Solmaz Amanovanın “İrs Nağıl evi”nə səyahət   

 

 

 

Son zamanlarda Azərbaycan uşaq ədəbiyyatındakı durğunluqdan şikayət olunur.

Uşaqlar üçün milli nağılların, hekayələrin yazılmaması, cizgi filmlərinin çəkilməməsi əsas problem kimi göstərilir. Ancaq bu məsələyə bir az da diqqətlə ciddi şəkildə yanaşsaq, sırf bu işlə -yəni uşaq ədəbiyyatı ilə məşğul olan bir neçə yazıçının adını çəkə bilərik ki, onların kitabları, əsərləri, gördüyü işlər həqiqətən bu sahəyə - balaca balalarımızın sağlam inkişafına töhfə hesab oluna bilər.

Həmin yazarlardan biri Solmaz Amanovadır. Solmaz xanımın bir neçə il ərzində uşaqların təlim-tərbiyəsi, təhsilinə dəstək məqsədilə hazırladığı silsilə layihələri olduqca təqdirəlayiqdir. Hələ internet dövri mətbuat vasitəsilə onun uşaq ədəbiyyatının inkişafı üçün gördüyü işlər haqqında oxuyarkən balacaları sevən onlarla bağlı hər şeylə yaxından maraqlanan biri kimi bu layihələr diqqətimi cəlb etmişdi. Buna görə tezliklə bu fədakar xanımla yaxından tanış olmaq, onun yaratdığı balacaların “İrs Nağıl evi”ni öz gözlərimlə görmək istəyirdim. Hələ Solmaz xanımın özü ilə tanışlıqdan öncə bioqrafiyasına qısa şəkildə nəzər saldıqda, uşaqlara bağlılığının elə lap əvvəldən gəldiyinin şahidi oluruq:

Solmaz Amanova M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun əmək rəsmxət fakültəsində, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili Ədəbiyyatı İnstitutunda təhsil alıb. Salyan rayon Komsomol Komitəsində katib, Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun kitabxanasında kitabxanaçı, metodist, institutun Siyasi-maarif kabinetinin müdiri, Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Azərbaycan Dövlət Tibb Universitetinin rus dili kafedrasında müəllim işləyib. 2006-cı ilin dekabr ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzində Səbail-Yasamal-Qaradağ bölməsinə ibtidai siniflər üzrə metodist vəzifəsinə, 2012-ci ilin may ayında Metodik Mərkəzin Multimedia bölməsinin müdiri vəzifəsinə təyin edilib.

Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərən Solmaz Amanova əsərlərini Azərbaycan rus dillərində yazır. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində “Ulduz” jurnalında işıq üzü görüb. Dövri mətbuatda şeir, hekayə, elmi-kütləvi məqalələrlə çıxış edir. Onun yazdığı “İnsan iz qoyur”, “İrs” əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilib. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına  adət-ənənələrimizə bağlılığı ilə seçilir. “Xanəgah əczaxanası” kitabı əfsanə əsatirlər əsasında yazılmış nağıl tamaşalardan ibarətdir. “Gəncə xəzinəsi” kitabı Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin süjet xəttinə əsaslanır Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabında təsvir edilən əfsanənin mahiyyətini açır.

2009-cu ildə “İrs” “Anatomik teatr” kitabları Moskvada keçirilən XXII “Kitab sənəti” sərgi-müsabiqəsində ikinci üçüncü yerləri tutub. Uşaq tibb ədəbiyyatına verdiyi töhfələrinə görə Avropa Təbii Elmlər Akademiyasının professoru akademiki fəxri adlarına layiq görülüb. Hal-hazırda həmin Akademiyanın “İrs” bölməsinin vitse-prezidentidir.

“Xanəgah əczaxanası” Moldovada Beynəlxalq Kitab Sərgisində 2014-cü ildə I yerə layiq görülüb.

Təhsil Nazirliyi “İlmənin macəraları” kitabı cizgi filmlərinin kontentini alıb (ibtidai siniflər üçün).

160 saylı Klassik Gimnaziyada tədris edilən “İRS” fənninin müəllifidir. Respublikanın pilot məktəblərinin kitabxanalarına Solmaz Amanovanın əsərləri daxil edilib. Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən bütün Beynəlxalq kitab sərgilərində “İRS” Mədəni-Təhsil mərkəzi adı ilə iştirak edib mükafatlandırılıb.

Avropa Təbii Elmlər Akademiyasının tibb uşaq ədəbiyyatına verdiyi töhfələrinə görə Leonardo da Vinçi medalı, “Robert Kox”, Avropanın Şərəf ordeni, Dostluq ordeni, “İohan Voltqanq Gete”nin, “Fridrix Şiller” “Qrimm Qardaşları” medalları ilə təltif olunub.

Solmaz Amanova “İrs” dərsliyinin, 40-dan çox elektron kitabın, 60 cizgi filminin, anatomiya, farmakologiya üzrə əsərlərin, anatomik terminologiyada nağılların müəllifidir. “Anatomik teatr” əsəri həmçinin, Fransa, Moldova, Türkiyə İngiltərədə keçirilən beynəlxalq sərgilərdə birinci yerə layiq görülüb.

Bu kitab 2017-ci ildə Moskvada kitab sərgisində ikinci yeri tutub beş dildə nəşr olunub. Kitabın motivləri əsasında ingilis dilində lentə alınan cizgi filmi müsabiqədə dördüncü yerə layiq görülüb. Dünyanın hər yerində balaca azərbaycanlılar “YouTube”da yerləşdirilən bu videoçarxa cizgi filminə baxa bilərlər. Videoçarx cəmi bir ay ərzində “Playmarket” reytinqində 5-ci yeri tutub. Hazırda isə 3-cü yerdədir.

Həmçinin, Solmaz xanım keçən il “Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə” Avropa Təbiət Elmləri Akademiyasının (Hannover, Almaniya) “Dostluq” ordeni ilə təltif edilib.

Virtual tanışlıqdan sonra onunla görüşmək üçün haqqında bəhs etdiyim nağıl evində qonaq oldum. Düzünü demək lazımdırsa, çox kiçik bir məkanda balacalar üçün belə bir əsrarəngiz, sehrli məkan yaratmaq hər kəsə nəsib olacaq xoşbəxtlik deyil. İki mərtəbəli (hər mərtəbədə bir otaq) məkanın hər küncündən uşaqlara sevgi, məhəbbət, diqqət yağırdı. Burada balacaların dostu İlmənin, Turacın, atlı oğlanın digər milli cizgi filmi nağıl qəhrəmanlarımızın kuklaları, geyimləri var. Ancaq məkanın sehri bununla da yekunlaşmır. Burada çay dəstindən, məkanın dizaynından tutmuş, həmin geyimlərə qədər hər şey sanki uşaqların Nağıl dünyasından qopub gəlib.

Eləcə həmin məkanda diqqətimi çəkən bir başqa maraqlı nüans isə evin içərisində boy atan üzüm sarmaşıqları idi. Kifayət qədər canlı bol bəhərli üzümü evin içərisində bəsləməklə sanki Solmaz xanım təbiətin ən gözəl yaradılışları olan uşaqları təbiətin özü ilə görüşdürür.

Oradakı hər detalla yaxından tanış olduqca düşünürdüm ki, bu qədər ağır zəhmətli işi uşaqlara sonsuz sevgi bəsləyən insandan başqa heç kim edə bilməz. Bəs Solmaz xanımda bu sevgi hardan qaynaqlanırdı?

Onunla söhbətimiz zamanında dedi ki, o, bu işləri sadəcə son bir neçə ilin içərisində həyata keçirib. Bunun da əsas səbəbi uşaqlarımızın milli nağıl qəhrəmanlarının, milli cizgi filmlərinin olmamağıdır. Onun sözlərinə görə, “İrs” adlı multimedia nağıl evini “Multikulturalizm İli” çərçivəsində yaradıb.

Burada uşaqlar Solmaz xanımın nağılları əsasında çəkilmiş cizgi filmlərinə tamaşa etməklə bərabər özləri nağıl yazmaq, nağıllar əsasında kompyuter oyunları yaratmaq, animasiya şəkilləri çəkmək, milli şirniyyatlar hazırlamaq, xalça toxumaq, tikmə sənəti ilə məşğul olmaq, milli paltar biçimini, köhnə kompyuter disklərindən istifadə etməklə şəbəkə sənəti nümunələri yaratmağı öyrənmək bir sıra başqa maraqlı məşğuliyyətlər üçün imkan əldə edirlər. Solmaz xanım uşaqlar üçün nəinki təkcə nağıl yazır, həmçinin, şeirlər yazır, mahnılar bəstələyir onları bir sıra məktəblərdə balaca balalarımıza da öyrədir. O, əsərlərini əsasən rus Azərbaycan dillərində yazır. Artıq milli nağıl qəhrəmanımıza çevrilən İlmənin müxtəlif macəraları uşaqları əyləndirməklə bərabər, həm onlara keçmişimizi, soykökümüzü, milliliyimizi öyrədir.

O, nağıllarında və nağıla uyğun olaraq hazırlanmış testlərdə, tapşırıqlarda, oyunlarda əsasən milli məişət alətlərimizin, geyimlərimizin (çarx, kəlağayı, buxarı papaqs.) yaranması haqqında məlumatları onlara çox sadə və əyləncəli dillə öyrədir, tarixi personajlarımızı tanıdır. Yəni uşaqlar bu materiallar vasitəsilə təkcə hərfləri deyil, eyni zamanda, həyat bilgisini, tarixi, diqqət toplamağı və yadda saxlamağı, eləcə də riyaziyyat, dils. məsələlərini də öyrənmiş olur.

İki saatlıq görüşümüz zamanında Solmaz xanım öz işindən, bu məkandan, balaca qonaqlarından elə şövqlə, həvəslə danışır, həmin cizgi filmlərini böyük televizorda göstərərək elə aydın şərhlər edirdi ki, onun enerjisinə heyran olmamaq mümkün deyildi. O, bu işlərdən danışarkən sanki özü də uşaqlaşır, bu dünyada saflaşırdı. “Bu qədər böyük zəhmət və maddi dəstək tələb edən işdən qazandığınız nədir?” - sualıma cavabı isə bir daha bu sevginin göstərirdi. O, “uşaqların İlməyə olan marağı, məni görən kimi onun macəralarını söyləməkləri, xorla şeirlərimi, mahnılarımı oxumaqları mənim ən böyük qazancımdır” - deyir.

Balacaların dünyasında onlar olmadan da uşaqlaşmaq olarmış. Solmaz xanımla görüş, “İrs Nağıl evi”ndə keçən dəqiqələr mənə uşaqlığımı bir daha yaşatdı sanki.

Solmaz Amanova kimi fədakar, işinin peşəkarı, qəlbi sevgiylə, yenilik həvəsi ilə dolu insanlar olduqca uşaqlarımız da, gələcəyimiz də əmin əllərdədir demək ki. Məncə, hər bir uşaq ömründə bircə dəfə də olsa “İrs Nağıl evi”ndə olmalıdır.

 

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2018.- 6 oktyabr.- S.9.