Pakistanlı müəllif Milli Kitabxananın qonağı oldu

Oktyabr ayının 23-də pakistanlı müəllif Münəvvər Əhməd Azərbaycan Milli Kitabxanada olub. Qonağı Milli Kitabxananın direktoru Kərim Tahirov qarşılayıb.

Ölkəmizə daha əvvəl də bir neçə dəfə gəldiyini qeyd edən Münəvvər Əhməd Bakını çox sevdiyini vurğulayıb, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi qeyd edib.

Münəvvər Əhməd daha əvvəlki gəlişi zamanı müəllifi olduğu uşaq şeirlərindən ibarət kitabı Milli Kitabxanaya hədiyyə etdiyini bildirib. Budəfəki gəlişində isə Azərbaycan və Urdu dillərində ortaq işlənən sözlərdən ibarət "Urdu-Azerbaijani common heritage" adlı yeni kitabını Milli Kitabxananın fonduna hədiyyə etmək istədiyini söyləyib.

Kitabın Pakistanda çox sevildiyini və hər iki ölkə üzrə bu mövzuda kitab yazan ilk şəxs olduğunu bildirən müəllif kitabın bir nüsxəsini Milli Kitabxananın direktoruna hədiyyə edib.

K.Tahirov qonağa öz təşəkkürünü bildirib və bu kitabın Milli kitabxananın fondunda öz layiqli yerini tutacağını vurğulayıb.

Direktor həmçinin, Milli Kitabxana haqqında 3 dildə çap olunmuş "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" kitabını və Bakının simvolu olan Qız Qalası suvenirini qonağa hədiyyə edib.

Sonda müəllif yaxın zamanda ingilis dilində çap olunması nəzərdə tutulan yeni kitabını da Milli Kitabxanaya hədiyyə edəcəyini bildirib.

525-ci qəzet  2018.- 24 oktyabr.- S.7.