Özbəkistanın sənaye mərkəzi - Fərqanədən reportaj

 

 

Andicana getdinsə, mütləq görməli yerlərdən biri Dovon dövlətinin (sonradan Mingtepa adlandırılıb) paytaxtı olmuş Erşi şəhərinin qalıqlarıdır.

 

Məlumat üçün bildirim ki, Mərhəmət şəhərinin ətrafında yerləşən qədim şəhərin qalıqları üzərində tədqiqat işləri indidavam etdirilir. Ölkəyə gələn nümayəndə heyətləri bu əraziyə böyük maraq göstərir və qədim şəhərə səyahət edirlər.

Dovon dövləti eramızdan əvvəl V-IV əsrlərdə mövcud olub. Paytaxt Erşi ilə yanaşı, dövlətin tərkibində 70-dək şəhər olub. Böyük İpək Yolunun üzərində yerləşən Erşi əsas ticarət mərkəzi olub, ərazidə dulusçuluq, toxuculuq, dəmirçilik və s. sahələr inkişaf edib. Şəhərin ərazisi ümumilikdə 160, qala divarları ilə əhatə olunan hissəsi isə 42 hektara yaxın olub.  Aparılan arxeoloji işlər zamanı saray divarlarının qalıqları, qaladakı yaşayış evləri, o dövrə məxsus məişət əşyaları,  tikintidə istifadə edilən alətlər və s. aşkarlanıb. Həmin əşyalar, eyni zamanda, Erşi şəhərinin əvvəlki görnüşünü əks etdirən maket Mərhəmət şəhərinin mərkəzində yaradılmış muzeydə nümayiş etdirilir. 

Fərqanə şəhərində 

Mərhəmətdən ayrılıb Fərqanə şəhərinə yola düşürük. Ümumiyyətlə, bu gün Fərqanə şəhərində 350 min, ətraf qəsəbələri ilə birlikdə isə yarım milyon insan yaşayır. Bura  Özbəkistanın Daşkənddən sonra ikinci iri sənaye mərkəzi hesab edilir.

Fərqanədə hazırda aqroeko turizmin inkişafı üçün tədbirlər  həyata keçirilir.  Baş çəkdiyimiz geniş üzümlük sahəsinin yaxınlığında müasir standartlara cavab verən otel, hovuz tikilməkdədir. Bu isə yaxın gələcəkdə əraziyə səfər edəcək turistlərin rahatlığı üçündür. Yəni turistlər əraziyə səfər edib, həm də bütün şəraitlə təmin olunmuş oteldə qalıb, istirahət edə biləcəklər. İkimərtəbəli otel 15 otaqdan ibarətdir və 35 nəfər üçün nəzərdə tutulur. Tələbatdan asılı olaraq gələcəkdə burada yeni otellərin də tikintisi gözlənilir. Həyətin kənarında da qonaqlama otaqlarının tikintisi nəzərdə tutulub.

Geniş sahədə qara üzüm növləri salınıb. Bələdçinin sözlərinə görə, iri dənəli növlər süfrə üçündür, xırda dənəlilər isə əsl şərab üçündür, yəni texniki növdür. Burada Gürcüstandan gətirilmiş "Bayan şirey", "Risling", "Kaberne Sovinon", "Saperavi", eləcə də Fransadan gətirilmiş "Pino-Nuar" növləri yetişdirilir. Buradan məhsul toplanaraq Fərqanə şəhərində fəaliyyət göstərən "Mindonobod Aqrosanoat"müəssisənə göndəriləcək. Orada isə üzümlər sıxılaraq, əla növ şərab məhsulları istehsal olunacaq. Xatırladaq ki, Fərqanədə sovet dövründə şərab istehsal edən zavod fəaliyyət göstərib, hazırda zavod fəaliyyətini bərpa edib.

Meyvələrdən alınan şirə zavoddakı hər biri 12 ton olan çənlərə vurularaqtam 1 il orada saxlandıqdan sonra şüşələrə, yaxud da taxta çəlləklərə doldurulacaq. Məhsulların Çin, Rusiya, Qazaxıstan və digər ölkələrə satışı nəzərdə tutulub, bir şüşə şərabın qiyməti 3-4 dollar təşkil edəcək.

Azərbaycanlı adamı Özbəkistanda şərab istehsalına başlayır

Artıq Azərbaycanla da bu sahədə əməkdaşlığa başlanılıb. Belə ki, biz zavodda olarkən azərbaycanlı adamları ilə də görüşmək fürsəti qazandıq.  Tovuzlu adamı Naiq Məmmədhəsənov şərab istehsalı sahəsində Özbəkistanla birgə müəssisə yaradılmasına dair müqavilə imzalayıb. "Tovuz-Baltik LTD" şirkətinin baş direktoru bizimlə söhbətində bildirdi ki, Özbəkistanda adamları üçün geniş imkanlar var, xarici investorlar üçün münbit şərait yaradılıb. Onun sözlərinə görə, Özbəkistanın kənd təsərrüfatı naziri,   Aqrar Komitənin sədri tərəfindən qəbul edilib qurulması üçün hər hansı bir maneənin olmayacağı, bütün şəraitin yaradılacağı deyilib.

Naiq Məmmədhəsənov deyir ki, "Fargana France" Azərbaycan-Özbəkistan birgə müəssisəsi 11 növ məhsul istehsal etməyi nəzərdə tutub. Məhsullar heyva, nar, şaftalı, feyxoadan hazırlanacaq. Əsasən likor, şnaps, şirələr düzəldiləcək.

Ümumilikdə müəssisədə 45 nəfərə yaxın şəxs işlə təmin ediləcək. "Made in Azerbaijan" brendini xaricdə tanıtmaq üçün böyük işlər görən sahibkar Özbəkistanda da istehsal edəcəyi məhsullarda Azərbaycan brendini təbliğ edəcəyini vurğulayıb. Qeyd edək ki, o, şərabçılıq sahəsində əldə etdiyi uğurlara görə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Margilanda

Margilan Fərqanə şəhərinin təxminən 12 kilometrliyində yerləşir. Tarixən Fərqanə vadisinin əsas şəhərlərindən biri hesab edilib. Margilanın tarixi eramızdan əvvəl IV əsrə uzanır.  Əmir Teymurun vaxtında şəhər əsas mərkəzlərdən biri olub.  Hazırda Margilanda 240 minə yaxın  insan yaşayır. Margilan dünyada ipəyin vətəni kimi tanınıb. Bu gün də əsas ipəkçilik, xalçaçılıq mərkəzi olaraq qalmaqdadır.

Şəhərin görməli yerləri arasında Pir Siddiq dini kompleksi (XVIII əsrin ortaları), Xoca Maqiz mavzoleyi (XVIII əsr), Çakar məscidi, Səid Əhməd Xoca mədrəsəsi (XIX əsr), Xonakok məscidi (XVI əsr), Toron-bazar məscidi (XIX əsr), eləcə də böyük islam alimi Burxaniddin əl-Margilani memorial kompleksi var.

Baş çəkdiyimiz Margilan İpək Kombinatında ipəyin hazırlanması prosesini izləmək imkanımız da oldu. Kombinatın həyətində nəhəng bir tut ağacı var ki, bu 140 yaşlı ağac simvol hesab edilir.

İpəyin əldə edilməsi üçün bütün proses məhz burdan başlanır. Barama qəbul olunur, ondan ipək sap əyilir, sonra parça toxunur, daha sonra parça rənglənir, naxışlanır, hazır məhsul satışa çıxarılır. Burda hazırlanan ipəklər tam təbiidir, əl əməyinə əsaslanır və böyük tələbatla qarşılanır.

Biz ərazidə olarkən xarici turistlərin də böyük maraqla prosesi izləməsinin şahidi olduq. Burda bir başqa sexdə isə parça toxunur. Həmçinin, xalça toxuma sexi də fəaliyyət göstərir ki, sex müxtəlif ölkələrdən sifarişlər alır. Sexin mühəndisinin sözlərinə görə, 2x3 ölçüsündə xalça ortalama 6 aya toxuyub başa çatdırılır. Belə məhsul 10 min dollara satılır. Təbii ipək saplardan toxunan xalçalar isə daha çətin başa gəlir. 

Pir Siddiq kompleksi

Bu kompleksin təxminən 200 ildən çox yaşı var, həyətində isə yüzlərlə göyərçin var. İnanca görə, həmin göyərçinlərə ürəyində arzu tutub bir ovuc dən atsan, arzun yerinə yetəcək. Biz də sınadıq... Burada Margelanın birinci xəlifəsi Əbu Bəkir Siddiqin nəvələri dəfn olunub.

 Şəhərin ən gözəl məkanlarından biri də "İcadkarlar" istirahət parkıdır. Parkda məşhur şair Erkin Vahidovun abidəsi və onun adını daşıyan muzey var. Bir sözlə, park ziyalıların, alimlərin, yazar və şairlərin şərəfinə yaradılıb. Muzeydə E.Vahidovun əşyaları, tərcümələri, kitabları sərgilənir. İkinci mərtəbədə isə milli musiqi alətləri, bəzi xarici yazarların əsərləri, özbək sənətinin ünlü şəxsləri haqqında məlumatlar saxlanılır.

Cənnətin özü olan Fərqanə vadisinə səfərimiz Margilanla yekun vurulur, həyəcanla gözlədiyimiz Səmərqəndə yol alırıq...

 

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2018.- 5 sentyabr.- S.4.