Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" adlı kitabın Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzi ilə birgə təqdimat mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycandan çıxan dünya miqyaslı siyasi lider olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli bildirib: "Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş inkişaf etdirmişdir. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərləri vəsf etmiş xalqın tarixi ilə bağlı mövzulara şəxsiyyətlərə doğru böyük dönüş baş vermişdir. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırmışdır".

 

Akademik İsa Həbibbəyli qeyd edib ki, bu günə qədər Heydər Əliyevin ədəbiyyata qayğısından çox yazılsa da bu mövzu bitməyib. Amma "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala"  kitabında ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilmişdir. Akademik çıxışında Azərbaycan-Misir ədəbi əlaqələrindən danışaraq bildirib ki, bu gün Misir universitetlərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə ayrıca kurs kimi tədris olunur.

 

Tədbirdə çıxış edən Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Əl-Aydi Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir əlaqələrinin banisi olduğunu bildirib. O qeyd edib ki, Misirdə xarici dövlət liderlərindən yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin heykəli vardır.

 

Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" adlı məruzə ilə çıxış edib.

 

Daha sonra elmlər filologiya üzrə doktoru Yaşar Qasımbəyli, filologiya üzrə doktoru Elnarə Akimova, professor İmamverdi Həmidov çıxış edərək "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala"  kitabı haqqında fikirlərini bölüşüblər.

 

 

525-ci qəzet  2018.- 12 may.- S.10.