Emin Sabitoğlunun sorağında  

 

 

Əslində, onu uşaqlıqdan tanıyırdım. Televiziyada eşitmişdim. Bizə dərs deyən Cəbiş müəllimdən öyrənmişdim adını.

Sonra tez-tez ifalarına qulaq asır, Bakıya gedib onunla görüşmək istəyirdim. Ad günlərimin on yeddincisində onu dinləyirdim. Hələ on yeddi yaşda olmağıma baxmayaraq, özümü illərin yorğunu kimi hiss edir, heç yaşamadığım, heç görmədiyim, bilmədiyim hissləri, hadisələri yadıma salıb kövrəlirdim. Onlar necə yadımda qalmışdı, bilmirdim. Gecəni gitara simlərinin arasında kiminsə barmaqlarına toxuna-toxuna birtəhər keçirirdim. Gəncliyimin ilk gecəsini onunla birgə birotaqlı evimdə uşaqlığım üçün darıxaraq keçirdiyim hər dəfə məni utandırır. Yazıq qocanı öz nostaljimlə bezdirmişdim. O da məni hardan tanıyır...?! Amma mən onu tanıyırdım. Ağrılı kədərimi onun musiqiləri ilə ovudurdum. Deyirdilər, Bakının istənilən yerində tapa biləcəksən onu. Tələbə olduğum xəbərini mənə müjdəliyən telefonuma baxıb ona verəcəyim sualı elə o zaman düşünmüşdüm. Paytaxta çatan kimi bəstəkarımı - sirdaşımı tapıb ona bu sualı verəcəkdim.

Şəhərə çatanda mənə hər səhər limana gedib dənizə əl elədiyini bildirdilər. Səhər oyanıb onuLimanlarda axtarmağa başladım. Görürdüm. Dənizə baxıb uzaqlaşan gəmilərə əl edən qocanın şərfini külək arxaya atırdı. Mən ona yaxınlaşdıqca külək daha bərk əsir və o məndən uzaqlaşırdı. Onun üçün hazırladığım sualı küləyə qışqırırdım. Ki bəlkə eşidə... Cavab yox idi. Pianinoda həmin o qeyri-müəyyən tanınan adamın sağ əlinin daha sürətlə dillərə toxunduğunu, sol barmaqlarının isə sağ üçün fon seçdiyi ritmi sabit sürətlə çaldığını hiss edirdim. “Limanlarda idi. Ancaq məni özünə yaxın buraxmırdı.

Cəbiş müəllimim hər gün mənə zəng eləyib onu tapıb-tapmadığımı soruşurdu.

- Sabah, müəllim, sabah mütləq onunla sizi danışdıracam.

Cəbiş müəllimin müharibə illərində bu adamla xatirələri çox olub, deyəsən. Elə danışırdı. O da demişdi ki, daha çox limanda olmaq ehtimalı var. Nə təəssüf, bircə mən onu Bakı buxtasında görmədim. Gördüm, çatmadım. Çatdım, görüşə bilmədim. Görüşdüm, sual verə bilmədim. Ağzımı bir kəlmə də açmağa fürsətim olmadı.

Günlər keçirdi. Axşamlar taksidən düşüb İçərişəhəri piyada gəzib onu dinləyirdim. Onu dostu Vaqif Səmədoğludan da soruşmuşdum. “Axtarma!” - demişdi Vaqif əmi. Pis olmuşdum. Uşaqlıqdan dinlədiyim, sevdiyim adam haqqında niyə belə üzgün danışırdılar ki?! Məni ötən günlərimə bağlayan adam idi o. Həm də Cəbiş müəllimə söz vermişdim axı... həm də özümün də sualım var idi. Bir dəfə yuxuda mənə görünüb “Ölsəm...bağışla!” deyib keçmişdi. Bir az da buna görə ümidim üzülmüşdü. Bəlkə də onu axtarmağın mənası yox idi.

Payız gəlmişdi və uçub getmişdi quşlar, yağışlar başlamışdı. Baladadaş adlı köhnə dostumun dilində əzbər olanSevgi mahnısı” mənə o qoca bəstəkarı xatırladırdı. İndi Baladadaş o mahnını oxuduğu sevgilisi ilə evlənmişdi, məhləmizdən köçüb getmişdi qonşu ölkələrdən birinə. Zəng edəndə zarafatcaAman ayrılıq” deyib qəhqəhə çəkirdi. “Hanı o çağlar”, yoxdu... Nə bizim Cəbiş müəllimi düz-əməlli görə bilirəm, nə də Baladadaşı. Bakı mənə yad şəhər, mən ona yad qonaq. İçimdə böyüyən sualı sahibinə verib rahatlamaq istəyirdim. Mənimlə birgə böyüyən o mahnıların mahir bəstəkarını tapmaq istəyirdim paytaxt şəhərdə.

Hər kəsin unutmaq istəmədiyi bir səs olur. O səsi əmanət kimi saxlayır. Cibində daşıdığı ümidlə bərabər bir gün kiməsə verəcəyini düşünə-düşünə onu yaşadır. Həyatına təzə adamlar, təzə şəhərlər gəlir, o səsə qarışır, həmin səsin xatirə yükü bir az da çoxalır, ağırlaşır, cibimizdə daşıya bilmirik. Kürəyimizə alıb ağır-ağır yeriyirik. Bəzən qoca adamların niyə əllərini arxada çarpazlaşdırıb önə əyilərək yeridiyini düşünürdüm. Mənə indi məlum olurdu niyəsi. İllər insanın çiyinləri üzərində yığılır. Biz öz həyatımızı çiynimizdə daşıyırıq. Nə kədərlidi deyilmi?! Tanrıdan əvvəl özümüz özümüzü sual-cavab edə bilərik. Sadəcə bir qədər oturmalı, çiynimizdən o illəri qarşımıza qoyub onlarla söhbətləşməli və bağışlanmağımızı istəməliyik. Həmin bəstəkar da mənim çiyinlərimdəki illərin çoxunda var idi. Sonra onu başqa adamların da çiynində görmüşdüm.

Axtarışımİstintaqkimi davam edirdi. Onu eşitdiyim ilk illərdən bu yana hamısını sorğuya almışdım. Hamısı da mənəBakıdadır, o həmişə orada olurdeyirdi. Bakıda harda?!

“Təhminə” mənə çəkdiyi şəkilləri göstərirdi. O, Bakını çəkməyi sevirdi. Deyirdi, bəlkə fotolardan hansındasa ola. Düzü, Təhminə Şopeni sevirdi. Ona heç qulaq asmamışdı. Ancaq adını eşitmişdi. Təhminə ilə məni Zaur tanış etmişdi. Zaurun da sevdiyi bəstəkar o idi. Uşaqlıq dostum idi. Özü də yaxşı fotoqraf idi. Bir dəfə onunDantenin yubileyi” adlı fərdi fotosərgisinə getdim. Məşhur yazarlar, rəssamlar, fotoqraflar, bəstəkarlar orda idi. Bircə mənim axtardığım adam yox idi. Zaur demişdi ki, xəstələnib. Vaqif əmiylə görüşəndə də onun əhvalının bir o qədər yaxşı olmadığını duymuşdum.

Limana qayıtdım. Gəmi siqnal verirdi. Yanımda bir qoca gəmiyə əl yelləyib gülümsəyirdi. Şərfini külək arxaya atıb, saçlarını darmışdı. Dənizin ortasında gözüməUzaq yaşıl adagörünürdü. Orada kimsə piano ifa edirdi. Deyəsən, o idi. Səsini eşidirdim. Limandan ayrılan gəmi üzü yaşıl adaya tərəf hərəkət edirdi. Bəlkə gəminin içində idi?! Bilmirdim. Vermək istədiyim sualı düşünüb dilimdə mahnı sözlərini təkrar edirdim:

Ayrılıq bir dənizmiş,

sən uzaq yaşıl ada...

Cəbiş müəllimin zənginə necə cavab verəcəyimi bilmirdim. Utanırdım. Müəllimim ayda-ildə bir dəfə məndən bir xahiş etmişdi, onu da yarıtmamışdım. isə... tapa bilmədim. QulağımdaÖlsəm...bağışla!” parçası, qarşımda dəniz, yanımda gəmiyə əl sallayan qoca, fikrimdə Vaqif əmininAxtarma!” kəlməsi. Ümidimi cibimdən çıxarıb qocaya tərəf uzatdım. Ümidə baxıb gülümsədi. Aldı əllərinə getdi. Uçan qağayılara bir az da baxıb sahil boyu gəzdim. Birdən kimsə arxadan soruşdu:

- Emin Sabitoğlunu axtarırsınız?

Gülümsədim. Qoca, şərfini düzəldib siqaret yandırdı. Hansı sualı verəcəyimi unutmuşdum, bağışlayın...

 

Cavid Emin

525-ci qəzet.- 2018.- 20 oktybar.- S.23.