Azərbaycan musiqisinin ecazkarlığı amerikalıları valeh etdi

Aydın AĞAZADƏ

“525-ci qəzet”in Türkiyə müxbiri

Bugünlərdə ABŞ-ın Kalifornia ştatının Monterey şəhərində azərbaycanlı gənc pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Balaban Simfonik Orkestr üçün bəstələdiyi konsertin premyerası keçirildi.

Təqdimat mərasimi böyük musiqi festivalı təsiri bağışlayırdı. Monterey şəhərinin Azərbaycan bayraqları ilə bəzədilmiş küçələrilə axışan insanlar konserti səbirsizliklə gözləyirdilər. Konsert salonundakı izdiham böyük insan seli bu tədbirin əlahiddəliyi ilə bağlı bəri başdan dolğun təəssürat yaradırdı. Biletlər kassalarda bir neçə gün əvvəldən satılıb qurtarsa da, yüzlərlə insanın əlavə yer tapmaq ümidilə gəlişi diqqətdən yayınmırdı. Zala daxil ola bilməyənlər konsert salonunun foyelərində var-gəl edərək divarlardakı monitorlardan konserti izləmək məcburiyyətində qalmışdılar.

Nəhayət, konsert başladı. Dünyada ilk dəfə gerçəkləşən bu möhtəşəm musiqi hadisəsi okeanın o tayında böyük bayram ovqatı yaradırdı. Monterey Gənclik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan əsilli amerikalı dirijor Fərhad Xudiyevin rəhbərliyi altında əsil musiqi şousu nümayiş etdirən azərbaycanlı peşəkar musiqiçilərin heyrətamiz ifaları dayanmadan alqış sədaları ilə qarşılandı.

Balaban ifaçısı, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Nicat Məsimov, milli zərb alətlərinin mahir ifaçısı, Azərbaycanın Xalq artisti Natiq Şirinovun məharəti amerikalıları sanki Azərbaycan musiqisinin sehrinə salaraq başqa bir dünyaya aparmışdı.

Abuzər Manafzadənin solistliyi ilə ifa edilən digər əsərlər amerikalı dinləyicilərin ruhunu oxşayır, xoş təsir bağışlayırdı. Üç hissəli əsərin daha 1-ci hissəsinin sonunda dinləyicilər əsəri və solistləri ayaqda alqışladılar. Abuzər Manafzadənin BalabanSimfonik Orkestr üçün bəstələdiyi əsəri isə salondakıların çoşğun sevinc sədaları ilə müşayiət olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə ithaf edilmiş bu əsər musiqi həzinliyinə həyəcan qataraq qəlbləri titrətdi. İfa edilən digər musiqi parçaları da alqışlarla qarşılandı. Monterey şəhərində təşkil olunmuş konsert bir daha dünya sərhədlərini aşaraq milyonların qəlbini riqqətə gətirən Azərbaycan müsiqisinin ecazakar gücünü dünyaya nümayiş etdirdi.

525-ci qəzet  2018.- 14 noyabr.- S.7.