Yaşıl meydanlara unudulmaz vida

Aydın TAĞIYEV

hekayə

... Onda 1996-cı ilin güllü-çiçəkli bir yaz günü, mayın əvvəlləri idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyevin gərgin fəaliyyəti ilə respublikamızın müstəqilliyinin, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm addımlar atılırdı. Müdrik rəhbərin göstərişi ilə xalqda, vətəndaşlarımızda sabaha inamın, ümidin yaranması naminə bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlərin təşkil edilməsinə xüsusi önəm verilirdi. Elə bu tədbirlərdən biri kimi Şabranda (keçmiş Dəvəçi) da, şəhər stadionunda mahnı və idman bayramı keçirilirdi. O zaman mən ölkədə yeganə televiziya kanalının - AzTV-nin nüfuzlu "Xəbərlər" proqramının xüsusi müxbiri idim və təbii ki, belə bir möhtəşəm tədbiri tamaşaçılara çatdırmalıydıq.

O tədbirə Bakıdan çox mötəbər, tanınmış, adlı-sanlı qonaqlar dəvət olunmuşdu. Ancaq qətiyyətlə deyərdim ki, bu bayramın ən yadda qalan epizodlarından biri bizim Şabran rayonunun veteran futbolçuları ilə "Neftçi"nin veteranları arasında keçirilən futbol matçı oldu.

O zaman Şabranda rayon prokuroru işləyən və respublika mini futbol federasiyasına başçılıq edən Habil Qurbanovun, bir zaman SSRİ çempionatlarında iştirak edən komandaların heyətində oynamış Adil Ağayevin (milli komandamızın qapıçısı Kamran Ağayevin atası), Əsgər Talıbovun və digər yerli futbolçuların Şabranın şərəfini qoruduğu komandanın rəqibi "Neftçi"nin heyətində isə kimlər yaşıl meydana çıxmamışdı?..

Futbolun canlı əfsanələri - Ələkbər Məmmədov, Sergey Kramarenko, Vasili Bruxti, Vyaçeslav Semiqlazov, Adil və Yaşar Babayev qardaşları, Əli Rəhmanov... və... Anatoli Banişevski...

Yaşıl meydanda Banişevskini görən tamaşaçıların - azarkeşlərin alqışlarından qulaq tutulurdu və o alqışlar altında futbolçular beynəlxalq dərəcəli hakimin oyuna başlamaq üçün verdiyi fitin səsini, əlbəttə, eşidə bilməzdilər.

Bəlkə də o gün stadiondakı yaşlı nəsildən olanlar gözlərinə inana bilmirdilər ki, bir vaxt "Marakana", "Uembli" kimi dünyanın məşhur futbol meydançalarında top qovan sevimli "Tolya" indi onların gözləri qarşısında əyalət stadionunda yaşıl meydana çıxıb.

Tamaşaçıların göz yaşları içində topa toxunan Anatoli Banişevskini məşqçilər tez əvəz etdilər. Oyun yenə yarımçıq qaldı. Tamaçaşılar artıq başlanan oyuna yox, meydançanı tərk edən öz sevimli futbolçularına necə bir nisgillə baxır, sürəkli alqışlarla yola salırdılar. Ondan sonra Anatoli bir daha yaşıl meydanlarda görünmədi. Bir il sonra, 1997-ci ilin dekabrında dünyasını dəyişdi.

Banişevskinin ulu babaları uzun zaman öncə Polşadan Ukraynaya, sonralar isə bir parça çörək ardınca neft Bakısına gəlmişdilər. Anatoli Bakıda doğulub boya-başa çatmışdı.

Cümhuriyyətdən bəri polyak tatarları sədaqətlə Azərbaycana xidmət ediblər. Heç bir araşdırma aparmadan qətiyyətlə deyirəm ki, Tolya da polyak tatarlarından idi. Yaxşı xatırlayıram, ötən əsrin 70-ci illərinin ortaları idi. "Neftçi" güclülər dəstəsini tərk etmişdi. Gennadi Bondarenko komandanın baş məşqçisi, Anatoli Banişevski isə oynayan-məşqçi idi. Birinci dövrənin axırına iki tur qalırdı və "Neftçi" də 1-ci dəstədə lider idi. "Neftçi" Vladiqafqazda yerli "Spartak"la oynayırdı. Orasını da qeyd edim ki, "Spartak"ın baş məşqçisi "Neftçi"nin keçmiş oyunçusu Kazbek Tuayev idi. "Neftçi" o matça qədər hələ ki, məğlub olmamışdı. Və o vaxt doğma komandanın sadiq azarkeşləri kimi bizə yaxın bir şəhərdə keçirilən oyuna doğma komandamızı dəstəkləməyə getmişdik. 20-25 nəfər olardıq.

İş belə gətirdi ki, "Neftçi"nin ehtiyat heyətinin, məşqçilər korpusunun yerləşdiyi yerə yaxın bir tribunada oturası olduq.

Birinci hissədə hesab açılmadı, ikinci hissədə meydan sahibləri təzyiqi artırıb "Neftçi"ni sıxışdıranda biz ayağa qalxıb "Tolya,Tolya" deyə qışqıraraq baş məşqçidən Anatoli Banişevskini meydana buraxmasını az qala tələb etdik. Tolya ayağa qalxıb üzünü biz həmyerlilərinə çevirib baş əyərək təşəkkür etdi.

Yerli komandanın güclənən təzyiqini görən, Azərbaycandan gələn biz azarkeşlərin "Tolya, Tolya" hayqırtısını eşidən baş məşqçi yanında əyləşən Banişevskiyə nəsə dedi və Banişevski eləcə məşqçilər korpusunda üst geyimini çıxarmağa başladı. Bəli, baş məşqçi Tolyanı meydana buraxırdı. Və kiçik bir sektorda biz qonaq azarkeşlər - yerli azarkeşlər bizim qonaq olduğumuzu artıq bilirdilər - ayağa durub "Tolya, Tolya" deyə vəcdlə səs-səsə verdiyimizi görüb "Spartak"ın azarkeşləri də qeyri-ixtiyari ayağa durub əfsanəvi futbolçunu - rəqib komandanın oyunçusunu alqışlamağa başladılar.

Və həmin il "Neftçi" güclülər dəstəsinə qayıtdı.

Anatoli Banişevskinin rəqib komandanın qapısından keçirtdiyi qolların çoxu hələ də az qala gözlərim qarşısındadır. Onların bəzilərini arabir köhnə kino-xronikalarda da nümayiş etdirirlər. Ancaq o qollardan birini elə bil bizim Tolya "Neftçi"nin dünən oynadığı bir matçda vurub və o qol sevincini mən hələ də yaşayıram.

Səhv etmirəmsə, ötən əsrin 60-cı illərinin axırları idi. "Neftçi" öz əzəli rəqibi "Ararat"la İrəvanda görüşürdü. Hakimin fitindən sonra meydanın mərkəzindən bizimkilər hücuma necə keçdisə, erməni müdafiəçilər məcbur olub topu meydandan çıxartdılar. Küncdən zərbə! Və sevimli Tolyanın dəqiq baş zərbəsi ilə top rəqib komandanın qapısının torunu titrətdi. Qol! Oyunun ikinci dəqiqəsi.... Stadionda yerlərində donub qalmış "Ararat"ın məyus, həm də qəzəbli azarkeşləri...

Tolyanın rəqib qapılara vurduğu hər qoldan sonra uzun qollarını şəstlə yelləyə-yelləyə qalib bir əsgər kimi meydanın mərkəzinə gəlməsinin özü də elə bir tamaşa idi.

Qeyrətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində Xankəndində dünyanın bu əfsanəvi futbolçusunun xatirəsinə həsr olunmuş futbol turniri keçirərik, inşallah! Tolyanın da ruhu şad olar. Bəlkə onda havasını udub suyunu içdiyi, çörəyini yediyi torpağa, "Neftçi"yə etibarsız çıxmış Eduard Markarovun, Mirzoyan qardaşlarının, Vitali Şevçenkonun, Yuri Romanskinin yatmış vicdanları diksinər.

Sərçələr də dil bilir...

Şikəst idi, ayağını çəkirdi. Dəmi gələndə axsaya-axsaya üst mərtəbədən siqaret çəkmək üçün aşağı, həyətə enərdi. Həyətdə su kranının yanında həmişə dolu vedrələr olurdu. Bir sərçə uçub gəlir, həmin dolu vedrələrdən birindən su içərdi.

Həyət sərçəsi idi. Qorxusuz-ürküsüz gen-geniş həyət-bacada belədən belə uçur, gah hündürə qalxır, gah aşağı enirdi.

Əvvəllər fikir verməmişdi, demə, o, yerindən tərpənəndə və ya öskürəndə sərçə də ürküb doyunca su içmədən uçub gedirmiş. Sonralar sərçə yanğısını söndürənəcən o, öskürəyini boğar, heykəl kimi qımıldanmadan donub yerində qalardı.

Bir gün də həmişəki yerində oturmuşdu. Vedrələr də yerində idi. Bax, yenə həmin sərçə idi, su içməyə gəlmişdi. O, yenə öskürəyini boğdu, yenə heykələ döndü. Ancaq vedrəyə yaxınlaşan sərçə onun üzünə baxa-baxa uçub getdi.

Qanadlanıb havaya qalxan sərçə çox keçmədi ki, qayıdıb təzədən vedrələrdən birinə yaxınlaşdı. Dimdiyini vedrəyə yaxınlaşdırmadan yenidən aralandı.

O, çaş-baş qalmışdı. Sərçənin vedrədən əyilib su içməyi, necə vaxtdan bəri onun üçün əsl tamaşa, bir rahatlıq idi. Bəs indi sərçə niyə onu baxıb-baxıb həzz aldığı bu tamaşadan, qəlb rahatlığından məhrum edir?

Şikəst ayağı ilə yerindən qalxmaq nə qədər çətin olsa da, durub vedrələrə sarı yeridi. Vedrələr boş idi. Əzaba-əziyyətə qatlaşsa da, vedrələrdən birini su ilə doldurub əvvəlki yerinə qoydu. Yəqin ki, sərçə su ardınca yenə qayıdacaqdı. Vedrəni dolu görüb sevinə-sevinə suya cumacaqdı. Yanğısını söndürüb onun üzünə baxa-baxa hələ bir civildəyəcəkdi də.

Qurtum-qurtum cu içən sərçənin bir gözü onda qalmışdı. İçib sudan doyan quş havaya qalxdı. Şən-şən civildəyə-civildəyə elə bil öz quş dilində nəsə deyirdi. Fikirləşdi ki, Süleyman peyğəmbər kimi o da quş dili bilsəydi, sərçənin dediklərini başa düşərdi.

Yəqin ki, sərçə minnətdarlıq edirdi. Axı, quş da olsa, yaxşılığa əvəz kimi minnətdarlıq etməyi özünə borc bilirdi...

Günəşin oyanmasını istəməyən uşaq...

Elə bil ağacların budaqlarında gecələyən quş idi.

Quşlar səhərin ala-toranında öz civiltiləri ilə bu boyda dünyanı necə oyandırırdılarsa, oğlan da hər səhər erkən cingiltili səsi-küyü ilə evdəkilərin şirin yuxusuna haram qatar, oyadıb yerlərindən qalxmağa məcbur edərdi. Sübhün alatoranında oğlanın gözü pəncərədə qalardı. Elə bil günəş də onun oyanmasına bənd idi; oğlan pəncərədən gözlərini qıyıb baxan kimi günəş də onların pəncərəsindən görünən dənizin uzaq üfüqlərində boy verə-verə yuyunub dənizdən çıxardı. Oğlana elə gəlirdi ki, o boyda günəşi də yuxudan oyandıran o özüdür. Oğlan məmnun olar, yerə-göyə sığmazdı.

Oğlan gecələr nə qədər gec yatsa da, beləcə hər gün yatağından sübh erkən durub günəşlə birgə evdəkiləri də oyandırardı.

Hətta bəzən qonaq getdikləri, qalası olduqları evlərdə də yerini pəncərənin qabağında saldırar, səhər açılmamış gözü pəncərədə qalardı.

Oğlan beləcə səhərlər günəşin oyanmasını, axşamlar isə atasının işdən evə qayıtmasını səbirsizliklə, intizarla gözləyə-gözləyə böyüyürdü...

Bəzən dumanlı-çiskinli havalarda günəşin çıxmasını görə bilməyən oğlanın hətta günəşə acığı da tutardı; yolunu gözlədiyini bilə-bilə niyə günəş dumanın-çiskinin əlində belə aciz qalıb?

lll

Bir gün oğlan günəşi yenə həmişəki vaxtında qarşıladı. Lakin həmin axşam atasını qarşılaya bilmədi. Atası o gün axşam işdən evə qayıtmadı. Oğlan səhəri dirigözlü açıb atasının yolunu gözlədi. Səhərə yaxın oğlanın bir gözü pəncərədə, bir gözü isə qapıda qalmışdı. Pəncərədən günəş oğlanı salamlasa da, qapını açan olmadı. Oğlan özünə yer tapa bilmirdi.

Günlər keçirdi...

Yenə səhərlər günəş çıxır, axşamlar isə atası evə qayıtmırdı ki, qayıtmırdı.

Oğlanın təsəllisi bu idi ki, nə yaxşı günəş atası kimi onun gözünü yolda qoymur. Yoxsa xiffətindən oğlanın bağrı çatlardı.

Nəhayət, bir gün anası onu geyindirib-keçindirdi, sonra da doluxsuna-doluxsuna: - Hazırlaş, atanın görüşünə gedirik, - dedi.

Oğlan sevindiyindən görüş yerini anasından heç xəbər də almadı.

Hə, demə, görüş yeri evlərindən çox-çox uzaqda, düzün ortasında, daş divarlarla əhatələnmiş bir binada imiş. Binaların künclərində hündür qüllələr ucalırdı və o qüllələrdə əli avtomatlı keşikçilər diqqətlə ətrafa göz qoyurdu.

Oğlanın maddım-maddım, çaşqın-çaşqın ətrafa baxdığını görən ana göz yaşları içərisində onu başa saldı ki, hə, oğlum, bura dustaqxanadır. Nənəsinin danışdığı nağıllardan oğlanın yadında qalmışdı ki, hökmdarlar əllərindən qəzəbləndikləri adamları quyuya atıb dustaq edirlər... Ancaq atasının dustaq edildiyi quyu isə yerin üstündə idi...

lll

Atası ilə qalıb gecələməyə oğlana icazə vermişdilər. Ana sübh erkən gəlib oğlunu aparacaqdı.

Oğlan çarpayıda uzanıb atasına qısılmışdı. Ata oğlu ilə söhbətdən doymasa da, gecədən xeyli keçmiş yorğun dustağı yuxu apardı.

Görüş otağının divarlarının birinin ən hündür yerində dar, bir gözlü pəncərə var idi. O pəncərədən gecənin zülməti içəri dolmuşdu.

Oğlanın gözü pəncərədə, gecənin zülmətində qalmışdı. Birdən-birə oğlana elə gəldi ki, həmişə nədənsə ləngiyən səhər, oyanmağa gecikən günəş bu dəfə sanki tələsirlər. Və oğlan günəşdən incikliyini güclə boğurdu.

...Və sübhün alatoranında atasını yuxudan oyadıb ayıltmamaq üçün nəfəsini içinə çəkən oğlan boğula-boğula dodaqaltı dua edirdi ki, kaş, günəş bu səhər erkən qalxmasın...

525-ci qəzet 2018.- 30 oktyabr.- S.7.