Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan Fövqəladə Komissiyasının (FK) həbs edilənlər və qeydə alınaraq saxlanılanlar üçün 1182 -li Anketindən: "Cəfərov Məmməd Yusif Hacıbaba oğlu, Az.SSR vətəndaşı, türk, 1885-ci ildə anadan olub, 40 yaşında, ali təhsilli (universitet qurtarıb), həyat yoldaşı Yekaterina 31 yaş, evdar qadın, qızı Xəyalə 8 yaş, şagird, Minə 5 yaş, oğlu Məmməd Rauf 5 aylıq, anası Minəbəyim 70 yaş. Bitərəf, 4-cü dövlət Dumasının üzvü, Xüsusi Qafqaz Komitəsinin üzvü (Tbilisi şəhərində), Müsavat dövründə nazir, Parlament sədrinin müavini, 28 dekabr 1924-cü ildə həbs edilib.Az.SSR CM-in 61, 68-ci maddələri ilə ittiham olunur.

 

M.Y.Cəfərov bu sənədi həbs olunduğu günün səhəri, dekabrın 29-da saat 1-də həbs qəti imkan tədbiri seçildikdən və irəli sürülən ittihamla tanış edildikdən sonra imzalamışdır.

 

Məmməd Yusif Cəfərovun həbsi haqqında qərar da əslində Az.FK İstintaq Əməliyyat Hissəsi (bundan sonra - İƏH) Əks-kəşfiyyat şöbəsinin rəisi Qolikov tərəfindən məhz 1924-cü il dekabrın 29-da verilmişdir. Bunu həmin gün Qolikovun tərtib etdiyi sənəd də təsdiqləyir. "Mən Azərbaycan FK İƏH Əks-kəşfiyyat şöbəsinin rəisi Qolikov həbs edilmiş Babayev Əbdüləli, Babayev Məmməd Əli, Nəriman Qasım oğlu və b. işi üzrə 894 və 685 saylı işlərlə onların gizli "Müsavat" təşkilatına məxsusluqları barədə ittiham olunmaları ilə əlaqədar tanış olarkən qeyd edilən işlə bağlı Kladbişenski küçəsində 37 saylı evdə yaşayan Məmməd Yusif Cəfərovun adının hallandığını nəzərə alaraq "Müsavat" partiyasına aidiyyatı olan Məmməd Yusif Cəfərovu həbs etmək və Az. FK-da nəzarət altında saxlamaq barədə qərar verdim".

 

Qolikovun bu qərarını İƏH rəisi Nikolayev, Az. FK-nın sədr müavini Qaber-Kom təsdiqləyirlər.

 

Ancaq istintaq işi ilə tanışlıqdan aydın olur ki, M.Y.Cəfərov həbsindən xeyli qabaq diqqət mərkəzində saxlanılmış, onu az qala addım-addım izləmişdilər. Keçmiş hökumətin tərkibində mühüm postlar tutmuş şəxsə qarşı belə münasibət əslində, təəccüblü deyildi. Çünki əvvəl FK, sonra DSİ və XDİK siyasi cəhətdən səbatsız hesab etdikləri şəxsləri daim nəzarət altında saxlayır, onun özü və ətrafı ilə bağlı kifayət qədər məlumatlar toplayır, yuxarıdan məqamın yetişdiyi barədə işarə veriləndə həbs edirdilər.

 

M.Y.Cəfərov FK-nın diqqət mərkəzinə 1922-ci ildə düşüb. Həmin il aprelin 27-də onun xidməti iş yerini dəqiqləşdirmək tapşırığını alan əməkdaş 3 gün sonra tapşırıqla bağlı aşağıdakıları bildirir: "Cəfərov Məmməd Yusifin ev ünvanı və tutduğu vəzifənin dəqiqləşdirilməsi ilə bağlı bildirirəm ki, vət. Cəfərov Az. Sənaye ticarət komissarlığında təşkilat şöbəsinin rəisi işləyir, yaşadığı ünvanı hələlik dəqiqləşdirməmişəm".

 

İki gün sonra isə eyni əməkdaş Cəfərovun ev ünvanını dəqiqləşdirdiyi barədə növbəti məlumat verir.

 

115 saylı məlumata əlavədə isə deyilir: "İnzibati maliyyə idarəsinin rəisi Müsavat dövründə parlament üzvü Cəfərov Məmməd Yusif yanına işə götürülmək üçün göndərilən kommunistlərə "iş yoxdur", deyir, halbuki öz adamlarını qəbul edir. Son vaxtlar onun kabinetində keçmiş şəhər rəisi Kovalyov və Şirin bəy Səfərəlibəyov olur və hansısa mövzuda söhbət edirlər.

 

Bir neçə gün sonra isə artıq Səfərəlibəyov barədə də məlumatlar çatdırılır: "Sənaye idarəsinin işlər müdiri Səfərəlibəyov öz ətrafına müxtəlif adamları yığaraq onlara sovet hökuməti əlyehinə təbliğat aparır. Kommunist partiyasının əksər üzvlərini "oğrular və başqa pozulmuş şəxslər", sovet hökumətini "moşenniklər hökuməti" adlandırır

 

Daha sonra Cəfərovun yanına mühüm tapşırıqlar üzrə mühəndis Rüstəmbəyovun da tez-tez gəldiyi və onların hansısa mövzuda uzun söhbətlər apardıqları bildirilir.

 

Cəfərovu xarakterizə edən başqa bir məlumat isə 11.09.1922-ci ilə aiddir: "392/177/439 saylı tapşırıqla əlaqədar Cəfərov rəis kimi tabeliyində olanlarla çox mədəni davranır, ancaq qapalı adamdır, heç kimlə artıq şey danışmır. Yaxşı təəssürat oyadır, ancaq onun siyasi görüşləri şübhəlidir".

 

M.Y.Cəfərovun dindirilməsinə həbs olunduğu ilk gündən başlanmışdır. Müstəntiqlər aprel çevrilişindən sonra gizli fəaliyyətə keçməyə məcbur olmuş bir sıra müsavatçılara qarşı tətbiq edilən üsulların səmərə verməyəcəyini bildikləri üçün onu konkret əməllərinə - iki nəfər "Müsavat" fəalının İrana keçirilməsinin təşkilində və mənzilində siyasi cəhətdən səbatsız şəxsləri toplayıb dövlət əleyhinə iş aparmaqda günahlandırırlar. Özü də ilk dəfə onu qeyri-rəsmi şəkildə Az.FK-nın ən yüksək vəzifəli şəxsləri, sədr və sədrin müavini dindirmiş, ancaq həmin protokolu nədənsə istintaq işinə əlavə etməmişlər. Görünür, həmin dindirmənin qeyri-rəsmi xarakter daşıdığı nəzərə alınmışdır.

 

İlk dindirmədən bir şey hasil etməyən müstəntiqlər səhəri gün, 30 dekabr 1924-cü ildə M.Y.Cəfərovu növbəti dəfə dindirirlər:

 

"Sual: Siz İranın Azərbaycandakı konsulu Məmməd Xanı tanıyırsınızmı və onun vasitəsilə nə vaxtsa məktub göndərmisinizmi, əgər göndərmisinizsə, hara?

 

Cavab: Məmməd Xanı Müsavat hökumətində nazir olduğum 1919-cu ildən tanıyıram, onun vasitəsilə heç vaxt heç kimə məktub göndərməmişəm, həm də şəxsən ona heç vaxt məktub yazmamışam.

 

Sual: Nə vaxtsa Məmməd Xan evinizə və xidməti yerinizə gəlibmi və bu vizit nə ilə bağlı olub?

 

Cavab: Heç vaxt Məmməd Xan mənim mənzilimə və xidmət vaxtı iş yerimə gəlməyib. O, mənimlə evdə və iş yerində söhbət etməyib".

 

Daha sonra M.Y.Cəfərovun müxtəlif şəxslərlə üzləşdirilməsi təşkil olunur.

 

Onunranda olan mühacirlərlə birlikdə işləmələri və burdakılarla da işləməyin lazım gəldiyi" barədə dedikləri aşkarlanır. "Türkiyədə bizim öz adamımız Məmməd Əmin Rəsulzadə var. Onun vasitəsilə çox şey Konstantinopoldan gəlir. Təşkilatın İranın bütün şəhərlərində öz adamları var. Mühacirlərlə birlikdə aparılan iş yaxşı nəticələr verə bilər" deməsi məlum olur.

 

1925-ci il fevral ayının 1-də FK əməkdaşı Pevzner agentura işi üzrə 129, həbs işi üzrə 582 və 894 saylı işlərə baxaraq növbəti qərar qəbul edir:

 

"Cəfərov Məmməd Yusif Hacıbaba oğlu 45 yaş, ali təhsilli, keçmiş Dövlət Dumasının üzvü, keçmiş xarici işlər naziri, meşşan ailəsindən, ailəli, bitərəf, həbs olunana qədər Azod. ZXK-da şöbə rəisinin müavini işləyən Az.SSR CM-in 61 və 68-ci maddələri ilə gizli şəkildə qayıq vasitəsilə Müsavat partiyası liderlərini - Abbasqulu Kazımzadeni və Məmməd Əli Rəsulzadəni İrana yola salmaqda və mənzilinə siyasi cəhətdən səbatsız sayılan şəxsləri toplamaqda, yemək süfrəsi arxasında əksinqilabi xarakterli tostlar deyilməsində və İran konsulu Məmməd Xanla əlaqələrdə günahlandırılaraq ittiham olunur.

 

Cəfərov ona qarşı irəli sürülən ittihamda günahkar sayılaraq 5 il müddətinə ciddi təcrid şəraitində saxlanılmaqla cəzasını SSRİ-nin şimal şəhərlərindən birində çəkməsi qərara alınır.

 

1925-ci il may ayının 9-da Zaqafqaziya çekasının sürgün haqqında tələbini nəzərə alan Qolikov "Cəfərov Məmməd Yusif Hacıbaba oğlu və Babayev Əbdüləlinin Az.SSR ərazisindən sürgün edilməsinə sanksiya verilməsi üçün 894/270 -li işin ZFK-ya göndərilməsi qərarına gəlir.

 

Az. FK-nm göndərdiyi materiallara əsasən yekun qərar çıxaran Zaq.FK Əks kəşfiyyat şöbəsinin 1-ci bölməsinin əməliyyat müvəkkili Zakaryan 1925-ci il avqustun 22-də aşağıdakı sanksiyanı qəbul edir:

 

"1. M.Y.Cəfərov 5 il müddətinə Voloqda quberniyasımn həbs düşərgəsinə sürgün edilsin. 2. Ə.Babayevi bir illik həbs cəzasına məhkum etmək, ancaq onun sosial vəziyyətini, azsavadlı olmasını və ilk məhkumluğunu, həmçinin, ilkin qərarı nəzərə alaraq sonrakı məsuliyyətdən azad etmək".

 

Əks-kəşfıyyat şöbəsi rəisinin müavini Yerşov və SOÇ rəisi Beriya razı olduqlarını bildirirlər.

 

Həmin qərara əsasında Zaq. FK yanında Xüsusi müşavirə 18.12.25-ci ildə belə bir qərar qəbul edir: "M.Y.Cəfərov RSFSR-in şəhərlərindəki həbs düşərgələrindən birinə 3 il müddətinə sürgünə göndərilsin.

 

1926-cı il martın 1-də Zaqafqaziya çekasmm məsul əməkdaşları Bejanov və Beriyanm imzası ilə Az. FK-ya M.Y.Cəfərovun və onunla bağlı istintaq işinin Baş Siyasi İdarə yanında müşavirənin qərarına uyğun olaraq Urala Sverdlovsk şəhərinə göndərilməsinin təmin olunması barədə məktub göndərilir və elə həmin günlərdə Tiflisdən Bakıya aşağıdakı məzmunda şifrəli teleqram yola salınır: "Y.Qorobçenkoya çatdırılsın ki, Cəfərov Məmməd Yusifi dərhal həbsdən azad etsin. Bağırov, şifrə açılmışdır 11.03.1926".

 

Bu göstərişdən sonra onu həbsdə saxlayıb-saxlamamağı qətiləşdirə bilməyən 3-cü qrupun müvəkkili Movsesov Sumbatovun adına raport yazır: "Bildirirəm ki, XSİŞ yanında Xüsusi Müşavirənin 12.02.1926-cı il qərarı ilə M.Y.Cəfərov DSİ vasitəsilə 3 il müddətinə Urala sürgünə göndərilməyə məhkum edilmişdir. Zaq.FK qeyd edilən qərarın yerinə yetirilməsi üçün mənim tərəfimdən müttəhim həbs olunmuşdur.Az. FK sədri y. Bağırovun göstərişi ilə M.Y.Cəfərov həbsdən azad edilmişdir. Cəfərov Urala sürgünə göndərilməli olduğu üçün xahiş edirəm sonra necə hərəkət etməli olduğumuzu aydınlaşdırasınız və Zaq.FK, həmçinin, XSİŞ-yə nə cavab verməyimizi bildirəsiniz".

 

M.Y.Cəfərov həbsdən azad olunur. Ancaq barəsində yuxarıda adıçəkilən sürgün qərarı ləğv edilmədiyi üçün 1928-ci ildən başlayaraq onu yenidən çək-çevirə salır, həbsə atılmaq təhlükəsi ilə üz-üzə qoyurlar. Uzun əzablardan, yazışmalardan sonra o, vəziyyəti qismən də olsa, aydınlaşdıra, sürgündən canını qurtara bilir.

 

Bundan sonra Cəfərov barəsində yenidən müxtəlif tipli məlumatlar toplanmasına başlanır.

 

Yazışmaların miqyası genişləndikcə, məsələ bir qədər də qəlizləşdirilir, M.Y.Cəfərovun sürgünə göndərilməsi ilə bağlı təhlükələr reallaşmaq dərəcəsinə çatırdı.

 

Bütün bu müddət ərzində dəyişməyən yalnız bir şey idi. M.Y.Cəfərova münasibət. Onu sürgünə göndərmək, yaxud bu qərarı ləğv etmək barədə sənəd imzalayanda da cəza orqanı əməkdaşları eyni cür düşünürdülər - bu şəxsə etibar etmək olmaz, çünki o, müstəqil Azərbaycan dövlətində mühüm vəzifələrdə işləyib, tanınmış xadim kimi millət yolunda böyük xidmətlər göstərib.

 

Azərbaycan Parlamentinin son iclasına yuxarıda qeyd etdiyimiz kimi məhz Parlamentin sədr müavini Məhəmməd Yusif Cəfərov sədrlik etmişdir. (Katib Rza bəy Qaraşarlı olmuşdur) 1920-ci il aprelin 27-də keçirilən Azərbaycan parlamentinin təcili fövqəladə iclasında müstəqil respublikanın şimal sərhədlərindən gözlənilən Qızıl ordunun hərbi müdaxiləsi təhlükəsi qarşısında vəziyyətin ağırlığını aydın dərk edən millət vəkilləri Məhəmməd Əmin Rəsulzadənin təklifinin səsə qoyulmasından sonra əksər səs çoxluğu ilə "istiqlaliyyət, millət və məmləkəti layiqincə müdafiə etmək şərtilə hakimiyyəti kommunistlərə təhvil verməyə razılaşdılar. Hökumətin taleyi Azərbaycan kommunist firqəsinə təslim edildi. Ancaq elə həmin günün səhəri, yəni aprelin 28-də bir gün əvvəldən Bakıya soxulmuş Qızıl ordunun görünməmiş cinayətlər törətməsinə şərait yaradan kommunistlər öz vədlərini asanlıqla unutdular. Nəticədə Azərbaycanın müstəqilliyinə son qoyuldu, demokratik cümhuriyyətin timsalında milli dövləti süquta uğradıldı. Azərbaycan xalqı ilə bərabər, Azərbaycanın dövlət və hökumət rəhbərlərinin, o cümlədən, Məmməd Yusif Cəfərovun həyatında ən ağır və məşəqqətli günlər başlandı. Müstəqillik yolunda az-çox xidmətləri olmuş ictimai xadimlərimiz, vətənpərvər qüvvələr bolşevik terrorunun qurbanına çevrildilər. Minlərlə insan yerindəcə güllələndi, həbsxanalara atıldı, kütləvi repressiyalara məruz qaldı. Bolşeviklər milli hökumətə xidmət göstərmiş şəxslərin hamısını cəzalandırdılar. Bu siyahıda adı birincilər sırasında olan M.Y.Cəfərov da istisna təşkil etmədi. O, ömrünün 5 ilini həbsxana divarları arasında və kütləvi cəza orqanının nəzarəti altında keçirdi.

 

M.Y.Cəfərov 1938-ci ildə may ayının 15-də Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur.

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet 2018.- 25 may.- S.6.