Şah İsmayıl Səfəvinin portret cizgiləri

 (Əvvəli ötən sayımızda)

Dünyasını dəyişməsi ərəfəsində Şah İsmayıl bütün böyük əmirləri, ağsaqqalları, qızılbaş qoşunları əmirlərini yanına topladı, onların yanında şahlıq tacını Təhmasib Mirzənin başına qoydu, belindəki kəmərini onun belinə bağladı, boynunu qucaqladı, əcdadlarından eşitdiyi öyüdləri onun qulağına söylədi, sonra da onun adına xütbə oxudu.

Dediyi kimi, üçüncü gün onun ağrıları xeyli şiddətləndi. Həmin gün Şah İsmayıl böyük əmirlərin hər biri ilə vidalaşdı və sonra da onlardan xahiş etdi ki, çadırı tərk etsinlər və onu tənha buraxsınlar. Bütün əmirlər Şah İsmayılın olduğu çadırı tərk etdilər. Sonra Şah İsmayıl oğlu Təhmasib Mirzənin də onu tək qoymasını istədi və ona dedi: "Ey gözümün işığı oğlum, sən də çıx bayıra". Təhmasib Mirzə isə ona belə cavab verdi: "Ey möhtərəm ata, sənə qurban olum! İcazə ver, mən qalım". Təhmasib Mirzə hiss etdi ki, Şah İsmayıl nə isə demək istəyir. Qalxmaq istəsə də, özündə güc tapa bilmədi. Sonra o, əlini dodaqlarına aparmaq istədi. Yenə gücü çatmadı, əli yanına düşdü və Şah İsmayıl özündən getdi. Təhmasib Mirzə (mənbələrdə o, artıq Şah Təhmasib kimi təqdim olunub) ona yaxınlaşıb gördü ki, Şah İsmayıl daha dünyasını dəyişib. Şah Təhmasib başındakı tacını yerə qoydu və haray çəkərək göz yaşı axıtdı. Onun səsinə digər böyük əmirlər də gəlib Şah İsmayılın keçinməsindən xəbər tutdular. Mənbə məlumatlarına görə, əmirlər və qızılbaş qoşunları arasında böyük bir qiyamət yaşandı, haray və inilti ətrafı bürüdü. Yas əlaməti olaraq heyvanların yalları və quyruqları qırxıldı.

Şah İsmayılın dünyasını dəyişməsi səltənət daxilində dərin bir hüzn ilə qarşılandı, şəhərlər və yaşayış məntəqələri qaraya boyandı. Bəzi məlumatlara görə, Şah İsmayılın ölüm xəbərini alan Səfəvi müridləri əyinlərinə kəfəni xatırladan ağ libas geyinib başlarını xəncərlə yaralayır və sonra da al qana boyanırdılar. Belələrindən hətta dünyasını dəyişənlər də olurdu.

Şah İsmayılın dəfn mərasiminə Astrabaddan olan dini işlər sədri Əmir Camaləddin Məhəmməd rəhbərlik edirdi. Ölkənin ən nüfuzlu, ən hörmətli din xadimləri, dövlətin əmirləri, əyanları, sufi xəlifələri və müridləri bu mərasimdə iştirak edirdilər. Əmir Camaləddinin rəhbərliyi altında Şah İsmayılın nəşi yuyulub kəfənə büküldü və dəfn namazı qılındı. Sonra da Şah İsmayılın nəşi Əmir Camaləddinin rəhbərliyi, pak sufilər dəstəsinin və qorçuların müşayiəti ilə Ərdəbilə yola salındı. O, Şeyx Səfi türbəsində ulu əcdadı Şeyx Səfiəddinin qəbri yanında dəfn edildi.

Sonralar Şah İsmayılın qəbri üzərində ayrıca bir günbəz tikildi. Şeyx Səfiəddinin qəbri üzərində ucaldılmış məşhur "Allah, Allah" günbəzinin cənub-şərqində ona bitişik halda tikilmiş bu günbəzin daxili ölçüləri 3,5X2,5 metrdir. Günbəzin daxili hündürlüyü 3 metrdir və onun daxili və tavanı çox nəfis kaşılarla bəzədilmişdir. Kaşılar əsasən qızılı və lacivərdi rəngdədirlər. Bu məkana girişin sol tərəfindəki divarın ortasında daş yerləşdirilmiş və onun ətrafında süls xətti ilə kitabə yazılmışdır. Bu işin müəllifi Əlirza Abbasi adlı bir usta olmuşdur.

Belə məlumatlar da vardır ki, günbəzin yerinin seçilməsi Şah İsmayılın adı ilə bağlıdır. Güman edilir ki, o, hələ sağlığında dəfn olunacağı yeri özü müəyyənləşdirmişdi və hətta günbəzin özünün də onun dövründə tikilməsi ehtimalları vardır. Günbəzin yeri elə seçilmişdir ki, buradakı məzar həm Şeyx Səfiəddinin məzarına yaxındır və həm də Şeyx Səfiəddin məqbərəsindən həmin məzara keçid mümkündür.

Şah İsmayılın məzarı üzərində tikilmiş günbəzin xarici görünüşünü iki hissəyə bölmək olar. Bu günbəzin aşağıdan təxminən ortasınadək bəzək işləri yoxdur və yalnız qırmızı rəngdə olan kərpicləri müşahidə etmək olar. Mövcud foto şəkillərə əsasən belə qənaətə gəlmək olar ki, günbəzin aşağı hissəsi düzbucaqlı şəkildədir və yuxarı qalxdıqca xarici divarlar dairəvi şəkil almışdır. Əslində, qeyd edildiyi kimi, günbəzin daxili də aşağıda dördbucaqlıdır və yuxarısı dairəvi şəklə salınıbdır. Günbəzin xarici hissəsinin bəzək işləri bir neçə haşiyədə tamamlanmışdır. Birinci haşiyə xarici divarın təxminən ortasında yerləşib günbəzi dairəvi şəkildə əhatələyir. Ağ fon təşkil edən bu haşiyənin üzərində iki kitabə vardır. Aşağıdakı kitabənin şərq hissəsi dağılıb tökülmüşdür və onu oxumaq mümkün deyil. Yuxarıdakı kitabə isə yaxşı vəziyyətdədir. Həmin kitabədə şiə müqəddəslərinin adları sadalanır və onlara salavat ifadə olunur.

Divarın xarici görünüşündə aşağıdan ikinci haşiyə romb şəkilli həndəsi fiqurlardan düzəldilmişdir. Bu həndəsi fiqurlar təxminən eyni ölçüdədirlər və onlar iki sırada günbəzin haşiyəsini təşkil edirlər. Bu fiqurların daxilində də romb şəklində olan fiqurlar vardır. Daxili fiqurlar qara fondadırlar. Yuxarı fiqurların daxilindəki qara fonlu rombun daxilində də daha kiçik ölçülü və açıq rəngdə olan romb fiquru vardır. Aşağı sırada olan rombların qara fonu daxilində göy rəngli kaşılarla "Əli" sözü yazılmışdır. Bu söz bütün fiqurların daxilində təkrarlanmışdır.

İkinci haşiyənin yuxarısında eni nisbətən daha az olan başqa bir haşiyə vardır. Bu haşiyənin yeri ağdır və ağ fonda bütün divar boyu təkrarlanan nəbati elementlər təsvir edilmişdir. Nəhayət, bu haşiyənin yuxarısında, günbəzin dairəvi divarının onun qübbə ilə birləşən hissəsində başqa bir haşiyə də vardır. Bu haşiyənin yeri firuzəyidir və onun da daxilində böyük ağ romb fiqurları və bu rombların daxilində də dörd guşəli ulduzu xatırladan fiqurlar yerləşdirilmişdir. Günbəzin qübbəsinin də fonu firuzəy rəngdədir və bu fon üzərində qara rənglə haşiyələnmiş ağ romb fiqurları təsvir edilmişdir. Firuzəyi və ağ rənglərin qarışığından mütənasib şəkildə istifadə etməklə günbəzin qübbəsində xalça naxış-larını andıran kompozisiya yaradılmışdır. Qübbənin sonluğunda isə beş ədəd qılınc bərkidilmişdir. Bu sayda olan qılınclar, mövcud məlumata görə, Şah İsmayılın hakimiyyət uğrunda başladığı hərəkat zamanı onun müşayiət etmiş beş tayfanın nişanəsidir.

Şah İsmayılın məzarı üstündə tikilmiş günbəzin hündürlüyü "Allah, Allah" künbəzindən aşağıdır. Amma məqbərə kompleksinə daxil olan digər günbəzlərlə təxminən eyni hündürlükdədir.

Şah İsmayılın məqbərəsinin daxili son dərəcə nəfis şəkildə işlənmişdir və öz keyfiyyətinə görə bu məqbərə yüksək sənətkarlıq nümunəsi sayıla bilər. Qeyd edildiyi kimi, məqbərə daxildən dördbucaqlı şəkildə başlamış və yuxarıda yarımmehrab keçidləri vasitəsilə dairəvi forma almışdır. Məqbərənin döşəməsi kaşılarla işlənmişdir. Güman edilir ki, döşəmənin kaşıya tutulması müxtəlif vaxtlarda həyata keçirilmişdir. Döşəmədən başlayaraq məqbərənin yan divarları 1,69 metr hündürlüyündə tünd göy kaşılarla örtülmüşdür. Bu da məqbərə daxilində bir göy fon yaratmışdır. Dördbucaq formada olan göy kaşıların üzərində qızılı rəngdə gül təsvirləri vardır. Göy kaşıların qurtaracağında açıq göy rəngdə olan kaşılarla bütün divar boyu haşiyə yaradılmışdır. Bu haşiyənin üzərində isə nəbati elementin zəncirvari düzülüşü ilə əlavə bir haşiyə yaradılmışdı. Həmin haşiyələr məqbərənin yuxarı hissəsində yerləşən həcmli kitabəyə və qübbə bəzəklərinə keçid təşkil edir. Qara fon üzərində yazılmış olan kitabə özü də, əslində, bütün divar boyu uzanan bir haşiyədir. Bu kitabə kifayət qədər enli bir haşiyəni təşkil edir və ondan yuxarı isə divarların dördkünc formadan qübbəyə keçidi başlayır. Kitabə ilə qüvvənin keçidində daha iki haşiyə vardır və bu haşiyələrdən sonra yarımmehrablar məqbərənin daxili hissəsini dairəvi formaya çevirir. Kitabədən yuxarı olan təsvirlər nəbati elementlərdir və onlar kifayət qədər həcmlidirlər. Bu elementlər göy fonda qızılı rənglə işlənmişlər. Məqbərənin qübbəsində bir pəncərə də mövcuddur. Bu pəncərədən düşən işıq həm qübbənin naxışlarını, həm də məqbərənin daxilini işıqlandırır. Qübbənin sahəsi təxminən 2,7X2,4 metrdir. Məqbərənin göy kaşılarla işlənmiş aşağı hissəsində iki yerdə əl təsviri vardır. Bu təsvirlərdən biri məqbərənin şimal divarına geydirilmiş daş lövhə üzərində barmaqları bir-birindən aralı vəziyyətdə olan əl şəkli vardır. Ölçüləri etibarilə bu təsvir kifayət qədər böyükdür və onun hündürlüyü təxminən bir metrə yaxındır. Ehtimal edilir ki, bu təsvir Həzrət Əlinin əlinin təsviridir. Açıq şəkildə olan başqa bir əl şəkli isə gümüş vərəqədən düzəldilərək məqbərənin sol tərəfinə bərkidilmişdir.

Sol tərəfdəki divarda daş lövhə üzərində yerləşdirilmiş əl təsviri görünür. Bu əl təsviri məqbərənin şimal hissəsində qərar tutmuşdur.

Şah İsmayıl məqbərəsinin daxilinin əsas elementi, heç şübhəsiz ki, Şah İsmayılın qəbri üzərində olan sənduğədir. Bu sənduğənin hazırlanma tarixi haqqında dəqiq məlumat mövcud deyil. Amma bəllidir ki, bu sənduğə Səfəvilər dövrünün nadir sənət incilərindən biridir.

İşlənmə texnikası, istifadə olunan tikinti və bəzək materiallarının növü etibarilə Şah İsmayılın məzarı üzərindəki sənduğə Şeyx Səfiəddinin məzarı üzərindəki sənduğədən daha nadir və qiymətli sayılır. Bu sənduğə də Şeyx Səfiəddinin məzarının sənduğəsi kimi iki hissədən ibarətdir və sanki biri digərinin üzərinə qoyulmuş iki sənduğəni xatırladır. Aşağı hissənin hündürlüyü yuxarı hissənin hündürlüyünün təxminən yarısı qədərdir. Aşağı hissə yuxarı hissəyə nisbətən bir qədər enlidir və bu hissələrin birləşmə sahəsinin kənarlarında təxminən 10 santimetr enində boş sahə qalmışdır. Həm aşağı hissə, həm də yuxarı hissə zərif şəbəkə bəzəyinə malikdir və bu şəbəkə görünüşünə görə Şeyx Səfiəddinin məzarı üzərindəki sənduğənin əsas şəbəkə bəzəyini xatırladır. Amma bir daha qeyd edilməlidir ki, mütəxəssislərin fikrincə, Şah İsmayılın məzarı üzərindəki şəbəkə sənətkarlıq baxımından daha zərif və baxımlıdır. Sənduğənin ayrı-ayrı bəzək əşyalarının hazırlanmasında qiymətli daşlardan, qızıl və gümüşdən də istifadə olunmuşdur.

Sənduğənin yuxarı hissəsində iki haşiyə vardır və bu haşiyələr sənduğənin şəbəkə bəzəyini yuxarıdan tamamlayır. Həm yuxarı haşiyə, həm də yanlarda olan haşiyə mütənasib şəkildə yerləşdirilmiş fil sümüyündən olan lövhələrdir. Bu lövhələrin üzərində çox böyük ustalıqla və incə şəkildə Quran ayələri yerləşdirilmişdir. Bu lövhələr üzərində Quranın aşağıdakı surələrindən ayələr həkk olunmuşdur:

1. Sənduğənin yuxarısının sol kücündəki kitabə - Qaf surəsinin 1-ci ayəsi və 2-ci ayəsinin bir hissəsi;

2. Sənduğənin şimal tərəfinin solunda yuxarıdan aşağı - Müzəmmil surəsinin 6,7 və 8-ci ayələri;

3. Həmin tərəfdə ikinci kitabə - Müzəmmil surəsinin 20-ci ayəsi;

4. Sənduğənin şimal tərəfinin sağında aşağıdan yuxarı yerləşmiş kitabə - Əl-Dəhr (İnsan) surəsinin 25, 26 ayələri və 27-ci ayəsinin bir hissəsi;

5. Həmin tərəfdəki ikinci kitabə - Əl-Dəhr surəsinin 16-cı ayəsi və 17, 30, 31-ci ayələrinin bir hissəsi;

6. Sənduğənin qərb tərəfinin solunda yuxarıdan aşağı olan kitabə - Əl-Dəhr surəsinin 3 və 4-cü ayələri və 2-ci ayəsinin bir hissəsi;

7. Sənduğənin sol tərəfinin sağında aşağıdan yuxarı olan kitabə - Müzəmmil surəsinin 9-cu ayəsi və 10-cu ayəsinin bir hissəsi;

8. Sənduğənin sol tərəfinin yuxarısındakı kitabə - Əl-Dəhr surəsinin 1-ci ayəsinin son hissəsi;

9. Sənduğənin sol tərəfinin aşağısındakı sağdan sola olan kitabə - Müzəmmil surəsinin 12-ci ayəsi və 11, 13 və 14-cü ayələrinin bir hisəssi.

Qeyd edilməlidir ki, kitabələrin icra olunması da yüksək sənətkarlıqla yerinə yetirilmişdir. Kitabələr üçün elə ayələr seçilmişdir ki, onlar həm islami dəyərləri, həm də Şah İsmayılın islami dünyagörüşünü özündə əks etdirir. Quran kəlamlarından əlavə sənduğə üzərində "Əli" sözünün də təkrar-təkrar və müxtəlif formalarda yazılışına rast gəlmək mümkündür. Bu söz daha çox çoxbucaqlı haşiyələr daxilində işlənmişdir və onlar kəsb etdiyi məzmundan əlavə, həm də sənduğənin bəzək elementlərini tamamlamağa xidmət edirlər.

Yüksək sənətkarlıq nümunəsi olan bu sənduğənin altında Şah İsmayılın cismi əbədiyyətə qovuşmuşdur. Onun ruhu isə heç sözsüz ki, hər zaman Vətən torpaqları üzərindədir və bu gün də yəqin ki, onun simasını əks etdirən portreti ilə birlikdə Bakı səmalarındadır.

XATIRLATMA

Azərbaycanın dövlətçilik tarixində şərəf və qürur mücəssəməsi olan, əzəmətli fateh, böyük dövlət xadimi, cəsur döyüşçü, zəmanəsinin mürşidi-kamili Şah İsmayılın real görünüşünü əks etdirən və uzaq Florensiyadan görüşümüzə gələn portreti hələ cari ilin dekabr ayına qədər Heydər Əliyev Mərkəzində onu ehtiramla anan yurddaşlarının intizarında olacaq.

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

525-ci.-2018.-3 oktyabr.-S.6.