"Oğul arxalı Vətən"in səhnə həyatı

 

Son illər Masallıda inkişafın qoşa qanadı olaraq mənəvi dəyərlərin təbliğinə önəmli yer verilir.

 

Uğurla həyata keçirilən Dövlət Proqramına uyğun olaraq abadlıq, quruculuq, mühüm layihələrin həyata keçirilməsi kimi geniş sfera yaradılmaqla mədəni həyatımızdakı inkişafa keçilməsi artıq ənənəyə dönüb. Ziyalıların, yaradıcı insanların yubileylərinin təntənəli qeyd olunması, yazarların yeni əsərlərinin təqdimatı kimi tədbirlər ictimaiyyətin diqqətini cəlb edir, maraqla qarşılanır.

 

Belə tədbirlərdən biri bu günlərdə şəhər Mədəniyyət Mərkəzində "Yeni həyat" qəzetinin baş redaktor müavini, şair-publisist, "Qızıl qələm" media mükafatçısı Rəsul  Rzayevin "Oğul arxalı Vətən" kitabı əsasında hazırlanmış eyni adlı tamaşanın ictimaiyyətə təqdimatı keçirilib. Masallı Regional Turizm Mərkəzi, Masallı Regional Dövlət Kolleci rayon mədəniyyət mərkəzinin hazırladığı tədbirlərin əhatə dairəsi geniş olmuş, çoxsaylı tamaşaçının marağına səbəb olub.

 

Vətənpərvərlik, qəhrəmanlıq mövzusu publisist-şair kimi Rəsul Rzayevin yaradıcılığının leytmotivini təşkil edir. Əlli il əvvəl müəllifin ilk mətbu yazılarında Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla vuruşmuş həmvətənlərimiz haqqında yazılarını necə maraqla oxuyurduqsa, indi bu mövzudakı qəzet, jurnal məqalələrini, kitablarını həmin maraqla izləyirik. Müəllifin ilk belə yazısı İtaliya partizan hərəkatının iştirakçısı Mehdi Hüseynzadənin silahdaşlarından biri olmuş Masallının Qodman kənd sakini Əkbər Babayevə həsr etdiyi "Vətəndən uzaqlarda" povesti Lenin ordenli müharibə veteranı Atabala Hacıyevə həsr etdiyi oçerklər olmuşdur.

 

Sonralar belə silsilə yazılar Milli Qəhrəmanlarımız, Qarabağ döyüşlərinin iştirakçıları, şəhidləri haqqında oldu. Müəllifin vətənpərvər qələmindən çıxan, istedadının bəhrəsi olan yazıları onun imzasını tanıtdı. Belə yazılar sahibinin vətən sevgisindən işıq, nur aldı. Vətən təəssübkeşliyindən maya tutdu. Ona görə diqqət çəkdi, maraqla qarşılandı. Milli Qəhrəmanlarımıza həsr etdiyi "Torpağı boyuna biçdi", "Dağılmış yuxu", "Qarabağ qəlbimə çəkdi qara dağ" poemaları, şəhidlərə həsr olunan onlarca publisist yazıları əldən-ələ gəzdi, geniş oxucu auditoriyasının marağı ilə üst-üstə düşdü.

 

Qarabağ döyüşləri müəllifin qələm işlətdiyi əsas mövzulardandır. Belə yazılarda onlarca döyüşçünün qəhrəmanlıq obrazını görürük. Aprel döyüşləri xalqımızın tarixi qələbəsi kimi hamımızın ilham mənbəyimiz oldu. Bu ovqat Rəsul Rzayevin dəst-xəttində, vətənpərvər yazılarında aydınlığı ilə əksini tapdı. Masallıdan bu döyüşlərdə iştirak edən igidlərə, xüsusilə şəhid Firdovsi Bağırzadə, Nurlan Əsgərli haqqında yazdığı bədii publisist yazıları qürur iftixarımızı, vətənpərvərlik hisslərimizi tərənnüm etdi. Bu yazılarda iki igid oğulun timsalında öz vətənpərvər hisslərimizi, qürurumuzu, haqlı iftixarımızı tapdıq.

 

Bu məziyyətlərinə görə 2016-cı ildə yazıları "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin "Qarabağ Aprel döyüşləri mediaya nəyi öyrətdi" mövzusunda keçirdiyi müsabiqədə mükafata layiq görülüb.

 

Rəsul müəllim qəhrəmanının soy kökünə bələd olur, bədii obraza çevirdiyi insanların ailəsi ilə əlaqələr qurur, ən kiçik detalı belə gözdən qaçırmır. Bu, Aprel döyüşlərinin iştirakçsı olmuş Aqil Məlikovun qəhrəmanlığından bəhs edən "Oğul arxalı Vətən" kitabında daha aydın görünür. Aqilin ulu babası Məmmədəli Böyük Vətən müharibəsi dövründə cəbhədə qəhrəmanlıq göstərib. Cəbhədən sinəsi orden-medallı qayıdıb. Bu vətənpərvərlik ənənəsini atası Qismət davam etdirib. Vətənin sərhədləri keşiyində dayanıb. Soy kökünün qəhrəmanlıq ənənələri Aqilin timsalında daha qabarıq üzə çıxıb.

                                  

O, Aprel döyüşlərində qaynar nöqtələrdə olub. Təxribat törədən düşmənin geri oturdulmasında, mühüm mövqelərin alınmasında iştirak edib...

 

Həmin vaxtlar Aqil əsgəri xidmətini başa vurmuşdu orduda qalıb gizir kimi xidmət  edirdi. Bu işə könüllü olaraq ona görə razılıq vermişdi ki, torpağımız düşmən tapdağı altında idi. Əsərdəki mühüm detallardan biri obrazın daxilini açır, onun vətənpərvərlik hissinin ölçüyəgəlməz olduğunu sübut edir. Vaxt olur həyat onu sınağa çəkir. Anasının  vəfatını eşidib ona məzuniyyət verirlər. Lakin o, doğma anasının yeddisinə qala bilmir.

 

Burda ana ilə vətən müqayisə edilir. Tərəzinin Vətən gözü ağır gəlir. Aqil atasından,  qohumlarından üzrxahlıq edir ki, Vətən çağırır, qala bilməz.

 

Bu özü ailə tərbiyəsindən gəlmədir. Müdrik ata öyüdünün, halal, saf ana südünün  təsirindəndir. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala layiq görülmüşdür.

 

Masallı Mədəniyyət Mərkəzinin səhnəsində tamaşanın təqdimatı başlanır. Tədbiri Masallı Regional Dövlət Kollecinin direktoru Vidadi Nəzərov açır. Aprel döyüşlərinin xalqımızın qürur iftixar tarixi kimi dəyərləndirib tamaşaçıya uğurlar arzulayır.

 

"Tərəqqi" medallı Qardaş Fətullayev, müəllif Rəsul Rzayev, Böyük Xocavar tam orta məktəbinin direktoru Abusət Zeynalov, kənd ziyalısı Rəyasət İbrahimov, şəhid atası

 

Qismət Məlikov əsər barədə məlumat verirlər. Tamaşa "Aqil" mahnısı ilə başlanır. Arxa fonda döyüş sənhələri görünür. Döyüşçü marşı kimi səslənən mahnının od-alov saçan döyüş epizodları ilə komponenti insanı coşdurur. Sözləri Rəsul Rzayevin, musiqisi Aysel Nərimanovanın olan mahnı ürəkləri riqqətə gətirir:

 

Qəhrəmanlıq hünərindən,

Tutdu ellər soraq, Aqil.

El-obanın taleyində,

Oldun nurlu çıraq, Aqil.

Bu torpağa Vətən dedin,

Qibləgahım sənsən, dedin.

Hünərinə əhsən dedi,

Vətən, ana, torpaq, Aqil.

Pozdun düşmənin sırasın,

Yağıdan aldın qisasın,

Verdin namərdin cəzasın,

Əldə odlu silah, Aqil.

Dedin: Vətən xanimanım,

Ona qurban şirin canım,

Başın üstə dalğalanır,

O üçrəngli bayraq, Aqil.

 

Səhnələr bir-birini əvəz edir. İgid əsgərlərin obrazları canlanır. Onların hər biri Azərbaycan bayrağını uca tutur, Aqilin qəhrəmanlığını əks etdirən şeirlər səslənir:

 

... Qəzəbimi silah etdim,

Torpağımı azad etdim,

Alıb neçə yüksəkliyi,

Hünərimi bayraq etdim

Qarabağda!

Canım qurban bu Vətənə,

Qan uddurduq biz düşmənə,

Bu vuruşda candan keçdim,

Bayrağımdır kəfən mənə

Bu torpaqda!

 

Bu döyüşlərdə kiçik komandir Aqil hamıya həyandır. Obrazlaşmış döyüşçülərin birinin dili ilə sinəsini sıravi döyüşçüyə sipər etmiş komandir barədə əsgərin öz dilindən eşidirik:

 

O, bizi qorudu odlar içində,

O, bizi qorudu odu kül etdi...

Ağır döyüşlərdə, dar günümüzdə,

Komandir dost kimi çatdı haraya.

Deyir ki, Aqilə bir can borcluyam.

Borcum həyatımdır, ömrümdür mənim,

İgid komandirə cahan borcluyam.

 

Tamaşada Masallı Dövlət Regional Kollecinin tələbə aktyorlarından Elnarə Rzayeva, Duyğu Minarə Əliyevalar, Dilrübə Dadaşova, Səbinə Xəlilova, Elvin Azəroğlu, Savalan İmanov, İradə Hüseynova yaratdıqları canlı obrazlarla fərqlənmişlər. Əsərin hazırlanmasında Böyük Xocavar məktəbinin müəllimlərindən Sevda Məmmədova, Aysel Nərimanova, Qənimət Məlikova, Zahid Həmidovun əməyi qeyd edilmişdir. Məktəbin şagirdlərindən Mənsurə, Günel, Saray, Mehriban, Aynişan, Fidan, Şəlalə, Qivi, Ruqiyya, Çingiz, Səfa, Aysel, Rafət, Yunis şəhidin qohumu Əlinin ifasında şeir parçaları səsləndirilib. Tamaşa dəfələrlə alqışlanır. İnsanlar ona görə coşub-daşırlar ki, qələbə bizimlədir. Bu qələbəni gətirən Aqillərdir, Firdovsilərdir, Nurlanlardır...

 

Tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev hər detalın, obrazın canlı təqdim olunması üçün zərgər dəqiqliyi ilə işləmişdir. Səhnə əsərinin baş məsləhətçisi Vidadi Nəzərovdur (o, həm kitabın redaktorudur). Tamaşada Masallı Regional Dövlət Kollecinin tələbələrinin ifası dəfələrlə alqışlanıb. Sonda şəhid atası Qismət Məlikov şəhidlərin ruhuna göstərilən ehtirama görə rayon rəhbərliyinə, şəxsən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova təşəkkür edib.

 

Bitkin süjet, əhatəli kompozisiya, emosional təsirli əsər dəfələrlə alqışlandı, Masallı mədəniyyəti üçün mühüm hadisə kimi qarşılandı.

 

Əlihüseyn ŞÜKÜROV

"Yeni həyat" qəzetinin baş redaktoru

 

525-ci qəzet  2018.- 16 may.- S.8.