Əlimərdan bəy Topçubaşının Paris arxivinin 4-cü cildi də nəşr edildi

 

Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurucularından və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan azman dövlət və siyasət xadimi Əlimərdan bəy Topçubaşının (1863-1934) Parisdə saxlanan arxivinin 4-cildlik nəşrinin sonuncu - 4-cü cildi də bu günlərdə Moskvada işıq üzü görüb.

 

Azərbaycanın yaxın dostu, Parisdə yaşayan görkəmli tarixçi alim, professor Giorgi Mamulia və Azərbaycan siyasi mühacirətinin irsinin vətənə qaytarılmasında və özəlliklə Moskvada nəşr edilməsində müstəsna xidmətləri olmuş görkəmli diplomat Ramiz Abutalıbovun tərtib etdikləri, Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin dəstəyi ilə Moskvanın ən nüfuzlu nəşriyyatlarından olan "Xudojestvennaya literatura"da çap edilmiş bu olduqca dəyərli əsər Azərbaycan Cümhuriyyətinin şanlı 100 illiyinə dəyərli hədiyyə olmaqla yanaşı, həm də Azərbaycan siyasi mühacirətinin tarixini öyrənənlər və araşdıranlar üçün də ən qiymətli töhfədir.

 

Xatırladırıq ki, Əlimərdan bəy Topçubaşının çox zəngin arxivi Parisdə Sosial Elmlər Ali Məktəbinin Doğu Avropa, RusiyaQafqaz Araşdırmaları Mərkəzində qorunur. 4-cü cilddə həmin arxivdəki Topçubaşının həyatının son illərinə və mühacirətdəki silahdaşlarının 1935-1940-cı illərdəki fəaliyyətinə aid sənədlər toplanıb.

 

Siyasi mühacirətimizin tarixinə gur işıq saçan bu olduqca dəyərli nəşri "525-ci qəzet" olaraq daim diqqətlə izləmiş və onun əvvəlki cildləri haqqında da oxucularımıza məlumat vermişik. Topçubaşı arxivinin önəmli qisminin çapa hazırlanması və nəşri kimi çox ağır bir işin öhdəsindən uğurla gəlmiş Giorgi MamuliaRamiz Abutalıbovu bu münasibətlə təbrik edir, onlara bu sahədə görməkdə olduqları və görəcəkləri millətə faydalı işlərində uğurlar diləyirik!

 

CEYHUN

 

525-ci qəzet  2018.- 27 sentyabr.- S.2.