Kamran Nəzirlinin yeni kitabı işıq üzü gördü

 

Bugünlərdə Azərbaycan və Belarus Yazıçılar birliklərinin üzvü Kamran Nəzirlinin "Babalar nağıl danışmırlar" hekayələr kitabı işıq üzü görüb.

 

"Mütərcim" nəşriyyatında çap olunan 200 səhifəlik kitabın ön sözü əvəzində müəllifin ədəbiyyat, nəsr, xüsusən hekayə janrı haqqında düşüncələri, özünün yazı üslubu barədə dedikləri yer alıb. Müəllif deyir: "Dəyərli İnsan! Deyirlər, mən hekayəçiyəm. Buna etirazım yoxdur. Hekayə yazmaq asan deyil. Bu xırda həcmli epik janrda yazıçının manevr eləmək imkanları son dərəcə məhduddur. Mən də bu çətin yükün altında girmişəm və düşünürəm ki, ənənəvi hekayə janrında süjetin əsas quruluş və məzmunu bir bədii hadisə üzərində cəmləşir... Hər bir hekayəyə gərək özünü kökləyəsən... Mənim üçün hazır, qəlibə salınmış metod yoxdur..."

 

Kitab 3 hissədən ibarətdir: "Hekayələr", "Miniatürlər" və "Aforizmlər".

 

Birinci bölməyə son illərdə qələmə alınmış müxtəlif mövzulu "Sarışın mələk", "Şopenin sonatası", "Qaranlıq oğruları", " kölgə", "Qara nöqtə", "Oyuncaq avtomat", "Ana, məni öldürmə!", "Doğuş", "Yarpaqlar töküləndə", "Bir görüşün sirri" və s. hekayələr daxildir.

 

"Miniatürlər"də "İlk görüş", "Səhnə", "Pəncərə", "Maykl Ceksonun şlyapası", "Göydən üç alma düşmür", "Qapı", "Əkizlər" və "Gözəl Yuxu" yer alıb.

 

Sonuncu bölmədə isə "Yaza bilmədiyim hekayələrdən" aforizmlər var.

 

Şahanə MÜŞFİQ