"Dekorativ sənət və interyer" mövzulu beynəlxalq konfrans keçirildi

Oktyabrın 10-12-də Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsi ICDAD və DEMHIST - Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları, Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri konfrans keçirib. "Dekorativ sənət və interyer" adlı konfransda 14 ölkədən - Azərbaycan, Türkiyə, Avstriya, Misir, Yaponiya, ABŞ, Hindistan, İtaliya, Portuqaliya, Çexiya, Almaniya, Gürcüstan, Livan, Niderlanddan 42 nümayəndə iştirak edib.

Konfrans Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli Muzeylər komitəsi, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və "Az-Granata"nın dəstəyi ilə keçirilib.

Konfransın açılış tədbiri 10 oktyabrda Azərbaycan Xalça Muzeyində baş tutub. Tədbirdə Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva, Xalça Muzeyinin direktoru, Azərbaycan Milli Muzeylər komitəsi prezidenti Şirin Məlikova, Beynəlxalq Muzeylər Şurası - ICOM prezidenti Suay Aksoy, Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları-ICDAD beynəlxalq komitəsinin prezidenti Helena Koenigsmarkova, tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri - DEMHIST prezidenti Elsa Rodrigues, Beynəlxalq Muzeylər Şurasının "Avropa Regional İttifaqı"nın prezidenti Dr.Luis Raposo, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasının müdiri Sevil Sadıqova, ICOMOS-Baxımlı Yerlər və Abidələr Beynəlxalq Şurasının Livan İdarə heyəti Üzvü və Livan Universitetinin Dosenti tərəfindən nitqlər dinlənilib.

Tədbirdə iştirak edən "Mədəni İrsin və Tarixi Abidələrin Qoruyaq" İctimai Birliyin İdarə Heyyətinin Üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru, bayraqşünas və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov "Mədəni irsin tədqiqində və təbliğində muzeylərin rolu" adlı məruzəsində qeyd edib ki, Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə, həmçinin, Heydər Əliyev Fondu tərəfindən davam etdirilir.

 

Konfransda ev-muzeylərinin yeni iş metodları, yeni yanaşmalar ilə tanış olmasına, yerli mütəxəssislərin xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə yeni imkanlar yaradacağına şərait yaradır. Azərbaycanda fəaliyyət göstərən görkəmli şairlərin, yazıçıların, rəssamların, bəstəkarların ev muzeyləri barədə ətraflı məlumat verilib. Həmçinin, konfrans çərçivəsində bir sıra tanınmış yerli və xarici alimlərin iştirakı ilə akademik iclaslar keçirilib. Məruzəçilər Azərbaycan xalqının həyatında və mədəniyyətində xalça çox önəmli yer tutduğunu vurğulayıblar.

Tədbir iştirakçılarına zəngin mədəni proqram təqdim edilib, Azərbaycan Xalçası Muzeyi, o cümlədən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki abidələri, Bakı Marionet Teatrı, Azərbaycan Milli İncəsənət Muzeyi, Heydər Əliyev Mərkəzi, CHELEBI sərgi salonu və həmçinin, Bülbül, gara Qarayev və Nobel qardaşlarının ev muzeyləri ilə geniş şəkildə tanış olublar.

Şahanə MÜŞFİQ

525-ci qəzet 2018.- 18 oktyabr.- S. 7.