir hadisə hesab edirik... Əminəm ki, keçirilən hər bir yubiley bizim həyatımızda çox böyük yeni hissiyyatlar doğurur, yeni qüvvələr meydana gətirir".

 

H.Əliyev XIX-XX əsrlər ədəbiyyatının doğurduğu "yeni hisslər"dən, "yeni qüvvələr"dən danışarkən nəyi nəzərdə tutur, milli düşüncəmizdə və cəmiyyətimizdə baş verən hansı proseslərə işarə edir? "Bu gün əəbiyyatımız haqqında danışarkən biz bu dövrü çox yüksək qiymətləndirməliyik" deyərkən və bu fikrində israr edərkən ümummilli liderin qiymətləndirmə meyarının prinsipləri nədən ibarətdir?

 

H.Əliyevin ədəbiyyatla bağlı çağırışlarını analitik təhlilə cəlb etdikdə belə bir birmənalı qənaətə gəlmək mümkündür ki, onun XIX və XX əsrlər ədəbiyyatında ən çox dəyər verdiyi keyfiyyət müasirlikdir. Bu çıxışlardan aydın olur ki, XIX əsrdə və XX əsrin əvvəllərində, eləcə də sovet dövründə ədəbiyyatın milli mücadilə hərəkatının başında durması öz səciyyəsi etibarı ilə bu gün də aktualdır və müstəqillik dövrünün ədəbiyyatının qarşısında bir vəzifə kimi durur. Sadəcə keçən iki əsrdə milli müstəqillik uğrunda mücadiləni XX əsrin sonlarında müstəqilliyimizin əbədiliyi və dönməzliyi uğrunda mübarizə əvəz edir. Lakin bu əvəzetmə mahiyyəti qətiyyən dəyişmir və H.Əliyev müstəqillik dövrünün milli ədəbiyyat strategiyasını müəyyənləşdirərək sənət adamlarının qarşısına belə bir vəzifə qoyur: "Bu sahədə də sizin dəstəyinizə, köməyinizə ehtiyacımız var. Mədəniyyət, ədəbiyyat gərək daim dövlətlə bir yerdə olsun... Siz tam sərbəstsiniz, azadsınız və sərbəstlik, azadlıq şəraitində nə cür istəyirsinizsə, o cür də yazın. Hansı mövzunu götürürsünüz, götürün, sizin öz işinizdir. Dövlət bu işlərə qarışmayacaqdır. Mən bunu sizə tam qətiyyətlə deyirəm.

 

Ancaq hesab edirəm ki, bir məsələdə siz daha da yaxından iştirak etməlisiniz, bu məsələ də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın qüdrətli ordusunun yaradılması, Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik, ümumiyyətlə, vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin möhkəmləndirilməsidir. Bu, çox vacibdir, çox lazımdır".

 

H.Əliyev milli ictimai şüurun formalaşmasında, milli vətəndaşlıq düşüncəsinin inkişaf etdirilməsində, milli birlik və dövlətçilik, müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda mübarizədə ədəbiyyatın üzərinə düşən funksiyaların XIX və XX əsrlər ədəbiyyatında çox dəyərli ənənələrinin olmasından danışır və müstəqillik dövrünün sənətkarlarını bu ənənələri öyrənməyə, onlardan novatorcasına bəhrələnməyə səsləyirdi. O, ədəbiyyatımızın bu istiqamətə köklənməsinin yaranmış tarixi şəraitin tələblərindən irəli gəldiyini, yalnız tarixi şəraitin doğurduğu bu missiyanı ləyaqətlə yerinə yetirməklə müstəqilliyimizin "əbədiliyi və dönməzliyi"nə təminat verə biləcəyimizi vurğulayırdı. H.Əliyev deyirdi: "Bilirsiniz, bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir" (1,216).

 

Ulu öndərin şəxsiyyətinə və yaradıcılığına çox böyük dəyər verdiyi görkəmli sənətkarımız H.Cavidin 1915-ci ildə qələmə aldığı "Müharibə və ədəbiyyat" məqaləsində milli xarakterin formalaşmasında, millətin mübarizələr və münaqişələrlə dolu həyatda irəliyə gedə bilməsində, müvəffəqiyyət qazanmasında fəlsəfə və ədəbiyyatın roluna xüsusi dəyər verdiyi hamımıza yaxşı məlumdur. Bu məqaləsində H.Cavid milli özünütərbiyə, milli özünüdərk problemini qaldırır və sübut edirdi ki, milli xarakteri də, ictimai və fərdi düşüncəni də tərbiyə etmək, istiqamətləndirmək lazımdır. O, dünyanın inkişaf etmiş xalqlarının həyatından nümunələr gətirir, onların iqtisadi cəhətdən güclənməsində, hətta müharibələrdə belə qələbə çalmasında fəlsəfə və ədəbiyyatın böyük rol oynadığını göstərirdi. H.Cavidə görə, müharibədə yalnız iqtisadi və hərbi gücü olanlar deyil, həm də güclü nəzəriyyəyə, xüsusi həyat fəlsəfəsinə, ideoloji baxışlar sisteminə malik olanlar qalib gəlirlər. XX əsrin əvvəllərində ictimai həyatımızın gerçəkliklərindən güc alaraq yaranan bu ədəbi-fəlsəfi baxış həmin əsrin sonlarında da tam müasir səslənir və ümummilli liderin ədəbiyyat strategiyasında öz təfsirini aşağıdakı kimi tapırdı: "Azərbaycanın daim sülh şəraitində yaşaması üçün, Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün onun qüdrətli ordusu olmalıdır. Ordunun qüdrəti təkcə silahda deyil, onun gücündə deyil. Ordunun əsas qüdrəti hər bir əsgərin mənəviyyatındadır, hər bir əsgərin şücaətindədir, hər bir əsgərin xalqına, torpağına, vətəninə sədaqətindədir. Biz xalqımızda, gənclərimizdə, ordumuzda, hər yerdə bu sədaqət hissini yaratmalıyıq".

 

H.Əliyev İkinci Dünya Müharibəsinin timsalında ədəbiyyatın ictimai şüura təsir gücünü nümunə gətirir, bədii sözün döyüşən ordunun ruhunun qaldırılmasında nə qədər böyük rol oynadığına diqqət çəkirdi. Böyük Vətən Müharibəsində mərdliklə döyüşən və həlak olan azərbaycanlı döyüşçülərin bəzilərinin "öləndən sonra cibindən Səməd Vurğunun, Rəsul Rzanın şeirlərinin çıxması"na dair faktları misal gətirir və belə bir nəticə çıxarırdı ki, "demək, şeir, şair sözü, yazıçı sözü hər şeydən təsirlidir". O, üzünü müstəqillik dövrünün ədəbiyyat adamlarına tutur və deyirdi: "Ona görə də istərdim ki, bu sahəni siz daim öz diqqətinizdə saxlayasınız".

 

Ümummilli liderə yaxşı məlum idi ki, Azərbaycanda estetik düşüncə bir qayda olaraq ictimai düşüncəni qabaqlamışdır. Milli ictimai düşüncənin formalaşmasında milli estetik düşüncənin həlledici rol oynadığını da o, hamıdan yaxşı bilirdi. H.Əliyev son nəticədə Azərbaycan Milli Demokratik Respublikasının yaranması ilə nəticələnən azərbaycançılıq ideologiyasının formalaşmasında XX əsrin əvvəllərinin ədəbiyyat və mədəniyyət xadimlərinin, elm və fəlsəfi fikir daşıyıcılarının həlledici rol oynadıqlarını, milli ideoloqlar kimi üzərlərinə düşən vəzifəni axıra qədər namusla yerinə yetirdiklərini xatırlayırdı.

 

Dövlətimizin başçısını sevindirən, ona ruh verən, ədəbiyyatın ictimai həyatımızda oynadığı rola dair nikbin qənaətlərə gəlməyə səbəb olan amillərdən biri də bu idi ki, milli ictimai düşüncə istiqamətində XX əsrin əvvəllərində formalaşan ənənə sovet döründə də, tam fərqli ictimai-siyasi sistemdə belə yaşamaq iqtidarını əlindən verməmişdi. H.Əliyev deyirdi: "Əsrin əvvəlində - 1910-cu, 1920-1930-cu illərdə bizim böyük şairlərimizin, yazıçılarımızın əsərləri ancaq millilik, vətənpərvərlik, millətçilik hissləri ilə yazılmışdır.

 

Ancaq sonrakı dövrü mən ona görə xüsusi vurğulayıram ki, 1937-1938-ci illərdə bizim ədəbiyyatımıza böyük zərbə vuruldu. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Çəmənzəminli və başqaları. Anar dedi ki, 27 şair və yazıçı 1937-1938-ci illərin qurbanları oldu. Ancaq mən ondan sonrakı ədəbiyyatı inkişaf etdirən yazıçılarımızı, şairlərimizi deyirəm. Onların əsərlərində milli hissiyyatlar həmişə olubdur".

 

Ümummilli liderin geniş dünyagörüşü, milli ədəbi prosesin təkamül yoluna dərindən bələdliyi ona milli ədəbiyyatın inkişaf yolunu tarixilik prinsipi əsasında qiymətləndirməyə imkan verirdi. Məhz tarixilik prinsipi ilə ədəbi prosesin hərəkətinə yanaşmaları ona sovet dövründəki ədəbiyyatımıza nihilist baxışları təkzib etməyə və doğru qənaətlərə gəlməyə imkan verirdi. O, ədəbiyyat tariximizdə S.Rüstəmin də, S.Vurğunun da, R.Rzanın, S.Rəhimovun da, Mir Cəlalın və b. yerini, xidmətlərini dəqiq təsəvvür edir, milli ictimai düşüncənin keçən əsrin əvvəllərindəki sağlam ənənələrinin onların yaradıcılığında özünəməxsus şəkildə, təbii ki, tarixi şəraitin imkanları çərçivəsində yaşadıldığını yüksək dəyərləndirirdi. Məlumdur ki, bədii irsi müstəqillik dövrünün ictimai düşüncəsində müxalif mövqelərə də yol açan, bədii fikir tariximizdə mövqeyinə kölgə salmağa can atanların da olduğu sənətkarlarımızdan biri də S.Vurğundur. H.Əliyevin S.Vurğun irsinə verdiyi qiymət öz obyektivliyi və elmi dəyəri, milli məzmunu baxımından çağdaş dövrün nihilistlərinə ən tutarlı cavabdır: "Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir... Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdiribdir, inkişaf etdiribdir. Bu da Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən biridir.

 

Səməd Vurğun şeirinin böyüklüyü, eyni zamanda, gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı".

 

H.Əliyevin qiymətləndirmələrinin ən əsas dəyəri konkret tarixi şəraitdən çıxış edərək mülahizə yürütməsində, sənətkarın yaşayıb fəaliyyət göstərdiyi dövrü, mühiti, bu dövr və mühitlərin "çərçivələri"ni nəzərə almasında idi. Məhz tarixilik prinsipi ona "sosrealizmin qəti normativləri" çərçivəsində - 30-40-cı illərdə yaşayıb-yaradan S.Rüstəm, R.Rza, Mir Cəlal, S.Rəhimov və başqalarının yaradıcılığına obyektiv baxış ifadə etməyə imkan verirdi.

 

H.Əliyev B.Vahabzadəni, X.Rzanı dissident hesab edir və deyirdi: "Yaxşı ki, siz dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhvali-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərinin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı" (1,218-219). Maraqlı burasıdır ki, B.Vahabzadənin, X.Rzanın dissidentliyi haqqında qənaəti ümummilli lideri 30-40-cı illərin ədəbiyyatı ilə bağlı bədbin notlara gətirib çıxarmır. Çünki H.Əliyev Mir Cəlalın və B.Vahabzadənin, S.Vurğunun və X.Rzanın fərqli tarixi şəraitlərdə fəaliyyət göstərdiyinin fərqinə varır və məsələlərə məhz bu prizmadan dəyər verirdi: "Bəli, biz Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli şəxslərin repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək ağrısı ilə danışırıq. Onlar əlimizdən getdi. Əgər hamısı getsəydi, onda bizim bu ədəbiyyatımızı, elmimizi, mədəniyyətimizi kim yaradacaqdı?

 

İndi kim hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edib öldürəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər, onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onları da on illərlə ağlayacaqdıq. Yenə də deyirəm, biz Allaha şükür etməliyik ki, belə insanlar ağır dövrdə o xətalardan qurtara bildilər. Əgər 30-cu illərdə o itirdiklərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan görkəmli başqa şairlərimiz olmasaydı, onlar yazıb yaratmasaydılar, o əsərlərimiz olmasaydı, indi bizim o dövr tariximizin ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vuğunsuz da, Rəsul Rzasız da, Süleyman Rüstəmsiz də təsəvvür edə bilmirəm".

 

Deməliyik ki, H.Əliyevin 30-40-cı illər və 50-ci illərin birinci yarısında yazıb yaradan sənətkarların yaradıcılığına münasibəti bu mərhələnin ədəbiyyatına baxış üçün müstəqillik dövrünün ədəbiyyatşünaslığına metodoloji yanaşma prinsiplərinin açarını verir və əslində, bu dəyərləndirmələr bütöv bir elmi-nəzəri konsepsiya səciyyəsi daşıyır.

 

Təyyar SALAMOĞLU

525-ci qəzet.- 2018.- 9 may.- S.4.