Xalq yazıçısı Elçinlə Bakı Kitab Mərkəzində görüş

Oktyabrın 16-da Bakı Kitab Mərkəzində "Yazıçı ilə dialoq" layihəsi çərçivəsində Xalq yazıçısı Elçinlə görüş təşkil edilib.

Tədbiri giriş sözü ilə mərkəzin rəhbəri Günel Rzayeva açıb. Elçinin yaradıcılığı haqqında danışan G.Rzayeva görkəmli yazıçı ilə rəhbəri olduğu qurumda görüş keçirilməsindən məmnunluğunu ifadə edib.

Sənətşünas Məryəm Əlizadənin aparıcılıq etdiyi görüşdə görkəmli yazıçının yaradıcılığından söz açılıb, Azərbaycan ədəbiyyatı və dramaturgiyasına verdiyi töhfələrdən danışılıb.

Tədbirdə akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Elmira Axundova, şair Səlim Babullaoğlu, tənqidçi Nərgiz Cabbarlı, yazıçı Vaqif Nəsib çıxış edərək qonağın çoxşaxəli yaradıcılığından söz açıb, özünəməxsus üslubu, hadisələrə, həyata, ədəbiyyata fərqli yanaşması, orijinal ədəbi dili, sərhəd tanımayan istedadından danışıblar.  Vurğulayıblar ki, Elçin təkcə yazıçı, dramaturq kimi yox, ədəbiyyatşünas, tənqidçi kimi də qiymətli irs yaradıb. Onun müxtəlif mövzulu tənqidi məqalələri, monoqrafiyaları Azərbaycan ədəbiyyatının, ədəbiyyat tariximizin öyrənilməsində qiymətli mənbə rolu oynayır. Elçinin yaradıcılığının ilk illərində qələmə aldığı hekayələri, uşaqlar üçün yazdığı nağıllar, povest və kinopovestlər, pyeslər, romanlar, publisistik məqalələr, esselər, prozalar küll halında ayrıca məktəb, ədəbi yoldur.

Tədbirdə o da qeyd olunub ki, Elçin təkcə yazıçı kimi yox, dramaturq kimi də böyük işlər görüb, Azərbaycan teatrlarının repertuarına, seçim zənginliyinə, janr müxtəlifliyinə böyük töhfə verib. Bundan başqa, o da nəzərə çatdırılıb ki, Elçinin yaradıcılığı ölkə sərhədlərini aşaraq dünyada yayılıb, müxtəlif dillərdə oxucularını tapıb, onların qəlbində yer edib. Pyesləri fərqli ölkələrin teatr səhnələrində uğurla tamaşaya qoyulub.

Xalq yazıçısı Elçin  oxucularla görüşündən məmnunluğunu dilə gətirib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə belə böyük və gözəl kitab mərkəzinin fəaliyyətə başlamasını yüksək qiymətləndirib.

O, oxucuların çoxsaylı suallarını ətraflı cavablandırıb, öz yaradıcılığı da daxil olmaqla ötən əsrin 60-cı illərindən üzübəri Azərbaycan ədəbiyyatı barədə sistemli şəkildə söhbət açıb.

Sonda Xalq yazıçısı oxucuları üçün müəllifi olduğu kitabları imzalayıb.

Cavid QƏDİR

525-ci qəzet 2018.- 18 oktyabr.- S.7.