Əbədiyyətdəki Məmməd Araz ünvanı

 

 

14 oktyabr kimlər üçünsə adi, kimlər üçünsə tarixə yazılmış bir gündür. Amma bu gün əslində, Məmməd Arazın adıyla bağlıdır, onun doğum günü ilə əlamətdardır. Deməli, Məmməd Araz Günüdür.

O Məmməd Araz ki, sağ ikən qazandığı sevgini bu gün məzarının başında görür. Sabah da görəcək. O Məmməd Araz ki, onu fəxri adlarla, titullarla təqdim etmək istəmirəm. Çünki Məmməd Araz bütün mükafatlardan, adlardan, laueratlardan ən azı bir Araz boyu yuxarıda durur.

Tarixin Məmməd Araz günündə yaxınları, onu sevənlər, oxucular, yazıçılar, şairlər, bir sözlə, Məmməd Arazı bilənlər sevənlər məzarı başına yığışıb, ləyaqət simvolu bu şairi yad etdilər.

Mən hamıdan əvvəl gəlib, Fəxri xiyabanı gəzdim.

Nədənsə, bura hər gələndə eyni həyəcanı, eyni qürur hissini keçirirəm. Məzarların yanından keçdikcə bir anlıq o ölməz dahilərin məni izlədiklərini düşünürəm. Onların məzarı belə, insana xoş təsir bağışlayır.

İçəri girən kimi üzbəüz dayanan dahi şair, mübarizə simvolu, Xəlil Rza Ulutürkün büstü gözlərimin önünə mübarizə gətirir.

Ondan solda isə sözün canlı heykəl formasında bəşəriyyətə qollarını açmış əfsanəvi Rəşid Behbudovun abidəsi dayanır. Həmin an qulağımda da Küçələrə su səpmişəm, Lalələr musiqisi canlanmağa başlayır. İsmayıl Şıxlının, Süleyman Rüstəmin, Üzeyir Hacıbəylinin, Şövkət Ələkbərovanın abidələrilə göz-gözə gəlirəm. Bəşir Səfəroğlu, Cəfər Cabbarlı, Cabir Novruz, Ziya Bünyadov, Fikrət Əmirov, Maqsud İbrahimbəyov... Məzarlarının yanından keçsəm , onların əslində, ölmədiklərini, əbədi bir ömür yaşadıqlarını düşünürəm ki, bu, həqiqətən belədir.

Məmməd Arazın məzarına tərəf boylananda artıq adamların yavaş-yavaş gəldiyini müşahidə edirəm. O da fiziki ömrünü yaza-yaza başa vurub, ədəbi yaşamaq üçün aramızdan ayrıldı.

Dahilərin məzarlarını ziyarət etmək istəyi məni bir neçə dəqiqə gəzməyə vadar edir. Yenidən geri qayıdıb, Yusif Səmədoğlu ilə qarşılaşıram. Gözümdə nələr canlanır, nələr...

Hər biri Azərbaycan tarixində, musiqisində, ədəbiyyatında, incəsənətində, ümumiyyətlə, Azərbaycan yolunda iz qoymuş bu dahilərin qəbirüstü abidələri əsla insana məzarlığı xatırlatmır. Əsərlərini sevə-sevə oxuduğun, musiqilərini dinlədiyin bu şəxsiyyətlərin məzarını ziyarət qəribə bir enerjini adamın daxilinə ötürür.

Elə bu dəm bir türkiyəli yaxınlaşıb Müslüm Maqomayev Cəlil Məmmədquluzadənin məzarı ilə yanaşı şəklini çəkməyimi istəyir. Daha sonra isə insanların üçün toplaşdığını soruşur. Məmməd Arazı tanısa da, yaradıcılığı ilə dərindən tanış olmadığını bildirir elə buna görə anım tədbirinə qatılmaq istədiyini deyir. Məmməd Arazın məzarına qədər olan bu kiçik məsafədə digər dahilər haqqında ona məlumat verə-verə yaxınlaşıram insanların yanına.

Çox keçmir ki, şairin həyat yoldaşı Gülxanım Fətəli qızı, İradə xanım Tuncay, Cəfər Quliyev, Aqil Abbas, Rəşad Məcid, Qardaşxan Əzizxanlı daha neçə söz-sənət adamı şairin məzarı önündə bir araya gəlir.

Anım tədbirinin aparıcısı Q.Əzizxanlı Məmməd Arazın həyatından, yaradıcılığından danışır, xatirələrini bölüşür.

Mən isə tez-tez dönüb yanımdakı türk vətəndaşına onun başa düşmədiklərini tərcümə edir, əlavə məlumatlar verirəm. O, heyrətini gizlədə bilmir.

Söz Aqil Abbasa verilsə , o, öncə ağsaqqalın - Məmməd Arazın dostu, həkim Cəfər Quliyevin danışmasını istəyir.

C.Quliyev uzun illər dostluq etdiyi şairlə bağlı xatirələrini dilə gətirir, onunla keçən zamandan söz açır. O danışarkən, nitqindəki həyəcan diqqətimdən qaçmır.

Rəşad Məcid çıxışının əvvəlində şairin yaradıcılığına istinad edir, sonra Məmməd Araz şəxsiyyəti irsindən söz açır, onu şəxsən tanıdığına görə özünü xoşbəxt saydığını deyir.

Şairin məzarı başına toplaşan digər insanlar da Məmməd Araz haqqında düşüncələrini, xatirələrini paylaşırlar.

Gözlərimi şairin məzarına düzülmüş güllərə zilləyib, dodağımın altında onun öz şeirini pıçıldayıram:

çiçək, sancaq oldum yaxanda,

Bir ömür yaşadım - əkinçi ömrü.

Qalır sel ağzında, çay qırağında

İkinci həyatım, ikinci ömrüm...

 

Orxan SAFFARİ

 

 

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.23.