Yazıçının sərvəti

 

ELÇİN – 75

 

Rəşad MƏCİD

 

... Bu yaxınlarda tədbirlərin birində, təsadüfən, yan tərəfdən gözüm Xalq yazıçısı Elçinə sataşdı və bir ara onu diqqətlə nəzərdən keçirmək imkanım oldu.

 

Mən həmin anlarda onun illər keçdikcə yaşlı İlyas Əfəndiyevə necə də oxşadığının fərqinə vardım və bu yaxın bənzərlik məni heyrətə saldı. Fikirləşdim ki, zaman bizi yaşlandırıb ataların oxşarına, bir neçə on il sonrakı əkizinə çevirir... İlyas Əfəndiyevin “Üçatılan” və “Geriyə baxma, qoca” əsərlərinin nəşri mənim bədii ədəbiyyatı təşnəliklə oxuduğum gənclik çağlarıma təsadüf etmişdi. O əsərlərdəki Qarabağ koloriti, tərəkəməlik, qaçaqçılıq həyatı, uşaqlıq xatirələri elə şirin, dolğun təsvir olunmuşdu ki, cazibəsinə düşməmək mümkün deyildi. Bu əsərlər, heç şübhəsiz, dili, ruhu və genetik yaddaşıyla Elçinin də əsərlərinə köçərək orada özünəməxsus şəkildə davam edib. İlyas Əfəndiyevlə gen-nəsil bağlılığı təkcə zahiri əlamətlərdə deyil, mənəvi qatda da Elçin yaradıcılığında təzahür tapıb. Elçinin əsərlərindəki Qarabağ koloriti mənə həm də bu baxımdan çox doğmadır və başımıza gələn Qarabağ itkimizdən sonra məni daha artıq təsirləndirir. Onun, gənclik illərimdə oxuduğum “Şuşaya duman gəlib” povestində yaratdığı Şuşa aurası hələ də xatirimdədir. Povestdə müəllif sanki sözlər vasitəsilə Şuşanın gözəl, saf, məftunedici təbiətini, təkrarsız mənzərəsini, şanlı keçmişə bağlı əzəmətini bir rəsm əsəri kimi yaradaraq oxucuya göstərir. Əsərdə Şuşanın qədim tarixi xatırlanır, dünya memarlıq sənətində özünəməxsus yer tuta biləcək möhtəşəm abidələrdən təsirli dillə söz açılır. Hadisələr Şuşa sanatoriyasında baş verir. Əsərin gənc qəhrəmanı Cavanşirin içərisindəki ülvi hisslər, təmizlik, saflıq Şuşanın təbiəti ilə vəhdətdə təqdim olunur. O, ilk baxışda məftun olduğu ondan yaşca çox böyük Mədinənin evə dəvətini öncə qəbul etmək istəsə də, sonradan qadının məkrinə uymur, içindəki doğruluq, saflıq onu öz yoluna qaytarır. Burada oxucu gənc qəhrəmanın xarakterindəki bu saflığın əvvəlcə gəlmək istəmədiyi, sonradan isə heyran olduğu Şuşanın təbiətindən qaynaqlandığını da istisna etmir...

 

Şuşa mənim üçün ən doğma və qəlbimdə, yaddaşımda xüsusi yerə sahib şəhərdir. Bu şəhərlə bağlı nisgil az qala hər an məni göynədir. Bəlkə bu səbəbdəndir ki, Şuşayla bağlı yazılmış sanballı əsərlərin mənim zehnimdə, ümumən həyatımda xüsusi yeri var. Elə Elçinin son illərdə çap olunan “Bayraqdar” povestindəki Şuşayla bağlı təsvirlər də mənim üçün son dərəcə doğmadır.

 

Povest yazıçının “Qaçqınlar silsiləsi”ndəndir. Silsiləyə aid bütün əsərlərdə olduğu kimi, burada da Qarabağ qaçqınlarının, xüsusən şuşalıların məşəqqətli həyatından danışılır. Şuşada bütün mitinqlərdə əlində bayraq öndə gedən Bayraqdar Surxay indi Bakıda “səhərdən axşama kimi o maşının-bu maşının qabağına yüyürür ki, qəzet satıb ailəsini saxlasın...” Povestdə müharibənin işıqlı taleləri qaraldıb söndürməsi, ailələri başsız qoyması, bükülməz qamətləri yumağa döndərməsi dəqiqliklə təsvir edilir: “Əbülfət qaçqınların yeni saldıqları qəbiristanlıqda basdırılan 18-ci şuşalı olur...” Didərgin insanların içindəki ümidin get-gedə ölməsi, əriyib yox olması əsərdə aydın sezilən çalardır. Amma bütün hallarda müəllifin bu ümidin öldüyünə inanmaq istəmədiyini də görürük. Bu povest “Şuşaya duman gəlib” hekayəsindən təxminən 30 il sonra yazılsa da, buradakı Şuşa koloriti, təsvirlər, xatırlamalar yenə çox dəqiqdir, canlıdır. Ancaq bir mühüm və ağrılı fərqlə: povestdəki Şuşayla əlaqəli detallara artıq böyük itkinin yanğısı, dərin nisgil hopub.

 

Elə bədii əsərlər var ki, onları xüsusən uşaq vaxtı oxumusansa, üstündən nə qədər zaman keçsə də, həmin əsərdən aldığın ilk duyumlar, ovqat diri qalır. Elçinin “Beş dəqiqə və əbədiyyət” hekayəsindəki kimi. Burada təyyarədəki insanın - elmlər doktoru, akademiyanın müxbir üzvü, elmi-tədqiqat institutunun rəhbəri Mərdan Dadaşlının qəzaqabağı keçirdiyi psixoloji hallar, düşüncələr, qorxu çox təsirli nəql olunur. Cəmi beş dəqiqə ərzində qəhrəmanın keçmiş səhvləri, günahları yadına düşür, sanki bir film kimi gözünün qarşısından keçir. Ancaq Elçin həm bu, həm də digər əsərlərində saxta nikbinlik hayına qalmır. Burada da təyyarənin nasazlığı düzələndən və Mərdan Dadaşlı salamat qurtulandan sonra bir qədər əvvəl düşündükləri, o dəqiqələrdəki qorxusu da ötüb keçir. Və müəllif beş il sonranı təsvir edərkən qəhrəmanın xasiyyətində heç nəyin dəyişmədiyini, necəydisə, elə də qaldığını göstərir.

 

2000-ci ildə “525-ci qəzet”də Elçinin ədəbi mühitdə böyük reaksiya doğuran “Ədəbi düşüncələr”ini çap edirdik. Hələ qəzetdəki nəşrindən öncə bütöv halda oxuyarkən yazdığım “Pessimizm, nostalgiya və qürur” məqaləsini indi bir də xatırlayıb oxudum. Aradan 18 il keçib və ötən illər ərzində bizim qəzetdə Elçinin çox sayda ədəbi-tənqidi məqalələri, bədii yazıları dərc olunub. Bu da yadımdadır ki, 2001-ci ildə “525-ci qəzet” ədəbiyyata marağı artırmaq, ədəbi əsərlərin təbliği üçün “İlin bədii əsəri” mükafatını təsis etmişdik. Həmin il ilk dəfə bu mükafatı Elçinin “525-ci qəzet”də çap olunan “Sarı gəlin” hekayəsinə verdik. Çünki o hekayə mənə də, qəzetimizin rəhbər heyətinə də elə təsir etmişdi ki, yekdilliklə bu mükafata həmin əsəri layiq bildik. Mükafatın təqdimatı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirildi. O gün oradakı qələbəlik, ədəbi mühitin və media əhlinin marağı indi də yaxşı xatirimdədir.

 

Elçin bir müsahibəsində oliqarx, biznesmen dostu ilə söhbətindən misal gətirmişdi. Orda deyirdi ki, dostunun çox böyük maddi imkanları olsa da, həmişə daha çox pul qazanmaq üçün çalışıb-çarpışır. Bir gün Elçin ondan bunun səbəbini soruşur və dostu deyir ki, mənim nə qədər çox pulum, var-dövlətim olsa, özümü bir o qədər güclü hesab edirəm. Bu fikirdən çıxış edərək, Elçin də deyir ki, yazı masamın siyirməsində nə qədər çox əlyazmam olarsa, o qədər özümü güclü sayıram. Müsahibələrində yarımçıq əsərləri, məqalələri, pyesləri barədə tez-tez söz açan Elçin həm də buna görə xoşbəxtdir ki, onun qazancı, var-dövləti, yəni əsərləri devalvasiyaya uğramayan, azalmayan, dəyərdən düşməyən sərvətdir!

 

Bir başqa müsahibəsində isə Elçin deyir ki, əsas yazılarımı məzuniyyətdə yazıram və gedərkən oxumaq üçün özümlə çoxlu kitab götürürəm. Biz də həmişə “525-ci qəzet” üçün Elçinin məzuniyyətdən qayıdışını böyük səbirsizliklə gözləmişik. Çünki indi çox sayda çap olunan şablon, sönük yazıların içərisində həqiqi dəyərə malik sanballı əsər oxumaq ehtiyacı duyuruq. Bilirik ki, Elçin məzuniyyətdən yazılarla dolu çamadanıyla gələcək, onları “525-ci qəzet”ə təqdim edəcək, biz də, oxucular da o yazılardan zövq alacağıq!

 

Elçin ədəbiyyatşünaslıq sahəsində də olduqca fəal və ardıcıldır. Onun bu sahəyə aid çoxlu məqalələri, kitabları var. Əməkdaşımız Yaşarın Elçinlə ədəbiyyat haqqında “525”də yayımlanan müsahibələri sonradan ayrıca kitab şəklində çap olunub. Elçinin ədəbi məqalələrində ədəbiyyata sanballı münasibət var və ədəbiyyatı dərindən duymaq, sözü hiss etmək bacarığı, zəngin ədəbi bilik o yazılarda özünü aşkar göstərir. Son yazılarından olan “Söz azadlığı tənqidimizə nə verib?” məqaləsini oxuduqdan sonra da gördüm ki, zaman Elçinin ədəbiyyat duyumundan, onu hiss etmək bacarığından zərrə qədər də əskiltməyib və yadıma belə bir xalq deyimi düşür: “Sözünün üstünə söz olmamaq!” Bunu, adətən, hansısa səlahiyyətli, vəzifəli şəxslər haqqında deyirlər. Ancaq bu sözü Elçinə məmur kimi deyil, intellektual, savadlı, hədsiz məlumatlı bir yazıçı kimi aid etmək olar. Onun ədəbi bilgisi və ədəbiyyata baxışı o qədər geniş, dəqiq və sərrastdır ki, sözünün üstündə söz demək mümkün deyil.

 

Bu yaxınlarda Elçinlə Akademik Milli Dram Teatrında onun pyesi əsasında hazırlanmış “Cəhənnəm sakinləri” tamaşasında görüşdük. Onunla hər söhbətdə Elçinin ədəbiyyat, mədəniyyət, incəsənət haqqında hərtərəfli biliyə, məlumata sahib olduğu mənim üçün bir daha təsdiqlənir. Dram Teatrında İlyas Əfəndiyevin, Elçinin əsərləri dəfələrlə səhnələşdirilib, ora onlar üçün doğma məkandır. Amma Teatrın rəhbəri Azər Paşa Nemətovun otağında divarlardan asılmış rəsmlərin müəllifləri, yaranma tarixi, həmin müəlliflərin bioqrafiyası və yaradıcılığı haqqında da Elçinin zəngin məlumata sahib olduğunu görəndə, doğrusu, heyrətləndim. Həmin məqamda, 18 il əvvəlki, bayaq adını çəkdiyim “Pessimizm, nostalgiya və qürur” məqaləmdən bir fikri yenidən xatırladım. Orada qeyd edirdim ki, çatışmazlıqları haqqında uzun-uzun danışdığımız Sovetlər birliyinin bir-iki üstün cəhətini demək lazımdırsa, şübhəsiz, təhsil, mədəniyyət və ədəbiyyat bunların ən önündə gəlir. Və hərtərəfli, zəngin biliyə, geniş dünyagörüşə malik ədəbiyyat adamlarının, mədəniyyət xadimlərinin yetişməsi də müəyyən mənada məhz bu üstün cəhətlərin nəticəsidir. 

 

Elçinin yaradıcılığının bir qolu da onun uşaq hekayələri kimi təqdim edilən əsərləridir. Bu hekayələr həm Elçinin, həm də bütünlükdə Azərbaycan uşaq ədəbiyyatının ən gözəl nümunələrindəndir. Həmin silsilədən olan hekayələrin əksəriyyətini “525-ci qəzet”də çap etmişik. Bu hekayələr ilk baxışda uşaqlar üçün olsa da, onun mifologiyadan, nağıllardan, folklorumuzdan qaynaqlanan mövzuları, dövrümüzə aid ciddi sosial-mənəvi məsələlərə işıq tutması, sadə hadisələrə dərin məna yüklənməsi onları böyükləri üçün də dəyərli, ibrətamiz mətnlərə çevirib. Hekayələri oxuduqca müəllifin yeni nəsil üçün yazıb-yaratma eşqi, uşaq psixologiyasına, onların daxili aləminə, qeyri-adi düşüncə tərzinə dərindən bələdliyi xoş bir heyrət doğurur. Elçin “Azərbaycan uşaq ədəbiyyatı haqqında” məqaləsində bu barədə söz açaraq qeyd edir ki, uşaqlar üçün yazmaq çətindir, lakin bədii çətinlik olmayan yerdə bədii qələbə də yoxdur. Bütün bunlardan sonra düşünürsən ki, Elçin o qədər işin arasında, nə yaxşı, buna da vaxt tapır və həmin hekayələri yaradır.

 

Elçinin yazıb-yaratmaq şövqü qətiyyən azalmayıb, hər halda, bu, qətiyyən hiss olunmur. Onun “Baş” romanı son dövr ədəbi mühitimizdə böyük hadisə oldu. Əsər Azərbaycan tarixinin çətin, keşməkeşli bir dövrü haqqındadır. Bakıda baş verən hadisələr, Qarabağda Ağabəyim ağanın taleyi, dövrün gərgin hadisələri Elçinin özünəməxsus yozumlarında dəyərli bir romanın maraqlı səhifələri kimi Azərbaycan ədəbiyyatında yerini tutdu.

 

75 yaşlı Elçin, bir qədər əvvəldə qeyd etdiyim kimi, zaman keçdikcə dəyərini artıran, heç zaman iflasa uğramayacaq mülkiyyətə - sanballı ədəbi yaradıcılığa, gözəl ailəyə, layiqli övladlara və xalqın böyük sevgisinə sahibdir. Onun qızı Günay Əfəndiyeva hazırda Türk Mədəniyyəti və İrsi Fonduna uğurla rəhbərlik edir. Bununla o, babasının, atasının açdığı cığırla addımlayır, onların əsərlərindəki yüksək ideyaları reallaşdırır.

 

Mən bu yubiley münasibətilə Elçin müəllimi, onu sevənləri təbrik edir, ustad ədibimizə möhkəm cansağlığı, yeni və daha parlaq yaradıcılıq uğurları diləyirəm!

 

 

525-ci qəzet  2018.- 12 may. - S.9.