Türk-islam mədəniyyətinin Paytaxtı Naxçıvan və XI əsr şairimiz Qətran Təbrizi

 

Məlum olduğu kimi, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin Paytaxtı seçilib.

 

Bu gün iftixarla demək olar ki, türk-islam mədəniyyətinin mərkəzlərindən biri olan Naxçıvan islam mədəniyyəti tarixinə Osmanlı sultanı və türk-islam müdrikliyinin təmsilçisi Mövlana Cəlaləddin Ruminin şəxsi həkimi olmuş təbiblər-təbibi Kəmaləddin Naxçıvani, Şərq dilçilik məktəbinin nəhəng nümayəndələrindən olan Hinduşah və Məhəmməd Naxçıvaniləri, elm və ərkanda iz qoymuş görkəmli alim və ədiblər olan Fəzlullah Nəimi və Baba Nemətullah Naxçıvanini, türk dilində yazmağı qürur bilən, ana dilini yorulmadan təbliğ edən Bayrək Quşçuoğlunu və daha nə qədər dünyaya səs salmış əzəmətli şəxsiyyətləri bəxş etmişdir. Bu da xüsusi maraq doğuran haldır ki, bəşər mədəniyyəti tarixində qiymətli incilər təşkil edən abidələr, o cümlədən, bütün müqəddəs kitabların haqqında xüsusi qüdsiyyətlə bəhs etdiyi Əshabü-Kəhf ziyarətgahı, ilkin sivilizasiya və mədəniyyət ünvanı, açıq səma altında muzeylərdən biri olan Gəmiqaya, tarixin əyilməzlik və alınmazlıq simvoluna çevrilən Əlincəqala, dünya memarlığının nadir incilərindən olan və böyük Azərbaycan Atabəylər dövlətinin yadigarı, qadına, anaya ehtiramdan yaranan Mömünə xatın türbəsi, orta əsrlər şəhər mədəniyyətinin möhtəşəm ünvanı və şahidi olan təkrarsız memarlıq incisi Qarabağlar Türbə Kompleksi, Gülüstan türbəsi və daha nə qədər memarlıq inciləri bəşəriyyətin ilkin yaşayış məskənlərindən biri, türk-islam mədəniyyətinin baş yurdu olan Naxçıvanı nişan verir.

 

Akademik İsa Həbibbəyli yazır: "Ən müxtəlif tarixi dövrlərdə Naxçıvanda yaşayıb-yaratmış ...şairlər, alimlər, mütəfəkkirlər, siyasətşünaslar, memarlar, el sənətkarları Naxçıvanda mövcud olmuş dövlət tipli qurumların formalaşdırdığı ictimai, ədəbi-mədəni mühitdə yetişib formalaşmışlar. Bütün bunların sayəsində qədim və orta əsrlərdə Naxçıvanda ictimai fikir, elm, mədəniyyət, ədəbiyyat, maarifçilik geniş şəkildə intişar tapmışdır". Bu baxımdan Naxçıvanda ictimai fikrin, ədəbi-estetik düşüncənin inkişafına böyük töhfələri olan görkəmli şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu, böyük İntibah şairi, alim Qətran Təbrizidir (1012-1088).

 

Məşhur alim və şair Qətran Təbrizinin adı XI əsr Naxçıvanın ən görkəmli nümayəndələri sırasında çəkilir və bu dövrdəki mövcud ədəbi inkişafa da işıq tutur. Onun Naxçıvan şahı Əbu Düləfi ilə yaxın və sıx münasibətlərdə olması, Naxçıvanda müəyyən müddətlərdə yaşaması faktı burdakı ədəbi inkişafa da öz töhfələrini verdiyini deməyə imkan verir. Akademik Nailə Vəlixanlı Naxçıvanşahlıq haqqında bəhs edərkən yazır ki, "Əbu  Düləfin adı çox uzun, təqribən, 77 il müddətinə tarixi qaynaqların səhifələrindən çıxır və yalnız XI əsrin 60-cı illərinin ortalarına yaxın öz mədhiyyələri ilə məşhur olan Qətran Təbrizinin və Tusdan olan Əli Əsədinin əsərlərində görünür". Bu mənada Qətran Təbrizinin Naxçıvanşahlıq sarayı ilə yaxından əlaqədə olması, müəyyən müddətlərdə Naxçıvanda yaşayıb-yaratması və əsərlərində Naxçıvanı və Naxçıvan şahını mədh etməsi onun Naxçıvan ədəbi mühiti ilə əlaqələrinə də tam aydınlıq gətirir.

 

XI əsrin geniş şöhrətə malik şairi və görkəmli alimlərindən biri olan Qətran Əbu Mənsur Təbrizi haqqındakı materiallardan məlum olur ki, o, gənc yaşlarında Gəncəyə gəlmiş, Şəddadi əmirlərinin sarayında şöhrət qazanmış, eləcə də bir müddət Naxçıvanda Əbu Düləf Deyraninin sarayında yaşamış və Naxçıvanla bağlı sənətkar olmuşdur. Şair haqqında ən sanballı tədqiqatçılardan biri olan Qulamhüseyn Beqdeli də yazır ki: "Qətran Təbrizi ... Azərbaycan şəhərləri olan Təbrizdə, Gəncədə, Naxçıvanda yaşayıb yaratmışdır". Hətta bu da qeyd edilir ki, "Qətran Naxçıvanda yaşayıb-yaratdığı vaxt Şəmsül-məali Qabus ibn-Voşmgirin oğlu olan İsgəndərlə görüşüb, olsun ki, onun haqqında mədhiyyədə də yazmışdır". Şairin haqqında bəhs edən görkəmli şərqşünas alim Y.E.Bertels də məlumat verərək yazır ki, Azərbaycan şairi Qətran Təbrizi Naxçıvan hökmdarı Əbu Düləf Deyraninin sarayında yaşayıb-yaratmışdır. Bertels, həmçinin, Q.Təbrizinin Naxçıvana etdiyi ikinci səfərindən, orada Şəddadilər sülaləsindən olan Əmir Fəzlunla görüşməsindən də danışmışdır. Bu barədə geniş tədqiqat aparan alimlər Rauf Məmmədov, Nailə Vəlixanlı və başqaları bir sıra məxəzlərə əsaslanaraq Qətran Təbrizinin Naxçıvanda yaşadığını bildirmişlər.

 

Bu mənada Rauf Məmmədov "Naxçıvan şəhərinin tarixinə dair oçerk" adlı əsərində Qətran Təbrizinin elm və şeir himayəçisi olan Naxçıvan şahı Əbu Düləfin sarayı ilə əlaqələrini təsdiq edərək yazır: "Əbu Düləf haqqında Qətran Təbrizinin əsərlərində, Əsədi Tusinin "Gərşasbnamə"sində və Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində məlumat vardır". Naxçıvanın həmin dövrdə ictimai-siyasi mərkəz olmaqdan başqa şeir-sənət mərkəzi olmasına da diqqət çəkən alim yazır ki: "Tarixi məxəzlərdən məlum olur ki, XI əsrin 60-cı illərində, Naxçıvanşahlıq dövründə Yaxın Şərqin bir sıra ölkələrindən Naxçıvana çoxlu şair, alim və mütəfəkkir toplaşmışdı. Bu, hər şeydən əvvəl, şəhərin Naxçıvanşahların - Əbu Düləfilərin mərkəzinə çevrilməsilə əlaqədar idi. ...Görkəmli Azərbaycan şairi Qətran əbu Mənsur Təbrizi XI əsrin 60-cı illərində Naxçıvan sarayı ilə sıx əlaqə saxlamış və bir müddət Naxçıvanda yaşamışdır... Bütün bu faktlar belə bir fikir yaradır ki, Naxçıvan hakimi Əbu Düləf Deyrani, yəqin ki, elm və mədəniyyət xadimlərinə xüsusi rəğbət bəsləmiş və onları saray ətrafında toplamışdı. Bu haqda Əsədi Tusinin poemasında xüsusi qeyd belə vardır". Bu fakt "Azərbaycan tarixi"ndə də təsdiq olunur: "Saray ədəbiyyatının geniş intişar tapdığı bu dövrdə Qətran Təbrizi də əvvəlcə Gəncədə, Şəddadilər sarayında, sonra isə Naxçıvanda, Naxçıvanşah Əbu Düləfin sarayında yaşamışdır". Habelə "Naxçıvan tarixi" üçcildliyində də ayrıca bəhs keçərək qeyd edilir ki: "Əbu Düləf Deyraninin özünün şair olması da, yaradıcı adamlara göstərilən diqqət və hörmət də onların Naxçıvana gəlməsinə təsir etmişdi".

 

Lakin bununla belə çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin 2-ci cildində filologiya üzrə fəlsəfə doktoru Xəlil Hüseynlinin Qətran Təbrizidən bəhs edən geniş oçerkində görkəmli şərqşünas alim Bertelsin böyük şair Qətran Təbrizinin Naxçıvanda yaşaması fikri ilə bağlı mübahisə açılaraq yazılır: "...alimin (Bertelsin - R.Q.) Qətranın Şəddadilər, Rəvvadilər sarayı ilə yanaşı, Naxçıvandakı Deyranilər sarayında da yaşamasını söyləməsi mübahisəlidir. Qətran Naxçıvanda hakimiyyət sürən Deyran hökmdarı Əbu Düləfin mədhinə bir neçə qəsidə yazsa da, dəfələrlə orada bir neçə günlüyə qonaq olsa da, Naxçıvana bir neçə qəsidə yazsa da, Naxçıvan şairin yaşayış yeri olmamışdır. Qətran Deyrani Əbu Düləfə yazdığı bütün qəsidələrində başqa hökmdarların yanında yaşadığını söyləmişdir".

 

Elə burdaca xatırlatmaq yerinə düşər ki, Qətran Təbrizinin bilavasitə Naxçıvan şahı Əbu Düləfin adına yazdığı və ona həsr etdiyi üç mədhiyyəsi onun divanında yer alır. Həmin qəsidələr, eləcə də tədqiqatçı alim X.Hüseynlinin Qətran Təbrizinin Deyran hökmdarı Əbu Düləfin mədhinə bir neçə qəsidə yazmağı, dəfələrlə orada bir neçə günlüyə qonaq olmağı və Naxçıvana bir neçə şeir yazmağı haqqındakı fikirləri şairin Naxçıvan şahı Əbu Düləflə yaxın münasibətlərini, hətta Naxçıvanda Naxçıvanşah Əbu Düləfin sarayında yaşaması faktını bir daha əsaslandırır.

 

Bu mənada Naxçıvan sarayı, demək ki, sarayın timsalında Naxçıvan ictimai-siyasi, ədəbi və mədəni mühiti ilə istər yaxından, istərsə də uzaqdan əlaqəli olan bu görkəmli, ustad şairin ədəbi istedadı və yaradıcılığının əhəmiyyətli yeri mübahisəsiz qəbul edilməlidir. Mənbələr və faktlar da təsdiq edir ki, şair Qətran Təbrizi hansı müddətə olursa-olsun, Naxçıvanda olmuş, Naxçıvanın ictimai-siyasi həyatı ilə də yaxından bağlı olmuş, Naxçıvanın gözəlləri və gözəlliklərini öz poetik ustalığı ilə vəsf və tərənnüm etmiş, özünün peşəkar yaradıcılığı ilə Naxçıvan ədəbi mühitində tanınaraq xüsusi ədəbi mövqeyə malik olmuşdur. Ədəbi mövqeyi, şeiriyyət dəsti-xətti həm köhnə, həm də yeni nəsil yaradıcı ədiblər üçün nümunə, meyar, əsas olan Qətran Təbrizinin şeiriyyət ruhu ola bilməzdi ki, mövcud ədəbi mühit simaları tərəfindən qəbul edilməsin və ondan nümunə götürülməsin. Artıq bu da müxtəlif alimlər tərəfindən qeyd edilib ki, Qətran Təbrizinin yaradıcılığında öz gözəlliyi, qəlbə yaxınlığı, cəlbediciliyi ilə diqqəti cəlb edən, şairin aşiq könlünü alan gözəllər şairin yaşadığı, yaxından müşahidə etdiyi Təbriz, Gəncə, eləcə də Naxçıvan gözəlləridir. Demək ki, Qətran Təbrizi istedadlı şair kimi Naxçıvanda da olduğu, yaşadığı müddətcə müşahidə etdiyi gözəllikləri əsərlərində əks etdirmiş və müxtəlif əsərlərində adını çəkdiyi gözəl yer-yurdlardan biri kimi Naxçıvan onun fəaliyyəti və ədəbi irsində mühüm yer tutmuşdur.     

 

Bütün bunlar göstərir ki, böyük türk-islam mədəniyyəti intibahının paytaxtlarından biri olan Naxçıvan qədim dövrlərdən zəngin ədəbi mühitə və ədəbi-mədəni inkişafa malik olmuşdur. Naxçıvanda dövlət və dövlət tipli qurumların mövcud olması regionda digər sahələrlə bərabər ədəbi mühitin də inkişafına vəsilə olmuşdur. Bu da maraq doğurur ki, o dövrün görkəmli söz ustadlarından olan, Azərbaycan İntibah mədəniyyətinin görkəmli nümayəndəsi Qətran Təbrizi Naxçıvanda müəyyən müddətə yaşamaqla və Naxçıvanşahlıq sarayı ilə sıx əlaqə saxlamaqla Naxçıvana və Naxçıvan şahı Əbu Düləfə yazdıqları əsərlərlə Naxçıvan ədəbi mühitində özünə mühüm mövqe qazanmış, Naxçıvanda ədəbi mühitin inkişafına öz töhfələrini vermişdir.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2018.- 18 may.- S.6.