Musiqili Teatrda premyera - "Bağdadda bir gün"

Oktyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası - "Bağdadda bir gün" iki hissəli musiqili komediyası nümayiş olunacaq.

Tamaşa Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanıb. Teatrın rus bölməsində ərsəyə gələn səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası olan bu tamaşanı "böyüklər üçün nağıl" da adlandırmaq olar. Çünki insanlar "zaman və məkan" anlayışından asılı olmayaraq, hər an xoşbəxtlik arzusundadırlar. Mövzu aktualdır. Şərq motivləri ilə yanaşı, milli koloritlərin də geniş təcəssüm olunduğu bu tamaşada hadisələr Bağdad xəlifəsi Harun ər Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir. Əsərdə qəhrəmanların bir çox maneələrə baxmayaraq, pak məhəbbət axtarışı xoşbəxt sonluqla nəticələnir, şəhvət hissi ilə ülvi sevgini bir-birindən ayırmayanlar isə öz cəzasına çatırlar.

Premyerada rolları Əməkdar artistlər Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər Rəşid), Svetlana Bulax (Afət), aktyorlar Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim) Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa edəcəklər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 12 oktyabr.- S. 7.