Uğurlar təsadüfi olmur

Bir tərəfdən mavi gözlü Xəzər öz şıltaq, qırçın ləpələri ilə Şabran bölgəsinin saçlarına sığal çəkir, o biri tərəfdən isə bu yurd sıx meşəli, yaşıl donlu dağlara söykənir. Elə bizim Orta Əmirxanlı kəndi də yüz illərdən bəridir ki, bu dağların ətəyində qərar tutur.

Mən kəndimizin əsrarəngiz təbiəti, diş göynədən çeşmələri, şaqraq çayları ilə qürrələnmək fikrindən uzaq olsam da, onu deməliyəm ki, yaşı min altı yüz ili ötmüş, bizim ellərin başı üzərində əzəmətlə ucalan əfsanəvi Çıraqqala abidəsi qəlbimizə hər zaman vüqar, iftixar, fərəh duyğusu bəxş edir.

Bir vaxtlar çox böyük bir kənd olan Orta Əmirxanlıda üç seyid nəsli yaşayıb. Seyid Bədərlilər. Seyid Rzalılar, Seyid Həsənlilər. Hər üç soyad köklü-köməcli, qollu-budaqlı, hörmətli, nüfuzlu, güzəran sarıdan da korluq, çətinlik çəkməyib. Bu nəsillərin törəmələri əksər Əmirxanlı camaatı kimi bineyi-başdan ruzularını öz əllərinin zəhməti, qabarı ilə, hallalıqla çıxarıblar...

Mən də bu yazımda əməksevər, çalışqan, yorulmaz, ömrü boyu fəal həyat mövqeyi tutan, təvazökar bir insan kimi tanıdığım, pedaqoji elmləri doktoru, professor Mübariz Əmirov haqqında söz açmaq istəyirəm.

Mübariz ağlı az-çox kəsəndən, öz uşaq fəhmi ilə hiss edirdi ki, bu ailədə düzlükdən, zəhmətə bağlılıqdan, halallıqdan qiymətli heç nə yoxdur. Ata-ananın gündəlik həyatında, davranışında,söz- söhbətində də özünü göstərən bu məziyyətlər ailədə böyüyüb boya-başa çatan beş övladın da illər boyu canına, qanına hopurdu. Atası ürəyi baş alıb gedən çöllər-çəmənlər tək geniş, sadə təbiətli Mirəziz kişi torpağa, təbiətə ülvi münasibət bəsləyən, həyatı sönməz məhəbbətlə sevən, ömrü boyu insanlara sayğı ilə, xeyirxahlıqla yanaşan bir şəxs idi. O, ötən əsrin 30-cu illərinin sonlarında, olduqca mürəkkəb ictimai-siyasi mühitdə neçə-neçə gəncin oxuyub, təhsil görməsində, həyata vəsiqə almasında hədsiz xidmətlər göstərən, əsl maarif fədaisi olan Səməd Şəfiyevin rəhbərlik etdiyi Orta Əmirxanlı kənd 7 illik məktəbini bitirib. Sonra dədə-babadan gəlmə, ürəyində tükənməz torpaq sevgisi yaşadan Mirəziz Kirovabad (Gəncə) Kənd Təssərrüfatı İnstitutunun nəzdindəki kolxoz sədrləri hazırlayan bir illik kursa üz tutur. Oranı bitirdikdən sonra isə Dəvəçi (Şabran) rayon Maliyyə İdarəsində müfəttiş vəzifəsində çalışır.

1950-ci ilin mülayim yaz günlərinin birində Əmirxanlı kəndində axşam tərəfi kolxoz sədri seçkisi keçiriləcəkdi. Kənd əhli bu məsul tədbir ərəfəsində yekdil olmağa çalışır, el qədri bilən, yurd təəssübü çəkən, sabahı gün üçün ümidləri doğrultmağı bacaran bir təssərrüfat rəhbərinə səs verməyi fikirləşir, öz aralarında məsləhət, məşvərət edirdilər. Sədrliyə namizədlər arasında olan Mirəziz Seyidəmir oğlu barəsində də geniş söz-söhbət getdi. İclasda onun işgüzarlığı, ədalətpərəstliyi, təbiətinin müxtəlif cəhətləri haqqında xeyli danışdılar. Sonda iclas iştirakçılarının böyük əksəriyyəti məhz Mirəziz kişiyə səs verdi.

Keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da Böyük Vətən müharibəsindən sonrakı dirçəliş, quruculuq dövrü xalqımızdan daha artıq gərgin fəaliyyət, fədakar əmək, işgüzarlıq, birlik və mütəşəkkillik tələb edirdi. Hələ də açılan süfrələr üzə gülmür, qıtlıq, kasadlıq özünü göstərirdi. Təzə kolxoz sədrinin ölçüyə gəlməz zəhməti, yüksək təşkilatçılıq bacarığı, ciddi məsuliyyət hissi, elinə-yurduna olan can yanğısı getdikcə öz bəhrəsini verir, kolxoz varlanır, əmək günləri artır, çöhrələr nurlanır, ürəklər sevinirdi.

Beş il sonra Mirəziz Əmirov daha mötəbər bir işə - Dəvəçi rayonlararası Taxıl Anbarları Bazasının baş direktoru vəzifəsinə irəli çəkilir. Bu sahədə də ona göstərilən etimadı ləyaqətlə doğruldur. Sonralar da o, uzun müddət Azərittifaq sahəsində çalışır.

Mirəziz kişinin ömür-gün yoldaşı Qızxanım ana da Seyid Rzalı nəslinin övladı idi. Evdar qadın olsa da, el-oba arasında saflığı, hallallığı, qonaqpərvərliyi, çətinə düşənin dadına yetməsi ilə ad çıxarmışdı. O, öz yüksək insani keyfiyyətləri ilə mənsub olduğu nəslin ulu adət-ənənələrini yaşatmağa səy göstərir, övladlarının da tərbiyəsini bu istiqamətdə qurmağa çalışırdı. Təsadüfi deyil ki, Qızxanım ana haqq dünyasına qovuşana qədər balalarının, nəvələrinin xoş sorağını eşitdi, özünü xoşbəxt ana sandı...

Təbiət öz bahar donunu geyməyə hazırlaşırdı. Nərgizlər, bənövşələr yavaş-yavaş qış yuxusundan ayılıb, ətrafa boylanır, ulu Şirvan torpağında çox tanınan qıpqırmızı danaqıran gülü artıq çəpərlərin üstündə atəş kimi parıldayırdı. Cəmi iki il öncə başa çatmış müharibənin sızıltıları, ağrı-acıları hələ ürəklərdən çəkilməsə də, bütün xalqımız kimi Əmirxanlı əhli də qarşıdakı Novruz bayramına hazırlaşırdı. Qız-gəlinlər, ev-eşiklərdə səliqə-sahman yaradır, analar, nənələr sandıqlarını, düyünçələrini açır, bu əziz gün üçün qoruyub-saxladıqları saxlanclarını üzə çıxarır, elimizin qədim, müqəddəs bayramına hazırlıq görürdülər.

Belə xoş ovqatlı bir gündə, 1947-ci il martın 15-də Mirəziz kişi ilə Qızxanım ananın bir oğlan uşağı da dünyaya göz açdı. Valideynlər körpəyə Mübariz adını verdilər, enişli-yoxuşlu həyat yollarında ona mübariz olmağı arzuladılar. Bu insanlar övladlarının tərbiyəsinə, təhsilinə, onların əməksevər ruhda böyüməsinə mütəmadi diqqət yetirirdilər. Ciyərparalarını xeyirxah, savab əməllər yiyəsi, təvazökar, ədalətli, fəzilətli şəxs kimi görmək istəyirdilər.

Cürbəcür uşaq oyunları, əyləncələri ilə böyüyən Mübariz orta məktəb illərində dərslərinə həmişə hazırlıqlı gələr, yüksək qiymətlərlə oxuyar, öz ədəb-ərkanı, davranışı ilə müəllimlərinin də, şagird yoldaşlarının da geniş hörmətini qazanmışdı.

Biz Mübarizlə yeyniyetməlik çağlarından ünsiyyətdə olmuşuq. İllər keçdikcə münasibətlərimiz dostluq səviyyəsinə qədər yüksəlib. Çox vaxt sözümüz-sovumuz birgə olub. Gələcək arzularımızdan yorulmadan söhbət açmışıq. Onun özünəməxsus həyat, yaşam prinsiplərinə, necə deyərlər, standartlardan uzaq düşüncə tərzinə az-çox bələd olduğumdan 1965-ci ildə Mübariz Əmirovun Dəvəçi şəhər orta məktəbini bitirdikdən sonra, ali məktəbə sənəd verməyib, sıravi fəhlə kimi işə düzəldiyini eşidəndə o qədər də təəccüblənmədim. Bu minvalla hekayətimin qəhrəmanı düz dörd il istehsalatda çalışdı. 1960-cı ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinə qəbul olundu.

Hər zaman yada düşdükcə öz şirinliyi, həzinliyi ilə ürək sızladan tələbəlik həyatında da o, orta məktəb ənənələrinə sadiq qaldı. Oxumaqdan, öyrənməkdən, çalışmaqdan yorulmadı. İlk semestrdən tutmuş son imtahana qədər həmişə seçildi, fərqləndi. Tələbə yoldaşları bu gəncə təkcə əməksevərliyinə, dərin biliyinə, geniş dünyagörüşünə görə hörmət bəsləmirdilər, ondakı yüksək həyat eşqi, ictimai fəallığı daim diqqəti cəlb edir, dəyərləndirilirdi.

Mübariz Əmirov 1973-cü ildə institutu bitirib, Şabran rayonuna təyinat aldı. Doğma Əmirxanlı kənd məktəbində tarix və ictimaiyyət fənlərini tədris etməyə başladı. Eyni zamanda, gənc pedaqoqa burda yenicə açılmış axşam fəhlə-kəndli gənclər məktəbinin direktoru vəzifəsi həvalə olundu. Növbəti tədris ilində isə Mübariz müəllim qonşu  Surra kənd 8 illik məktəbinə direktor müavini vəzifəsinə təyin edildi. Seçdiyi sənətə, ixtisasına ürəkdən bağlı olan gənc müəllim öz fənnini şagirdlərinə daha dərindən mənimsətmək üçün var qüvvəsi ilə çalışır, bu istiqamətdə müxtəlif yollar, üsullar arayıb-axtarırdı. Bununla yanaşı, ömür yolunda, həyat fəaliyyətində o, reallığa, səmimiyyətə, haqqın böyüklüyünə, insan ləyaqətinin ucalığına daha artıq üstünlük verən bu şəxs işlədiyi kəndlərdə az müddətdə camaata qaynayıb-qarışmağı bacardı, bir çoxları ilə yaxın yoldaşlıq, dostluq münasibətləri qurdu.

Həyat öz ahəngi ilə davam edirdi... Bir gün Mübariz müəllim Şabran rayonunda hamının olduqca yüksək ehtiram bəslədiyi, "Müəllimlər müəllimi" adlandırdığı, bir yandan zəhmi-zabitəsi, təmkini, o biri tərəfdən isə ürək dolusu xeyrixahlığı, bəsirəti, mükəmməl xarakteri, müdrik məsləhətləri, hikmətli söz-söhbəti ilə yetirmələrinə hər zaman yol göstərməyi bacaran, sözün əsl mənasında görkəmli pedaqoq, filologiya elmləri namizədi mərhum Nurulla Xəlilovla rastlaşdı. Nurulla müəllim öz keçmiş şagirdi ilə səmimiyyətlə görüşüb hal-əhval tutdu. Söhbət əsnasında dedi ki, "cavan da olsan, müəllimliyin haqıında adamlar rəğbətlə danışırlar. Elə mən də sevinirəm. Amma mən sənin biliyinə, potensialına bələdəm. Yaxşı olar ki, təhsilini davam etdirəsən, elm yolu ilə gedəsən, alim olasan. Bu yolda məncə, daha çox fayda verərsən..."

1975-ci ilin dekabrında Mübariz Əmirov Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına qəbul olundu. Elmi araşdırmalar aləminə yenicə qədəm qoymuş aspiranta "Sovet dövləti və hüququnun əsasları fənninin tədrisi, metodikası" mövzusunda tədqiqat aparılması tövsiyə edildi. Bu sahə üzrə bütün keçmiş sovetlər ölkəsində ilk elmlər doktoru Murtuz Ələsgərov və tanınmış pedaqoq-alim Əjdər Ağayev onun elmi rəhbərləri təyin edildi. Mübariz aspiranturada təhsil aldığı ilk vaxtlardan gərgin yaradıcılıq axtarışları, zəhmətsevərliyi, yazdığı dolğun, dəyərli məqalələri ilə diqqəti cəlb etməyə başladı. Şəhərimizin kitabxanalarında, arxivlərində yorulmadan çalışdı. Bundan əlavə, tədqiqat mövzusu ilə əlaqədar respublikamızın tədris müəssisələri ilə yanaşı, Moskva, Sankt-Peterburq, Yekaterinburq şəhərələrində, Pribaltika respublikaları paytaxtlarının bir sıra orta məktəblərində bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsinə böyük əmək sərf etdi. Bir məsələni də vurğulayım ki, bu elmi sahə Azərbaycanda yenicə təşəkkül tapırdı. Bu məsələ ilə bağlı mənbələr demək olar ki yox idi.

Mübariz Əmirov bu fənnin tədrisi metodikasının elmi əsaslarının yaradılması, formalaşdırılması ilə məşğul olan ilk tədqiqatçılarından, pionerlərindən biri idi. Bu konsersiya isə cəmiyyətimizdə yetərincə elmi və pedaqoji əhəmiyyət kəsb edirdi. Başqa sözlə desək, ümumtəhsil məktəblərində hüquq elminin əsaslarının, mahiyyətinin öyrənilməsində, daha dərindən mənimsənilməsində, şagirdlərdə hüquq mədəniyyətinin, hüquqi şüurun yaradılıb, inkişaf etdirilməsində, həmçinin, Azərbaycan dövlətinə, dövlətçiliyinə münasibət, sayıq və tənqidi nöqteyi-nəzərinin formalaşmasında böyük rol oynayırdı. Bu tədqiqat mövzusu, görülən işlər, böyük və ardıcıl zəhmət sayəsində ortaya çıxan proqnozlar, müddəalar, nəticələr cəmiyyətdə nümunəvi vətəndaşların yetişdirilməsində və gələcəkdə peşəkar dövlət idarəçiliyi kadrlarının hazırlanmasında da öz ciddi sözünü deyəcək. O da aydındır ki, məhz hüquq mədəniyyətinə yüksək səviyyədə malik olan vətəndaşlar dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsində, zənginləşdirilməsində fəal iştirak edir.

Bu yanaşmalardan tədqiqatçının başa çatdırdığı elmi iş daha çox diqqəti çəkir, öz aktuallığı ilə maraq doğururdu. Mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən namizədlik dissertasiyasını Mübariz Əmirov 1985-ci ildə Tbilisi Pedaqoji Universitetində böyük müvəffəqiyyətlə müdafiə etdi.

Necə deyərlər, xəmiri zəhmətlə yoğrulmuş Mübariz Əmirov çalışdığı elm ocağında da özünəməxsus iradə, mətinlik göstərir, qəlbi yenilik həvəsi, yaradıcılıq eşqi, yüksək uğurlar əzmi ilə çağlayırdı. Təsadüfi deyil ki, gənc alim cəmi bir neçə il ərzində kiçik elmi işçidən institutun tarix, hüquq və coğrafiyanın tədrisi şobəsinin müdiri vəzifəsinədək nəzərə çarpan bir yol keçmişdi.

1980-ci ildə Mübariz müəllim işlədiyi elmi-tədqiqat müəssisəsində öz vəzifəsində qalmaqla yanaşı, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinə, dosent vəzifəsinə dəvət aldı. Bu məşhur ali məktəbdə də qəhrəmanımız həm tədris, həm də elmi-tədqiqat sahəsində eyni şövqlə çalışır, səmərəli fəaliyyət göstərirdi.

2008-ci ildə isə o, "Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması mövzusunda" elmi işini tamamlayaraq, doktorluq dissertasiyası müdafiə etdi. 2014-cü ildən isə həmin pedaqoji universitetin "Türk və Şərqi Avropa xalqları tarixinin tədrisi" kafedrasının professoru seçildi. Ömrünün mühüm bir qismini, uzun illər qəlbinin odunu, atəşini elmi yaradıcılığa, yüksək ixtisaslı kadr hazırlığına həsr edən Mübariz Əmirov bu gün də yorulmaq bilmir. Elmin zirvələrinə gedən yolda inadla, inamla, ruh yüksəkliyi ilə addımlayan təcrübəli, səriştəli alim-pedaqoq indiyə qədər iki monoqrafiyanın, iki dərsliyin, altı adda dərs vəsaitinin, iki yüzə yaxın elmi məqalənin müəllifidir. Onun bir sıra məqalələri isə tanınmış Avropa jurnallarında nəşr edilmişdir.

Yenə də gənclik həvəsi, ovqatı ilə, elmə öz töhfələrini verən, dedikcə vətənpərvər, həssas, xeyrixah, humanist bir insan olan Mübariz müəllim həm də yetərincə ailəcanlı bir azərbaycanlı kişisidir. Uzun illər orta məktəblərdə şagirdlərinə coğrafiya fənnini öyrədən Svetlana xanımla birgə, çiyin-çiyinə Mirvaleh və Anar adlı iki oğul ərsəyə yetiriblər. Öz təhsili, əmək yolu, cəmiyyətdə tutduğu mövqeləri, mənəvi dünyaları ilə bu qardaşlar valideynlərinə həmişə baş ucalığı gətirirlər.

Arzular insan ömrünün simvoludur... Ölkələrin bayraqları kimi... Kəndimizin yetirməsi Mübariz Əmirovun qəlbi bu gün də arzular məcrasıdır. Bu məcradan sabaha yeni-yeni arzular boylanır.

Nizami RƏHMANLI

525-ci qəzet.-2018.-19 oktyabr.-S.8.