Oqtay RZA

Əməkdar müəllim

Fəsil dəyişəndə

Sarı köynəyini geyinib bağlar,

Meşədə yarpaqlar Xəzərə dönüb.

Heyranı olduğum dilbər qovaqlar

Şalını itirən gözələ dönüb.

 

Duyulur nəfəsi çənin, ayazın,

Küləklər bayatı çağırır yenə.

Durub ayrıcında qışla payızın,

Baxıram arxaya, baxıram önə.

 

Salam, həyatımın kamillik ili!

Açırsan qapımı gülə-gülə sən;

Gəmim haraylayıb neçə sahili,

Son liman hardadı-necə biləsən?

 

Səsimdə, sözümdə əvəlki ahəng,

Ruhumun qidası təranələrdir;

Pöhrə duyğularım sər ağacı tək

Həmişə yaşıldır, həmişə tərdir.

 

Sinəmdə min ocaq hərarəti var,

Fikrim yüz hədəfə sığıyan oxdur;

Ömür-gün yolunun nəhayəti var,

Fəqət arzuların hüdudu yoxdur.

 

Dünyaya gəlmək də, ölmək də haqdır,

Gərək yaşayasan əməllərində;

Günəş də get-gedə soyuyacaqdır,

Başqası yanacaq onun yerində.

 

Nəvəm ürəyimi döndərir dağa,

Özüməm, həyatda təkrarımdır o;

Gücüm çatmasa da, cavanlaşmağa,

Geriyə qayıdan baharımdır o!

 

Var

Göynərti qopsa da, köhnə yaramdan,

Həzin səs yayılır könül tarımdan;

Deməyin cavanam, yaşıdlarımdan

Çoxunun əlində çəlik, əsa var.

 

Tərəqqi naminə hər ay, ilbəil

Gərək fasiləsiz çalınsın təbim;

Yolumu gözləyən Təbriz, Ərdəbil,

Yolumu gözləyən Kərkük, Bursa var.

 

Qəddini ehtiyac qatlayanların,

Bağrı zədələnib çatlayanların,

Barıt çəlləyi tək patlayanların

İçində səbirlə dolu kasa var.

 

Girov götürülən, hambal çoxalıb,

Lum-lum ötürülən xammal çoxalıb;

Münəccim, dələduz, rəmmal çoxalıb,

Dərvişlə bərabər hərdən kosa var.

 

Yuxumda Zakiri, Sabiri gördüm,

Yaltağı gah kiçik, gah iri gördüm.

Yazmağı tərgidən şairi gördüm,

Nə qələm, nə kağız, nə də masa var.

 

Qar əgər yağmırsa, o qış qış deyil,

Eybəcər yarasa, ay bəy, quş deyil!

Gecə didərgini tək bayquş deyil,

Sübhə tək narahat isa-musa var.

 

Mütləq açılacaq o düyün, o sirr,

Güney söyləyirəm ürəyi əsir;

Bütövlük əsrinin küləyi əsir,

Vaxt fərman verəcək - nəsə, nəsə var!

 

... Olmasın

Ustad sözü düz deyir,

Heç 90-na 100 deyir?

Cəmiyyətdə az deyil

İçi xıltlı adamlar.

 

Dönə-dönə alçalan,

Enə-enə alçalan.

Yenə, ye nə alçalan

İçi xıltlı adamlar!

 

Çox danışıb, az dinər,

Canında xof gizlənər.

Görəsən təmizlənər

İçi xıltlı adamlar?

Bəd əməl sanki oxdur,

Hələ də sayı çoxdur.

Hansı ölkədə yoxdur

İçi xıltlı adamlar?

 

Ay saçları ağarmış,

Yayda dolu yağarmış!

Min il əvvəldə varmış

İçi xıltlı adamlar!

 

Sıramız dağılmasın,

Təpələr "Dağ" olmasın!

Kaş daha doğulmasın

İçi xıltlı adamlar!

 

Tək işıq

Sübhədək ətrafa nur yayır,

İçir şüasını çöl-bayır;

Ümid çırağı tək parlayır

Uzaqda görünən tək işıq.

 

Sal dağın ətəyi, sol aran,

Duyğumu, gücümü artıran,

Günəşə borcunu qaytaran

Uzaqda görünən tək işıq.

 

Gündüzün kiçicik ardımı?

Ovudar kimsəsiz adamı;

Zülmətə qərq olan adamı

Uzaqda görünən tək işıq.

 

Olub bap-balaca kürə o,

"Ağ yol"dan xoş gəlib Yerə o;

Oxşayır ehrama, pirə o -

Uzaqda görünən tək işıq.

 

Əlacmı gecəlik həsrətə,

Rəvacmı vüsala, qismətə,

Möhtacmı səmimi rüsxətə

Uzaqda görünən tək işıq?!

 

Xəyalım narahat gəmidir,

Ürəyim sıxılmış mərmidir;

Sonuncu mogikan kimidir

Uzaqda görünən tək işıq.

 

Ovcumda gəzdirib közü mən,

Düz-dürüst yayıram sözü mən;

Ay ellər, özüməm, özüməm

Uzaqda görünən tək işıq.

525-ci qəzet  2018.- 2 noyabr.- S.7.