Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunədir

 

GÖVHƏR BAXŞƏLİYEVA: "AZƏRBAYCAN İNSANI 100 İL ÖNCƏ BAKIMIZIN İŞĞALDAN AZAD EDİLDİYİ KİMİ, QARABAĞIMIZIN DA İŞĞALDAN QURTULMASINI VƏ BÖLGƏYƏ ƏBƏDİ SÜLH GƏLMƏSİNİ İSTƏYİR"

 

"1918-ci ilin 15 sentyabr tarixi Azərbaycan xalqının Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaratması tariximizə qızıl hərflərlə həkk olundu. Düz yüz il sonra, 2018-ci ilin 15 sentyabr tarixində isə biz o sevinci, o qüruru sanki yenidən yaşadıq. Yüz il öncə Bakımız Türk dünyasının qəhrəman sərkərdəsi Nuru Paşanın rəhbərliyi ilə birləşmiş Azərbaycan və Osmanlı silahlı qüvvələrindən təşkil edilmiş Qafqaz İslam Ordusu tərəfindən azad olundu, erməni-bolşevik işğalından qurtuldu, paytaxtımız yenidən Bakıya köçürüldü və 15 sentyabr Bakının qurtuluş hadisəsi kimi tarixə düşdü. Düz yüz il sonra isə - ikinci dəfə müstəqilliyini əldə edən və ötən 27 ildə də regionun aparıcı dövlətinə, söz, nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın paytaxtında daha bir möhtəşəm və tarixi hadisə yaşandı. Azərbaycan və qardaş Türkiyənin prezidentlərinin iştirakı ilə Bakımızın işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı təntənəli və illərlə yaddaşlardan silinməyəcək parad keçirildi. Yəni Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad hər bir azərbaycanlı üçün sevincli və qürurlu hadisə idi".

 

Bunu "525"ə açıqlamasında millət vəkili, akademik Gövhər Baxşəliyeva bildirib. Millət vəkili deyib ki, 100 il bundan əvvəl Osmanlı silahlı qüvvələrindən və Azərbaycan korpusundan təşkil edilmiş Qafqaz İslam Ordusunun uğurlu əməliyyatı nəticəsində Bakı şəhəri daşnak-bolşevik dəstələrindən azad olundu. "Bununla da tarixi Azərbaycan torpağının baş şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, ümumilikdə Azərbaycan xalqının özünün müstəqillik arzusunu həyata keçirməsi idi. Bu hadisə müstəqillik əldə etdiyimiz qədər əhəmiyyətli bir hadisədir" - deyən G. Baxşəliyevanın sözlərinə görə, Bakının işğaldan azad olunmasının 100 illiyini qeyd etməyə hazırlıq çoxdan gedirdi, kulminasiya nöqtəsi isə 15 sentyabr 2018-ci il tarixində keçirilən hərbi parad oldu: "Qeyd etdiyim kimi, hərbi paradda da Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yanaşı, qardaş və dost Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həmçinin, Türkiyənin nümayəndə heyəti iştirak etdi. Paradda hər iki dövlət başçısı son dərəcədə məzmunlu və əhatəli çıxış etdi. Paradda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir və bu məsələdə heç nə ona mane ola bilməz.

 

O bildirdi ki, "bugünkü güclü dövlətimiz, güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir və belə paradların çox da uzaq olmayan bir dövrdə artıq Xankəndi, Şuşa və digər işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur".

 

Dövlət başçısı eyni zamanda bəyan etdi ki, düz 100 il öncə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında döyüşərək Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. "Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq", - deyən dövlət başıçımız qardaş Türkiyə ilə bugünkü əlaqələrə də nəzər saldı və bildirdi ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir.

 

Onun qeyd etdiyinə görə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. "Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir", - deyən cənab prezident təkcə bu il Rəcəb Tayyib Ərdoğanla altı görüşünun olduğunu sözlərinə əlavə etdi. "İkisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik" - deyə, dövlət başçımız fikirlərini yekunlaşdırdı. Həmçinin, qardaş ölkənin prezidenti öz tarixi çıxışında bildirdi ki, Qafqaz İslam Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyin təməlini qoyub. Cənab Ərdoğan sonra vurğuladı ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə olması heç də təsadüfi deyil. "Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik. Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır..." - deyən qardaş ölkənin rəhbəri Qarabağ məsələsində də hər zaman ölkəsinin Azərbaycanın yanında olduğunu və bundan sonra da olacağını açıq şəkildə bəyan etdi. Bütün bunlar isə nəticə etibarı ilə Azərbaycan-Türkiyə münasibətlərinin necə yüksək bir səviyyədə olduğunun növbəti təsdiqidir. Bu gün Azəraycan-Türkiyə münasibətləri dünya üçün bir nümunə, bir modeldir və bu münasibətləri pozmaq, korlamaq, ona xələl gətirmək heç kimə, heç bir gücə müəssər olmayacaq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu günə qədər bir çox problemləri həll, dəf etdiyi kimi, bundan sonra da bir çox məsələlərin öz ədalətli həlli tapmasında öz rolunu oynayacaq, öz imzasını qoyacaq. Bunu Qarabağ məsələsinin həllində də görəcəyik".

 

Millət vəkili, akademik Ziyad Səmədzadə də bildirib ki, 15 sentyabr 2018-ci il tarixində bir xalq, bir dövlət olaraq çox tarixi və çox möhtəşəm anlar, hisslər, duyğular  yaşadıq: "Bu anları, bu hiss və duyğuları ifadə etməkdə sözlər belə acizdir, onların xoş təsirləri altındayıq". Z. Səmədzadənin bildirdiyinə görə, 15 sentyabrda iki Azərbaycan - babalarımızın düz 100 il öncə qurub-yaratdıqları Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə 1991-ci ilin avqustunda ikinci dəfə azadlığına qovuşan və qurucusu, memarı Ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan bir daha bir-birinə qovuşdu, bir-biri ilə qucaqlaşdı: "15 sentyabrda iki Bakı - 1918-ci ilin sentyabr ayının 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafaz İslam Ordusu tərəfindən işğaldan azad edilən Bakımızla ikinci müstəqilliyini yaşayan Azərbaycanımızın günü-gündən gözəlləşən, modernləşən paytaxtı Bakımız bir-biri ilə yenidən qovuşdu, doğmalaşdı... Bu gün iki qardaş, iki dost dövlət - "iki dövlət, bir millət" deyən Heydər Əliyevin müstəqil Azərbaycanı  ilə "Azəbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyən Qazi Mustafa Kamal Atatürkün Türkiyəsi müdrik, uzaqgörən siyasət və dovlət adamları - Azərbaycan prezidenti cənab İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın timsalında bir daha və yenidən bir-birinə qovuşdu, mərhəmləşdi...

 

Hər iki dövlət başçısının iştirakı  ilə Bakıda paytaxtımızın işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı son dərəcədə möhtəşəm, dünyaya səs salacaq parad keçirildi. Hər iki dövlət başçısı paradda çıxış edərək, bir daha Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya-həm dostlarımıza, həm də düşmənlərimizə nümayiş etdirmiş oldu... Dünya bir daha görmüş və duymuş oldu ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daimidir, əbədidir, dönməzdir. Azərbaycan prezidenti cənab İlham Əliyev özü də çıxışında bu məqama toxunaraq, bəyan etdi ki, "bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir və dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun". Dövlət başçımız sonra "Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi..." - deyərək, sözlərinə əlavə etdi.

 

Eyni zamanda, qardaş dövlətin başçısı çıxışında bu fikirlərin davamı kimi bəyan etdi ki, Türkiyə bu günə qədər Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək. "Qardaşlarımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq insanımızın öz yurduna qayıtmasına imkan verməyənlərin bizdən sərhədləri açacağımızı gözləmələri boş-boşunadır, əbəsdir"- deyən Türkiyə lideri, həmçinin, Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanla münasibətlərin normallaşması üçün mütləq şərt olduğunu da vurğuladı... Bu özü bir daha iki qardaş və dost arasında münasibətlərin hansı yüksək səviyyədə olduğuna aydınlıq gətirmiş, işıq salmış olur".

 

Z. Səmədzadə hesab edir ki, ümumiyyətlə, hər iki dövlət başçısı son dərəcədə səmimi, dərin məzmunlu, geniş əhatəli çıxış etdi və bu çıxışlar hələ uzun illər yaddaşlardan, hafizələrdən silinməyəcək.

 

"Bütövlükdə bunlar onu göstərir ki, hər iki dövlət həm sevinclərini, uğurlarını bərabər bölüşür, paylaşır, həm də dar gündə bir-birilərinə arxa-dayaq olur, kədərlərini, dərdlərini, problemlərini birlikdə yaşayır, bunlardan çıxmaq üçün həll yollarını də birlikdə axtarır və  birlikdə tapır, dünyanın qarşısına daha güclü, daha yenilməz şəkildə çıxırlar" - deyən Z. Səmədzadə bu baxımdan inanır və qəti əmindir ki, bu iki dövlətin birlik və bərabərliyi sayəsində 30 ildən bəri davam edən və dünyanın ədalətsizliyi üzündən hələ də həllini tapa bilməyən Qarabağ münaqişəsinin birdəfəlik  çözümünə, ədalətli, istədiyimiz, arzuladığımız sülhə nail olmaq mümkünləşəcək: "Buna böyük ehtiyacımız var. Artıq Azərbaycan insanı 100 il öncə Bakımızın işğalda azad edildiyi kimi, Qarabağımızın da işğaldan qurtulmasını, bu bölgəyə əbədi sülh gəlməsini istəyir.

 

İnanıram ki, gec-tez buna nail olunacaq, ədalət, zəfər, qələbə bizimlə olacaq və buna da qardaş Türkiyəylə birlikdə nail olacağıq. Azərbaycan da, Türkiyə də həm regionda, həm dünyada sülhün tərəfdarı, sülhün carçısıdır. Hər iki dövlət hər bir məsələdə sülhə, qarşılıqlı etimad və etibara nail olunmasını istəyir və bunun üçün də bütün cəhdlərini ortaya qoyur. Odur ki, bu iki ölkənin birgə cəhdləri və səyləri sayəsində  Qarabağ probleminin də ədalətli həllinə nail ola biləcəyik. Bir sözlə, Azərbaycanla Türkiyə hər  zaman birdir, bir olub və bundan sonra da bir olacaq".

 

Millət vəkili Hüseynbala Mirələmov da öz növbəsində qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi bu və ya digər siyasi-iqtisadi maraqlarla izah edilə biləcək hadisə deyil, bu, daha alt qatlarda xalqlarımızın birliyindən, bir millət, iki dövlət olmanın reallığından doğan hadisədir.

 

Millət vəkilinin qeyd etdiyinə görə, bu gün də, elə yüz il bundan qabaq da beynəlxalq münasibətlər sistemində xalqlar, millətlər, dövlətlər öz maraqlarını qorumaq yarışı və rəqabəti içərisində olsalar da, Türkiyə və Azərbaycan xalqları isə bir millət olduğu üçün milli maraqları da  daim eyni olub:

 

"Belə tarixi təbii müttəfiqlik isə həmişə ölkələrimizin inkişafı və təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Ona görə də hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində də milli maraqlarımızın və ümumi mənafeyimizin təmin olunması birlikdə olmağımızdan keçir. Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı tədbirlərin belə təntənəli şəkildə keçirilməsinin bir səbəbi də tarixi yaddaşımızı yeniləmək və gənc nəslə bunu bir daha yenidən təbliğ etməkdən ibarət idi. Çünki tarixi yaddaş milli yaddaşın ən əsas komponentlərindən biridir..."

 

H. Mirələmov əlavə edib ki, doğrudan da bu mühüm tarixi hadisə əslində, Türkiyə-Azərbaycan münasibətlərinin həm çoxəsrlik qardaşlığının bir növ xülasəsi, həm də yeni yüzillikdəki münasibətlərinin gələcəyinin təməl daşları idi: 

 

“Ona görə bu münasibətlər tarix durduqca yaşayacaq və xalqlarımızın birgə gələcəyinin qardaşlıq əsasında qurulmasına öz böyük töhfəsini verəcək. Ona görə də cənab prezident qeyd etdi ki, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz, bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. Düşünürəm ki, bu sözlərin özü də elə tarixi sözlərdir və Türkiyə-Azərbaycan qardaşlığının gələcəyi üçün mühüm əhəmiyyətli siyasi tezislərdir. Bunlar bir daha Azərbaycan-Türkiyə  dostluğu və qardaşlığının əyani ifadəsidir. Bu dostluq, qardaşlıq isə sadəcə sözlərdən ibarət deyil, daim əməllərdədir və hər zaman da belə olacaq".

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet  2018.- 20 sentyabr.- S.5.