Aydın AĞAZADƏ

ANAM YUXUMA GƏLDİ

Darıxmışdım nə vaxtdı,

Anam yuxuma gəldi.

Göydən bir ulduz axdı,

Anam yuxuma gəldi.

 

Yatmış idi, oyandı,

Uzu nura boyandı,

Məni görüb, boylandı, -

Anam yuxuma gəldi.

 

Çox bilərdi azımı,

Qış eylədi yazını,

Çəkəmmədim nazını -

Anam yuxuma gəldi.

 

Quş kimi uçub gedən,

Bizi vaxtsız tərk edən.

Yoxluğuna öyrədən -

Anam yuxuma gəldi.

 

Nə biləydim bitəcək,

Ömür sona yetəcək.

Bizi yetim edəcək -

Anam yuxuma gəldi.

 

Kaş bu yuxu bitməyə,

Röyam sona yetməyə,

Təki bir də getməyə!..

Anam yuxuma gəldi.

525-ci qəzet  2018.- 12 oktyabr.- S.8.