Rəsul Rza yaradıcılığında poema janrının sənətkarlıq xüsusiyyətləri

Ənvər ƏHMƏD

Filologiya üzrə fəlsəfə doktoru

XX əsr Azərbaycanın poeziyasının banilərindən biri olan Rəsul Rza yaradıcılığının ilk mərhələsindən fəlsəfi lirikaya, poeziyada keşməkeşlərin ədəbi-fəlsəfi ümumiləşdirilməsinə can atıb, Şərq poetikasıın zəngin çoxçalarlı və yetkin ənənələrini novatorluqla birləşdirərək xalqımızın poetik təfəkkürünü təkamül gücüylə irəli çəkib.

Rəsul Rza poeziyası nikbin, ümidli və müdrik sənətdir. Bu sənətin ecazkarlığı əsasən, şairin parlaq poetik idrakla, zəka ilə vəhdətində üzə çıxır, şair Rəsulla filosof Rəsulun birliyi arxasında filosof-şair Rəsul Rzanın zamanı ayna kimi əks etdirən sənəti -xalqımızın mənəvi qüdrətinin poetik-fəlsəfi təsdiqi sabitləşir.

Rəsul Rza istər lirik, istər lirik-epik, istərsə də epik sənətkar kimi kamildir, fikirdən, hissdən tutmuş ta bənzətməyə, mübaliğəyə, kinayə və ya digər poetik imkanlara, eləcə də daxili ifadə zənginliklərinə qədər - hər şey onun şeiriyyətində dolğun və ifadəlidir. Rəsul Rza tapdanmış, ərimiş, döyənəkləşmiş yolla getməyərək, Azərbaycan ədəbiyyatında sərbəst vəznli şeiri məktəb səviyyəsinə çatdırıb. Lakin bu fikir heç də belə başa düşülməməlidir ki, guya Rəsul Rza üslubu əsasən şairin sərbəst vəznli əsərlərilə formalaşıb. Heç də yox. Rəsul Rza sənətinin böyüklüyünü təkcə formadan deyil, həm də məzmundan irəli gələn, onların hər ikisindən vəhdətdə keyfiyyət kateqoriyasıdır. Rəsul Rzanın heca vəznində yazılmış əsərləri heç də sərbəst vəznlilərdən geri qalmır.

Ümumiyyətlə, Rəsul Rza poetikasında təmizlik, ülvilik hissi dərinliklə təmasdadır. İlk baxışda çox sadə səslənən sətirlərin arxasında siqlətli məntiqin axarı oxucunu tədricən ələ alır və duyğularına hakim kəsilir. Rəsul Rzanın bənzətmələri də məhz bu baxımdan onun poetikasında aparıcı keyfiyyətlərdən biri kimi əhəmiyyət kəsb edir. "Qızılgül olmayaydı" poemasında Müşfiqin taleyinə balta çalanları sadəcə bir bənzətmə ilə ifşa və xarakterizə edir:

Doğrudur,

Ona namərd şilləsi təki

Atılan imzalar arasında

Mənim imzam olmadı!..

Müşfiqin əleyhinə atılan imzaları namərd şilləsinə bənzədərkən şair bu ifadəni elə dəqiq seçir ki, onun müdrikliyinə, hadisələri necə həssaslıqla, necə dolğun qələmə almaq qabiliyyətinə oxucu heyran olur.

Rəsul Rza poeziyası ona görə belə real və təsirlidir ki, onun qələmə aldığı mövzular şairin ürəyində uzun müddət sınaqdan keçmiş, ölçülüb-biçilmişdir. Şair özü bu fikri belə mənalandırır: "Böyük mövzular böyük yetkinlik tələb edir. Elə mövzular var ki, bir ağrı kimi səndən əl çəkmir, rahatlıq vermir, öz təzahür və ifadəsini tapmayınca insanı rahat buraxmır. Bu, xüsusi bir ağrıdır. Bu ağrı insanın bütün varlığına yayılır. Bu fikir ağrısı, hiss ağrısı, yaradıcı ana ağrısıdır. Bu ağrı böyük məhəbbət kimidir, verdiyi bütün iztirabla şirin və qiymətlidir. Mən belə bir ağrını böyük sənət əsərləri yazmağın daxili tələbini inadla hiss etdiyim zaman duydum".

Bənzətmələr

Rəsul Rza poetikasında bənzətmələrin xüsusi yeri və aparıcı mövqeyi vardır. Onun bənzətmələri insanla təbiət arasında körpü yaradır, ürəklə gözü qovuşdurur, idrakla əməlin ülviyyətinə zəmin yaradır. Bu bənzətmələr həyatın özü kimi canlı, real və gerçəkdir. Bu bənzətmələrin arxasında elə həyatı situasiyalar, elə sosial-ictimai problemlər dayanır ki, onlar Rəsul Rza poeziyasının bəşəri əhəmiyyət kəsb etməsinin əsas amillərindən hesab edilməlidir. "Qızılgül olmayaydı" poeması başdan-başa sanballı bənzətmələrlə zəngindir.

Vahimədən qorxan körpələr kimi,

Çəkildim addım-addım,

Bəlkə də işıq azdı,

İllərin o tayından gələn

Yorğun yolçunu

Belə adi işıqda tanımaq olmazdı.

Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımın gəlişindən həyəcanlandığını bildirmək üçün şair "Vahimədən qorxan körpələr kimi çəkildim addım-addım" deməklə həm həyatı lövhə yaradır, həm də özünün hal-vəziyyətini əks etdirir. "İşıq azdı..." məcazi bənzətməni daha da gücləndirir və şirin həyəcanını əsasandırır.

"Karmen" həcmcə heç də şeirdən fərqlənmir. Lakin bu əsərin poetik siqləti çox ağırdır. Çünki şair elə obrazlar, elə bənzətmələr işlədib ki, oxucu xəyala dalmaya, İspaniyada faşizm özbaşınalığına bütün varlığıyla nifrət etməyə bilmir. Əsər bənzətmə ilə bitir:

Qarışır aləm,

Tufanda son bahar yarpaqları kimi,

Havadan od yağır çovğun, qar kimi.

Poemada torpağı qana çalxalanan gözəl Madrid şəhərinin faşizm əliylə necə xarabazara çevrildiyi təsirli bənzətmələrə verilir. Oxucu Madridin timsalında faşizm tərəfindən xarabazara çevrilən şəhərlərin ümumi mənzərəsini ürək ağrısı ilə ifadə edir.

Ümumiyyətlə, Rəsul Rza kiçik həcmli poemalarında böyük məna və məzmun aşılayan başlıca amillərdən biri kimi bənzətmələr ön planda nəzərə çarpır. "Zənci balası Villi haqqında ballada" poeması da bu baxımdan xarakterikdir. Zənci balası Villinin qonşuluqlarında yerləşən lakin onunçün əlçatmaz olan dərililər üçün məktəbin astanasına ayaq basdığına görə qanına qəltan edilir. Poemada çox güclü bənzətmələr silsiləsi bir-birinə tamamlayan obrazlar silsiləsi güclü dağ seli kimi coşğun əhval-ruhiyyəyə zəmin yaratmışdır.

Villidir,

İki yandan baxışlar sancılır ona,

Villi keçir

Sanki tikanlar arasından.

Villi gedir,

Sanki alov tökülür canına...

Rəsul Rza poemalarında bənzətmələr çoxçalarlıdır. Təbiət insana, insan təbiətə, cansız canlıya - ümumiyyətlə, maddi ilə mənəvi bir-birinə çox ustalıqla bənzədilir. Həm də elə bənzətmələr işlədilir ki, onlar milli əhval-ruhiyyə yaradır, hadisənin yerini, stuasiyanın münasibliyini aydın boyalarla əks etdirə bilir. Bu bənzətmələr məzmunu dərinləşdirilir, hadisələrin təfərrüatını genişləndirir və poeziyanın müdriklik kəsb etməsinə meydan açır.

Obrazların xarakterindən, əsərin məzmun mündərəcəsindən asılı olaraq, bənzətmələr də öz boyalarını dəyişir, döyüşkən əsgər əhval-ruhiyyəsi kəsb edir və müəllifin iradəsinin təliqinə xidmət göstərir:

 

Dostları çox idi -

Bütün yaxşı insanlar kimi.

Ürəyi sadəydi, zəngin idi -

Bahar kimi.

 

Müşfiqin ürəyini bahara bənzədən şair, sonrakı bənzətmələrində bahar ömürlü Müşfiq taleyini qara yeldən solan bahar çiçəyinə bənzədir və onun taleyinə alta çalan "Mircəlladları" kəskin satira hədəfinə çevirir. O faciəvi günləri, o çağlardakı səksəkəli ömrü mənalandırmaq istəyən şair belə bir bənzətmə verir:

Bir qıl körpüydü sanki,

Ömrün yolu,

Başı kəsilmiş quş kimi

Çırpınırdı ürək

Gecə qapı döyülsə.

Ömrün yolunu qıl körpüyə bənzədən müəllif qorxu hissini əks etdirmək üçün səksəkəli ürəyini başı kəsilmiş quşa bənzədir. Və bu bənzətmələr də obrazın daxili həyəcanını çox aydın əks etdirir. Rəsul Rza poemalarında tutarlı bənzətmələr əvəzlənir, nəhayət, şairin poetik "mən"i əsrin, zamanın taleyinə narahat bir şəxsiyyət kimi təqdim edilir və prometeyvari bir cəfakeşə bənzədilir. Şairin fəlsəfi-ədəbi, estetik amalı həqiqətin aynasına bənzədilir və bu ayna "Qızılgül olmayaydı" poemasında Mikayıl Müşfiqin və böhtan qurbanı olan digər vətən oğullarının yarımçıq, bitkin taleyini əks etdirir. O dövrün mənzərəsini canlandırn epik lövhələri xatırladıqca şairin özü də doluxsunur və belə bənzətmə işlədir:

Bəli, bu, nə bəraətdir,

Nə ittiham.

Ögey analı uşaq kimi

Qısılıb bir küncə

Susdu İlham.

İlham-ögey analı uşaq paralleli qanlı-qadalı illərin sənətkarda doğurduğu ruh düşkünlüyü sərrast mənalandıra bilir.

 

Əlbəttə, Rəsul Rzanın poemalarında bənzətmə problemindən çox danışmaq olar, lakin zəruri poetik xüsusiyyətlərdən də söz açmalı olduğumuzu nəzərə alsaq, yekun etibarlı ilə deyə bilərik ki, onun poemalarında bənzətmələr nəhəng bir binanın ağırlığını özülə şərik daşıyan mərmər sütunlara bənzəyir.

Təkrirlər

Rəsul Rza sənətində o sıradan şairin poemalarında təkririn xüsusi çəkisi çoxdur. Təkrirlər şairin poemalarında əsasən poetik vurğu rolunu oynayır və poetik məntiqi gücləndirməyə, oxucunun diqqətini ən vacib problem ətrafında cəmləşdirməyə xidmət edir

"Alabama qurbanları" poemasının ən təsirli səhnələri məhz bu cür qüdrətli poetik təkrirlərin vasitəsi ilə yaradılmışdır:

 

Diqqətlə bax,

Kimdir onlar?

Yeddi zənci!

Yeddi həyat!

Yeddi yaddaş!

Yeddi qırpım keçmədən

Qara kömür olsunlarmı?

"Haqq" bağıran məhkəmənin

Düşün, buna haqqı varmı?

Yeddi zənci!

Yeddi həyat!

Yeddi səhər!

Həyat sənin!

Səhər sənin!

Onlar sənin, səninkidir!

Yeddi zənci!

Yeddi qüvvət!

Yeddi yardım!

Dad dağında!

Onlar sənin

Döyüşdaşın.

Qəti vuruş ayağında!

Bu gün qatil

Elektrik

Stuluna oturanlar.

Yeddi zənci, yeddi sevinc,

Yeddi bahar!

Bu parçada təkririn çox uğurlu nümunəsini görürük. "Yeddi" sayı axıra qədər dəfələrlə təkrar edilir və beləliklə də, şair zülm qurbanlarını təkrarən mübarizəyə, işıqlı həyatı sonluğa səsləyir. Yeddilərdən çitənən təkrir döyüşkən çağırış daha da gurlaşdırılır və poemanın mübarizə parfosunu qat-qat artırır. Rəsul Rza poemalarında elə təkrirlər də olur ki, əsəri musiqi, haray, çağırış notları ilə doldurur. Zənci balası Villinin döyüldüyü səhnədə şair "səs" sözündən ibarət təkrir yaradır:

Adam səsi

İt səsi,

Ağac səsi...

Yerdə bir qara yumaq,

Bir də quru budaq kölgəsi.

Səs təkriri zənci balasının döyülməsinə, zənci hüquqsuzluğuna qarşı haray, qarışıq, qəzəbli etiraz dalğası yaradır və poemanın irqi ayrı-seçkiliyə qarşı ittihamnamə kimi səslənməsinə səbəb olur. "Karmen" poemasında Karmen rolunu oynayan aktrisanın, İspaniyanın bu vətənpərvər qızının həlakı səhnəsində də şair qüvvətli təkrirə meydan verir:

Birdən toplar gurlayır,

Başlayır vurhavur.

Vur bunu!

Vur bunu!

Vur bunu!

Vur bunu!

Təkrirlər Rəsul Rza poemalarının döyüşkən əhval-ruhiyyəsini gücləndirməklə yanaşı, əsərlərin döyüşkən qayəsini həmişə hücumda olmasına şərait yaradır və poetik "mən"in qabiliyyətini təmin edir.

Xitablar

Rəsul Rza poemalarında başlıca poetik elementlərdən biri də xitabdır. Xitablarda Rəsul Rza adicə nəzm qayda-qanunlarını gözləmək xatirinə deyil, ən zəruri anlarda meydan verir. "Alabama qurbanları" poemasında xitabın ən klassik nümunəsi ilə qarşılaşırıq:

Bəsdir! Yetər!

Ey əsrdaş!

Haydı, birbaş,

O qüvvətli bir ox kimi

Toplayaraq

Ağaların axırına tax!..

Bu cür qəti, üsyankar xitabın ardınca təkrirli xitaba meydan verilir:

 

Sən də...

Ey əli qabarlı qara!

Əmr et qayışlara!

Əmr et,

Daha fırlanmasın!

Daha bir də Nyu-Yorkun

Ulduzları yaranmasın!

Sən də ey...

Azğın suları qantarğalayan!

Deyir!

Dayan...

...Sən də ey

Torpağın bağrını bıçaqlayan.

Həyatını yük kimi öz çiynində saxlayan,

Kömür yeyən

Məzar kimi şaxtalarda!

Sən də ey

Barmaqları balıq tilovunda doğan!..

 

"Sən də ey" ifadəsinin dönlü təkriri ilə müşayiət olunan xitabda dörd ünvana üz tutur və şair dördündə də üsyana, mübarizəyə, qeyrətə çağırır. İfadə təkririni sadəcə nida təkriri əvəz edir və xitab daha da güclənir:

 

Ey maşın kimi tərpənən...

Ey mis bənizli əsgər!

Ey "qanunla" tuşaqlı!

Ey sizlər!

Ey şaxtaçı!

Ey əsgər!

Beləliklə də, poetik xitab alovlu ruha tribuna verir və sanki əli qabarlı milyonlara müraciətlə, ayıl haqqını tələb et və azadlığını qazan!" tələbinə gəlib çıxır!

Rəsul Rzanın xitabları insanın mənəvi aləmini təlatümə gətirməklə, oxucu qəlbinin elə ehtiraslı duyğularına rövnəq verir ki, həmin duyğuların oyanması bütün bəşəri mərhəmət hisslərini, bütün bəşəri humanizm bağlarını rövnəqləndirir və insanın mənəvi təkamülünə, sosial-estetik yetkinliyinə yol açır.

"Qızılgül olmayaydı" poemasının oxucusu ondakı həsrətli, qəhərli xitabları həyəcanla sinəsinə soyuq su kimi çilədikcə qəlbi riqqətə gəlir, ömrü-sənəti yarımçıq qalmış Müşfiqə və onun kimi taleyikəmlərə, vüsalı yarımçıq, eşqi yarı yolda qırılan Dilbərə acıyır və belə faciəvi illərin səbəbkarlarına lənətlər yağdırır.

Poetik monoloqlar

Müdrik və fəlsəfi deyimlər poeziyası olan Rəsul Rza sənəti yaranışının ilk günlərindəcə həm də poetik monoloqlar - kamil şair ürəyinin dünyaya üz tutması ilə şöhrət qazanmağa başlamışdır. Bir ömrü yaşayıb birini də yaşamağı arzu edən dünyagörmüş şair deyəndə ki:

 

Bir ömür də yaşayaydım

Bundan belə,

Görəydim "nələr" olur.

Kim sözünə sadiq qalır,

Kim yel əsdi - "dönən" olur.

 

Oxucuya aydın olur ki, şair həyatdakı üzüdönüklərin ünvanına tənə daşı atır və deməli, heç də ikinci ömür yaşamaq həvəsində deyil, sadəcə olaraq fikrinin ifadəsi naminə ikinci ömürdən söz salır. Hələ 1948-ci ildə - yazdığı "Madrid" poemasında şairin qəlbinin bütün fikir ağırlığını daşıyan, ispan faciəsi ilə od tutub yanan qəlbinin çılğın monoloqunu görürük. Madridin faşizm məngənəsində sıxıldığı anları qələmə alan şair, sanki bir ittihamçı məntiqi ilə poetki monoloqu davam etdirir:

 

Toplar ovlayır körpələri,

Güllələrdən dolu yağır,

Don Kixotun başına.

Cəlladlar kəsmiş yolu,

Torpağa düşmüş Sançonun qolu.

Nə Dulsineya, nə Rosinant,

"qəhrəmanlıq" göstərərkən

Nains oğulları.

Gəlsin cəhənnəmə baxsın Dante.

Gəlsin,

Zindan olmuş yurdun

Böyük Dantesi,

Balaskenin güllələndiyi yerdə

Qucaqlasın yurdu yanmış Servantesi.

Əsrlərin əməyi sovrulur göyə,

Dağıdır gözəl Madridi

Faşizmin bir qarış oğlu,

Özünü öyə-öyə.

Açılmış hərrac bazarı.

Millət-on təyyarəyə

Vətən-beş topa.

Hələlik budur mallar,

Bir də güllə, topa

Kasadlıqdır, tapılmır namus, vicdan,

Tələb də yox bunlara.

Əvəz verilərkən Əndəlüs qızları

Faşist markalı qurşunlara.

Bu parçada monoloq tarixi sadalama ilə başlanır və yavaş-yavaş bu günə gəlib çıxır. Dünənlə bu günün dialektik vəhdətini qələmə alan şair, keçmişin yaratdığı ecazkar gözəlliklərin, misilsiz mənəvi sərvətlərin faşizm əliylə soldurulduğu, xarabazara çevrildiyi mənfur zamanı ifşa və tənqid hədəfinə çevirir.

Harada ki, Rəsul Rza poemasında fikirlərin yeri sözlərin yerinə nisbətən daha genişdir, orada kəskin prinsipli və güzəştsiz məntiq poetik "mən"in diilndən daha əzəmətlə səslənir. Elə "Alabama qurbanları" götürək. Başdan-ayağa ümidin müşayiəti ilə irəliləyən poetik "mən"in bu əsərin sonunda nikbin gələcəyə can atan ümid, milyonları ayağa qaldıra biləcək nikbinlik və sarsılmaz inamla qovuşub hayqırır

Bütövlükdə poetik-epik monoloqla canlı bir misal kimi "Ana" poemasının da adını çəkə bilərik. Oksana ananın iztirablarını, mənəvi əzablarını əks etdirən müəllif onun böyük qürurunun, ana əzəmətini və vətənpərvərliyini də unutmur və daxili aləminin bütün zənginliklərini ananın faciəli taleyinin fonunda poetikləşdirdikdən sonra şair ilhamlı monoloqunu nikbin sonluqla bitirməklə öz ənənəsinə sadiq qalır:

Oksana, yaşamaq şirindir, şirin,

İnan ki, çəkdiyin qara günlərin

Sonunda günəşli bir səhər vardır,

Hər qışın axırı ilıq bahardır.

Bir sıra xəyali dialoqları, şairin öz xəyalı və mərhum dostlarının xatirələri ilə qiyabi söhbətlərini nəzərə almasaq, "Qızıl gül olmayaydı" poemasını da monoloq-poema hesab edə bilərik. Burada hərdən monoloqa zamanın özü müdaxilə edir və ani olaraq o, yerini dioloqa güzəşt etməli olur. Lakin həmin hal çox çəkmir və qeyd etdiyimiz kimi, yenə də monoloq əsərin ruhuna hakim kəsilir. "Qızılgül olmayaydı" monoloqunda nida təhkiyəsi, hiss, həyəcan, qorxulu şübhə, kədər, aclıq çalarları monoloqun qayəsini zaman-zaman idarə edir və günün hadisələri ilə daima təmasda olması üçün şair xəyalının romantik qanadlarını vaxtaşırı real zəminə qaytarır. "Qızılgül olmayaydı" poemasındakı epik monoloq həm də süjetli monoloqa nümunədir.

Rəsul Rza poeziyasını oxucuya sevdirən bir mühüm məziyyət də onun doğma yurda, ana torpağa bağlılığı ifadə etməsidir. Təsadüfi deyil ki, əsərlər toplusunun birini "Mən torpağam" adlandıran şair torpağa məhəbbətini yaradıcılığının əsas qayəsitək tərənnüm edir. Rəsul Rzanın əsərlərini oxuyarkən sanki "torpağın səsini" eşidir, əsl dostluq müğənnisinin bəşəri sənətinin humanizmi ilə estetik nəfəs alırsan.

Rəsul Rza poemasının dost ölkələrdə, eləcə də dünyanın müxtəlif xalqlarının dillərində səslənməsinin, şairin əsl yaradıcılq səadəti qazanmasının ən başlıca səbəbi həm də şairin məhz ana torpağa, Vətənə, xalqa bağlılığında özünü göstərir. Rəsul Rza xalqın, vətənin taleyi üçün "mühüm mövzuları" qələmə aldığına görədir ki, "şeirimizin şöhrəti"ni mütərəqqi dünya miqyasında səsləndirə bilmişdir. Əlbəttə, hər bir sənətkarın böyük ürəyi, xalqa böyük məhəbbəti və mühüm mövzular seçməsi də onun hələ yetkin bir sənətkar kimi formalaşmasını təmin edə bilməz. Sənətkarı yetkinləşdirən onun seçdiyi sənətin sirlərinə nə dərəcədə valeh olmasından da çox asılıdır. Yuxarılarda ayrı-ayrı yarımbaşlıqlar altında təhlilə cəlb etdiyimiz bənzətmə, təkrir, xitab, monoloq kimi daxili poetik xüsusiyyətlərdə məhz həmin baxımdan gözdən keçirildi.

525-ci qəzet 2018.- 27 noyabr .- S.6.