Düşündürən musiqi

 

Firəngiz ƏLİZADƏ

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor

 

"Sənətkarları gəmilərə bənzətmək olar: bəziləri geniş, sahilsiz, fırtınalı və həmişə yeniliklərlə dolu olan dənizə çıxır, başqaları isə qasırğa və təhlükədən uzaq, sakit limanda lövbər salıb dayanır..."

 

Bu poetik sətirlər Qarayevə aiddir. Qara Qarayev, şübhəsiz, o sənətkarlara mənsub idi ki, qorxu bilmədən o zamanın musiqisinin "fırtınalı və sonsuz" dənizinə çıxmışdı. O dövrün hər bir yeniliyi ilə maraqlanan sənətkar, geniş dünyagörüşünə malik ziyalı olan Q.Qarayev XX əsrin ikinci yarısının musiqisində baş verən bədii mühiti və hadisələri həssaslıqla dərk edirdi. Bütün humanitar aləmi sarsıdan informasiya axını, elmi-texniki inqilab, ictimai həyatın qaynarlığı - bütün bunlar müasir sənətkardan öz yaradıcılığına yeni təfəkkür tərzi ilə yanaşmağı tələb edirdi. Zamanın ab-havasından kənarda qalmaq isə yeni ideya və cərəyanlarla mübarizədə özünün intellektual imkansızlığını etiraf etmək sayıla bilərdi.

 

Bununla belə, Q.Qarayev həmişə özünü Azərbaycan milli mədəniyyətinin nümayəndəsi, onun zəngin musiqi ənənələrinin varisi sayırdı. Azərbaycan musiqisinin üç məhsuldar qolu - muğam, aşıq yaradıcılığı və xalq mahnıları - Qarayev sənətini tədriclə qidalandıraraq ona həyat nəfəsi verirdi. Ancaq bu əlaqə deklarativ xarakter daşımırdı. Bəstəkar dünyaduyumu intəhasız qatlarından dərk olunaraq aşkara çıxır. Bu ənənələrdən ayrılmaq öz kökündən, torpaqdan ayrılmaq, öz mənlyini itirmək olardı.

 

Beləliklə, Q.Qarayev 60-cı illərdə çox çətin bir dilemma qarşısında dayanmışdı və həmişə olduğu kimi "tapdanmamış cığırlarla" getməyi daha üstün tutdu. Ancaq bu yeganə düzgün seçilmiş yol idi ki, onunla getmək xəncərin iti tiyəsi üzərində yerimək kimi bir şey idi. Bu, sintez yolu idi: dünya musiqi mədəniyyətinin ən son nailiyyətlərini yığıb, onu sənətkarlıq süzgəcindən keçirərək doğma musiqi sənətinin qədim, zəngin ənənələri ilə vəhdətini tapmaq yolu idi.

 

Yeni üfüqlərə doğru öz gərgin axtarışlarını bəstəkar ilk dəfə "Üçüncü simfoniya"da təcəssüm etdirdi. 1965-ci ildə onun yaranması təkcə Azərbaycan musiqisində yox, bütün musiqi aləmində dönüş nöqtəsi oldu - desək, bizcə, yanılmarıq. Çox saylı fəxri nişanlara layiq görülmüş tanınmış bəstəkar Qara Qarayevin Avstriya bəstəkarı A.Şönberqin icad etdiyi dodekafon texnikasına müraciəti böyük hay-küyə səbəb oldu. O dövrün musiqişünaslığında dodekafon musiqisinə "burjua, modernist, düşkün" kimi damğalar vurulduğunu nəzərə alsaq, ömrünün əlli illiyi ərəfəsində belə cəsarətli və riskli addım atmış bəstəkarın vəziyyətini başa düşmək olardı.

 

Hər bir yeniliyə, qeyri-adiliyə siyasi rəng verməyə çalışan "üzdəniraq" tənqidçilərin "dəlil" və "sübutlarını" bir kənara atsaq, ciddi və mühakiməli musiqiçilərin mübahisələrini iki əsas sual ətrafında cəmləşdirmək olardı: milli musiqi məktəbinin başçısı olan azərbaycanlı müəllifin bu texnikaya müraciəti qanunauyğundurmu? Bu yol musiqinin inkişaf etməsi üçün perspektivlidirmi?

 

O vaxtdan 50 ildən çox keçir və zaman bu suala öz aydın cavabını verib: "Üçüncü simfoniya"nın 60-cı illərin emosional və fəlsəfi fikrini ifadə edən böyük əsərlər sırasına daxil edilməsi, sənətkar axtarışlarının və riskinin qiymətləndirilməsi idi.

 

Hər bir insanın həyatında elə bir vaxt gəlib çatır ki, onun bir günü "bir əsrdən uzun çəkir", hər bir dəqiqəsi isə bir ilə qədər uzanır. Böyük sənətkarın musiqisində də belə anlar mövcuddur. Qarayev "Üçüncü simfoniya"sında artıq söz və təmtəraqlı ibarələr işlətmədən, qızğın və inandırıcı surətdə yalnız ən əsas məsələlər haqqında danışır. Hər bir intonasiya, bir not qeyri-adi həcmə və çəkiyə malik olur: fikir emosiya kvintessesiyası kimi, güclü intellektual həyəcanın nəticəsi kimi çıxış edir...

 

- Həyatın mənası nədədir? - Yaradıcılıqda.

 

- Hər bir insanın qiyməti nədədir? - Təkrarolunmaz mənəvi aləmində.

 

- Xoşbəxtlik nədədir? - Xeyirxahlığa və gözəlliyə can atmaqda...

 

Simfoniyanın qəhrəmanı ilə birlikdə biz bu sadə, lakin çətin həqiqətləri dərk edirik və hər dəfə də mənəvi təmizlənmə, aydınlaşma yolundan keçirik...

 

Sənətin böyük mənası bunda deyilmi?

 

Simfoniyanın forma cizgilərinə diqqətlə baxan hər bir kəs, onu təşkil edən bütün xüsusiyyətlərinin incə, daxili əlaqəsini görər, mükəmməl surətdə cilalanmış kristala rast gələr. Təsadüfi deyil ki, tacik bəstəkarı F.Bahor deyirdi: "Bu simfoniya nəhəng bir zirvə kimi onun sadə, kasıb "qonşularının" üzərində yüksəlir!" Tanınmış bəstəkar, Polşa Bəstəkarlar İttifaqının sədri K.Meyer isə "Sovetskaya muzıka" jurnalına verdiyi müsahibədə deyirdi: "Mən əminəm ki, bu əsər 60-cı illərin ən gözəl simfoniyalarından biridir".

 

"Üçüncü simfoniya"nın ilk ifası 1965-ci ilin aprelində P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük Konsert salonunda baş tutdu. Simfoniya həmin ildə də Bakıda keçirilən "Zaqafqaziya baharı" festivalı günlərində ifa olundu. Hər iki konsertdə simfoniyanı R.Barşayın idarəsilə Moskva Dövlət Kamera Orkestri ifa etdi. 1968-ci ildə isə Qara Qarayevin 50 illik yubileyi təntənəsində "Üçüncü simfoniya" N.Rzayevin idarəsində Azərbaycan Dövlət Kamera Orkestrinin (indi bu orkestr Qara Qarayevin adını daşıyır) ifasında səsləndi. 70-ci illərin ikinci yarısından etibarən bu simfoniya bizim və xarici ölkələrin kamera orkestrlərinin repertuarına daxil edilmişdir.

 

Açılmayan cığırla addımlayan Qara Qarayev getdikcə daha çox dərinliklərə baş vurur, sənət və onun qanunauyğunluqlarını yeni ideyalar aləmində axtarır. Görkəmli skripkaçı Leonid Koqanın sifarişilə yazdığı "Skripka konserti"ndə (1967) yüksək bədii sənətkarlıq və psixoloji doğruluğa meyl özünü bariz göstərir.

 

... İşıqlı kədər və keçmiş həyatın romantikasına həsrət, həyatın fənalığı haqqında acı düşüncələr, faciəli aqibətin hiss olunması, bütün bunlara dözmək ümidi, mümkün olmayanı mümkün etmək arzusu...

 

"Skripka konserti"nin mövzusunun zərifliyi və gözəlliyi, dramatik münaqişənin əsaslandırılmış təzadları, orkestr palitrasının rəngarəngliyi bu musiqini ən gözəl instrumental konsertlər sırasına daxil edir.

 

İlk dəfə bəstəkarın 50 illik yubileyi münasibətilə Moskva Konservatoriyasının Böyük zalında keçirilən təntənəli gecədə L.Koqanın ifasında Y.Svetlanovun rəhbərliyi ilə Dövlət Simfonik Orkestri tərəfindən ifa edilmiş bu əsər qeyri-adi coşqun emosiya ilə qarşılandı. Məşhur skripkaçı Qidon Kremer konserti dəfələrlə dünyanın müxtəlif ölkələrində böyük müvəffəqiyyətlə ifa etmişdir. Qara Qarayev adına "XX əsrin musiqisi" I Festivalın (Bakı-1986) açılışında isə konsert beynəlxalq müsabiqələr laureatı Andrey Korsakovun ifasında səsləndi.

 

O vaxt bəzən belə bir fikir yürüdülürdü ki, məhz Qarayev yaradıcılığının son dövrlərində milli intonasiyadan xeyli uzaqlaşır. Bununla əsasən razılaşsaq da, xatırladaq ki, musiqidə millilik təkcə intonasiyada yox, bir çox başqa ünsürlərdə də, mələsən, konsepsiyada, formada, ifadə vasitələrində və s. özünü göstərə bilər. Bütün bu vasitələrdən Qarayev bütövlükdə istifadə etmişdir. Bəstəkarın son dövrlərdə yazdığı partituralar Şərq miniatürləri kimi nəfis, incə boyalarla işlənmiş və hər bir səs və ifadə vasitəsinin tutumu isə - Şərq beytlərinin dərin çoxmənalılığına bənzəyir. "Üçüncü simfoniya" və "Skripka konserti"nin təkrarolunmaz, gözəl, nadir xüsusiyyəti ondan ibarətdir ki, bəstəkar burada əsərlərin dərinliyindən gələn xalq müdrikliyi ilə müasir həyatın həyəcanlı, narahat fikirlərini üzvi surətdə birləşdirməyə nail olmuşdur.

 

Qara Qarayev gərgin zəhmətlə, qayğılarla dolu, maraqlı hadisələrlə zəngin və gözəl həyat yaşamışdır. O, çoxlu ölkələr gəzmiş, XX əsrin musiqi mədəniyyətinin ən görkəmli nümayəndələri ilə ünsiyyətdə olmuşdur. Bunlardan İ.Stravinski, S.Barber, A.Sayqun, L.Nono, Niyazi, A.Balançivadze, R.Şedrin, E.Svetlanov, K.Meyer və başqalarını göstərmək olar.

 

Qara Qarayevin parlaq və qeyri-adi şəxsiyyəti təkcə musiqiçiləri deyil, başqa peşə sahiblərini - yazıçıları, alimləri, şairləri, rəssamları, rejissorları da özünə cəlb edirdi.

 

Bəstəkarın fərdi yaradıcılıq üslubunun formalaşmasında XX əsrin iki görkəmli bəstəkarı - Üzeyir bəy Hacıbəyov və Dmitri Şostakoviçin çox böyük təsiri olmuşdur. Azərbaycan bəstəkarlıq məktəbinin banisi və böyük simfonist - bu iki dahi şəxs Qarayevin müəllimi, həyat və yaradıcılıq məsələlərində ən yaxın məsləhətçisi olmuşlar. Yenilik həvəsini, həyatı müdrikcəsinə dərk etməyi, insanlarla səmimi münasibəti, gözəl müəllimlik istedadını Qarayev onlardan əxz etmişdir. Xalqının sevincinə, dərdinə həmişə şərik olan Qarayev bütün yaradıclığı, həyatı boyu ölkəmizdə baş verən ictimai hadisələrin mərkəzində durmuş və onun fəal iştirakçısı olmuşdur. Təsadüfi deyil ki, onun həyatında baş verən hadisələr Azərbaycan musiqi mədəniyyəti quruculuğunun mərhələləri ilə üzvi surətdə birləşərək onun inkişafının əsas təmayüllərini belə həssaslıqla əks etdirir.

 

60-cı illər Qarayevin tərcümeyi-halında təkcə yeni axtarışlar üçün üfüqlər açmadı, bu illər həm də onun uzaq səyahətlər illəri oldu. Onun tale gəmisi üç dəfə okeanı keçərək gah Qərbə, gah Şərqə, gah da qitənin dərinliklərinə üz tutdu. Beynəlxalq aləmdə yaranan iqlimin nisbətən yumşalması xarici ölkələrdəki həmkarlarla daha sıx yaradıcılıq əlaqələri yaratmağa imkan verirdi. Mədəniyyətimizi ilk təmsil edən nümayəndələr arasında Qarayev ABŞ, Kanada, Livan, Efiopiya, Misir, Yaponiya və İspaniyaya səyahət edir.

 

Musiqi sənətində yeni axtarışlar, kəşflər... Məgər Q.Qarayevin özünün də yaradıcılığının əsas qayəsi bunda deyildimi? Musiqidə məhz bu yenilik axtarışları onu nəzəriyyəçi Şefferin kitablarını alman dilindən tərcümə etməyə və Vebernin kantatalarını dəfələrlə tədqiq etməyə və nəhayət Üzeyir bəyin ilki - "Leyli və Məcnun"un sehrli qüvvəsini dərindən dərk etməyə sövq edirdi.

 

Q.Qarayevin daima yeni üfüqlərə can atması rəssam T.Salahovun çəkdiyi bəstəkarın portretində bütün cizgilər ilə öz əksini tapmışdı. Biz bu rəsmdə Qara Qarayevi sanki ən dərin yaradıcılıq xəyalına dalmış halda görürük. Bu tabloda rəssam şüurlu surətdə əhəmiyyətsiz detallardan imtina edərək, əsas diqqətini bəstəkarın simasında və əllərində cəmləşdirmişdir. Və bütün gücünü əsas məqsədə yönəltmək Q.Qarayevin özünün də yaradıcılıq prinsiplərinə uyğun gəlirdi. Bu xüsusiyyətlər portreti bütöv və təsirli edir. 50 ildən çoxdur ki, bu portret Dövlət Tretyakov Qalereyasının ekspozisiyasını bəzəyir. Portretin tamamlanması ilə bəstəkarla rəssamın dostluğu və yaradıcılıq əməkdaşlığı başlayır. Tahir Salahov bu barədə deyir: "Yaradıcılıq dostluğu davam edirdi... Mən böyük məmnuniyyətlə Qara Qarayevin Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində "Hamlet" və "Antoni və Kleopatra" tamaşaları üzərində işləyirdim. Qara Əbülfəz oğlu sənətində olduğu kimi yoldaşlığında da etibarlı və səmimi, xeyirxah və böyük ürək sahibi idi. Qara Qarayev özündə yaradıcı müstəqilliyinin elə yüksək enerjisini cəmləndirirdi ki, onunla qarşılaşan hər bir şəxs öz qəlbində dərin və əhəmiyyətli yenilik duyğusu hiss edirdi. Köhnəlmiş qanun və stereotiplərə heyrətamiz dərəcədə təravətli və yeni nəzərlərlə baxmaq qabiliyyətinə malik olan Qarayev bacarığı müxtəlif əqidəli və dünyagörüşlü adamların ona bağlanmasına səbəb olurdu".

 

Həyatının son illərində Qarayevin yaradıcılıq imkanları dairəsi xeyli genişlənir. Bəstəkarın tədqiqatçıları hələ neçə dəfə özlərinə belə bir sualla müraciət etməli olacaqlar ki, bəstəkarın təxəyyülündə "Coşqun Qaskoniyalı" romantik müziklinin obrazları ilə 12 fuqanın son dərəcə yığcamlığı, "Zəriflik" monooperasının incə akvarel boyaları ilə orqan üçün "Prelüd və fuqanın" sərt-mərdanə dünyası bir-biriləri ilə necə uyğunlaşdılar? Bütün bunlar ona dəlalət edir ki, bəstəkarın beyni yorulmadan çalışır, ən uzaq və ölçüyəgəlməz şeyləri də əhatə edərək, axtarır və seçirdi. Bu daim yaradıcılıq axtarışları özündə necə böyük məna kəsb edirdi! Lakin acı tale bu axtarışlar üçün ona nə qədər az vaxt və nə qədər çox ağrı və ehtiraslar nəsib etmişdi!

 

O, işləməkdə davam edirdi. Ağır xəstəliyinə baxmayaraq, yazıb-yaradırdı. Bütün iradəsini toplayaraq, ağrılara güc gələrək, hər bir yeni iş gününü xəstəlikdən zorla qoparırdı. Günlər isə getdikcə azalırdı. Sonra zaman saatlarla ölçülməyə başladı. Saatlar da tamamlandı, zaman dayandı. Bəstəkarın son səfəri də bitdi. Bu, 13 may 1982-ci ildə baş verdi.

 

Dahilik həmişə zaman keçdikcə dərk olunur. Ola bilsin ki, hələ biz Qara Qarayevin yaradıcılıq hünərini şəxsiyyətini bütün əzəməti ilə təsəvvür etmirik. Lakin bundan sonra Azərbaycan musiqisi öz nəbzini Qarayev sənətinin yüksək meyarı ilə ölçəcək. Və Qara Qarayevin ulduzlu yollarının işığı hər zaman əbədi olaraq Azərbaycan musiqisi üzərinə nur saçacaq.

 

525-ci qəzet 2018.- 31 may.- S.7.