Qara Qarayev elmi-praktik konfransla anıldı

Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konservatoriyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans AMK tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə reallaşıb.

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti tələbələr iştirak ediblər.

Əvvəlcə görkəmli bəstəkara həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə AMK-nın elmi işlər üzrə prorektoru professor Lalə Hüseynova çıxış edərək, bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Professor bildirib ki, Qara Qarayev yenilikçi və Azərbaycan milli musiqisinin əsas xüsusiyyətlərini üzə çıxaran bir bəstəkar idi. Qeyd olunub ki, onun əsərləri dünya musiqi mədəniyyəti xəzinəsinə daxildir.

Tədbirdə AMK-nın tələbələrinin məruzələri dinlənilib.

Sonda rektor Siyavuş Kərimi konfrans iştirakçılarını təbrik edib.

Bəstəkarın əsərlərindən ibarət Milli Konservatoriya tələbələrinin geniş konfrans proqramı böyük maraqla qarşılanıb.

525-ci qəzet  2018.- 8 noyabr .- S.7.