Andrey Vasilevski

Yaşadığım uzaq ölkədə ədəbiyyatı, poeziyanı həqiqətən də sevən, ona xidmət edən nadir insanlar var.

Müasir rus ədəbiyyatının tanınmış simalarından olan M. Qorki adına Ədəbiyyat institutunun AƏK-nın müəllimi, istedadlı şair, publisist Andrey Vitalyeviç Vasilevski (17.10.1955) məhz belə şəxsiyyətlərdəndir.

Azərbaycan oxucusunu qəribə, özünəməxsus üslubu olan bu kövrək, eyni zamanda realist şairin şeirləri ilə tanış etməyi özümə borc bilirəm.

Qeyd etmək istərdim ki, A. Vasilevski Novıy mir jurnalının baş redaktoru, Moskva Jurnalistlər Birliyinin, Müasir Rus Dilçilik Akademiyasının üzvüdür.

Tərcüməçidən

***

Bu payız, ya bu qış, lap elə bu il

Başıma nə gəlsə vecimə deyil.

Hər şey ola bilər,

Olmaya bilər...

Bir qədər yorğunam,

Üzgün, bir qədər...

Biganəyəm sanki olub-keçənə,

Sən qoru, ilahi, sən qoru yenə!

***

Bilirəm,

Cəhənnəmdə görüşəcəyik səninlə.

Qoşulub kütləyə

Mən də gedəcəyəm öz ayağımla

O qorxunc son məhkəməyə.

Sən də orada olacaqsan,

Payına düşəni də alacaqsan.

Amma odundan, alovundan cəhənnəmin

Görə bilməyəcəksən məni...

***

Özümü bu günlərdə

tanımışam sanki mən,

Şəhərdən kənar yerdə

yavan çörək yeyərkən;

Biz də bu qarğalara,

siçovullara tayıq

Hər şeyi yeyə bilən

ağıllı heyvanlarıq.

 

***

 

Əyninə nə geyir geysin, yenə

Zahiri hər şey,

Daxili heç nə!

Bunu istəmirəm,

Bunu bəyənmirəm.

Okeanın ortasında -

Bu buz döşəmədə

Elə indicə öyrəndim kiməm;

Deyəsən, meymunam ya da

Xaç suyuna çəkilmiş pinqvinəm...

 

Kassa önündə duraraq,

Telefonla danışaraq,

Aldıqlarının qiymətinə baxaraq,

Ağlayaraq

Anlayır bunu...

***

Qəribədir,

Çox qəribə

Adam olmaq, insan olmaq.

Ayılmaq hər səhər erkən -

Yaşamaq üçün ayılmaq...

Hələ yuxun tam qaçmamış

Yeni açmışkən sabahı

Güzgüdən bir insan baxar

Fikirləri qarmaqarış.

 

Hər yer duman, bəyaz duman...

Qaranlıqlar qürub edir...

Həm göylərlə üzbəüzsən,

Həm göylərin altındasan,

Qəribədir,

Qəribədir...

***

Ötən yarım əsri qoydum kölgədə,

Doğmalar içində, doğma ölkədə.

...İndisə

başqadır insanda,

başqa.

Doğma da, yaxın da, dövran da

başqa!

Bu qarışıq zaman mənimki deyil.

(Havayı konyakdan ağrıyır beyin).

Qarşı-qarşıyadır yadlar, yerlilər...

Dəyişib şəhər!

***

Qaranlıqda tək qalmaq

Xoş deyil, ancaq

ona görə yox ki, oradan

kimsə çıxacaq.

Ümid bəsləmə.

Heç kim çıxmırmış,

Heç kim gəlmirmiş

Sən demə.

***

... Sulu qar yağacaq şəhərə bir də.

Xəyalım dolaşır ötən əsrdə.

Hava soyuyacaq, palto geyəcəm,

Acsam, bir kafedə nahar edəcəm.

Xətrinə kim dəyib? Heç kimsə, düzü.

Mən şair deyiləm, bilirəm özüm...

Çevirdi: Afaq ŞIXLI

525-ci qəzet 2018.- 19 oktyabr.- S.7.