“Qırmızı saçlı qadın” və ya ilk sevgi haqqında nağılvari tale  

 

 

Tarixin bəlkə ən dözülməz xüsusiyyəti zaman-zaman təkrarlanması, yeni çağlarda özünün varlığını hiss etdirməsidir.

 

Bir xalqın taleyinə gen kodlarına yazılmış oxşar ssenarilər zaman-zaman təkrarlanır. Başqa formada, başqa şəhərlərdə, başqa insanlarda. Ancaq gec, ya tez bu baş verir. Dastanlar miflər kiçik hekayələr şəklinə düşür. Min illərin sınaqdan keçirdiyi təcrübələr illərlə qismət formasında insanların qarşısına çıxır.

İstanbulu dünyanın mərkəzi bilən Orxan Pamuk növbəti romanında Firdovsinin “Şahnamə”sində yer alan “Rüstəm Söhrab” əhvalatını qədim yunan mifologiyasından “Edip” hadisəsini İstanbullu bir yeniyetmənin ilk sevgi hekayəsi üzərində bir-birinə qovuşdurur.

Müəllif deyir ki: “Qara kitab”ı yazdığım illərdə yoruldum kiçik həcmdə bir roman yazmaq istədim. Okeanları qaçaraq keçim, dedim, - qısa roman yazmaq mümkündürmü deyə. O da məndə olmadığını düşündüyüm bir hünər, bir təcrübə idi. Məncə, “Qırmızı saçlı qadın” həm kiçik, həm şərq-qərb milli kimliyimizi, şəxsiyyət mədəniyyət arasındakı bağlantını araşdırdığı üçün fərqlidir”.

Ənənəvi “Pamuk üslubuyla” yazılmış bu romanda da İstanbulun adamları, tarixi, şərq qərb mədəniyyətlərinin şəhərə təsiri, keçmişə bağlılığı ən əsası ilk sevgi onun həyatımızdakı yeri haqqında danışılır.

On altı yaşlı yeniyetmə ilə qəsəbə teatrında çıxışını görüb aşiq olduğu qırmızı saçlı qadın əsərin baş qəhrəmanıdı. Freydin məşhur “Edip” kompleksi adlandığı psixoloji təcrübə romanın ana sütunudur. Atasının siyasi fəallardan ibarət qrupdakı sevgilisinə illər sonra oğlu aşiq olur.

Hadisələr təxminən otuz il öncəki İstanbuldan bir qədər uzaqdakı “Öngörən” qəsəbəsində baş verir. Lisey tələbəsi olan Cemin atası roman boyu yazıçının danışmağa maraqlı olmadığı siyasi səbəblərdən yana ailəsini tərk edir. Cem universitetə girmək , həm xərclərini qarşılamaq üçün axtarır. Öncə kitab mağazasında, sonra... İstanbulun kənarında məşhur bir quyuqazan ustanın yanında işləməyə başlayır.

“Öngörən”də tekstil fabriki açmaq istəyən Hayri bəy öncə bu ərazidə suyun olması üçün məşhur Mahmut ustaya quyu qazılması üçün müraciət edir. O dövrdə İstanbulda bu işi görən texnika olmadığı üçün quyu qazanlar fəhlələrdən kömək üçün istifadə edirdi. Cem daha bir yeniyetmə - Ali Mahmut ustaya bu işdə kömək edəcəklər. Cem bir müddət “Öngörən”də qalmağa məcbur olur. Burada yazıçı ilk həmləni edir. Quyudan suyun çətin tapılması quyunun dərin qazılması romanın sonundakı bədbəxt hadisəyə folklor işarədir - Cemin ilk burada bəxti gətirmir.

Çadır teatrlarının (səyyar teatrlar) məşhur olduğu dövrdür. Bir neçə romanında olduğu kimi, bu romanda da Pamuk teatr sənətinin İstanbuldakı keçmişini axtarmağı sevir. Teatrın kulisindən tutmuş, aktyor heyəti arsındakı dialoqlara qədər işləyən müəllif bu yaradıcı sənətin istanbulluların məişətindəki yerindən danışmaq istəyir. Mahmut usta Cem hər gün işdən sonra bu teatra gəlirlər. Cem qırmızı saçlı qadına burada vurulur. Bir neçə dəfə gəldikdən sonra Mahmut usta Cemin aktrisaya aşiq olduğunun fərqinə varır. Bu obraz - Mahmut usta romanın bütün taleyini əvvəlcədən bilir sanki. Buna görə Cemi teatrdan uzaq tutmağa çalışır. Tarix isə Mahmut ustanı cəzalandırır.

Quyudan su çıxmağa başlayanda məşhur usta iyirmi metr dərinliyə yıxılır ilk bədbəxt hadisə baş verir. Bir gecə öncə Cemin qırmızı saçlı qadınla görüşməsini usta bildiyi üçün artıq öncəki isti münasibət yoxdu yeniyetmə bunu hiss edirdi. Mahmut usta quyuya düşəndən sonra Cem qəsəbədən qaçır. Qırmızı saçlı qadını illərlə unuda bilməyən Cem romanın ikinci hissəsində sayılıb-seçilən adamıdır. Bu dövr romanda tarixin hələlik susduğu dövrdür. Baş qəhrəman öz qismətindən bir addım uzaqda xoşbəxtdir.

Orxan Pamuk ailəsindən gələn inşaat mühəndisliyi biliklərini bu romanda üzə çıxarır. Şirkətin səhmlərinin hesablanmasından layihələrin yazılmasına qədər bütün detallar səliqə ilə işlənilib. Cemin öz həyat yoldaşıyla bərabər qurduğu inşaat şirkəti İstanbuldakı ən məşhur şirkətdir. Növbəti layihə “Öngörən” qəsəbəsində tikilməlidir. Baş qəhrəman hadisələrin başladığı yerə qayıtmalıdır. Bundan sonra olanların hamısını yazıçı şifahi xalq ədəbiyyatından “oğurlayır”.

Qəsəbədə artıq çadır teatrı yoxdu, quyu qazanlara da ehtiyac duyulmur. Cemin qaçıb getdiyi qəsəbə tarixə qarışıb. Amma keçmişdən nəsə qalmalıdır axı. Sanki yazıçı ilə bərabər, Cem özü bunu axtarır. Qəsəbənin təsviri bu axtarışı oxucunun gözündən yayındırmaq üçündür.

Romanın birinci hissəsində məşhur “Edip” hadisəsi baş verdi. Atasının keçmiş sevgilisinə vurulan oğul onunla görüşdü. Pamukun usta təhkiyəsiylə, özünəməxsus sentimentallığı ilə postmodern üslub bir-birinə qarışır. Yunan mifologiyası yenidən “Öngörən” qəsəbəsində yaşanır. Əslində, hadisələrin teatrdan başlanması qərb mədəniyyətinə birinci işarə kimi sayıla bilər. Xüsusən o zamanlar türklərin teatrlara maraqlı olduğu dövrlə üst-üstə düşür. İstanbul nostalgiyası ikinci hissədə Cemin xatırladıqları ilə davam edir.

Ənvər obrazı yazıçının sona saxladığı sürprizdi. Romanın sonluğu və əsas ideyası Ənvərlə bərabər hekayəyə daxil olur. Məlum quyunun yanında Cem və Ənvər görüşür. Görüş üçün yerin quyu seçilməsi təsadüfi deyil. Dialoqdan bilirik ki, Ənvər, Cemin oğluduro, uzun illərdir atasını axtarır. Ənvər, Cemin qırmızı saçlı qadınla son görüşündən olan oğludur. Atasını axtararkən özün fərqli biri kimi təqdim etsə də, final səhnədə hər şeyi danışır. Və atasını uzun həsrətdən sonra öldürür. Cem və Ənvər peşmanlıq və intiqam hisslərinin insan formasında dayanıblar. Cem Mahmut ustaya etdiyi xəyanətin cavabını alır. Bərabər qazdıqları quyu ikisinin də ölümünə şahidlik edir.

Ənvərin atasından aldığı qisas bizə “Rüstəm və Söhrab” əhvalatını xatırladır. “Şahnamə”də ata bilmədən öz oğlunun qatili olur. Romanda isə oğul bilə-bilə atasını öldürür. Ataoğul münasibətləri Şərq üslubunda verilsə də, nəticə Qərb filmlərinin sonluğunu xatırlatdı. Şüuraltımızdakı tarixi dəyişmək gücündə olmadığımız ən böyük əksiklik ola bilərmiş. Tarixin ironiyası və fərdlərin qismət adı qoyduğu yaddaş müəyyən periodlarla təkrarlanır. Pamukun inandığı qismət də budur.

Romanın adındakı qırmızı rəng sondakı qətl hadisəsinə işarə verir. Saçlar isə bu qətlin səbəbinin ehtiras olacağını bildirmək istəyir. Şərq nağılında Rüstəmin günahını bağışlayan ana obrazı bu romanda qətlin əsas səbəbkarlarından birinə çevrilir. Postmodern romanın əsas xüsusiyyətlərindən biri olan intertekstuallıq və dekanstruksiya “Qırmızı saçlı qadın”da kifayət qədər işlənib.

Əsəri 6 aya yazıb bitirdiyini söyləyən yazıçı bunu romanda hiss etdirir. Hadisələr çox sürətlə inkişaf edir. Bütün kartlar masadadı. Yazıçı bütün sirrini ortaya qoyub. Romanı bir dəfə oxumaq kifayətdir ki, onun haqqında əminliklə danışasan. Bu, Orxan Pamuk yaradıcılığından bir qədər uzaq nüans idi... “Qırmızı saçlı qadın”a qədər.

 

 

Rəvan CAVİD

 

 

525-ci qəzet.- 2018.- 24 noyabr.- S.18.