Nafiə Abidin Amerikadakı və Türkiyədəki nəvələri - Əmin Abid-120

Nafiə Abidin həbsi və sənədlər onun ömür yolu haqqında

1938-ci il avqustun 11-də Nafiə xanım SSRİ Cinayət məcəlləsinim 58/6 maddəsi ilə - əksinqilabi aparmaqda, casusluqda ittiham olunur. Sən demə, Nafiə xanımın həbs edilməsi haqda 6298 nömrəli order o tutulmamışdan öncə yazılıbmış. DTK serjantı Avakova da Nafiə xanımı axtarıb tapmaq və həbs etmək haqda əmr verilibmiş. Avakova onu Batumda həbs edib Bakıya gətirir. Həbs edilərkən 165920 nömrəli qızıl qol saatını, brilyant sırğalarını, iki ədəd qızıl üzüyünüb. bəzək əşyalarını da əlindən alırlar.

Bakıda Nafiə xanımın istintaqı başlayır. İstintaq heçasan keçmir. İstintaq işindəki pasportdakı şəklindən yaraşıqlı və gənc bir xanım baxır. İstintaq təcridxanasında çəkilmiş şəkildə isə o, qorxu və həyəcan içərisində ətrafa baxan qocalmış, sərxoş qadına bənzəyir. Verilən işgəncələr onu qısa müddətdə tanınmaz şəklə salır. Bunu istintaq sənədləri də göstərir. Verdikləri cəzanın ağırlığına dözməyərək huşunu itirdiyindən istintaqa fasilələr verilir. Həkim müayinəsi zamanı ürək xəstəliyinə tutulduğu aydınlaşır. Lakin ondan əl çəkmək istəmirlər. İstədiklərinə də nail ola bilmirlər.

KQB arxivindəki üzərində "Nafiə Tevfik Tanurun (həm də Şükrü Əhməd) Əhmədovanın istintaq işi" yazılmış 269342 saylı qovluq saxlanılır. Oradan aydın olur ki, 1903-cü ildə Tirananın təxminən 250  kilometr güneyindəki Yanya şəhərində doğulan Nafiə Yunanıstan Osmanlı imperiyasının tərkibindən ayrıldıqda ailəsi ilə birlikdə İstanbula köçür. Kiçik yaşlarında atası Əhməd Şükrü vəfat edir. Anası Zəhra Tevfik Tanurə ərə gedir. Buna görə də bir çox sənədlərdə Nafiənin soyadı Tevfik Tanur kimi də yazılır.

Yeddi yaşında İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə Tevfik Tanur on səkkiz yaşında oranı bitirir. Bir il pedaqoji kursda oxuduqdan sonra İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsinə daxil olur. Burada Əmin Abidlə görüşür, sevişir və ailə qurur.

İstintaq sənədləri arasında saxlanan pasportdan Nafiə xanımın 1935-ci il fevralın 20-də pasport, iyulun 23-də Azərbaycana gəlmək üçün viza aldığı, avqustun 2-də İstanbuldan yola düşdüyü və həmin ayın 14-də Bakıya çatdığı görünür.

KQB müstəntiqi nədən Nafiə Abidin qohumu, Türkiyə Milli Məclisinin rəhbəri Abdulhaluk Renda ilə maraqlanırmış?

KQB müstəntiqi Nafiə xanımdan 1930-cu ildə Türkiyəyə getməsinin səbəbini xəbər alır. O, belə cavab verir: "Ailənin yeganə qızı idim. Atam tez-tez anamın xəstə olduğunu, məni görmək istədiyini yazırdı, ona görə getdim".

Bilmirəm müstəntiq Nafiə xanımın dediyinə inanıb, ya inanmayıb. Mən isə faktlardan başqa nəticə çıxarıram. Belə ki, Nafiə xanımın Türkiyəyə getməsi heç də anasının xəstəliyi ilə bağlı ola bilməzdi. Xəstə olsaydı, Ankaradan Bakıya necə gələ bilərdi? Bakıya gəlib qızı ilə görüşübsə, Nafiə xanım nədən anasının ardınca Türkiyəyə getməli idi?

Suallara cavab vermək üçün sənədləri və dövrü mətbuatı gözdən keçirmək kifayətdir. Belə ki, 1929-cu ilin yanvarında Azərbaycanda gizli fəaliyyət göstərən Müsavat Partiyasının "Gənc Azər" təşkilatının öndərləri Azərbaycan Dövlət Siyasi İdarəsi (KQB) tərəfindən həbs edilir.  İstintaq zamanı Həsənağa Axundzadə deyir: "Bir dəfə şagird Nigar Rəfibəyova (Azərbaycanın Xalq şairi Nigar Rəfibəyli - Ə.Ş.) mənə türk doktoru Riza Nur bəyin kitabını verdi. Bu kitabda doktor Azərbaycandan bəhs edərkən yazıb ki, Azərbaycan müstəqil olduğu deyilsə də, faktiki olaraq Rusiyanın müstəmləkəsidir. O (yəni Nigar Rəfibəyli - Ə.Ş.), ümumiyyətlə, çoxlu türk jurnalı alırdı. Bilirəm ki, o, Bakı Pedaqoji Texnikumunun müəllimi Əmin Abidlə yaxın olmuşdur".

İstintaqa cəlb edilmiş Həşim Aslanov isə deyib: "Əmin Abid 1927-28-ci illərdə sinifdə türk şairi Ömər Seyfəddinin "Bomba" hekayəsini oxudu... Əmin Abid özünə yaxın bildiyi şagirdlərə həmişə təklif edirdi ki, türk şairlərinin pantürkist əsərlərini oxusunlar".

Sözsüz ki, bu ifadələrdən sonra Əmin Abidi dinc buraxmamışdılar. Azərbaycan Dövlət Siyasi İdarəsi (KQB) nəinki Əmin Abidin, bütün milli düşüncəli ziyalıları təqib planı hazırlayır. Azərbaycan Dövlət Siyasi İdarəsinin (KQB) sədri Novruz Rzayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinə yazır: "....Pedaqoji sahədə təmizləmə zamanı əsas diqqəti məktəblərdə millətçi-şovinizmi daha fəal yayan müəllimlərə: Türk ədəbiyyatı, ictimaiyyət və coğrafiya müəllimlərinə yönəltmək lazımdır".

Xalqın ədəbiyyatı tarixini dərindən öyrənən və təbliğ etməyə çalışan Əmin Abidin dünyagörüşü, yayımlatdığı məqalələr, oxuduğu mühazirələr Sovet kosmopolit məmurlarını qane etmirdi. Onu daimi nəzarətdə saxlamağa çalışır, işdən çıxarır, hörmətdən salmaq üçün haqqında böhdan xarakterli məqalələr çap etdirirdilər. Əmin Abidi Universitetdən və texnikumdan işdən çıxarmışdılar. "Kommunist" qəzetinin 1930-cu il yanvarın 17-də Ə.Ə. imzası ilə "Elmi aferist" məqaləsi çap olunmuşdu, başqa qəzet-jurnallarda da əsərləri kəskin tənqid edilirdi.

Görünür, Nafiə xanımın valideynləri vəziyyətdən xəbərdar idilər. Ona görə Zəhra xanım qızına və kürəkəninə yardım etmək üçün 1930-cu ildə Bakıya gəlir. Nafiə xanım müstəntiqə verdiyi izahatda deyir ki, anam Nuru bəyin xanımı Bədriyyə ilə qohum idi. Anamın Bakıya gəldiyindən xəbər tutan Bədriyyə xanım bizi evinə qonaq çağırdı.

Sözsüz ki, evdə Nafiə xanımın, Əmin Abidin durumundan, Azərbaycanda gedən ictimai-siyasi proseslərdən də söhbət gedib. Həmin vaxt Azərbaycanda kütləvi həbslər gedirdi. Nuri bəy Nafiəni həbs olunmaqdan qurtarmaq üçün ona viza verib Türkiyəyə yola salmağa razılıq verib. Anası gedəndən az sonra Nafiə xanım da Türkiyəyə yola düşüb.

Nafiə xanım müstəntiqin sualına cavab olaraq deyib ki, Türkiyədə olduğu müddətdə atalığı Tevfik Tanurun işlədiyi dəmiryol idarəsində çalışıb. 1935-ci ildə yenidən Bakıya, ailəsinin yanına qayıdıb.

Müstəntiqi Nafiə xanımın təxribatçılıq, casusluq fəaliyyətindən çox onun Türkiyədə rəhbər vəzifədə işləyən qohumları maraqlandırıb. Müstəntiq dəfələrlə Nafiə xanımdan ikinci dəfə Türkiyədən Bakıya gəlməsi üçün necə, hansı vasitələrlə viza aldığını, qohumlarının harada işlədiyini xəbər alıb. Buradan aydın olur ki, 1930-cu illərdə Türkiyədən Azərbaycana gəlmək istəyənlərin viza alması heçasan deyilmiş. Nafiə xanım müstəntiqə verdiyi cavabda ona viza almaqda ana tərəfdən qohumluğu çatan Abdulhaluk Rendanın kömək etdiyini deyib. Bu üçün Abdulhaluk Renda dəfələrlə Moskvada - Xarici İşlər Komissarlığında kimlərəsə ağız açıb.

Abdulhaluk Renda haqqında bilgi əldə edən müstəntiq Nafiənin atalığı (istintaqda atası kimi göstərilir - Ə.Ş.) Türkiyə Dəmiryollar İdarəsində baş mühasib işləyən Tevfik Tanur, onun qardaşları - Ayvalıq şəhərindəki "Ziraat" Bankında işləyən İsmayıl Tanurharadasa mühasib işləyən Kamil Tanurla da bərk maraqlanıb, hətta evdar qadın olan anası Zəhranın tərcümeyi-halını da dəqiqləşdirib.

İstintaqın gedişini diqqətlə gözdən keçirəndə aydın görünür ki, Nafiəni ittiham etdikləri casusluq suçu bir kənara buraxılıb. Ən çox müstəntiqləri onun qohumları, xüsusən də Abdulhaluk Renda maraqlandırb. Buna görə də belə güman etmək olur ki, DTK-ya Nafiədən çox Abdulhaluk Renda lazımmış.

1881-ci il oktyabrın 29-da Yanyada doğulan Mustafa Abdulhaluk Renda milliyətcə türkdür. 1903-cü ildə İstanbuldakı Mülkiyə Məktəbini (Siyasi fənlər fakültəsini) bitirib. RodosdaEge adalarında müəllimlik, Balkandakı bəzi rayonlarda kaymakanlıq, Bitlis, Kastamonu və Hələbdə valilik edib. 1917-ci ildə Daxiliyyə Nəzarəti müstəşarlığına gətirilsə də, az sonra yenidən Hələbə vali göndərilib. 1918-ci ildə ingilislər onu Malta adasına sürgün edirlər. Sürgündən sonra ikinci Türkiyə Böyük Millət Məclisinə Çankırıdan millət vəkili seçilib. 1924-cü il oktyabrın 2-dən 1934-cü ilin fevralın 3-dək müxtəlif fasilələrlə Maliyyə və Müdafiə Naziri işləyib. 1935-ci il martın 1-də TBMM sədri seçilib. İstintaqda Nafiə xanın Abdulhaluk Rendanın maliyyə naziri işlədiyini deyib. Əslində, həmin vaxt Abdulhaluk Renda TBMM sədriydi. 1946-cı il avqustun 5-dək Məclis başqanı olan Mustafa Abdulhalik Renda 1948-ci ildək dövlət naziri işləyib. 

Nafiə xanımın həbsdən azad edilib, Türkiyəyə dönə bilməsində yəqin ki, Mustafa Abdulhalik Rendanın da rolu olub. Çünki xalq düşməni kimi həbs olunan və güllələnənlərin arvadlarına adətən səkkiz il həbs cəzası verilirdi. Nafiə xanıma da səkkiz il həbs cəzası verilmiş olsaydı, o, cəza evindən 1946-cı ilin avqustunda azad edilməliydi.

1938-ci ilin avqustundan başlayan istintaq 1939-cu il aprelin 28-də başa çatıb. Zaqafqaziya Hərbi Prokurorunun Azərbaycan SSR Daxili İşlər Komissarlığı üzrə köməkçisi, 2-ci dərəcəli hərbi hüquqşünas Kurbanov yazıb: "N.Ş.Əhmədovanın əleyhinə toplanmış sübutların xarakterini nəzərə alaraq bu işin məhkəmə dindirilməsinə göndərilməsini mümkünsüz sayıram. Bunun üçün də N.Ş.Əhmədovanın işinin SSRİ XDİK yanında xüsusi məşvərətə göndərilməsinə razıyam".

Kurbanov istintaqın gedişində Nafiə xanımı ittiham etməli faktlar olmadığını gördüyündən işi məhkəməyə göndərməyi münasib bilməyib. Xarici ölkə vətəndaşı, xalq düşməni kimi güllələnmiş bir şəxsin xanımının da azadlığı haqqında qərar qəbul etməyə cəsarət etməyib. Vəziyyətdən çıxmaq üçün işi SSRİ XDİK yanında xüsusi məşvərətə göndərilməsinə razılıq verib.

Sonda isə vəzifəsini və rütbəsini, hətta adını və atasının adını göstərməyi belə unudan İvanov 14 nömrəli protokoldan çıxarışı imzalayıb. Orada yazılıb: "Əhmədova Nafiə Şükrü qızı çox təhlükəli ünsür kimi islah-əmək düşərgəsində saxlansın. Cəza müddəti 1938-ci il avqustun 11-dən hesablansın".

İstintaq materiallarından aydın olur ki, Əmin Abidin dindirilməsi başqaları ilə müqayisədə o qədər də uzun surməyib. Belə ki, həbsindən 99 gün sonra, yəni oktyabrın 21-də saat 21.30-da güllələnib. Bundan nə qohumların, nə də onu tanıyanların xəbəri olub. Güllələnmə hökmü verilməyən Nafiə xanımın istintaqı isə səkkiz ay on yeddi gün çəkib.

İstintaq zamanı Əmin Abid Türkiyə vətəndaşı olan, alban qızı Nafiə Tevfik Tanur qızı ilə evli olduğunu bildirib. Başqa bir evliliyindən, qızının varlığından isə söz açmayıb. (AMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzi Arxivindəki şəxsi işində də qızı haqqında bir bilgi yoxdur). Nafiə xanım da istintaqda Əmin Abidin ikinci arvadı və qızının olduğu haqqında heç bir bilgi verməyib

İstintaq materiallarında və başqa sənədlərdə Əmin Abidin Nafiə ilə evlənməsinin tarixinə rast gəlmədik. Əmin Abidin qohumlarının bağışladığı şəkillərinin birinin arxasında Nafıə xanımın "Sevgili annemə. Nikahdan sonra: Qızınız. 1341" qeydi var. Buradakı tarixi miladiyə çevirdikdə 1923-cü ilə uyğun gəlir. Nafiənin 1922-ci ildə İstanbul Universitetinə qəbul olunduğunu bildiyimizdən 1923-cü ildə Əmin Abidlə evlənməsini doğru tarix hesab etmək olar.

(Ardı var)

525-ci qəzet.-2018.-1 noyabr.-S.8.