Nigeriyada Azərbaycan Gecəsi

Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə bu ölkənin əsas mədəniyyət mərkəzi və böyük şəhəri Laqosda Muson Musiqi Festivalının 22 illik yubileyinə həsr edilən “Şərq ilə Qərb görüşəndə” adlı Azərbaycan gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bayramovanın təşkilatçılığı ilə gerçəkləşən bu tədbir ölkəmizin mədəniyyətinin Nigeriyada təbliği baxımından ikinci tarixi hadisədir. Tədbir həm də uzaq Nigeriyada musiqimizin və mədəniyyətimizin geniş kütləyə təqdimatı ilə yadda qalıb.

Laqosun Muson Musiqi Mərkəzində keçirilən mərasimdə bu ölkədə fəaliyyət göstərən 30-dan çox konsulluq və səfirliyin rəsmiləri iştirak ediblər. İtaliya, Polşa, Albaniya, Fransa, Mərakeş, Qana və digər dövlətlərdən 350-dən çox tamaşaçının iştirak etdiyi tədbirdə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət göstərən istedadli pianoçu Səidə Zülfüqarovanın klassik və xalq mahnılarımızı, eləcə də əcnəbi musiqiçilərin əsərlərini məharətlə ifa etmələri hamının zövqünü oxşayıb. Konsertdə səslənən Oqtay Zülfüqarov, Hacı Xanməmmədov, Vasif Adıgözəlovun bəstələri, muğamlarımızdan parçalar, Avropa bəstəkarlarının əsərlərindən nümunələr alqışlarla qarşılanıb.

Billurə Bayramova konsertlə bağlı təəssüratlarını bölüşərkən “Şərq ilə Qərb görüşəndə” adlı Azərbaycan gecəsinin möhtəşəmliyini vurğulayaraq deyib: “Tədbirdən sonra Azərbaycan mətbəxinin nümunələri, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən nümunələr və şirniyyatlarımız qonaqlara təqdim edilib. Bu tədbirin təkcə Nigeriyada deyil, orada iştirak edən digər dövlətlərin təmsilçilərinə də Azərbaycan tarixinin təbliği baxımından faydalı olduğunu desəm, yəqin yanılmaram. Tədbir çərçivəsində mədəniyyət və incəsənət nümunələrimizin nümayişi ölkəmizin qədim tarixə malik olduğunu göstərməklə yanaşı, maddi-mədəni irsimizin dünyada təbliği baxımından da böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan musiqisi isə öz əsrarəngizliyi ilə Nigeriya dinləyicilərini heyran edib”.

Tədbir çərçivəsində, həmçinin, Azərbaycana həsr edilən foto və videomateriallardan ibarət sərgi də nümayiş olunub.

525-ci qəzet.-2018.-27 oktyabr.-S.13.