Müasir dövr miqrasiya proseslərinin pərdəarxası

Qloballaşma dövrü və üçüncü minillik bəşər cəmiyyəti qarşısında yeni çağırışlar, dilemmalar ortaya çıxardı. Heç şübhəsiz ki, günümüzdə ən çox rast gəlinən, eşitdiyimiz ifadə "böhran" sözüdür. Dünya maliyyə böhranı, iqtisadi böhran, beynəlxalq hüququn qarşılaşdığı ədalət böhranı, hətta mənəvi dəyərlərin aşınması böhranı və sonsuz sayda digər məsələlərlə bağlı cəmiyyətin qarşılaşdığı istənilən aktual problemi böhran olaraq qəbul etmək olar. Sual oluna bilər ki, cəmi 20-25 əvvəl qeyd olunan məsələlərə problem kimi yanaşırdılarsa hazırda niyə məhz böhran adlandırılır? Suala birmənalı cavab vermək çətin olsa da, fikrimizcə, hadisələr o qədər dərininə inkişaf edib ki, cəmiyyət artıq ciddi bir seçim qarşısında qalıb: "tamam, yoxsa davam".

Bu mənada "böhran" sözünün Çin dilində mənası günümüzün reallığını əks etdirir. "Böhran" sözü Çin dilində iki heroqlifdən ibarətdir: biri "təhlükə”, digəri isə "əlverişli imkan" deməkdir. Birinci hal baş verən böhrandan sonra hər hansı bir tarixi, siyasi, iqtisadi prosesin tamamilə süquta uğramaq təhlükəsi ilə qarşılaşdığı vəziyyəti əks etdirir. İkinci halda isə böhrandan sonra həyat dövranının növbəti mərhələsi olaraq yeni inkişaf prosesi üçün əlverişli imkan yaranır. Bu mənada simvolik olsa da hazırda "tamam, yoxsa davam" bu iki heroqlifin simmetriyasına bənzəyir.

Üçüncü minilliyin gündəmini zəbt edən ən aktual məsələlərdən biri də miqrasiya böhranıdır. Hazırda müxtəlif ölkələrdə bu problemə dair çoxlu tədqiqatlar aparılır, elmi əsərlər ortaya qoyulur. Qeyd edilməlidir ki, ciddi elmi dairələrdə belə fərqli yanaşmaların şahidi oluruq. Miqrasiya böhranının yaranma səbəbləri, miqrantların axın etdiyi ölkə və regionlar, gəldikləri ölkələrdə davranış normaları və qarşılaşdıqları reaksiya, dini-irqi motivlər və bir sıra digər amillərə görə yanaşmalar da fərqlənir. Bu baxımdan sadə oxucunun böhranın həqiqi səbəbləri və cəmiyyəti hara apara biləcəyi ilə bağlı elmi yanaşmaların əks olunduğu əsərlərə ehtiyacı vardır.

Fikrimizcə, bu yaxınlarda işıq üzü görən "Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı geniş oxucu auditoriyasına xitab etməklə yanaşı, bu sahədə ekspertlər arasında, eləcə də elmi dairələrdə maraqla qarşılanacaqdır. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun ideya müəllifi və baş redaktoru olduğu bu yeni tədqiqat müasir dövr miqrasiya proseslərinin həqiqi səbəbləri, bəşər cəmiyyəti qarşısında yaratdığı çağırışların dünyanın gələcəyinə təsiri, sivilizasiyaların dialoqu, yaxud toqquşması kimi dilemmalara işıq salır.

Bu bir reallıqdır ki, bütün tarixi dövrlərdə miqrasiya prosesləri cəmiyyətin qarşısında bir çağırış olmuşdur, lakin bugünkü kimi böyük təzadlar heç vaxt yaranmamışdır. Müasir dövr miqrasiya prosesləri bir sıra səciyyəvi xüsusiyyətləri ilə fərqlənir. İlk növbədə qeyd etməliyik ki, hazırda planetimizin demək olar ki, hər bir yerində miqrasiya axınları baş versə də, miqrasiya böhranı adlandırılan proses daha çox "Qoca qitə"yə yönəlmiş köçlə əlaqələndirilir. Bu isə Avropaya yönələn miqrantların mənəvi dəyərlərdən tutmuş məşğulluğa qədər böyük təsir arealında kəskin dəyişikliklərə səbəb olması ilə əlaqədardır. Bu mənada miqrantların Avropa yolunda əsas marşrutlarından olan Aralıq dənizinin "ölüm dənizi" adlandırılması da təsadüfi hesab edilməməlidir. Afrikanın, Yaxın və Orta Şərqin bir çox ölkələrində məhz "böyük güclər"in siyasi müdaxilələri nəticəsində evlərini tərk etməli olan miqrantlar üçün Aralıq dənizi ölüm-qalım uğrunda mübarizə meydanına çevrilmişdir. Böhran isə təkcə "dənizdən sağ çıxmaq"la bağlı deyil. Hazırda öz vətənlərindən məcburi miqrasiyaya məruz qalan insanlara üz tutduqları ölkələrdə münasibət də birmənalı deyil. Onlar gəldikləri ölkələrdə əksər hallarda ayrı-seçkiliklə üzləşirlər, etnik, dini kimlik ön plana çıxarılır. Bu baxımdan müasir dövr miqrasiya prosesləri fərqli sivilizasiya daşıyıcılarının toqquşması, multikultural böhranla müşayiət olunur.

Yaşadığımız dövrdə miqrasiya proseslərinin ən mühüm xüsusiyyətlərindən biri də beynəlxalq münasibətlər sistemi, beynəlxalq hüquq və ümumilikdə ədalət böhranı ilə səbəb-nəticə asılılığı ilə əlaqədardır. Hazırkı kitabda göstərildiyi kimi mövcud beynəlxalq hüquq faktiki olaraq beynəlxalq münasibətlər sistemini idarə etmək iqtidarında deyil. Ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən beynəlxalq hüquq bütün dünyada böhranlı regionların və ərazi münaqişələrinin sayının artmasına səbəb olur.

Kitabda miqrant axınlarının həqiqi səbəblərini anlamaq üçün bir sıra faktlar ortaya qoyulur, paralellər aparılır. Müəlliflərin diqqətini cəlb edən əsas məqamlardan biri hazırda miqrant və qaçqın vəziyyətinə düşmüş insanların ilkin olaraq yaşadıqları ölkələrin əksəriyyətinin əvvəllər Qərb dövlətlərinin müstəmləkəsi olmalarıdır. Miqrasiya prosesini müstəmləkəçilik siyasəti çərçivəsində nəzərdən keçirərkən, miqyas və xarakter baxımından üç mərhələ fərqləndirilir. XVI əsrdən XX əsrin əvvəllərinə kimi davam edən birinci mərhələdə müstəmləkələrin təbii və insan resursları Qərb ölkələrinin bütün sahələrdə inkişafını stimullaşdıran faktor kimi xarakterizə edilir. Bu mərhələdə miqrasiya insan resurslarının qul kimi istismarı ilə yanaşı dominant ölkənin dilinin, mədəniyyətinin və idarəçilik sisteminin yayılması və zorla nüfuz etdirilməsinə yönəlmişdi. Qeyd etmək lazımdır ki, məhz mədəniyyət və dil bağlılığı üçüncü minillikdə belə keçmiş müstəmləkə ölkələrinin öz peyklərinin orbitində qalmasına imkan yaradır.

Britaniyanın rəhbərlik etdiyi Millətlər Birliyi, Fransanın lideri olduğu Frankofoniya Təşkilatı, İspaniyanın başında dayandığı İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın liderliyində Portuqal Dilli Ölkələrin Birliyi keçmiş asılılığın müasir forması kimi həm bir zərurət, həm də məqsədyönlü planın bir hissəsidir. Məhz bu mədəni faktor müasir miqrasiya proseslərinin ikinci mərhələsi üçün bünövrə rolunu oynamışdır. Müəlliflərin ikinci mərhələ kimi təsnif etdikləri bu dövr birinci dünya müharibəsinin başa çatmasından sonra XX əsrin sonlarınadək olan periodu əhatə edir. Həmin dövrdə Avropanın işçi qüvvəsi kimi ehtiyaclarını ödəmək məqsədilə dəvət edilən miqrantlar metropoliya və müstəmləkə arasında mədəni bağlılığın qorunub saxlanılmasına və dolayısı ilə təsir imkanlarının qalmasına xidmət edirdilər.

Maraqlıdır ki, məhz bu mərhələdə Avropada "multikulturalizm" anlayışı dövriyyəyə buraxıldı. Həmin dövrdə ucuz işçi qüvvəsinin Qərbin universal dəyərlərinə uyğunlaşdırılmasına hesablanmış Qərbsayağı multikulturalizm miqrantların öz milli, dini, mədəni dəyərlərini ümumiyyətlə nəzərə almırdı. Fikrimizcə, məhz bu yanaşma indi miqrasiya böhranı adlandırdığımız burulğanın yaranmasına səbəb oldu. Fərqlilikləri nəzərə almadan universal norma yaradılması təşəbbüsü əvvəlcədən sonu olmayan dəhlizə oxşayır. Buna görə də Avropada anti-miqrant əhval ruhiyyəsinin yüksəlməsinə, sağçı siyasi qüvvələrin populyarlaşmasına və son nəticədə cəmiyyətin "doğma və özgə", "yerli və gəlmə"lərə bölünməsinə səbəb olur. Bu isə onu göstərir ki, Qərbin bəyan etdiyi demokratik dəyərlər, insan hüquqları prinsipləri yalnız özləri üçün nəzərdə tutulub.

Müəlliflər Qərbin "soyuq müharibə"də qələbəsindən sonrakı dövrü müasir miqrasiya proseslərində üçüncü mərhələ və haqlı olaraq "geosiyasi miqrasiya" hesab edirlər. Bu dövrdə Qərbin dominantlığı üzərində qurulan yeni geosiyasi konfiqurasiyada miqrasiya prosesləri bir tərəfdən "beyin axınının" Qərbə istiqamətlənməsinin təşviqi ilə, digər tərəfdən isə hegemon dövlətlərin hərbi müdaxiləsindən sonra öz evlərindən didərgin düşməyə məcbur olmuş insanların "arzu edilməyən miqrantlara" çevrilməsi, dözümsüzlüyün artması, xüsusilə də islamafobiya meyllərinin kəskinləşməsi ilə xarakterizə olunur. Bütün bunlar cəmiyyətdə fərqli qütblərin yaranmasına, ziddiyyət və təzadların kəskinləşməsinə gətirib çıxarır. Beləliklə, göstərilən tarixi dövr ərzində miqrasiya hər zaman Qərb dövlətləri tərəfindən idarə olunan proses olmuşdur. Amma görünən odur ki, yeni minillikdə miqrasiya proseslərini Qərb öz maraqlarına uyğun tam idarə edə bilmir. Hətta son illərin ən məşhur taktikası "idarəolunan xaos" da bu proseslərdə özünü doğrultmur. Ola bilsin ki, bu mənada proseslərin idarəolunmadan çıxmasını Qərbin maraqlarına uyğun miqrasiya böhranı adlandırırlar.

Hazırkı miqrasiya prosesləri dinlərarası ziddiyyətlərlə müşayiət olunur. Tarixdə ilk dəfə olaraq Avropa "müsəlman olmaq təhlükəsi" ilə üz-üzədir. Avropa Qərb sivilizasiyanın nüvəsini təşkil edən xristian dəyərlərini itirmək qorxusu yaşayır. "Qoca qitə"də Qərb dəyərlərinin özünümüdafiə instinkti isə bütünlükdə bəşəriyyət üçün təhlükəli olan 2 istiqamətin genişlənməsinə şərait yaradır. Birincisi, zəif demoqrafik göstəricilər, nikah münasibətlərinin davamsızlığı, ənənəvi ailə birliyinin dağılması Qərbin dəyərlər sistemində yeni elementlərin ortaya çıxmasına şərait yaratdı. Təəssüf ki, bu yeniliklər cinsi azlıqların cəmiyyətdə mövqelərinin möhkəmlənməsinə, ailə dəyərlərinin məhvinə, virtual məkandan tiryaki asılılığı olan nəslin formalaşmasına və bütünlükdə dəyər kəsb etməyən dəyərlər simbiozunun təbliğ edilməsinə rəvac verdi. İkincisi isə, yeni miqrant axını dini dözümsüzlüyün ən pik səviyyəyə çatmasına, islamafob davranışların gündəlik həyat normasına çevrilməsinə və nəticədə bunun "domino effekti" yaradaraq müxtəlif qüvvələr tərəfindən idarə olunan dini radikal meylli terror qruplaşmalarının yaranmasına səbəb oldu. Təsadüfi deyil ki, son bir neçə onillikdə "ədalət axtarışı" anlayışı altında beyinləri yuyulan böyük bir kütlə terror qruplaşmalarına cəlb olunur. Bütün bunlar isə islamafobiya meyllərinin güclənməsinə təkan verir.

Kitabda əks olunan Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun müasir dövr miqrasiya proseslərinin mərhələləri ilə bağlı təsnifatı geosiyasi yanaşmanı əks etdirir. Onun fikrincə, "Miqrasiya axını müstəmləkəçiliklə birlikdə yaranıb və onun qalığıdır. Bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir. Miqrasiya siyasəti I mərhələdə müstəmləkəçiliyi möhkəmləndirmək, II mərhələdə müstəmləkədən azad olmuş ölkəni öz nəzarətində saxlamaq üçün istifadə edilib. İndi bu siyasətin III mərhələsi başlayır. Bu mərhələdə artıq miqrantlara "qanundankənarlar" adı verilir".

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunan "Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı 5 fəsildən ibarətdir. Birinci fəsildə "Miqrasiya böhranı nə vaxt və hansı səbəbdən başlamışdır?"sualına Qərb alimlərinin baxışları maraq doğurur. Belə ki, əksər hallarda böhranın səbəblərindən çox, onun yaranmasına təkan verən hadisələr, yəni nəticələr arasında fərq qoyulmur. Miqrasiyanın əsas səbəblərinin terror hadisələri, avroskeptizm, iqtisadi vəziyyətlə əlaqəli olması fikrinəüstünlük verilir. Lakin müəlliflərin haqlı olaraq qeyd etdiyi kimi, bunlar miqrasiya böhranının səbəbləri deyil, daha çox nəticələrdir. Yaxın və Orta Şərqdən, eləcə də Afrikadan Avropaya axın edən insanların köç səbəbləri qlobal güclərin həmin region ölkələrinə hərbi müdaxiləsidir. Sadəcə Qərb siyasi və elmi dairələrində miqrasiyanın həqiqi səbəbləri deyil, nəticələri gündəmə gətirilir. Baş verənlərdə heç kimin səbəbkar və günahkar olmaması belə təəssürat yaradır ki, dünyada qaçqın və miqrantlarla bağlı hər hansı beynəlxalq hüquqi norma və öhdəliklər mövcud deyil.

Müəlliflərin qənaətinə görə isə hazırkı miqrasiya böhranının səbəbləri tarixi kökləri Qərbdə müstəmləkəçilik sisteminin yaranması, insan və təbiət resurslarının istismarına yönəlmiş, əsrlərlə davam edən siyasətin dalana dirənməsidir. Aparılan təhlillər göstərir ki, miqrasiya böhranı demokratiyanın genişləndirilməsi adı altında məqsədyönlü şəkildə Qərb sisteminin yayılmasının, suveren dövlətlərin daxili işlərinə müdaxilələrin, başqa xalqların seçdiyi iqtidarları devirməyin acınacaqlı nəticələridir. Eyni zamanda, miqrasiya böhranı Qərb liberal siyasi-ideoloji sisteminin dərin böhranının əlaməti və liberal insan hüquqları paradiqmasının süqutudur.

Kitabda beynəlxalq münasibətlər nəzəriyyələrində miqrasiyanın beynəlxalq siyasətlə bağlılığı haqqında neorealizm, liberal institusionalizm, konstruktivizm, tənqidi nəzəriyyə əsasında yanaşmalar ayrı-ayrı təhlil edilir. Bütün bu fərqli yanaşmaların fonunda müəlliflərin qənaətinə görə miqrasiya araşdırmalarının əksəriyyəti tarix boyu Qərb ölkələrinin nöqteyi-nəzərini ifadə etmiş, mənbə və tranzit ölkələrin problemə baxışına biganəliklə yanaşılmışdır. Bu cür yanaşma isə beynəlxalq miqrasiyanın həqiqi səbəblərini elmi cəhətdən əsaslandırılmış şəkildə ortaya qoymağa imkan vermir.

Müəlliflərin baxış bucağında qaçqın və məcburi köçkün təsnifatı ilə bağlı çox zaman diqqətdən qaçan incə bir məqama aydınlıq gətirilib. Məlum olduğu kimi "miqrant" anlayışı suveren dövlətin qurulduğu dövlət-vətəndaş və vətəndaş-ərazi əlaqələrinin parçalanmasının təzahürü kimi özünü göstərir. Eyni zamanda, "məcburi köçkün və ölkədaxili qaçqın" anlayışı vətəndaş-ərazi münasibətlərinin dağıdılmasını göstərdiyi halda, "məcburi qaçqın" anlayışı dövlət-vətəndaş əlaqələrinin parçalanması ilə üzə çıxır.

İkinci fəsil XX əsrdə Qərb dövlətlərinin miqrasiya siyasətinin modellərinin tədqiqinə həsr olunub. Avropada milli dövlətin yaranması ilə miqrasiya proseslərinin tənzimlənməsinə başlanılmışdır. Həmin vaxtdan etibarən suverenlik və vətəndaşlıq presedentləri formalaşmış, "yerli və gəlmə" insanlar fərqləndirilmişdir. Bilindiyi kimi Avropada birinci qaçqın böhranı I dünya müharibəsi və 1917-ci ilin rus inqilabının təsiri altında baş vermişdir. Həmin dövrə qədər "Qoca qitə" "ağ irq, xristian din və avropalı etnik" nüvədən kənara çıxmırdı. II dünya müharibəsinə qədərki dövrdə Avropaya çoxsaylı qaçqın axını olsa da bu, qeyd etdiyimiz nüvənin struktur tərkibinə əhəmiyyətli təsir edə bilməmişdi. Müharibələr arası dövrdə vətəndaşlığı olmayan miqrantların tənzimlənməsi üçün ilkin normalar və institutlar, "Nansen pasportları"nın verilməsi kimi məsələlər müəyyən edilməyə başlandı. Əsaslı dəyişikliklər isə II dünya müharibəsindən sonra Avropanın ucuz işçi qüvvəsinə olan tələbatını ödəmək üçün müstəmləkələrdən təşviq etdiyi miqrant axınından sonra oldu. Avropa ölkələrinin əksər keçmiş müstəmləkələri Afrikada və müsəlman ölkələri olduğundan Avropanın əhali strukturunda ağ olmayan irqi, islam dini daşıyıcıları və multietnik mozaik quruluş yarandı. Müqayisə üçün qeyd etmək olar ki, əgər 1950-ci illərdə Avropa əhalisinin 800 000 nəfəri müsəlman idisə, 2010-cu ildə bu rəqəm 44 milyon nəfərə çatmışdır. Bu isə Avropanın əsrlərdir mühafizə etdiyi dəyərlər sisteminə təhlükə kimi qarşılanır.

Miqrasiya siyasətinin başlıca olaraq Qərb dövlətlərinin mövqeyinə uyğun həyata keçirilməsi, XX əsr boyu yaranan qaçqın və miqrantlarla bağlı qanunvericiliyin lazım gələndə "çevik" surətdə dəyişdirilməsi, səlahiyyətli təşkilatların bunları görməzdən gəlməsi təqdim olunan kitabda ətraflı tədqiq edilmişdir.

Tədqiqatda beynəlxalq miqrasiya prosesləri araşdırılsa da, Azərbaycanın yaşadığı qaçqın probleminə səbəb-nəticə prizmasından ayrıca diqqət edilmişdir. Məlumdur ki, Azərbaycan adambaşına düşən qaçqın sayına görə dünyada ən yüksək göstəriciyə malik olan ölkə olmuşdur. XX əsrin 90-cı illərinin əvvəllərində 8 milyon nəfər əhalisi olan ölkəmizdə hər 8 nəfərdən biri qaçqın və ya məcburi köçkün idi. Bu mənada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünlərin yaranması ilə bağlı 2 mühüm faktor göstərilir. Birincisi, tarixən müstəmləkəçi məskunlaşdırma siyasəti nəticəsində Azərbaycan ərazilərinə köçürülmüş ermənilərin dövlət qurması və sonradan torpaq iddiaları ilə çıxış etməsi. İkincisi isə ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış məcburi-zorakı miqrasiyanın səbəb və nəticələrinin aradan qaldırılmasında, ədalətin bərpa olunmasında maraqlı olmayan geosiyasi güclərin "ikili standartlar" siyasətinin mövcudluğu, beynəlxalq hüququn iflasa uğraması göstərilir.

Üçüncü fəsildə insan hüquqları və miqrasiya münasiblərinin harmoniyasına diqqət edilmişdir. Demokratiya ixracı və Qərbin dəstəklədiyi iqtidarların hakimiyyətə gətirilməsi cəhdləri ilə suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməsi nəticəsində Yaxın Şərq regionu qaçqın axınları və qeyri-qanuni miqrasiyaya təkan verən fəlakətli proseslərin baş verdiyi məkana, qlobal təhlükəsizlik üçün başlıca təhdid mənbəyinə çevrildi. Müəlliflər haqlı olaraq bu nəticəyə gəlirlər ki, "Demokratiya və insan hüquqlarının" zorakılıqla və hərbi gücün hesabına tətbiq etmək cəhdləri, məntiqi baxımdan digər "fundamentalizmlərlə" bənzərlik təşkil etdiyi üçün nəticələri də eyni oldu.

Hegemonluq siyasətinə əsaslanan, problemlərin ədalətli və real siyasi həll yollarını tapmaq əvəzinə onları humanitar yardımlarla ört-basdır edən beynəlxalq hüquq yalnız öz mahiyyətindən məhrum edilmiş vasitədir. Bu siyasət üçün başqa dövlətlərin suverenliyinə hörmət, zorla torpağından qovulmuş insan fəlakətinə münasibətdə ümumi məsuliyyətin müəyyən edilməsi anlayışı mövcud deyil.

Miqrantların əleyhinə səsləndirilən çoxsaylı arqumentlərdən biri də miqrasiya və terror təhdidinin bir araya gətirilməsidir. Qeyri-leqal miqrasiyanın müasir dövrdə terrorizmin sosial bazasını təşkil edən amillərdən olması ümumən qəbul edilmiş fikirdir. Bununla belə, radikalizm və terrorçuluğun beynəlxalq hüquqda artıq normaya çevrilən ikili standartlar siyasəti ilə bağlı olması halları da az deyil. Radikalizm ideyalarının daşıyıcıları kimi yalnız müsəlmanların nəzərdə tutulması məntiqi yanaşma kimi məqbul hesab edilə bilməz.

Yaxın Şərqdə siyasi qeyri-müəyyənlik onu göstərir ki, Avropa hələ uzun müddət miqrasiya dalğaları ilə üz-üzə qalacaq. Miqrasiya böhranı Yaxın Şərqdə yaşanan siyasi xaosdan qaynaqlansa da, böhranın uzanması ümumavropa xarici siyasətinin səmərəsizliyinin nəticəsidir. Miqrasiya böhranının effektiv həlli vahid xarici siyasətin mövcudluğundan asılıdır. Lakin Avropa İttifaqı ölkələrinin hələ də miqrasiya ilə bağlı ümumi xarici siyasət formalaşdıra bilməməsi Avropanı daha da çətin vəziyyətə salır.

Dördüncü fəsildə Avropa ölkələrinin miqrasiya siyasətinin ifrat sağ təmayüllü ideologiyaların yüksəlməsində rolu, hazırkı miqrasiya böhranı ilə Qərb iqtisadi siyasəti arasında qarşılıqlı təsir tədqiq olunmuşdur. Hazırda ifrat sağ təmayüllü partiyalar miqrantların Qərb cəmiyyətlərinə verdikləri etnik və mədəni müxtəliflik kimi töhfələri qəbul etmir, kütləvi immiqrasiya nəticəsində "dağılmaq" təhlükəsi ilə üz-üzə qalan Qərb sivilizasiyasını ayağa qaldırmağa çalışırlar. Bu düşüncə tərəfdarları kütləvi immiqrasiyanın Avropanı tənəzzülə apardığı qənaətindədirlər. Əslində isə Avropanın əsas problemi miqrantlar deyil, əhalinin təbii artım səviyyəsinin çox aşağı olması səbəbindən yaşanan demoqrafik böhrandır.

Yeni minilliyin əvvəlindən etibarən multikulturalizmə qarşı mənfi münasibət və anti-immiqrant ovqatın getdikcə artması, hətta bəzi ölkələrdə anti-immiqrant partiyaların yaran­ması müşahidə olunur. Müəyyən mənada bu, 11 sentyabr terror hücumları, eləcə də Avropa ölkələrində törədilmiş terror aktları ilə əlaqəli idi. 2011-ci ildə Fransa, Almaniya və Birləşmiş Krallığın rəhbərləri multikulturalizm siyasətinin özünü doğrultmaması haqqında bəyanat verdilər. Həqiqət isə bundan ibarətdir ki, Avropanın bir sıra aparıcı ölkələrinin nümunəsində multikulturalizm böhranının səbəbi müsəlman icmaları ilə bağlı deyil, əksinə islamafobiya ilə bilavasitə əlaqədardır.

Bu bir reallıqdır ki, səbəblərdən və mahiyyətindən asılı olmayaraq artıq Avropa klassik Qərb dəyərləri çərçivəsinə sığmır. Günümüzdə "Qoca qitə" böyük miqrant axınlarının təsiri ilə fərqli mədəniyyət daşıyıcılarının həyat tərzlərini özündə əks etdirir. Avropa rəsmiləri tərəfindən son dövrlərədək dəstəklənən multikulturalizm siyasəti böhran vəziyyətinə düşsə belə, Avropada fərqli mədəni dəyər sahibləri nə silinib atıla, nə də tam assimilyasiya oluna bilinər. Bir sözlə müasir miqrasiya prosesləri fərqli sivilizasiya və dəyər daşıyıcılarının "toqquşma, yaxud harmoniya formulu"nun mütənasibliyindən asılıdır.

Müşahidələrimiz deməyə əsas verir ki, Qərbdə multikulturalizm siyasətinin böhranının başlıca səbəbi burada etnik-mədəni problemlərə multikultural yanaşma tərzinin dövlətin reallıqlara söykənən milli ənənələrini əvəz etməsi, həmin konsepsiyanın tətbiqi zamanı milli təhlükəsizlik maraqlarının, yerli ənənə və birgəyaşayış normalarının, dominant etnos və titullu din amillərinin nəzərə alınmamasıdır. Multikulturalizmin Avropa modelinin əsas hədəfinin assimilyasiya olduğu aydın görünür.

Bu gün multikulturalizm böhranının səbəbi və günahkarı qismində miqrantların özlərinin ittiham edilməsi, onların inteqrasiyaya qabil olmaması və neoliberal dəyərlər sistemindən kənarda qalmalarına dair şüarlar səslənir. Həqiqət isə ondan ibarətdir ki, yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyətinin dünya miqyasında universal standart kimi təqdim olunması özünü doğrultmur.

Beləliklə, artıq immiqrant ölkəyə çevrilən Avropa dövlətlərinin qarşısında dayanan ən mühüm çağırış demoqrafik böhran və böhrandan çıxış yolu kimi immiqrasiyaya əsaslanan siyasətdir. Avropanın yeni sakinlərinin öz dəyərlərini gətirməməsi mümkünsüzdür. Fikrimizcə, Avropa yalnız yenilərin dəyərlərinə hörmət etməklə və ən əsası özününkü hesab etməklə böhrandan çıxa bilər. Eyni zamanda, Avropaya miqrant axınının böyük hissəsinin müsəlman olması Qərbin qarşısında mühüm bir çağırış qoymuşdur. Qərb isə bunu çağırış deyil, öz dəyərlər sisteminə və ümumiyyətlə, gələcəyinə təhdid kimi qiymətləndirir. Hazırda belə fikirlər səslənir ki, Qərb və İslam mədəniyyətləri yanaşı yaşaya bilməz. Lakin bu bir reallıqdır ki, İslam dəyərləri artıq Avropa əhalisinin bir hissəsinin seçimidir. Buna tolerant yanaşma olmasa, İslam faktoru Qərb dəyərlər sistemində öz layiqli yerini tutmasa bu, ilk növbədə Avropanın gələcəyi üçün problemə çevriləcəkdir. Çoxmədəniyyətlilik, multikultural siyasət artıq Qərb cəmiyyəti üçün bir seçim deyil, məhz zərurətdir. Bu mənada geniş oxucu auditoriyasına təqdim olunan "Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" kitabı müasir miqrasiya proseslərinin pərdəarxasını izləmək üçün maraqlı bir mənbə və yeni yanaşmadır.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Müəllifi Twitterdə izləmək üçün: @Ahabibbayli

525-ci qəzet  2018.- 27 oktyabr.- S.10-11.