Ağdamı xatırladan adam

Noyabrın 5-də Qarabağ nisgilli, Ağdam həsrətli daha bir ziyalımız - yazıçı-publisist Surxay Xasay oğlu Əlibəyli haqq dünyasında qovuşdu. Yeri behişt olsun! Çox işıqlı və maraqlı insan idi. Doqquz il əvvəl - 2009-cu ildə, 60 yaşının tamamında onun haqqında yazdığım və hər ikimiz üçün əziz olan "525-ci qəzet"də dərc etdirdiyim yazını dünən arxivimdən tapdım. Və Surxay müəllimin unudulmaz xatirəsinə ehtiramın ifadəsi kimi, həmin yazının yenidən dərc olunmasını istədim...

***

Ağdamı xatırladan adam... Bu bənzətməni yersiz sayanlar tapılacaq, bəlkə də... Biz sözbazıq axı... "Ə, o kimdir ki, Ağdamı xatırlatsın?" - deyənlər olacaq. Elə mən də bu yazıya başlıq fikirləşəndə belə bir bənzətmənin ağlıma necə gəldiyinə təəccüb etmişdim... Əvvəlcə özümə də namünasib görünmüşdü. Amma məhz onun son on altı ildə doğma Ağdamımızı ən çox xatırladan və xatırlayanlardan biri, bəlkə də birincisi olduğuna əminliyim başlığa çıxardığım sözlərin ağlıma heç də təsadüfən gəlmədiyini təsdiqləmişdi.

Surxay Əlibəyli... Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ağdamım - qibləgahım" adlı üçcildlik, ensiklopedik səciyyəli nəşrin, bir neçə publisistik kitabın müəllifi. Özü və imzası çağdaş mətbuat aləmində yaxşı tanınan qələm adamı... Ölkə teleməkanının çox istedadlı, bənzərsiz idman şərhçisi Altay bəyin atası... Bütün bunlardan da ötəsi: Qarabağın əsl söz savaşçısı. Bu doğma yurda aidiyyatı olan kim və nə varsa, hamısı uğrunda hər yerdə, hər an davaya hazır olan, zəif vücuduna tən gəlməyən böyük bir cəsarətlə sinəsini qabağa verərək, Qarabağla bağlılığı olan yaxşının da, pisin də müdafiəsinə qalxmağı özünə borc sayan, bəzən buna görə haqlı-haqsız qınaqlarla üzləşən, amma dediyindən dönməyən inadkar ziyalı, publisist...

Altmış yaşının tamamında bu təqdimat onun halalca qismətidir...

Otuz yaşının tamamında isə mən onu bir az başqa cür tanımışdım...

Həmişəyaşıl küknar və çinar ağaclarının əhatəsindəki birmərtəbəli, iki yanı aynabəndli geniş binada yerələşən "Bədii emalatxana" "Ağdam mədəniyyət evi" adlanan, azsaylı işçi heyəti olan idarənin bir bölməsi sayılırdı. Mən ali məktəbə ilk uğursuz qəbul cəhdimdən sonra, staj toplamaq üçün buraya işə düzəlmişdim. Surxay müəllimi də ilk dəfə bu emalatxanada gördüm. Bizim müdirimiz idi... Amma müdirlik zəhmi yox, səmimi yoldaşlıq, həmkarlıq münasibəti göstərirdi hamıya. Gündə bir neçə dəfə baş çəkdiyi bu emalatxanada onun Bakıdakı ali məktəb həyatı, çox gənc yaşlarında çalışdığı Elmlər Akademiyası ilə bağlı maraqlı söhbətlərini tez-tez eşidərdim

Sonralar biləcəkdim ki, Surxay müəllim Azərbaycan Dövlət Universitetinin flilologiya fakültəsində təhsil aldığı və Akademiyada işlədiyi illərdə milli azadlıq uğrunda mübarizəyə qoşularaq, hətta gizli təşkilatın üzvü olmuş, həmfikirləri ilə birlikdə təqiblərə məruz qalmış, dövlət təhlükəsizliyi orqanlarında "profilaktika"dan keçmiş, elə buna görə də atasının təkidi ilə Bakıda işdən çıxaraq, Ağdama qayıtmışdı...

... Bədii emalatxanadakı staj mənim Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmağımda önəmli rol oynadı. Surxay müəllimlə səmimi münasibətlərimiz isə otuz ilin daşlı-kəsəkli yollarından keçərək, bu günə qədər davam edir.

Ağdamlı günlərimizi yaddaşımda canlandırmağa çalışıram...

Surxay müəllim mədəniyyət evindəki müdirlikdən Ağdam mədəniyyət və istirahət parkının direktoru vəzifəsinə dəyişiləndən az sonra şəhərin böyük əraziyə və sıx yaşıllığa malik Üzeyir Hacıbəyov adına parkında sakinlərin istirahəti və əyləncəsi üçün yaxşı şəraitin yaradılmasına nail oldu. O vaxtlar müxtəlif əyləncə qurğuları və avadanlıqları olan belə bir parka rayon mərkəzlərinin çox azında rast gəlmək mümkün idi... Bakıda yaşayıb-işləyən və doğma yurda yolu düşən ağdamlı ziyalıların daim toplaşdığı ən böyük çayxana da həmin parkda idi...

"Dostluq" kinoteatrının arxasında, ucaboylu çinarların yaşıl çətiri altında əyləşib, Zeynalın dəmlədiyi pürrəngi çaydan dadıb, ətrafına yığılmış savadlı-savadsız dostlarına Bakıdakı böyük yazıçı və şairlər, dövrün ədəbi mühiti və nümunələri barədə özünəməxsus ehtirasla söhbət açan indiki çox hörmətli millət vəkilimiz Aqil Abbasın Surxayı özünün müəllimi adlandırdığını da ilk dəfə elə o çayxanada eşitmişdim. Mənim yaşıdım və məndən yaşı az olan ağdamlı yazı-pozu adamları üçün o vaxtlar da, indi də Aqil Abbasın necə böyük nüfuz sahibi olduğunu söyləməyim artıqdır. Aqil müəllimin hər yerdə Surxay Əlibəyliyə öz müəllimi və ağsaqqalı kimi hörmət-izzət göstərməsi şəxsən mənim üçün həmişə örnək olub. Aqil müəllim bu ehtiramını müasir Azərbaycan ədəbiyyatının sanballı nümunələrindən sayılan məşhur "Dolu" romanında da ifadə edib: bu əsərdəki obrazlardan birinin prototipi Surxay müəllimdir...

1980-ci illərin sonunda - Qarabağda erməni separatizminin baş qaldırdığı və bu düşmənçiliyə qarşı mübarizə zəminində Azərbaycanda milli azadlıq hərəkatının üzə çıxıb genişləndiyi bir vaxtda Surxay müəllim Ağdamda milliyyətçi düşüncənin və ideologiyanın cəsarətli təbliğatçısı kimi özünü göstərdi. Onda mən "Lenin yolu" adlanan rayon qəzetinin məsul katibi və redaksiya-mətbəə ilk partiya (keçmiş Kommunist partiyası) təşkilatının katibi idim.

"Ağdam" adlı müstəqil bir qəzet nəşr etdirib yaymaq ideyasını kimin ortaya atdığını indi dəqiqliklə xatırlamıram... Amma bu işdə üç nəfər olduğumuz dəqiq məlumdur: Surxay müəllim, Salman Alıoğlu (hazırda "Respublika" qəzetinin Qarabağ bölgəsindəki müxbiri) və mən... Əvvəlcə, Surxay müəllimin hesabına "restoran şəraiti"ndə yığışaraq, hansı mövzularda yazacağımızı müəyyənləşdirdik və qısa müddətdə materialları çapa hazırladıq. Təbii ki, bu yazılarda xalqımızın azadlıq arzuları, milli maraqlarımızın qorunması, ermənilərin xəyanətkarlığına qarşı mübarizənin vacibliyi, üstəlik də, mövcud cəmiyyətin yaramazlıqları öz əksini tapmışdı. Bir az ezop dilində olsa da, o dövrün senzurasından keçməsi namümkün olan, ideoloji təxribatçılıq sayılacaq qədər kəskin və hirsli yazılar idi... Amma "perestroyka"nın təsiri altında dövlət və partiya nəzarətinin bir qədər yumşalması bizi öz niyyətimizi gerçəkləşdirməyə ürəkləndirmişdi. Mən redaksiya və mətbəədə səlahiyyət sahibi olduğumdan qəzetin texniki məsələlərinin həllini öhdəmə götürsəm də, etiraf edim ki, yazdıqlarıma açıq imza qoymaqdan çəkinmişdim. Deyəsən, Salman öz yazılarının bəzisinə açıq imza qoymuşdu. Son səhifədəki buraxılış məlumatlarında qəzetin redaktorunun kimliyini göstərmək məsələsinə gələndə isə tərəddüsüz bu adı və soyadı yazdıq: Surxay Əlibəyli. Qəzetin çapı gizli sayılsa da, yayımı çox sərbəst oldu və Surxay müəllim onun nüsxələrini qoltuğuna vurub öz parkındaca açıq-aşkar payladı... Sözün düzü, bu dissident nəşrin hər hansı inzibati-hüquqi araşdırmalara əsas yaradacağını düşünsək də, yanılmışıq. Repressiyaya-zada ürcah olmadıq. Surxay müəllimin açıq redaktorluğu və bizim gizli müəllifliyimizlə "Ağdam"ın bir neçə sayı çapdan çıxdı...

Bu hadisədən az sonra Surxay Əlibəyli imzası müstəqilləşmə yoluna çıxan milli mətbuatımızın "Ədalət", "Qarabağ", "525-ci qəzet", "Təzadlar" və s. kimi populyar, nüfuzlu nümunələrində özünə ünvan tapdı.

Gənc yaşlarından qəlbində və ağlında gəzdirdiyi, uğrunda cəsarətlə mübarizəyə qoşulduğu müstəqil Azərbaycan dövlətçiliyi ideyasının gerçəyə çevrildiyini görmək, yeni cəmiyyətin danılmaz nailiyyətləri və həllini gözləyən problemləri barədə təsirli söz demək üçün ömrünün yetkin çağında fəal jurnalistika ilə məşğul olmaq, publisistikada yaradıcılıq uğurları qazanmaq, məncə, Surxay müəllim üçün böyük xoşbəxtlikdir.

... Amma Ağdamsız, doğma yurd-yuvasız bu xoşbəxtliyin də onun üçün yetərli olmadığını deməliyəm. Surxay müəllim Bakıda məskunlaşmış ziyalı həmyerliləri arasında Ağdamın işğal altında olmayan yerlərinə, səbəbli-səbəbsiz, müntəzəm gedib-gəlməyi özünə peşə eləmiş nadir şəxslərdəndir. Məsələn, səhər tezdən "Əcəmi" metrostansiyası həndəvərində rastıma çıxıb, gecə qələmə aldığı məqaləni qəzet redaksiyalarından birinə apardığını söyləyərək becid addımlarla uzaqlaşırsa, artıq günortaüstü mobil telefonuma zəng edib, Quzanlıda - Ağdam icra hakimiyyəti aparatının binası qarşısında dayandığını və vətən havasıyla nəfəs aldığını bildirir... Geri qayıtması da ən azı beş-on gün çəkir... Sonra yenə eyni əhvalat təkrarlanır.

Bu bahar, Novruzqabağı Ağdama gedib-gələndən sonra yazmışdı: "On altıncı ildir ki, bahar yurdumuza Qarabağsız, Şuşasız, Ağdamsız qədəm qoyur. Əslində, o torpaqlar heç yerə gedib-eləməyib. Bizlər Qarabağdan aralı düşüb, həsrəti ürəyimizi deşsə də, müxtəlif bölgələrə səpələnmişik. Baharsa bizli də, bizsiz də Qarabağa gəlir. Novruzgülü də açır, bənövşə də. O gülləri də Aşot üzüb Haykanuşa verir. Bakıda isə biz bir-birimizə söz veririk. Bomboş söz! Torpağa qayıtmağın yalançı sözünü... Məncə, dünyada bundan da böyük acizlik, maymaqlıq yoxdur. Səsin çatan yerə əlin yetməyə. Yurd yeri səni çağıra, "gəl-gəl" deyə, getməyə kişiliyin, qeyrətin, cəsarətin çatmaya". Bu, ömrünün altmışını haqlamış, ağsaqqallıq, müdriklik çağına vətən, yurd, torpaq həsrətilə yetişən, bütün itkilərə görə özünü də, başqalarını da günahkar saymaqdan, söyüb-yamanlamaqdan başqa heç nəyə gücü çatmayan bir insanın harayıdır, çağırışıdır...

Yox... Surxay müəllim bədbin adam deyil. Yeniyetmə bir ağdamlının teleefirdə səslənən "Segah"ından yaşıl gözləri nəmlənəcək qədər duyğusal, kövrək olsa da, həyatın gözəlliklərindən ürək dolusu zövq almağa da qadir nikbin, realist bir azərbaycanlı kişisidir... Keçmişə qapılıb xiffət çəkən deyil, gələcəklə yaşayan, hər ötən gün sabah üçün planlar quran, nə yazacağını, haraya gedəcəyini, kiminlə görüşəcəyini irəlicədən müəyyənləşdirən və nəinki həmyaşıdlarının, hətta özündən xeyli cavanların da həsədinə rəğmən bütün bunları tükənməz enerjisi ilə mütləq gerçəkləşdirən, yorulmağa vaxtı çatmayan bir adamdır... Surxay müəllimi uzun illərdən bəri tanıyan bir xanım həmkarımız mənim onun haqqında yazacağımı eşidəndə ilıq bir təbəssümlə "yaz ki, həyatın nəbzini tutan adamdı" dedi... Yazdım da... Bu nüansın ailəcanlı, həyat yoldaşı və övladları üçün hər cür fədakarlığa qatlanan altmış yaşlı həmkarımı bir az naqolay vəziyyətə sala biləcəyindən ehtiyatlanaraq yazdım... Çünki Surxay müəllimin cılız vücudunda sirli-sehirli, hüdudsuz və böyük bir dünya yaşayır...

... O, Ağdamı xatırladır - özünün daxili dünyası və qürur doğuracaq əməlləri ilə, yaradıcılıq istedadı və yazıb-yaratdıqları ilə, səxavətliliyi, mərdliyi, cəsarətliliyi və digər məziyyətləri ilə... Ağdamı xatırlatmaq - təkcə Ağdama oxşamaq deyil, həm də Ağdamı yaddaşlarda yaşatmaqdır... Məhz Surxay Əlibəyli kimi...

Elşən ƏLİYEV

525-ci qəzet 2018.- 7 noyabr.- S.8.