AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

AZƏRBAYCAN DAVASI

 

28 May 1918, Milli Azərbaycan Hərəkatının ən böyük günüdür. Bundan 34 il öncə, Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu. Bu tarixdə Türk və Müsəlman aləmində, ilk dəfə Milli Xalq Hakimiyyətinə dayanan bir Cümhuriyyət qurulmuşdur.

Yüz il öncə, ayrı-ayrı 9 xanlıq halında Çarlığın hakimiyyəti altına düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya imperatorluğunun ənqazı (xarabası) altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı.

12 ocak (yanvar) 1920-də Böyük Dövlətlər tərəfindən istiqlalının tanınması üzərinə, Azərbaycanın davası millətlərarası bir məsələ halına gəldi.

Azərbaycan Cümhuriyyəti sadəcə dünya ensiklopediyaları ilə Birinci Dünya Hərbindən bəri dürlü lisanlarda basılan kitab, xəritə və atlaslarda qeyd edilməklə qalmayıb, eyni zamanda böyük-kiçik, uzaq-yaxın ilgili bütün dövlətlərin arxivlərində Azərbaycan davasına aid dosyalar (sənədlər toplusu) vardır.

Siyasi “Carte du vistie”i (dövlətlərin təqdimat kartında) 1918-də dünyaya təqdim olunan Azərbaycan Hərəkatının ömrü sadəcə 36 il deyildir, əlbəttə!..

Azərbaycan Türk xalqının tarixi gəlişmə (inkişaf prosesi) seyrində 28 May 1918, siyasi bir olqunluğunun (kamilliyinin) mühüm bir mərhələsidir.

Aləmşümul kültür dəyərlərinə və dürlü (müxtəlif) çağlarda yaşanmış siyasi istiqlal və hakimiyyət xatirələrinə malik olan Azərbaycanın tarixi bilxassə Yaxın Doğu İslam şərtləri daxilində gəlişmişdir (inkişaf etmişdir). Son yüz il içində bu gəlişmə Qafqasiya müqəddəratı ilə ilgili olaraq müəyyən özəlliklər ərz etmişdir.

Cümhuriyyətin qurulmasına təqəddüm (keçid) dövründə Azərbaycan topluluğunda əsaslı üç fikir cərəyanı təbəllür etmiş (formalaşmış) olurdu. Bunlardan biri dini düşüncəyə görə, milliyyət fikrinə xor baxan İslami ittihadçılıq idi. Buna müqabil yenə milliyyət ayrılığını rədd edən kosmopolit bir fikir cərəyanı - sosializm vardı. Biri sağçı, digəri solçu bu hər iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq çox dar gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar üçün ya “Rusiyada Müsəlmanlıq”, ya da “Rusiyada Sosializm” vardı. Milli olmayan bu cərəyanların arasında milli Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə dururdu.

Tarix və kültür anlayışında türkçü olan bu milliyyətçi zümrə, siyasi alanda (sahədə) Azərbaycan muxtariyyət və istiqlalını hədəf tuturdu.

Azərbaycan Türk özəlliyinin formulunu verən və Rusiya hakimiyyətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər halında öz müqəddəratlarını müstəqil idarəetmə tələbini irəli sürən canlı bütün qüvvətlər Azərbaycanda “Müsavat” Xalq Firqəsi ətrafında birləşmişdilər.

1911-ci ildən bəri gizli fəaliyyətdə olub, Rusiyada baş verən inqilab nəticəsində, 1917-ci ildə təşəkkül edən “Türk Ədəmi Mərkəziyyət Firqəsi” ilə birləşən “Müsavat” partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu bütün Türk ellərinin yaxın tarixində dəxi mühüm bir hadisə olmuşdu. Qəbul etdiyi proqramında Azərbaycan muxtariyyatını cəsarət və sərahətlə (səhihlik, aydınlıqla) təsbit edən bu firqə, o gündən etibarən, gürcülərdə Menşevik, ermənilərdə Daşnak partiyaları kimi Mavərayi-Qafqasiya həyatında Azərbaycan Türklüyünü təmsil edən üçüncü bir qüvvət halına gəlmişdi. Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən bütün dillərdə dastandı. Bu üç ismi təsrif etməyi (istədiyi kimi dəyişməyi) bolşeviklər bilxassə sevərlər. Gərək düşmən, gərəksə Azərbaycandan əlaqə ilə bəhs edən dostlar üçün “Müsavatizm” Azərbaycan patriotizminin bir müradifidir (sinonimidir).

1917-ci ilin aprelində Bakıda toplanan Qafqasiya Müsəlmanları Qurultayı ilə eyni ilin mayında bütün Rusiya Müsəlmanlarının Moskvada toplanan qurultayında bu tezisi müdafiə edənlər “Müsavat” firqəsinə mənsub idi.

Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə iştirak edən Azərbaycan partiyalarından yalnız “Müsavat” firqəsinin bəyannaməsində Azərbaycan muxtariyyatından bəhs edilirdi.

Sonra, 1918 Mavərayi-Qafqasiya Seymində eyni Azərbaycan tezisini yalnız “Müsavat” firqəsi ilə “Tərəfsizlər Bloku” naminə oxunan açıqlamada görürük.

Seymin dağılması üzərinə Azərbaycan Cümhuriyyətinin istiqlalını elan edən Şurayi-Millidə bütün partiyaların artıq istiqlalçı olduqlarını görürük.

Azərbaycan davasının yaxın tarixində müəssir (təsirli) bir rol oynayan fikir cərəyanları ilə müəssisələrinin tarixi məsnədləri (dayaqları) bunlardır. “Davamız”ın yaxın tarixindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və vaqeələr üzərində durmaları lazım gəlir. Belə edilərsə, dava tarixi əsaslara, fikirlərə və fikir müəssisələrinə bağlanmış olur.

Milli Böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökumətdə bulunmuş olan bir sıra münfərid (tək-tək) insanların vərəsəlik malı kimi ədd etmək (qəbul etmək) çox xətalı bir anlayışdır. Şurayi-Millidən də, parlamentdən də öncə Azərbaycan muxtariyyat və istiqlal fikrini təəzzi (əziyyət çəkmə) etdirən və bunu sağdan-soldan gələn bütün müxalifətə qarşı savunan (müdafiə edən) bir müəssisənin varlığını inkar və ya ehmal etmək (əhəmiyyət verməmək) milli davaya zərərdən başqa bir şey verməz. “Davamız”ı fikir müəssisələrində deyil, münfərid şəxslərə bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş (qabartmış, nəzərə çarpdırmış) olduqlarının fərqində olmayanlardır. “Davamız”ın yaxın tarixini tariximizdəki fikir müəssisələrindən təcrid edərək izaha qalxışanlar bilərək və ya bilməyərək tarixi təhrif edənlərin ta özləridir.

Tarixdə fikirlərin əhəmiyyəti var da, şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir müəssisələrinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ulaşdırır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və müəssisələrinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdir.

“Davamız”ı anladırkən onu hal hazırda yalnız “üç kişi”nin baqi qaldığı bir listəyə bağlamaq və bu yaşayanları o ölənlərin siyasi yeganə varisi kimi görmək salim bir düşüncənin əsəri sayılamaz, təbii!..

Davamız, Azərbaycan davasıdır, bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir müəssisələri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz. İçlərində milli ideala, Azərbaycan fikrinə, yəni “Davamız”a ihanət (xəyanət) etmiş olanların da, məəttəssüf bulunduğu bu təşəkküllər dışında, şairimizin “Buzlu Cəhənnəm” dediyi sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan neçə qurbanlarımız, şəhidlərimiz vardır.

Sadəcə hökumət və ya parlament üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz. Əsl imtiyaz, əsl şərəf ideyaya  sədaqətdə və ona hüsnüniyyət və səmimiyyətlə bağlı qalmaqdadır.

Parlament və hökumət dışında Firudin Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən çox qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da unutmayaq. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, Süleyman Paşa Sulkeviçləri, Dilxas Murad Gərayları, İbrahim Ağaları, Səlimov Həbib Bəyləri və bir çox digərlərini də zikr edəlim.

İsimləri və xatirələri hamımıza əziz olan Fətəli Xan, Nəsib bəy, Həsən bəy, Səməd Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy, Museyib bəy, Murtuza bəy, Rəhim bəy və sairə kimi şəxslərlə bərabər, düşmən tərəfinə keçmiş və milli iradəyə xəyanət etmiş Qarayevlər, Qarabəyovlar kimi bədbəxtlər də məəttəssüf, Parlamentin üzvü olmuşlardır.

Ümumi bir xülasə yapılırkən, ana fikir müəssisələrindən və bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zərurətdir. Tarixdə isimlərini fikir müəssisələrilə sımsıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan bəhs etmək qədər təbii və normal bir şey ola bilməz. Bu bütün fəaliyyətləri bir tək şəxsə ətf etmək (istinad etmək) demək deyildir, əlbəttə!..

Davanı əsas fikir sistem və müəssisələrindən ayıraraq, avtomatik surətdə, müəyyən dövrdə, rəsmi hər hansı bir sifət və ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki Azərbaycan davası belə üç-beş kişinin həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis edilmiş (müqəddəs sayılmış) fikir müəssisələri vardır. Bu müəssisələr baqidir, Azərbaycan parlamentini də, hökumətini də doğuran bu fikir sistemi, qızıl istila altında bilavasitə qüvvətlənmiş istiqlalçı gənc nəslin müqavimətilə çəlikləşmiş (poladlaşmış) və mühacirətdə illərdən bəri davam edən mücadilə sayəsində sarih (açıq, aydın) formulunu tapmışdır. Milli nəşriyyat və müəssisələr tərəfindən bu davanın ideoloji bütün səhifələri incədən-incəyə işlənmişdir. Belə bir hərəkatın müqəddəratı, şübhəsiz ki, üç-beş faninin həyatına münhəsir (həsr edilə) qala bilməz.

Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiliyi, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən-nəsilə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssisə və şəxsiyyətlərini idealizə edərsə, bunu dava naminə, müsbət bir hadisə olaraq qəbul etməliyik.

Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssisələrini ehmal ilə sadəcə münfərid şəxslərə mal etmək Azərbaycan topluluğunun gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur. Halbuki 1918-də istiqlalını elan edərkən, Azərbaycan Türklüyü, siyasi fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orta Rusiya əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli demokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist cərəyanını təmsil edirdi.

O zamankı şərtlər daxilində Türkçülüyün  “Müsavat” firqəsində təmsil olunan bu cərəyanı, hadisələrin gəlişməsilə, Türkiyədə Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə həyatiliyini isbat etmişdir.

Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir sistem və müəssisələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və mərəzi hisslərdən sıyrılaraq ana fikrə önəm vermək lazımdır.

Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir. Bu xüsusda hamımızın son dərəcə ciddi və diqqətli olmamız icab edər.

Bunu bilməliyik ki, “Davamız” fani üç kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O, nəsildən-nəsilə dövr edilən fikir müəssisə və şəxsiyyətlərinə sahib vələd (nəsli) bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdüylə bir-birinə sımsıxı bağlayan bir dava!..

Dünənki idealist nəsil ilə bugünki idealist nəsli bir-birinə bağlayan, bundan 36 il öncə, 28 May 1918-ci ildə İstiqlal Bəyannaməsini intac etdirən (nəticələndirən) böyük fikir hərəkatıdır.

İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun, bütün azərbaycanlıların bu müəzzəm hərəkatdakı mövqe və şərəfləri, əsas ideologiyaya göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və hizmətlərilə mütənasibdir.

Bütün məsələ, bu xüsusda son dərəcə incə davranmaqla bərabər, mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssisə və şəxsiyyətləri təqdirdə vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən ayrılmaqdadır.

 

Məhəmməd Əmin Rəsulzadə

”Azərbaycan” aylıq kültür dərgisi

Sayı - 2-3 (26-27), 1954

 

 

Bir yaş

 

Bu gün, istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da ikinci yaşa qədəm qoyduğu gündür.

Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması - çətinliklə əmələ gəldi. Ana vətən, balasını doğarkən, özünü qurban edəcək dərəcəsinə gəlmişdi... Azərbaycan toprağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar, həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xaş etməklə anasını da, balasını da öldürmək istiyordular.

Lakin bu zəif sinə içində gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz idi ki, zəif cism, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi.

Ana Vətən doğdu...

Və bu gün, doğduğu övladının səneyi-dövriyyəsi münasibətilə bayram qurub və övladını mavi, al və yaşıl rəngli parçalarla bəziyib nümayişkaranə bir surətdə bəyani-iftixar etmədədir.

 

***

 

Bir yaşlı dövlətimiz, - gələcəkdə - və yaxın gələcəkdə türk-lügün ümidgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda - hər kəsə bildirmədədir.

Azərbaycanın türklügə istiqbal meyvələri yetişdirmək üçün münbit bir topraq təşkil etdigini, Osmanlı türk qardaşlarımız dəxi iqrar və etiraf edib bizə ümid nəzəri ilə baxmadadırlar. Fihəqiqə Azərbaycan idi ki, türk irqində sağlam bir milliyət hissi oyatdı, millət nə olduğunu milliyətini unutmuş türklərə bildirdi: Onlara - sən əvvəl bir türksən dedi və “türkəm” dedirtdi...

Türk qövminin dəxi farslar və ərəblər kimi müşərrəf olduq-ları dini-mübini-islamın - Allahımız bir, Peyğəmbərimiz bir, Quranımız bir və binaənileyh dinimiz də bir olmalıdır - deyə bu birligə fel və əməl ilə ilk qədəm qoyan Azərbaycan türkləri oldu desəm, əminəm ki, xəta etmərəm. Bu fikrin Azərbaycan türkləri arasında böyük bir surət ilə intişarını və qüvvətlənməsini görən-lər sözlərimi təsdiqə məcbur olarlar...

Bizi vəhşi bilənlər və bizdən yalnız qaniçicilik gözləyənlər ilə və bizim vücudumuzu aləmi-mədəniyyət üçün təhlükəli ədd edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin sırf yalan və yanlış olduğu meydana çıxsın. İngilislər bizim içərimizə girərkən, özlərini vəhşi heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç bir lüzum olmadığını bir-iki gündən sonra kəmali-təəccüb ilə anladılar və həqqimizdə bəsləməkdə olduqları nəzər və təsəvvüratın - bilməməzlik və ya düşmənlər təbliği nəticəsi olaraq xəta və yanlış olduğunu da dərk etdilər. Əminəm bunu da dərk etdilər ki, istibdad altında tərəqqi və təalidən cəbrən məhrum və cəhalətə məhkum edilmiş olan bu millət, azad olduqdan sonra çox çəkməz ki, aləmi-mədəniyyət bazarlarında öz milliyyətləri təqazası ilə əmələ gəlmiş mədəni mətahlarını ənzari-bəşəriyyətə təqdim ilə mədəniyyəti qoca olan millətləri də heyran qoyarlar...

AL rəngi türklügə, YAŞIL rəngi islamlığa və MAVİ rəngi də mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur.

 

***

 

Adamlar var ki, bizim istiqlalımızı istəmiyordular, halbuki bizə düşmən degil idilər və bu istəməməzlikləri də düşmənçilik üzündən degil idi, fəqət onlar qorxurdular. Qorxurdular ki, biz hökumət etməgə, məmləkət dolandırmağa, dövlət saxlamağa qabil olmayıb da müxtəlif millətli təbəəmizin can və malını mühafizə edə bilməyək, məmləkətdə asayiş bərpa edə bilməyək, nizam və qaidə qoya bilməyək, siyasiyyatda bacarıqsızlıq göstərib xəlqin istirahətini pozaq...

Lakin növzad dövlətimizin yeni başlamış ömrünün günləri və ayları gəlib keçdikcə, bu fikirdəki adamlar öz fikirlərini dəgiş-məgə məcbur oldular, bolşeviklər dövründə həsrətini çəkdigimiz çörək və çörəkdən də artıq həsrətində olduğumuz əmin və asayişin yoxluğu və cəmaəti qoz və fındıq kimi bizar edən qətl və qarətin çoxluğu, o da, bu da dəf edildi. Azərbaycan dövləti çörək ilə bərabər əmin və asayişi də iadə etməklə əhalini həm aclıq, həm də qətlü-qarət bəlalarından xilas qıldı. Cavan dövlətimiz dünyanı bürümüş olan sarı xəstəliklərlə də mədəni və ər bir surətdə mübarizəyə girişib zəfər və müvəffəqiyyət qazandı...

Düşmənlərimizin virdi-zəban etdigi “bəy-xan və şallaq hökuməti” əvəzinə ən demokratik və ən hürriyətpərvər bir dövlət olduğunu bildirdi. Əhalisinə bir bu qədər geniş və genişligi heç bir hökumətdə görünməmiş bunca hürriyyət və azadlıqların vicudi qarşısında düşmənlərimizin gözləri heyrələnib, dilləri lal olacaq idi ki, hiylə və təvzirə əl atıb hökumətimizin bu qədər hürriyyətpərəstligini cəbunluğa və səhlənkarlığa isnad ilə bizi genə də ləkələndirmək istiyordular. Lakin bu axırki zabastovkanı Azərbaycan istiqlalını məhv etmək və məmləkətimizi anarşı halına salmaq niyyətilə qurulmuş zabastovkanı yatırmaq işində hökumətimizin və millətimizin göstərmiş olduğu əzm və səbat, ustadlıq və məharət, düşmənlərimizin bu ləkəsini də üzərimizdən sildi və bu töhməti də rəf etdi...

 

***

 

İçərisindən çıxan qırmızı təhlükəni rəf və izaləyə qadir olan bir hökumət və millət, xaricdən sədası gələn qara təhlükəni də dağıtmağa və darmadağın etməgə qadir olmazmı, zənn ediyorsunuz?! Siz onun bir yaşar olduğuna baxmayın, düşmən dəfində  təcrübəsiz olduğuna, türklük və islamlığına məxsus fəzilətlərinə baxıb da əmin olunuz ki, bu hokümət və bu millət öz istiqlalını, öz azadlığını və öz təbəəsini şanlı bir surətdə hər bir düşməndən qorumağa qadirdir və bu qüdrətini lazım olduğu halda isbat edər. Bu təntənəli, cəlal və şükuhlu bayramımızı görənlər bunu yəqin bilsin ki, bir yaşar cavan Azərbaycan türk dövlətinin istiqlal mühafizəsindəki şüarı budur ki:

Ölmək var ki, dönmək yoxdur!

Bu gün bu əziz bayram günü sidqi-dil ilə

- Yaşasın müstəqil Azərbaycan! - deyənlər, əmin olmalı ki, onu müstəqil yaşatmağa qadir olarlar!

 

Hacıbəyli Üzeyir

“Azərbaycan”, 28 may 1919, ¹190

 

 

Azərbaycan istiqlalının bayraqdarı “Müsavat” qurultayı münasibətilə

 

Son günlərdə paytaxtımızda açılıb günlərcə davam edən və bütün ictimai və siyasi məhafili işğal edib duran “Müsavat” qurultayı həqqində bizim də mütaliəmizi söyləməmək mümkün degildir. Məmləkətimizin həyati-ictimaiyyə və siyasiyyəsində mühüm rol oynamış, daxil və xaricdəki əfkari-ümumiyyə üzərində ciddi təsirlər buraxmış bir firqəyi tədqiq və təhlil etmək bir qəzetəçi və yaxud da bir mühərrir üçün o qədər də bəsit bir məsələ degildir. Çünki hər yerdə və hər millətdə ilk dəfə bir həqiqətin kaşifi, bir fikrin qaili, bir əsasın vazei olan bir şəxs və yaxud da bir cəmiyyət həqqində bəyani-mütaliə etmək üçün elmi və fəlsəfi bir bitərəflik lazım gəlir ki, müxtəlif rəy və fikirləri xoşnud edə bilmək mümkün olsun.

Hər bir şəxsin bir sirr kibi ruh və fikrində gizlənmiş bir qüdrəti-xəllaqiyəsi olduğu kibi, bir firqə və yaxud da bir cəmiyyət üçün də doğrudan-doğruya qeyri-qabil nüfuz bir hikməti, bir fəlsəfeyi-iradə və idarəsi vardır.

Hər bir firqə bu mənəvi qüvvəti iktisab edə bilmək üçün bir çox təcrübələr keçirmiş, fəqət bu təcrübələrdən ibrətbin olmuş və ən ziyadə müsbət bir zehniyyətlə bir məsləki-ümumi yolunu çizməgə diqqət etmişdir.

Firqə denildigi zaman, bir məmləkətin ictimai, iqtisadi, siyasi ehtiyac və amallarını fikri bir mənzumə halına qəlb etmiş bir müəssisə nəzəri-mütaliəyə gəlməlidir.

Siyasiyyat, iqtisadiyyat, ictimaiyyat kibi yekdigərləri ilə heç bir surətlə ayrılmayan məfhumlar bir firqənin əhatə və fikri mənzuməsinə daxil olduqdan sonra millət və məmləkət müqəddəratı həqqində gərək daxildə və gərəksə xaricdəki əfkari-ümumiyyə üçün lazım gələn vasitələr qonulmuş ədd oluna bilir.

Firqələrdən hər hankı birisinin cəmaət həyatında bir üs-tünlük qazanması o məmləkətdə hakim olan arzuyi-ümuminin qələbəsi deməkdir.

Elmi bir əsasdan xaric olan qəribə bəzi mütaliələr vardır ki, o cümlədən, guya: firqədə rol oynayanlar bir neçə şəxsdən ibarət olduğudur. Halbuki bu, tamamilə xətai-aluddur.

Bir dəfə siyasi və ictimai həyatə daxil olan hər hankı bir şəxs fərdiyyətdən (individualizmdən) bir çox şeylərini fəda etmək məcburiyyətindədir. İctimai və siyasi həyat demək cəmaətin iyi və ya fəna təqsimat və təsnifatına boyun əymək deməkdir. Bəlkə bir şəxs, firqə və yaxud cəmiyyət həyatında mühüm bir rol oynaya bilər. Fəqət o şəxs üçün bu keyfiyyət tamamilə “kollektivizm”, yəni cameiyyət denilən fərdiyyətə zidd bir əsasə tabe olmaqdır.

İştə bu nöqteyi-nəzərlə “Müsavat” firqəsi kibi bütün qüvvəti cəmaətdən ibarət siyasi bir təşkilat həqqində ictimaiyyatımızda hüsula gətirdigi bəzi təhəvvülat və inqilablara hesab verməmiz icab ediyor.

 

***

 

“Müsavat” firqəsini iki sahədə daima görüyoruz. Biri hökumət həyatında, digəri də ictimaiyyatdadır. Bu firqənin hökumətə daxil və hökuməti idarə etməsini ictimaiyyatdakı müvəffəqiyyətində görməliyiz. Firqə, ruh ehtibarilə tamamilə demokrat bir firqə ədd oluna bilir. Bu firqəyə demokratizmdən xaric bir ünvan verənlər, ya demokratizmdən xəbərləri yoxdur, yaxud da firqədən ictimaiyyat və siyasətdə ümumiyyətlə mütəkamil bir cəmaəti təmsil etmədigimiz üçün bəlkə də “Müsavat” demokratlığı sui-təvil və təfsirlərə düçar ola bilir. Fəqət doğrudan-doğruya milli demokratlıq Azərbaycan türkləri arasında “Müsavat”dan başqa heç bir firqəyə nəsib olamaz.

Bu həqiqəti “Müsavat” qurultayı isbat etdi. Qurultay heyəti-ümumiyyəsi ilə cəmaətin ən demokrat sinfindən ibarət idi.

Qurultayın ikinci, üçüncü və dördüncü cələsələrində söylənilən sözlər, irad edilən nitqlər xəlq ehtiyaclarını fəryad edən şeylər idi.

Azərbaycan şəhər və kəndlərindən gələn nümayəndələr hər şeydən əvvəl idari və mülki ehtiyaclarından bəhs ediyorlar idi. Bu nitqlərdə bəzən ciddi tənqidlər və bəzən də bacara biləcək bir ruhda təmənnilər var idi.

Topraq məsələsi müzakirə edildigi zaman qurultayda demokrat sinfinin qüvvəti bütün ciddiyyətilə görükdü. Qurultay tamamilə demokratiyanın hakimiyyəti altında qaldı. Qurultay nümayəndələri bir söz ilə: topraq məsələsi üzərində heç bir politika və demokratiyaya müsaidə etmiyordu. “Ya “Müsavat” toprağı verməli və yaxud da, axırıncı sözünü bizə deməlidir” diyor idi. İştə “Müsavat”da şəxsin, fərdin nə qədər əhəmiyyətsiz bir rol oynadığını bu məsələ ətrafında hakim olan fikir və qurultayın da bu hakimiyyətə tabe olmasını göstərdi.

Qurultayın siyasi proqramı da şayani-diqqət bir surətdə idi. Qurultay Xəlq Cümhuriyyətindən başqa heç bir şeyi qəbul etmiyor idi.

Hər dürlü ilhaq fikirlərinə də əleyhdar oldu. Qurultay, bundan sonra əhvali-hazirə həqqində bir çox siyasi əsaslar qəbul etdi ki, gərək əfkari-ümumiyyəmiz və gərəksə siyasəti daxiliyyə və xariciyyəmiz üçün qiyməti böyükdür.

O cümlədən Şimal təhlükəsi və Dağıstan həqqində və Qafqasiya millətlərinin konfederasyonuna dair şayani-diqqət qərarnamələr çıxarıldı.

Bu qərarnamələrin dərəcəyi-tətbiqi həqqində şimdi yeni halda müəyyən bir şey deyəmiyəcəgiz. Fəqət ümumiyyət etibarilə əhvalı-hazirə və siyasiyyənin haman bu qərarnamələrə doğru getdigini və firqənin də bu cəhətlə hazırlanmaq ehtiyacında qaldığını biz də etiraf edəriz.

Qafqasiya millətlərinin konfederasyonu fikri öylə ümumi fikirlərdəndir ki, uzaqgörən hər bir siyasimiz üçün nəzəri-diqqətə alınmağa şayan və cümhuriyyətlər mənafei-ümumiyyəsinə də təsiri böyük və mühümdür.

Bu fikir cümhuriyyətlər arasında qalib gəldigi halda Qaf-qasiyanın beynəlmiləl və beynəldüvəl vəziyyətini dəgişdirib Qafqasiya məsələsi müsbət bir siyasət mövzui ola bilir.

Qurultayın gərək ictimaiyyat, gərək siyasiyyat həqqində ətraflı bir xətti-hərəkət çizməsi göstəriyor ki, cəmaət tədrici bir surətdə hər məsələyə fail bir dairədə hazırlanmaqdadır.

 

“Müsavat”ın bu 2-ci qurultayı bəzi tənqidlərə də möhtacdır.

 

Hər şeyi hökumətdən gözləmək kibi köhnə bir fikir qurul-tayda gözə çarpıyor idi.

 

Dövlət həyatında iyi zaman təcrübə görmüş bir firqə, məfkurə etibarilə qüvvətli olmalı və ən ziyadə məmləkəti bir təcəddüd və tərəqqiyə məzhər edə bilmək üçün müsbət bir mühakimə ilə amil bulunmalı idi.

 

Fəqət zənn edəriz ki, tarixi bir əhəmiyyəti haiz bulunan 2-ci qurultayı bundan sonrakı 3-cü qurultay daha da parlaq bir surətdə təqib edər.

 

Hər halda qurultayın şayani-tənqid cəhətləri ümumi həyatımızdakı durğunluğun bir nəticəsi olub getdikcə bunların islah və tənsiqinə imkan çıxa biləcəkdir. “Müsavat” firqəsinin 2-ci qurultayını gördükdən sonra biz bitərəf olaraq deyə biləriz ki, bu firqə demokratca yolunu çizmiş və demokratca da cəmaət və siyasiyyata hakim olmuş bir firqədir.

 

Bu həqiqəti, “Trudovaya Znamya” ilə bərabər bir sürü bəy, xan firqəsi deyə töhmətlər sovuran firqələr və şəxslər qəbul etmiyorlar isə də tıbqı səbətkar bir heyətşünas olan məşhur Qalileyin (bununla bərabər ərz dönüyor) deməsi kibi biz də deyə biləriz:

 

“Bununla bərabər “Müsavat” milli demokrat firqəsidir!”

 

Ə.H. (Əhməd Həmdi)

“Azərbaycan”, 15 dekabr 1919, ¹344

 

Alud - bulaşmaq

Qail - deyən, söyləyən, rəvayət edən

Vaze - əsasını qoyan, təsis edən, yenidən yaradan

Xoşnud - razı, məmnun

Bərsər - üzərinə, üstünə, üstə

İktisab - qazanmaq, kəsb etmə

Təhəvvül - dəyişmə, başqa hala keçmə

Təvil - izah etmə

Tənsiq - nizama salma, düzəltmə

Xətai-alud - xətaya bulaşmaq, batmaq

Heyətşünas - astronom

Səbatkar - sözündə möhkəm olan

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-26 may.-S.20-21.