Sevginin şeirin Musa Yaqub mehrabı

 Orxan Saffari

Hələ onda hisslərim şeirə bütövlükdə yansımamışdı. Anidən bir payız axşamındaÖyrətmə özünə, öyrətmə mənideyən şairin şeirlərinə rast gəlib, birdən-birə bu tamarzı hisslərə öyrəşməyə başladım.

Beləcə, onu tanıdığım payızdan bir neçə fəsil ötdü. Milyonlarla yarpaq xəzana döndü, ətrafı xışıltı səsləri öz cənginə aldı, ağaclar qiyafəsini dəyişdi... təbiətdə nələr oldu, nələr.. İndi hərdən düşünürəm ki, mənə sevməyi məhz onun şeirləri öyrədib. Onun şeirlərində sevginin ən ali qatlarını görmək olar. Onun böyüklüyü isə sevgisinin bəşəri olmağıdır. O, gülləri sevir, ağaclara aşiqdir. Təpədən-dırnağa təbiətdi Musa Yaqub. Amma o, təkcə təbiət şairi deyil, təbiətin özüdür. Onun içində bir ana təbiət var: Musa Yaqub təbiəti. O, daha çox təbiətin insan şəklidir.

Ana təbiət bizə rəhm etməyib fəlakətlər, daşqınlar, qasırğalar yaratdığıtək, zahirən sakit, daxilən nurlu olan şairin şeirlərindəki aura da bəzən insanın içindəki sevgi hissini eroziyaya uğrada bilir.

İstər çağdaş poeziyada, istə klassik poeziyada bir-birinə şeir misalı bənzəyən, bir-birini təkrar edən qədər şair var, qədər şeir var. Amma Musa Yaqub hər cəhətilə fərqlidir. O, bütünlüklə işıqdır. Hansı işıq? Təsəvvür edin, ucqar bir dağ kəndində sazaqlı bir qış gecəsi işıqlar sönüb. Ev əhalisi masa ətrafında bir işığın - şamın, çırağın ətrafına toplaşıb söhbətləşirlər, deyib-gülür, duyğularını bölüşürlər. Bax, Musa Yaqub belə bir işıqdır. İnsanları bir yerə yığan, səmimilik, sevgi, xoşbəxtlik bəxş edən.

Özü necə deyir:

Həyat işıqlı görünür, Allah!

Tikan da çiçəyə bürünür, Allah!

Hərdən düşünürəm ki, Musa Yaqub bizim şairimiz deyil. O, həm ağacların, göllərin, dənizlərin, güllərin, şəlalalərin sevimli şairidir. Musa Yaqub dünyanındır, kainatın şairidir. Özünün bir vaxtQara daşı göyərməzdediyi bu dünyanın payızından baharına geniş, rəvan bir Musa Yaqub yolu var.

Hamının sevdiyi kimsə yaxşı insan ola bilməz”. Məndən ötrü Musa Yaqub bu fikri əbədiyyən torpağa gömdü. Azərbaycan xalqının sevgisini öz halal sevgisi poeziyası ilə qazanmış bu insanı - şairi, inanmıram ki, kimsə sevməsin. Axı Musa Yaqub nifrət hissini öz təbiətinə yaxın buraxmayıb.

Onun təbiətə, ümumiyyətlə, torpağa, vətənə, Azərbaycana bağlılığı məni həmişə heyrətləndirib. Düşünürəm ki, Musa Yaqub bu torpağı, bu vətəni hamıdan fərqli, hamıdan ülvi sevir.

Burda hər yamacın çiçəkdir daşı,

Burda hər çiçəyin şehdir göz yaşı.

Burda şeh damlası bir üzük qaşı,

Hər qaşın qızılı qurşağı vardır.

Harda bu saydığım gözəllik olsa,

Orda Azərbaycan torpağı vardır.

Onun vətən sevgisi həqiqətən ali bir hissdir.

- Bəlkə borcundan çıxmadım, Vətən!

Ömür bahar deyil, bir qayıtsın.

Ölsəm qoynunda qoy ölüm ki, mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

Özünün dediyi kimi:

Söz-söz, şeir-şeir birləşir Vətən!

Musa Yaqub yaşı yüzü keçmiş bir çinar ağacı kimi uca, əzəmətli, daxili aləmi-təbiəti isə bir tər bənövşə, qızıl gül kimi zərif şairdir. Hissləri, sanasan dağdan axaraq qayaya çırpılan bir şəlalədir, özünü sahilə çırpan dənizdir. Üzünün nuru isə elə o dağlardan axan bulaq suyu kimi duru, təmiz və safdır. O, Buynuz kəndindən bütün Azərbaycana, dünyaya sevgi hiss edən, sevgi verən, işıq saçan şairdir. Ömrü uzun, sevgisi tükənməz, işığı əbədi olsun!

525-ci qəzet.-2018.-9 noyabr.-S.19.