"Cənubi Azərbaycana salam"

 

Bugünlərdə Neftçaladakı Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Muğan bölməsi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı  bölməsinin sədri Sayman Aruzun yaradıcılığına həsr olunmuş "Cənubi Azərbaycana salam" adlı görüş keçirilib.

Tədbirdə şərqşünaslıq doktoru, professor İlham Rəhimli, şair Oqtay Rza, millət vəkili Jalə Əliyeva, AYB-nin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, Xalq artisti, tarzən Ağasəlim Abdullayev, Xalq artisti, kaman ustası Fəxrəddin Dadaşov, Əməkdar artist Zakir Əliyev, xanəndə Zeynal Əhmədov və digər incəsənət və adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan yazıçı-publisist  Ruhəngiz Əşrəfqızı tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə təşəkkürünü bildirib.

Sonra Cənubi Azərbaycan  ədəbiyyatı nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən  video-çarx  təqdim olunub.

Video-çarxın təqdimatından sonra səhnəyə yazıçı Sayman Aruz dəvət olunub. Əvvəlcə yazıçının tərcümeyi-halı və yaradıcılığı haqqında iştirakçılara məlumat verilib. Sonra söz alan S.Aruz görüş iştirakçılarına doğulduğu Cənubi Azərbaycanın Sulduz şəhəri, təhsili, Bakıya gəlişi və yaradıcılıq fəaliyyətində danışıb.

Sonra söz musiqiyə verilib. Musiqiçilərin ifasında nəğmə çələngi, xüsusi ilə əməkdar artist Zakir Əliyevin və xanəndə Zeynal Əhmədovun ifaları məclis iştirakçılarının alqışları ilə qarşılanıb.

S.Aruz yaradıcılığında iki mövzunun - Vətən və məhəbbət mövzularının daha qabarıq olduğunu bildirən tədbirin aparıcısı  R.Əşrəfqızı onun poeziyası haqqında danışıb, özünü torpaqdan, Vətəndən ayrı düşünməyən  şairin yaradıcılığından VƏTƏN  mövzusunun qırmızı xətlə  keçdiyini vurğulayıb:

 

Onsuz da torpağın olacaq bədən,

Torpağın üstü , altı da vətən.

Torpaqdan başqasın

geyinmərəm mən,

Bu torpaq mənimdi,

mən torpağın.

 

Sonra qiraət ustası Zeynəb Muradova S.Aruzun "Gözlərin şeirdir" şeirini səsləndirib.

Tədbirdə çıxış edən millət vəkili, professor Jalə Əliyeva anası, mərhum şair Nurəngiz Günün  Sayman Aruzla tanışlığından, onu övladı kimi qəbul etməsindən, qarşılıqlı hörmətə söykənən ailəvi dostluq körpüsünün salınmasından danışıb. O, yazara yeni yaradıcılıq uğurları arzulayıb.

Şərqşünaslıq doktoru, professor İlham Rəhimli tədbirdə çıxış edərək S.Aruz yaradıcılığı haqqında xoş sözlər söyləyib, Cənubi Azərbaycan ədəbiyyatının çağdaş qolunu təmsil edən yazara uğurlar arzulayıb.

Sonra R.Əşrəfqızı S.Aruzun "Yüz il inqilab" romanından söz açaraq əsərin Xalid Hüseynin "Çərpələng uçuran"  romanı ilə səsləşdiyini vurğulayıb, cənublu soydaşlarımızın mövcud rejimə boyun əymədiyini, mübariz olduğunu bildirib: "Romanın əsas obrazı olan Seyid uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə  Güney Azərbaycanın milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar. Seyid Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır. Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağa qərar verir".

Romanın geniş təhlili şair Ənvər Əhməd tərəfindən davam etdirilib. Ə.Əhməd yazarın qələmə aldığı əsəri yüksək qiymətləndirərək qeyd edib ki, əgər  S.Aruz  yaradıcılığı yalnız bu romandan ibarət olsaydı, yenə ədəbiyyat aləmində öz sözünü deməyə kifayət edərdi.

Sonra söz alan şair  Oqtay Rza həm rayon ictimaiyyəti, həm yerli yazarlar - Zabil Pərviz, "Xəzər" ədəbi birliyinin sədri, şair Soltan Abbas, İmamverdi Zeynalov, Zərxanım Ülvi, Fərhad Əzizbəyli, Cəmaləddin Babayev Zaur Ərmuğanın adından  Sayman Aruza bir daha  "xoş gəldin" deyib, ona  yaradıcılıq uğurları arzulayıb.

Tədbirin sonunda çıxış edən S.Aruz tədbirin təşkil olunmasına xoş münasibətə görə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə,  AYB-nin Muğan bölməsinin sədri  Nəbi İbrahimova, Neftçala Qadın Resurs Mərkəzinin sədri Gülqədəm Mirzəzadəyə dərin  təşəkkürünü  bildirib.

       

 

R.NƏCƏFOVA

 

525-ci qəzet.-  2018.- 23 may.- S.8.