Səhnəmizin sönməyən Hüseynağa Atakişiyev işığı

 

 

 

Bu gün - 8 sentyabr Əməkdar incəsənət xadimi, aktyor rejissor mərhum Hüseynağa Atakişiyevin doğum günüdür.

 

Yaşasaydı, 69 yaşını qeyd edəcəkdi. O isə düz 12 il öncə, cəmi 57 yaşında, sevənlərini, canından çox sevdiyi səhnəni, çətin şərtlər altında yaradıb inkişaf etdirdiyi Gənclər Teatrını, aktyorlarını boynubükük qoyub son bir gülüşlə vidalaşmalı oldu həyatla.

Peşəkar jurnalist, rejissor, aktyor, müəllim, həkim, usta, neftçi... olmaq asandır, amma əsl insan olmaq hər kəsin xatirəsində əsl insan kimi qalmaq hər kəsə nəsib olan deyil. Hüseynağa Atakişiyev haqqında yazıya başlamazdan öncə apardığım araşdırma, onu soruşduğum insanların sözləşibmişlər kimi verdikləri eyni cavab onun haqqında əminliklə bu sözləri deməyimizə əsas verir.

Bir aktyor kimi tanınmağında Hüseynağa Atakişiyevin rolunu xüsusi vurğulayan onu böyük sayğıyla, sevgiylə yad edən Xalq artisti Qurban İsmayılovun sözləri ilə desək, “hamı Hamletin atası haqqında “çox gözəl insan idi” deyir. Amma Hamlet isə deyir ki, “yox, o, əsl insan idi”. Doğrudan da Hüseynağa Atakişiyev əsl insan böyük rejissor idi”.

Qəlbisınıq uşaqlıq

1949-cu ilin yayın son, payızın ilk dəmlərində Bakının məşhur Çəmbərəkənd məhəlləsində (indiki Nazirlər Kabineti binasının yaxınlığındakı inzibati binaların salındığı yerdən “Şəhidlər xiyabanı”na olan qədər ərazi) sürücü Ağahüseynlə, evdar qadın İranidanın yoxsul ailəsində dünyaya göz açmışdı. Üç uşaqlı ailənin (1 qız, iki oğul) böyük oğlu kimi doğulmuşdu. Əksər yaradıcı insanlar kimi onun da uşaqlığı ağır travmalarla, yoxsulluq qayğılarla dolu idi. Həyatının ilk bəlkə ən böyük zərbəsini 6 yaşında ikən alır: anası gözlərinin önündəcə ölür. Bu səhnədən böyük sarsıntı keçirən uşaq baş götürüb evdən qaçır, onu bir neçə gün sonra şəhəri “ələk-vələk edib” axtarandan sonra tapırlar. Sonralar az qala hər kəsin, onun ən yaxınındakıların dediyi xarakterindəki ciddilik, dalğınlıq kövrəklik bəlkə qəlbi sınıq uşaqlıq illərindən gəlirdi.

Yoxsul həyat evin böyük oğlu olan Hüseynağanı hələ 12-13 yaşlarından işləyib pul qazanmağa vadar edir. Ancaq o, dərslərindən, təhsilindən qalmır. Həm işləyir, həm böyük səylə təhsilini davam etdirir.

Ən böyük eşq - TEATR

Onun teatrla yolu elə ilk dəfədən kəsişir. Tale onu öz ayaqları ilə teatra gətirir, ömrünün sonuna kimi bir daha burdan ayrılmamaq şərtilə.

İlk işi teatrda işıqçılıq olur. Arada cəmi iki il sevgili teatrından ayrı düşür, o da hərbi xidmət keçmək üçün. bundan sonra yenidən uzun, şərəfli teatr yolu davam edir.

Bu sevgi onu M.Əliyev adına İncəsənət İnstitutuna gətirib çıxarır. Burada dörd il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir.

1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla Şəkidə teatr yaratmağa gedirlər. beləcə Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır. Bir il sonra isə teatrın yaradıcı prosesinə rəhbərlik H.Atakişiyevə keçir, o, həmin teatrda həm baş rejissor olur.

Müsahibələrinin birində H.Atakişiyev Bakıdan Şəkiyə gedişini belə xatırlayırdı: “Mən Şəkiyə gedəndə heç nəyi gözümün altına almadım. Mənim üçün teatr yaratmaq hər şeydən vacib əziz idi”.

Bu teatrda “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) tamaşası onun ilk rejissor işi olur ona uğur gətirir. Məhz orada Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” əsərini səhnəyə qoyan ilk rejissor olur.

Rejissor kimi Şəkidə qazandığı ardıcıl böyük uğurların səs-sədası Bakıya da gəlib çatır bir neçə il sonra Hüseynağa Atakişiyevi Bakıya dəvət edirlər.

1985-ci ildə Hüseynağa Atakişiyev artıq Milli Dram Teatrında çalışır, tamaşalara quruluş verir. Amma onunku burada gətirmir, ilk gündən tətbiq etməyə başladığı yenilikləri kollektiv arasında qəbul etməyənlər vardı.

Teatr tənqidçisi Aydın Talıbzadənin sözlərinə görə, H.Atakişiyevin Milli Dram Teatrındakı rejissorluq taleyi necə deyərlər, Yusif Sərrac sərgüzəştinə bənzədi.

Milli Dram Teatrından uzaqlaşdığı 1989-ci ildə o, özünün Gənclər Teatrını yaradır xeyli istedadlı cavan aktyorları bura cəlb edə bilir. Bu teatr elə 1989-cu ilin mart ayının 27-də Yusif Səmədoğlunun “Qətl günü” tamaşası ilə öz yaradıcılıq fəaliyyətinə başlayır. 1993-cü ildə isə teatra Dövlət statusu verilir. H.Atakişiyev 17 il bu teatra rəhbərlik etməklə, böyük səs-küyə səbəb olan tamaşalar hazırlayır...

2006-ci il aprelin 9-da hamı üçün yaxşı adam elə teatrdaca, prosesində qəfildən gələn beyninə qansızması (beyin infaktı) xəstəliyinin ardından həyatdan köçür...

Sənət fədaisi

H.Atakişiyev rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. Aktyor kimi əlli yeddidən artıq rol oynayıb. “Uzun ömrün akkordları” filmindəki Üzeyir bəy obrazı, eləcə “Ac həriflər” teletamaşasındakı Artist rolu xüsusən məşhurdur.

Dünyanın iyirmidən artıq məşhur dramaturqunun ilk dəfə Azərbaycan səhnəsinə gəlişi məhz onun adı ilə bağlıdır. O, 20-dən artıq dünya dramaturqlarının pyeslərini dilimizə tərcümə edib. Televiziya kütləvi tamaşalar üçün ssenarilər yazıb. Dövlət Gənclər Teatrında “Qətl günü” tamaşası ilə öz yaradıcılığını davam etdirən Hüseynağa Atakişiyevin son tamaşası Firuz Mustafanın “Qara qutu” əsəri olub. Təəssüf ki, sağlığında bu tamaşasının premyerasını görmək ona qismət olmadı.

Onun yaratdığı teatr 2009-cu ilə kimi öz işini davam etdirib. 2009- cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilib.

Deyirlər ki...

Hüseynağa Atakişiyev qısa ömrünə uzun illərdir yoxluğuna baxmayaraq, hər kəsin xatirəsində əbədiyyən yaşayır. İllərdir haqqında yazılmasına, danışılmasına baxmayaraq, hələ bitmir, tükənmir. Quruluş verdiyi, rol aldığı tamaşalarla yanaşı, insansevərliyi, mərhəməti, saf qəlbi hər kəsə olan diqqəti onu yaddaşlarda əbədi yaşadır.

Mərhum jurnalist Tofiq Abdin onun haqqındakı bir yazısında Hüseynağa Atakişiyevi belə xatırlayır: “Mən bir gün Hüseynağa bəyin arxasınca yavaş-yavaş yürüyüb onu müşahidə edərkən, gördüm ki, bəs bir orta yaşlı qadın Hüseynağa bəyə maraq içində baxır. hətta arxasınca da durub xeyli baxdı düşündüm: bir kərə olsun mənim dalımca belə baxan adam olmadı bu fani dünyada.

Həqiqətən Hüseynağa bəyi qısqandım belə...”

Xalq artisti Qurban İsmayılov deyir: “Ömür vəfa eləsəydi onun hələ çox böyük işlərini görəcəkdik. O, Gənclər Teatrında gözəl bir kollektiv yaratmışdı. Həmin kollektivin üzvləri bu gün öz istedadları, peşəkarlıqları ilə Azərbaycan səhnəsində özünəməxsus yerlər tutublar. Bütün bunlar Hüseynağa Atakişiyevin əməyinin nəticəsi idi”.

Əməkdar artist Ayşad Məmmədov da onun yaratdığı Gənclər Teatrının Azərbaycan səhnəsinə bəxş etdiyi istedadlı aktyorlardandır: “İnstitutun ikinci kursunu bitirdikdən sonra Hüseynağa müəllimin yanına gedib ona müraciət etdim ki, mən Şəki teatrına gəlmək istəyirdim. O vaxt Şəki Teatrı çox məşhur idi, mən də onların heyranlarından biri idim. Hüseynağa müəllim dedi ki, məmnuniyyətlə qəbul edərəm. Rəhmətlik dostum, gözəl aktyor Ələkbər Hüseynovla birgə getdik həmin teatra. İlk dəfə Hüseynağa müəllimlə “Lənkəran xanının vəziri” tamaşasını hazırladıq. Onunla çox işlərimiz oldu. Gənclər teatrı açılanda Ələkbər Bakıya gəldi, amma mən bir-iki il də qaldım Şəki teatrında.  Hüseynağa müəllim məni çağırırdı ki, artıq Bakıya gəlmək vaxtıdır. Mən də teatr açılandan təxminən bir il sonra gəldim Gənclər teatrına - Hüseynağa müəllimlə işləməyə. Bəzən aktyora obrazı açmaq üçün bir söz lazım olur, Hüseynağa müəllim o bir sözü deyə bilən rejissorlardandır. Onun mənim yaddaşımda qalan sözlərindən biridir, həmişə deyərdi: “Əgər məndən soruşsalar ki, özünlə o dünyayaapararsan, mən deyərəm tamaşalarımın musiqisini”. Heyf ki, dünyadan tez getdi. Onunla çox işlər görə bilərdik. Əgər o yaşasaydı, mən yəqin ki, ancaq onunla işləyərdim, başqa heç kimlə işləməzdim. Tez-tez xatırlayıram onu. Yaxşı anlarımda da, pis anlarımda da. Onun şəkli mənim evimdə yuxarı başda asılıb. O, həmişə mənim yaddaşımdadır”.

Nasir, dramaturq, publisist Elçin Hüseynbəyli də onunla bir çox işbirliyi həyata keçirib. O, həmin illəri belə xatırlayır: “Teatr tariximizə adı böyük hərflərlə yazılmış Hüseynağa Atakişiyevlə tanışlığım 1999-cu ilin payızında baş verdi. Mən ona həmin vaxt “Fanatlar” adlı birhissəli, naşı yazılmış pyesimi təqdim eləmişdim. Bu, mənim dramaturq kimi ilk qələm təcrübəm idi. Hüseynağa müəllim pyeslə tanışlıqdan sonra mənə təxminən bunları dedi: “Düzdü, pyesin necə yazılmağını hələ tam bilmirsən, bəlkə də bilərəkdən edirsən, amma əsər maraqlıdır və biz onu tamaşaya hazırlayacağıq”. 2000-ci il iyunun 10-da “Fanatlar”ın Dövlət Gənclər Teatrının yerləşdiyi Aktyorlar evində ilk tamaşası oldu. Ondan sonra Dövlət Gənclər Teatrında mənim 7 əsərim tamaşaya qoyuldu. Altısını Hüseynağa müəllim özü hazırlamışdı. “İmperator” isə yarımçıq qaldı. Ömür vəfa eləmədi. Bu tamaşanı da aktyor Sərvər Əliyev hazırladı”.

Bu gün keçmişə nəzər saldığımızda o qədər böyük sevgi və sayğıyla qarşılaşırıq ki, mərhum sənətkarın bu sənət uğrunda çətinlikləri, sıxıntıları boşuna yaşamadığının şahidi oluruq. Həyatı erkən tərk edən H.Atakişiyev onu tanıyanların qəlbində mehriban, həlim xasiyyətli, heç kəsin könlünü qırmayan bir insan kimi qalıb. Hamıya yaxşı, hamı üçün yaxşı insan olaraq...

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2018.-8 sentyabr.- S.23.