Çin səddinin o üzündə...

 

 

Getmişdim Çinə. Bilmirəm neçənci möcüzə olan Böyük Divarın, çinlilərin öz dili ilə desək, Vanli Çançanın o üzünə. Dünyanın bu qulağı ilə o qulağını birləşdirən Böyük İpək Yolunun düz uc nöqtəsinə.

 

Əslində, mən ticarətə yox, Ümumdünya Fəlsəfə Konqresinə getmişdim. Yəni Məhəmməd Peyğəmbərin (s.) elm arxasınca göndərdiyi yerə. Ancaq nədənsə özümü ucuz alıb baha satan dünyanın “topdan satış” məntəqəsində hiss elədim. Təəssüratlar çoxdur, ziddiyyətlidir və mirvari kimi ipək sapa düzməsəm, çətin ki, fikrimi çatdıra bilim.

Ümumdünya Fəlsəfə Konqresi Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyası (FİSP) tərəfindən 5 ildən bir dünyanın fərqli şəhərlərində keçirilir. Düzdür, ilk Konqres 1900-cü ildə Parisdə Beynəlxalq sərgi şəklində keçirilib, ancaq 1948-ci ildə Federasiya yaranıb, bütün təşəbbüsləri öz əlinə alıb və bu il özünün yubiley Konqresini qeyd elədi. Hələ 5 il qabaq Afinada qərar veriləndə ki, dünya filosoflarının növbəti görüş yeri Pekin - Şimal Paytaxt (Pei - şimal + çing - paytaxt) olacaq, ekzotik məkan olduğuna görə, sevinən də oldu, uzaq olduğuna görə kədərlənən də. Mən də sevinmişdim. Afinada - Antik Yunan müdriklərinin vətənində fəlsəfi ruhdan əsər-əlamət qalmamışdı: keçmişin uçuq sütunlarından pul çıxaran, Avropanın müftəxor balası olan yunanlar məndə heç bir xoş təəssürat buraxmamışdılar. Ümid edirdim ki, Konfutsinin vətəninə çatan kimi Uzaq Şərqin dərin hikməti qanıma işləyəcək.

Dünya Fəlsəfə Konqreslərinə Azərbaycandan həmişə az, lap az nümayəndə gedib. Afinada 7-8 nəfər olanda ümidlənmişdik ki, Pekində daha çox olarıq. Olduq da, ancaq Çin səfirliyinin yaratdığı min bir əngəldən sadəcə 4-5 adam keçə bildi, nəticədə yenə az qaldıq. Onu da deyim ki, hər Fəlsəfə Konqresində məni təəccübləndirən şey rus nümayənədələrin çoxluğu, söz sahibi olmaqları, özlərini Konqresin yiyəsi kimi aparmaqları olur. Düzdür, ruslar Federasiyada da təmsil olunurlar, ancaq bu, səbəb deyil. Türkiyəli filosof, yunan əsilli İoanna Kucuradi Federasiyanın həmsədrlərindən biridir, ancaq heç bir konqresdə qoca Kuçuradi xanımın 2-3 tərəfdarından başqasını görə bilməmişəm. Adamda elə təəssürat yaranır ki, Türkiyədə fəlsəfə yunanların əks-sədasından ibarətdir. Bilirəm ki, belə deyil, ancaqaşıq gördüyünü çağırıraxı. Dünya da bunu görür.

Dünya Konqreslərində ayrı-ayrı filosofların görüşlərinə aid seksiyalar, seminarlar keçirilir. Afinada da bizim filosofun - Səlahəddin Xəlilovun fəlsəfəsinə aid bir seksiya olmuşdu. qədər qürurlanmışdıq! Azərbaycanın adı xüsusi çəkildikcə necə fərəhlənmişdik! Ancaq bunun davamı gəlmədi... Pekində varlığımız-yoxluğumuz heç bəlli olmadı. Hətta Fəlsəfi nəşrlərin sərgisində bizimMetafizikajurnalımızın olması məni sevindirsə , az göründü. Görünmədi, həqiqətən azdır. Düzdür, az olsaq da, kiminsə əks-sədası deyilik, özümüzük. Ancaq Azərbaycan müdrikliyi belə dar çərçivədə təmsil oluna bilməz axı... Bizim kökümüz, bu kök üzərində şaxəli bir ağacımız var axı. Onu dünya da görməlidir axı...

Bu il Konqresdə rekord saydafilosofiştirak edirdi - 10 min. “Filosofsözünü niyə dırnaq arasında yazıram, çünki orda tanıdığım nümayəndələrin əksəriyyətində bu sözün heçf” hərfi yox idi. Ekzotik ölkənin, eyni zamanda, İpək Yolunun mənbəyinin cazibəsi özünü göstərmişdi: kimsə gəzməyə, kimsə Konqresdə iştirakı ilə öyünməyə, sertifikatlar kolleksiyasını zənginləşdirməyə, kimsə əlverişli al-ver edib, ucuz şuba, mirvari almağa gəlmişdi. Adı fəlsəfə ilə bağlı olan bu mötəbər tədbirdə 10 min nəfərlik insan selinin içində görünməz olan həqiqi filosofları düşündükcə, bu gün dünyada ən dəyərsiz şeyinüçün insan olduğunu anladım.

Doğrusu, dünyada Çinin saxtakarlıqla az qala sinonim sözlərə çevrilməsi, uyğur qatili kimi tanınması, mətbəxlərinin əcaib şeylərlə dolu olması məndə bu xalqa qarşı bir antipatik hiss yaratmışdı. Hələ hava limanından başlayaraq irad tutmağa bəhanə axtarırdım. Qəribədir, ancaq tapa bilmirdim. Əhalisinin sayına görə dünyada birinci olan, bütün dünyanın böyük ticarət mərkəzlərindən biri olan Çinin paytaxtında böyük bir sıxlıq gözlədiyim halda heç bir yerdə böyük növbə görmədim, hər şey avtomatlaşmışdı, bilmədiyini izah edən, çətin anında kömək etməyə hazır olan bir ciddi qayğıkeş mütləq tapılırdı. Qərbin bu ölkə ilə ticarət savaşını düşünə-düşünə özümə belə bir sual verdim: Qərb, nə əcəb, Afrika kimi, Çini də xəstəliklərlə, viruslarla məhv eləmir? Həmin dəqiqə də cavab durdu qarşımda - gigiyenik qaydalara, səliqə-sahmana bu qədər riayət edən, adi toza qarşı da maskadan, çətirdən istifadə edən, insanlar arasında, xüsusilə xaricilərlə təması minimuma endirən bu xalqa çətin ki, yad ünsür salmaq mümkün olsun.

Pekində xəstəliyin yox, başqa bir qlobal problemin kökünün şahidi oldum. Qərb Çinə heç bir virus göndərə bilmir, ancaq Çin bütün dünyaya başqa birvirus” göndərir. Yuxarıda qeyd etdiyim kimi, Çin Böyük İpək yolunun mənbəyi, başlanğıcıdır. Burada ticarətdə bir qanunauyğunluq varmış: aldatmaq, keyfiyyətsiz malı doğru yerinə satmaq, orijinala yaxın saxta mal hazırlamaq ən böyük bacarıqmış. Ən hörmətli adam ən yaxşı aldadanmış! Ağlıma gələn ilk sual bu oldu: görəsən, ticarət yolunun ta başlanğıcında yüklərə həm də fırıldaq, saxtakarlıq da yüklənir deyə, dünyada yalan, ikiüzlülük nəinki artır, üstəlik, bir istedada, hünərə çevrilir? Heç onu da anşıra bilmədim, bu, iqtisadi sualdır, yoxsa fəlsəfi.

Şəhərə çıxan kimi qəribə bir doğmalıq hiss elədim və bütün səfər boyu bu hiss nəinki keçmədi, daha gücləndi. Bilmirəm, uşaqlığımda yaşadığım sosializmin ruhu idi, ya oxşar şüşə binalar, bəlkə də asfaltdakı çala-çuxurlar, ancaq hər şey çox tanış idi. Onların dilində salamlaşmaq, sağollaşmaq, məkan adlarını onlar kimi tələffüz eləmək, onlarla ünsiyyət qurmaq üçün imkan gəzirdim. Onların ciddi, boz, emosiyasız sifətlərində mənim əcaib çincəm bir təbəssüm oyadanda, xoşuma gəlirdi. Sahəsi 1135 ha olan Böyük Olimpiya parkında axşamlar əhali üçün hər iki addımda bir mədəni tədbir təşkil edilir - rəqs dərsləri, mahnı oxumaq, hansı isə musiqi alətində çalmaq öyrədirlər. Heç kimdə neqativ bir enerji hiss olunmur. Hərə öz işində, dincəlməyində, əylənməyində. Ən vacibi, yüksək əxlaq, abır-həya ilə. O qədər cəlbedici, könülrahatlayıcı bir ab-hava var idi ki, bizim özbək qardaşlarımız da dözməyib qoşuldular rəqsə. Orada yaşadığımız ən böyük çətinliklərdən biri taksi tapmaq idi. Yalnız zənglə gələn, küçədə əl qaldırmağa təəccüblə baxan Pekin taksisi. Ancaq yoldan keçən istənilən bir çinli işini-gücünü atıb sənin üçün taksi də çağırar, səninlə bərabər oturub onu da gözləyər. Bir dəfə biz otelə çatanda məlum oldu ki, bizi taksiylə yola salan gənc oğlan hətta yol pulunu da ödəyib. Eyni şey avtobusda da təkrar olundu: sürücü turist olduğumuzu biləndə konduktora pulumuzu geri qaytarmağı tapşırdı. Qəribədir, çinlilər heç bir başqa dili bilmirlər, ancaq heç bir ksenofobiya yoxdur. Xarici olduğunu bilən kimi, telefonundakı tərcümə proqramını çıxarıb qarşına tuturbu telefon vasitəsilə nə lazımdır izah edir, səssiz-səmirsiz, ancaq nəticəli. Özləri kimi. Bir tərəfdə, nə təəccüb, nə laqeydlik, nə sevinc, nə hirs - heç nə ifadə etməyən sima, donuq baxan gözlər! Uzağı mənim “Si sey” - “Sağ ol” sözümə “buçita” - “dəyməz” cavabı və yüngül bir təbəssüm. Digər tərəfdə hər addımda insanlıqları, yadelliyə anlayışla yanaşmaları, qız-qadınla abırla danışmaqları! Bu qədər ziddiyyətli bir xalq görməmişdim.

Doğmalığın daha bir səbəbindən də danışım. Konqresdə mənim ilk məruzəm Azərbaycan muğamı haqqında idi. İştirakçıların təəssüratının, təsəvvürünün daha dolğun olması üçün çıxışımı Habil Əliyevin “Segah”ı ilə başladım. Azərbaycanın harda yerləşdiyini bilməyən şəxslər 10 dəqiqə bu ecazkar musiqini dinlədilər. Muğamın hikmətindən, təfəkkürə təsirindən, kökündən, inkişafından danışandan sonra bu dəfə Vaqif Mustafazadənin ifasında “Cazz-Muğam”ı dinlətdim. Üzlərdəki heyrəti, heyranlığı görmək lazım idi. Müzakirə hissəsində gənc çinli tələbə bir musiqi dinlətmək üçün icazə istədi. İcazə verdimo, telefonunda Çin xalq musiqisindən bir hissə çaldırdı. Bu dəfə heyrətlənmək sırası məndə idi: sanki oğlan Segahın başlanğıcını köçürüb yenidən mənə dinlədirdi. Bitəndən sonra tələbə belə bir sual verdi: “Musiqilərimiz bu qədər oxşardırsa, onlar bizi Yaradana, ilahi dünyaya qədər ucaldırsa, biz niyə fərqli dinlərə sitayiş edirik, niyə bu qədər fərqliyik?” Belə sual gözləmirdim, ancaq cavab da açıq-aşkar idi: “Nə qədər ki, zahiri formalarımızı ön plana çəkirik, fərqimizi görürük, bir-birimizə düşmən kəsilirik! Elə ki, içimizdəki həqiqətə üz tuturuq, onu dərk edirik, o zaman necə də eyni olduğumuz, bizi Yaradanın da tək olduğu göz qabağında olur”. İclasdan sonra oğlan mənə yaxınlaşdı və üzrxahlıq elədi: “Çin bir az mürəkkəb ölkədir, Google, Whatsapp yoxdur, yad adamlar üçün çətindir. Mən sizə necə kömək edə bilərəm?” Təşəkkür elədim, ayrıldım, ancaq içimdə o qədər xoş bir hiss qaldı ki, hətta bu hadisəni yazanda da gülümsəyirəm.

Bunlar Pekində görünən və çinliyə hörmət yaradan şeylər idi. İndi də görünməyən şeylərdən danışım və keçən Konqreslə kiçik bir müqayisə aparım. Afinada bizi Aristotelin məktəbi yerləşən bağa aparmışdılar. Böyük bir bağ, oturmağa bir kötük belə yox, ara-sıra rast gəlinən baxımsız künc-bucaq, sökülmüş dəmir hasarlar, ot basmış cığırlar, tozlu yollar. İnsanlar amfiteatr formalı talada toplaşıb ortada əylənən gənclərə baxırdılar. Bilmirəm, bu gənclərdən sonra hər hansı bir filosof çıxış edəcəkdi ya yox, amma dözülməz isti, yorğunluq, xaos, susuzluq üstün gəldi və Aristotel ruhunu duymaq üçün həvəslə toplaşanlar yavaş-yavaş dağılmağa başladılar. Sonuncu gün isə iştirakçılar Afinanın köhnə, sökülmüş sütunları arasında bir vida konserti verdilər. Və Konqress bitdi. Məncə, bu, Afinanın, Yunanıstanın fəlsəfədəki missiyasının bitişi oldu. Beş il sonra filosoflar Konfutsinin torpağına - “Şimal paytaxta” toplandılar. Konqres çərçivəsində Pekin Universitetinə də getdik. Böyük bir ərazini əhatə edən məkan hamını heyran etmişdi. Maraqlıdır ki, Universitetin qapılarından biri Pekində (bəlkə də Çində) ikinci məşhur qapı hesab edilir. Turistlər xüsusi olaraq bu qapının yanında şəkil çəkdirməyi özlərinə şərəf bilirlər. Ərazinin elə bir küncü, elə bir otu, elə bir cığırı yoxdur ki, insan əlinin sığalı hiss olunmasın. Diqqət edin, müdaxilə demədim, məhz sığal dedim. Heç nə təbii halından çıxmayıb, heç nə “darıxmır”. Hər şeyharmoniya içində”, öz yerindədir. Həyat öz axarı ilə gedir - doğulur, böyüyür, ölür. Bütün dünyaya hər şeyin süni variantını satan Çin təhsilində özü sanki təbiətin qanununu böyük bir qısqanclıqla qoruyub saxlayır. Bilir ki, yalnız bu şəkildə Universallıqdan enerji ala biləcək, öz inkişafında heç vaxt yarıda qalmayacaq.

Bəli, müasir dünyada çinlilər daha çox təqlidçi kimi təqdim edilirlər, nə görsələr, onun eynisini daha ucuz, daha sürətlə istehsal edir, dünya bazarına çıxarırlar. Buna təəccüb edirdim, hətta qınayırdım ki, az qala peyğəmbərə bərabər tutulan, əsrləri heçə sayan Konfutsinin həmvətənləri niyə bu qədər orijinallıqdan uzaq düşüblər, öz simalarını itiriblər? Bura gəlib başqa şey gördüm. Əvvəla, onlar orijinallıqlarını heç itirməyiblər, onu göz bəbəyi kimi qoruyurlar - dil, ənənə, düşüncə. Hətta yeməkxanalarında turistlərə çəngəl verməyib onları çubuqla, çörəksiz yeməyə məcbur etməklə sanki yadelliləri özlərinin “gülməli surətinə” çevirməkdən ləzzət alırlar. Bəli, onlar başqasının məhsulunu təqlid edir, hətta “oğurlayırlar”, ancaq öz möhürlərini qoymağı unutmurlar. Onlaringilis, nə amerikan, nə fransız olmaq istəyirlər. Əksinə, onlar bütün dünyanı “çinli” eləmək istəyirlər.

İkincisi, onlar bu gün Konfutsi səviyyəsində ideya irəli sürməsələr də (buna heç ehtiyac da hiss etmirlər, çünki Konfutsi bəs edir bütün tarixə, bütün bəşəriyyətə), ona gedən yolun alaqla örtülməsinə imkan vermirlər. Bu yolla gəlib gedənlər həm Konfutsinin, həm də Çinin hegemonluğunu qəbul etmiş olur, onu daha da gücləndirir. Axı, şərt yalan-gerçək yenilik təklif etmək deyil, öz kökünü qorumaqdır. Kökü sağlam olan ağac qol-budaq atır, yanındakı pöhrələrə dəstək olur. Bu gün Çin kəsilməsi artıq mümkün olmayan, rişələri bütün dünyanı bürüyən nəhəng bir ağacdır. Onu sevənlər də, sevməyənlər də, tanıyanlar da, tanımayanlar da, qəbul edənlər də, etməyənlər də onun budağının altından keçməli, kölgəsində aniolsa oturmalı, meyvəsindən dadmalı olurlar. Bax, dünyanı basan Çin xofu elə budur.

Düzdür, bəzi çinlilərdə xüsusi bir rus sevgisi də müşahidə etmək mümkündür. Pekində ayrıca “Russia Town” - “Rus şəhəri” də varmış. Hətta orada satıcılar öz adlarını ruslaşdırıb və mağazalarına öz adlarını veriblər: Maşa, Andrey, Tanyas. Ancaq bu “ənənə” satıcılarla kifayətlənmir, Rusiya ilə əməkdaşlıq edən professorların da adları ruslaşdırılıb. Sonra bu məsələyə də bir aydınlıq gəldi. Konqres zamanı Peterburqda təhsil alan çinli professor Jan Bayçun rusların ünsiyyətçilliyini, şən olmaqlarını heyranlıqla vurğulayanda, Çin-Rusiya Fəlsəfə Cəmiyyətinin sədri professor Xun Li qısa bir qeyd etdi: “Bizim babalarımız bizə susmağın qızıl olduğunu və xoşbəxtliyi bunda tapmağı öyrədiblər. Biz isə babalarımızın yolu ilə getməyə üstünlük veririk”. Qısa və aydın, heç bir şübhəyə yer qoymayan qeyd! Çinlilərlə ünsiyyət zamanı onların üzünün bir cizgisinin belə tərpənməməsinin, emosiyasız qalmaqlarının açıqlaması. Hətta “yoxsözünü belə telefonundakı tərcümə proqramı ilə qarşımızda tutan bu adamlarla səbri qorumaq çox çətin idi. Görünür, səssiz olanda universal aləmin səsini eşitmək daha rahatdır.

Bilmirəm, daha böyük möcüzə Çin səddidir, yoxsa onun o üzündəkilər?! O Divara qalxıb 10 dəqiqə ərzində ətrafa baxıb, özünün hamıdan uca bir məkanda şəklini çəkdirmək üçün 2 saat növbəyə durmaq lazımdır. Muzeyə çevrilmiş bütün tarixi məkanlar kimi, bura da öz sehrini itirməkdədir, heyrət doğuran yalnız bu qədim daş tikilinin nəhəngliyidir. Amma Divarın o üzündə neçə əsrlik dərin bir fəlsəfənin üzərində bir xalq böyüməkdədir, azman bir ölçüyə gəlməkdədir. Bunu fərq edənlər qorxuya düşür, dəhşətə gəlir, qarşısını almağa çalışır. Ancaq bu nəhəngliyin mənbəyini dərk edən millətlərin ürəyindən elə oradan - Universal Harmoniyadan, İlahi dünyaya qədər uzanan Haqq yoldan bəhrələnib böyümək, güclənmək keçir.

 

Könül BÜNYADZADƏ

fəlsəfə elmləri doktoru

 

 

525-ci qəzet.- 2018.- 15 sentyabr.- S.14.