Hər uğurumda sənin İmzan var!

 

ATAM RAUF AĞAYEVƏ YUBİLEY MONOLOQU

 

 

Zamanın sözü, sözün də bəlirli bir zamanı varo, həmişə öz vaxtına çəkər...

İndiki kimi payız idi. Bir vaxt mənim yaşımdaykən izinin doğmalaşdığı Dəvəçidəki məhəlləmizdə onunla yanaşı xəzəlləri uşaq marağı ilə ayaqlaya-ayaqlaya addımlayırdım. Onda heç məktəbə də getmirdim, amma əlimdən də tutmamışdı... məni öz ayaqlarım üzərində dayana biləcəyimə inandıran atama baxıb mən də əlimi belimə qoymuşdum, ikimiz də düşüncəli... məhz beləcə, o mənə, mən də ona doğru yol gəlirdim əslində və... ömrün mərkəzində görüşdük... Çox dəyişməyib, bir az saçı ağarıb, vəssalam... yenə əvvəlki kimi duyğu yüklümodern fikirli... Atam, ustadım, sözümün imzası, uğurlarımın müəllifi olan Rauf Ağayevin 60 illlik hesabatını onun qələmi, onun sözü ilə mən yazmaq istədim.

lll

Dəvəçi rayonunda doğulub. Anası ingilis dili müəllimi, atası cərrah. Adını daşıdığım babam dünyasını dəyişərkən atamın heç toyu da olmayıbmış. Orta məktəblə yanaşı, musiqi-piano təhsili də alıb. Danışır ki, musiqi məktəbini bitirəndən sonra onu orada fortepiano müəllimi kimi saxlayırlar. Deyir ki, Bakıdan məşhur piano peşəkarları, musiqiçilər onun bu təhsilini davam etdirməsi təklifi ilə Dəvəçiyə, valideynlərini dilə tutmağa gəliblər, amma babam razılıq verməyib. Orta ümumtəhsil məktəbini bitirir və ovaxtkı Azərbaycan Dövlət Universitetinin Junalistika fakültəsinə daxil olur. Qrup - 3796. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimləri bu qrupu indiyə qədər mədh edərək xoş xatirələrlə yada salırlar. Onların sözlərinə görə, fakültə tarixində ən maraqlı və ən uğurlu qrup məhz bu olub. Orada Alı Mustafayev, İradə Tuncay, Qərənfil Xəlilova, Nərminə Əlixanbəyli, Allahverdi Məmmədli, İlqar Həsənov, Xudayət Həsənli, Araz Qurbanov və neçə-neçə indiki davamedici zamanın ağır-sanballı imzaları yaranıb. Bu imzalara Nəsir İmanquliyev, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Abbas Zamanov, Nurəddin Babayev, Cahangir Məmmədli, Akif Rüstəmov, Nəsir Əhmədli kimi bütün zamanların mogikanları dərs deyiblər, nə deyiblərsə, düz deyiblər.

Müəllimi Nəsir İmanquliyev daha sonra atamın diplom rəhbəri olur. Atam danışır ki, Nəsir İmanquliyev yeni nəsil jurnalistləri sağlam və təhlükədən uzaq bir şəkildə yetişdirirdi. Diplom işi ilə bağlı, mütəmadi olaraq Nəsir müəllimin evinə gedən atam onun qonaqpərvərliyindən, gerçək şəhər bəy əfəndisi keyfiyyətlərindən indi də danışır. Onun sözlərinə görə, Nəsir müəllimin yetişdirdiyi jurnalist yanlış yönə sapa bilməzdi və daim dövlətçilik maraqlarını bütün iddialardan üstün tutardı. Atam daha sonra Nəsir müəllimin rəhbərlik etdiyi “Bakı”-”Baku” axşam qəzetlərində işə başlayır. Əvvəlcə müəllimi, sonra isə diplom rəhbəri olan Nəsir İmanquliyev artıq atamın baş redaktoru olur... və daha sonralar onun atamın - müxbirinin toyuna Dəvəçiyə gəldiyini eşidəndə deyilən bütün gözəl və özəl fikirlərə haqq verdim.

O dönəmin ən nüfuzlu “Bakı”-”Baku” qəzetlərində atam Cahangir Cahangirov, Tofiq Quliyev, Azər Rzayev, Xuraman Qasımova, Qulam Məmmədli, Rauf Hacıyev və o dövrün neçə-neçə belə təməl ziyalılarından müsahibələr alır, yazılar hazırlayır.

lll

Konstant sivilizasiya yalnız və yalnız mövcud olanın rasional rekonstruksiyası ilə əldə oluna bilər. Bunun çıxış nöqtəsini isə “Mən” təşkil edir. Amma hər “Mən” yox, ancaq ən doğru “Mən”!.. o “Mən” sənsən!..

lll

Daha sonra məmləkət müstəqillik qazanır və... Azərbaycanda ilk müstəqil jurnalist təşkilatının - “Azərbaycan Gənc Publisistlər Cəmiyyəti”nin yaradıcısı və sədri də məhz Rauf Ağayev olur. Cəmiyyət, ölkə mətbuatında ilk dəfə müxbirləri və baş redaktoru istedadlı orta məktəb şagirdlərindən ibarət redaksiya təşkil etməklə “Təmas” adlı qəzeti onların ixtiyarına verir. Ölkədə ilk dəfə üzvləri tələbə-jurnalistlərdən ibarət olanFreelancer journalists” (azad jurnalistlər) qurumunu yaradır. Yenə müstəqil Azərbaycanda ilk dəfə, o vaxtlar pulsuz qəzet adı ilə tanınan və ev, müəssisə, idarələrə ödənişsiz paylanan, üç dildə nəşr olunanReklam. Elan. Xəbər” qəzetinin təsisçisi və redaktoru olur. Cəmiyyət adından BDU jurnalistika fakültəsinin fəal tələbələri üçün Milli Qəhrəman Alı Mustafayev adına təqaüd təsis etməklə bərabər, həm də Moskvada nəşr olunanPanorama Azerbaydjana” qəzetinə maddi yardımlar göstərir.

1995-99-cu illərdə “Xalq qəzeti”ndə kommersiya direktoru, baş redaktorun müavini, həmin qəzetin “Bazar günü” və “Cümə” əlavələrinin məsul redaktoru vəzifələrində çalışır. Bu qəzetdə müasir dönəmin parlaq imzalarının sağlamfundamental əsaslarla yetişməsinə şərait yaradır.

lll

Qrotesk muzeyini xatırladan bu dünyada kaş hər kəs sənin arzuladığın kimi hər cür mizantropik, ultramontanist xülyalardan azad ola və dünyəvi-bəşəri düşünə bilə... kaş!...

lll

Deyəsən, hələ heç məktəbə də getmirdim. Atamın ürəyində güclü bir narahatlıq yaranmışdı. Uşaq dili ilə, atamın ürəyi ağrımışdı. Böyüyəndə öyrəndim - şiddətli taxikardiya imiş. Bizim üçün genişisti olan ikiotaqlı darısqal evimizin qonaq otağında, divanda uzanmışdı... həkimi gözləyirdik... çünki o vaxtlar həkimi də ən əziz bir qonaq kimi gözləyərdilər və evin ən gözəl otağında qarşılayardılar onu... Bizim binaya telefon xətti çəkilməmişdi hələ və o vaxt çox az adamın evində telefon susurdu. Əmim həkim dalınca qaçmışdı, ayaqyalın...

Həkim gecikirdi. Anam qonaq otağına girib-çıxarkən servantın şüşəsindən görmüşdüm: atamın əli sinəsində idi... Qorxu-təlaşlı qaçhaqovun fonunda bir səssizlik var idi sanki eşidə bilənlər üçün... Biruzaq uğultu boğurdu adamı. Anam, atamın məni yanına çağırdığını deyəndə, qorxutmamaq üçün qorxudan güclə üzümə gülümsünə bilmişdi, o otağa daxil olduğumda məni görcək ağrıdan güclə gülümsəyən atam kimi...Anan ilə bacın sənə əmanət”, - deyib, yastığının yanındakı, qutusu açılmamış oyuncaq bir tapançanı mənə vermişdi... saçımı qarışdırmışdı bir də... Bayaqdan bəri nə olduğunu tam anlamasam da, üzgün idimilk dəfə idi ki, aldığım hədiyyəyə sevinməmişdim.

Sonralar atam sağaldı... yer üzünün bütün dillərində, atamın ürəyi ogünkü kimi ağrımadı bir daha. Kinayəli desəm, ogenişevimizi satıb, daha geniş bir ev aldıq. Bu evin hər bir otağı gözəl idi. Amma həkimlər, haqlı olaraq, daha ən əziz qonaq kimi sevilmirdilər. Güləndə də, ağrımayan ürəklə gülürdük daha... Ondan sonra bütün olanları bəlkə də hamıdan tez anladım, amma o gün-bu gün heç bir hədiyyə sevindirmədi məni.

Ötən gün, anamın niyəsə qoruyub saxladığı uşaqlıq oyuncaqlarımızın içində o tapançanı axtardım. Tapmadım... Qəribədir, onu elə təlaşla axtarırdım, sanki tapsaydım o oyuncaq tapança ilə özümü vurub keçmişə sərəcəkdim...

Yaxşı ki, tapa bilmədim... Axı mən atamdan  nostalji ilə yaşamamağı, həyatın gözünün içinə düz baxaraq zamanın sürətilə addımlamağı da öyrənmişəm...

lll

60 yaşın tamam olur... bu dünya səni sevir, dünyadakılar da... çünki bütün zamanlar üçün ən əzəmətli abidə tək qürurverici və örnəksən...

... və mən... Hər bir uğurumun baş köşəsində Sənin imzandır... Mənim imzamda da Sən varsan... adım Sən! Anam Rəna xanım, bacım Mehrinin ürəkdolusu sevincinin tək səbəbkarı da Sənsən... Xanımın ilə sevgi dolu neçə illər sizi gözləyir... Mehrinin ardıcıl qazandığı uğurların mutluluqları sənindir... Mayaksan, yanımızdasan, sənə çatmışıq!..

Sənin kimi gülümsünmək... Sənin kimi əsəbiləşmək... Sənin kimi yalnız doğru söyləmək ... Sənin kimi susaraq üzülmək... Sənin tək, uzaq olduğu qədər yaxın, yaxın olduğu qədər uzaq sevmək sevgini , sayğını da Sənin kimi səxavətlə paylaşmaq... Sənin kimi söz-söz, cümlə-cümlə, kitab-kitab yaşamaq özəl gözəldir. Yalnız səhvi özüm kimi edirəm, Səndə yanlış görmədim deyə yanlışda naşıyam... bu günə qədər yazdığım sözüm , özüm Sənin qələminin qarşısında baş əyib qəlbini qucaqlayıram... Yeni yaşına, ailəmizin üzərində doğan Günəşinə günaydın!

 

Məmməd RAUF

 

525-ci qəzet.- 2018.- 1 sentyabr.- S.21.