Çingiz Abdullayev Bakı Kitab Mərkəzində oxucuları ilə görüşüb

 

Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

 

Görüş Bakı Kitab Mərkəzi tərəfindən “Yazıçı ilə dialoq” layihəsi çərçivəsində təşkil olunub.

 

Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva Çingiz Abdullayevin ən çox oxunan detektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığından söz açıb. Bildirib ki, Çingiz Abdullayevin əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük məhəbbətlə oxunur. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayan dünya şöhrətli yazıçı 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və hekayələrlə çıxış edir. İxtisasca hüquqşünas olan yazıçı detektiv janrda yazan məhsuldar qələm sahibi kimi tanınır. O, sözün həqiqi mənasında, xalqımızı, millətimizi bütün dünyada tanıdan və təbliğ edən böyük yazıçı və görkəmli ziyalıdır.

 

Tədbirdə çıxış edən Ç.Abdullayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən belə bir mədəniyyət və ədəbiyyat ocağının - Bakı Kitab Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib və gələcək nəslin maariflənməsində, mütaliə məsələlərində mühüm rol oynayacağını qeyd edib.

 

Xalq yazıçısı yaradıcılığının əsas istiqamətləri barədə danışıb, gənclərə klassikmüasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib, onların şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətinin vacibliyini vurğulayıb. Həm fərd, həm də dövlət olaraq güclü olmanın tək yolunun keyfiyyətli təhsil olduğunu bildirib. “Bizim gələcəyimiz, siyasətimiz, iqtisadiyyatımız, ordumuz, Qarabağ məsələmiz bax buradan, kitabdan başlayır. Kitab olmasa, heçolmayacaq. Yalnız o xalqlar yaşayacaq ki, onların kitablara meyili var, onların övladları oxuyur. Uşaqları oxumayan dövlətin gələcəyi yoxdur”, - deyə Çingiz Abdullayev vurğulayıb.

 

Müasir ədəbiyyatın problemlərindən də bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib.

 

Sonda Çingiz Abdullayev oxucuların suallarını cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onu sevənlərlə xatirə şəkilləri çəkdirib.

 

 

Şahanə

 

525-ci qəzet  2018.- 13 sentyabr.- S.7.