Bakıda Qara Qarayevin xatirəsi anıldı

 

Mayın 13-də Azərbaycan Bəstəkarlar İttifaqının kollektivi, musiqi ictimaiyyətinin nümayəndələri dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsini anmaq üçün Fəxri xiyabanda olublar.

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Qara Qarayevin həyat yaradıcılığından danışıb. Qeyd edib ki, Azərbaycan xalqı qarşısında onun xidmətləri əvəzsizdir. Bu pərəstişə layiq şəxsiyyətin qoyub getdiyi çoxsaylı əsərlər bu gün dünya səhnələrində səsləndirilir. "Qara Qarayevi bütün dünyada tanıyır sevirdilər. Çox zəhmətsevər, qayğıkeş, təvazökar insan olan Qara Qarayev neçə-neçə istedadlı musiqiçi nəsli yetişdirib. Onun vəfatı xalqımız üçün böyük itki olub", - deyə Firəngiz Əlizadə bildirib.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri diqqətə çatdırıb ki, 2018-ci ildə görkəmli bəstəkarın anadan olmasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar ölkə başçısının imzaladığı müvafiq Sərəncama əsasən ilboyu Qara Qarayevə həsr edilən tədbirlər keçiriləcək.

 

Sonra Qara Qarayevin tələbələri - Əməkdar incəsənət xadimləri - professor Elnarə Dadaşova, musiqişünas Nərgiz Şəfiyeva bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov xatirələrini bölüşüblər.

 

Qeyd olunub ki, Qara Qarayev Azərbaycan peşəkar musiqi sənətinin inkişafına böyük töhfə verən dahi bəstəkardır. Məhz onun pedaqoqluq məharəti sayəsində tələbələri yüksək zirvələrə çatıblar.

 

Tədbir iştirakçıları, həmçinin, Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Fikrət Əmirov, Vasif Adıgözəlov, habelə baba Müslüm Maqomayev nəvə Müslüm Maqomayevin xatirələrini anıb, məzarları önünə güllər düzüblər.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.- 15 may.- S.7.