Bir qərib dərviş vardı Muğanlıda...”  

 

II YAZI

 

 

 

Əslində, Azərbaycanla bağlı birinci yazımda poçtalyon Mustafadan yazacaqdım. Onu hələ Azərbaycana gəlməmişdən əvvəl qiyabi tanıyırdım.

 

Alman anasından miras qalmış mavi gözlərini, ləhcəli almancasını birilərindən eşitmişdim. Onu tanıyan bir dostum Mustafanı mütləq görməyimi ondan müsahibə almağımı məsləhət görmüşdü. Amma uzun yolçuluq, qırx dərəcə qovuran istilər, qohum-əqraba dost ziyarətləri onunla görüşü ertələyirdi. Nəhayət ki, bir sabah Muğanlı kəndində erkəndən oyanıb poçtalyon Mustafa ilə görüşməyə onun səsini duymağa qəti qərar vermişdim.

Səhər yola çıxdığımızda Ağstafada dincəldikdən sonra kəndə getməyi düşünürdük əslində. Gəncəni keçdikdən sonra birbaşa Muğanlını görmək istəyi yorğunluğumuzu üstələdi. Axşam Muğanlı kəndinə çatanda xeyli yorulmuşduq. Amma dost söhbəti, evində qaldığımız Kəmaləddinin məzəli söhbətləri erkən yatmağımıza əngəl olmuşdu. Gecə yarısından sonra yatağa girə bilmişdim. Amma bu dəfə ağcaqanadlar yuxumu ərşə çəkdi. Hətta pəncərədən içəri keçən çəyirtkələrlə savaşmaq məcburiyyətində qalmışdım. Yorğunluqdan gözlərim qapanmağa başladığında gecədən keçmişdi - səhər saat dördə az qalırdı. Bir neçə saatlıq yuxumda rəhmətlik atamı görmüşdüm. Məni kəndimizin qəbiristanlığındakı bir türbəyə aparırdı. O gördüyüm bəlkə yuxu deyil, bir xatirə idi. Çünki bir dəfə yeddi yaşımdaykən atamla tarla sulamağa getmişdik. O gün atam nədənsə çox səssiz və kədərli idi. Yolboyu heç danışmamışdı və durmadan köksünü ötürürdü. Onun kədərli halını hiss etmiş kimi mən də heç bir şey soruşmurdum. Arxasınca səssizcə gedirdim. Bir az irəlilədikdən sonra qəbiristanlığa girdi. Qəbiristanlığın ortasında kərpicdən tikilmiş, damından quru qamışlar sallanan kiçik bir otağa girdi. Arxasında dayanıb ona baxırdım. Otağın içində yerdən yastı, balaca bir daş alaraq məzar daşına yapışdırdı. Daş yapışqanla yapışdırılmış kimi qəbrə yapışdı. Mən də qaçıb o an bir daş götürüb qəbir daşına yapışdırdım, amma mənim daşım yapışmadı və yerə düşdü. Atam gülümsədi.

 “Ağanın ocağı mənim arzumu qəbul etdi” - dedi.

“Bəs mənim?”

Sərt və qabarlı əliylə saçlarımı oxşadı.

 

“Gələcəkdə sənin də arzuların qəbul olar” - dedi.

O gün atamın kədəri nə idi, nə arzulamışdı, türbədən nə diləmişdi, bilmədim. Soruşmağa da cəsarət edəmmədim. Ammaağa, türbə” sözləri hafizəmdə dipdiri qaldı. Xalqımız dərdindən də, kədərindən də qaynaqlanan qaranlıq düşüncələri “türbələrin, ocaqların” işığında aydınlığa qovuşdururdu. Bu ocaq bəzən bir ağac olurdu, bəzən bir dağ, bəzən də hissləri güclü olan bir insan...

Yuxu idimi, yoxsa bir xatirəmi, ayırd edəmmədiyim bu hadisə bəlkə də boşuna gözlərimin önünə gəlməmişdi. Çünki gecə yarısına qədər Muğanlıda mənə bir ocaq və ocağın təmsilçisi Veyis babadan söz etmişdilər. Kim idi bu adam? Sovet İttifaqının ən qaranlıq günlərində inancını qoruya bilən, hətta digər insanların əllərindən tutub onlara ümid aşılayan, inancından əsla vaz keçməyən bu insan necə bir gücə sahib idi? Ağlımı qarışdıran bu suallarla məşğulkən, Veyis babanın eyni zamanda, poçtalyon Mustafanın əmisi olduğunu söyləmələri marağımı daha da artırmışdı.

Kəkotulu çayımızı içib, yaylaqların minbir qoxusunu dadında birləşdirən keçi pendiriylə səhər yeməyimizi bitirdikdən sonra Veyis babanın ocağına getdik. Böyük bağçalı iki evin birində Mustafa, birində də İslam yaşayırdı. Veyis babanın əmanətlərini saxlayan İslam və xanımı Qənirə xala evdə yox idilər. Ona görə onlar gəlincəyə qədər poçtalyon Mustafanın qapısını döydük. “Kimsiniz, nə istəyirsiz?” soruşmadan qırx illik dostlar kimi gülərüzlə qapılarını açdılar. Məncə, bu torpaqlarda ən böyük möcüzə və müqəddəslik bax bu qucaq açma və gülər üzdü. saçlı, üzü, gözü qırışların arasında itib batmış, qısaboylu, yetmiş yaşlarında gülərüzlü bu adamın masmavi gözləri işıl-işıldı. Əlindən öpmək istədim, qoymadı. Qızım Sebiha türk üsulu əlindən öpüb alnına qoyunca Mustafa əminin üzündə xoş bir təbəssüm bəlirdi. Qızımı qucağına alıb öpdü, oxşadı. Bağçasına həvəslə armud, şaftalı ağacları əkmişdi. Sanki onları göstərmək üçün bizi ağaclarının arasından evin önünə doğru apardı. Gəlini, nəvələri evin terrasında bizə oturmağa yer göstərdlər. Önümüzə çay gətirib yanımızdan ayrılmadılar. Hamısı gülümsəyir, maraqla bizi izləyirdi. Almaniyadan gəldiyimizi söylədiyimizdə maraqları daha da artdı. Mustafa altı yaşına qədər İsveçrədə yaşamışdı. Şirin almancasıyla İsveçrəyə Schweiz deyil, Schwitzerland deyir. Hələ də almancanı unutmamış. Hətta oradakı evini belə xatırlayır, yaşadıqları qəsəbədən söz açırdı. Sonra anasının fotoşəklini gətirib göstərdi. Başörtülü, masmavi gözlü, sarışın bir qadın... Demək ki, bu qadın Mustafanın atası gənc İslama aşiq imiş! Aşiq olmaq bir yana, geridə bütün ailəsini, ölkəsini buraxaraq onunla birlikdə buralara qədər gəlmiş və burada bizim şirin dilimizi öyrənərək, bizim yurdumuz üçün uşaqlar yetişdirmiş... Şəklinə baxdıqca o qadına qibtə edirdim. Dünyamızda bu qədər güclü eşqkişilik qaldımı görəsən, dedim öz-özümə.

Mən ona altı yaşına qədər yaşadığı İsveçrədən, oradakı almanlardan, anasından, atasından suallar verdikcə Mustafa gülümsəyir, həyəcanla keçmişindən, sovrulub gedən dünyasından danışırdı. Arada bir səsi boğulur, gözləri dolur, hüzünlənirdi. Bəlli ki, içində dərin bir həsrət və kədər vardır. Hər şey nə qədər soyuq və acımasızdır belə! Bəhs etdiyi insanların sadəcə bir neçə solmuş fotoları qalmışdı yanında... Buraya gəlmədən bir neçə gün öncə Bakıda İçərişəhərdəki gözəl dostlardan ÇingizBarat Abdullayev qardaşlarının qonağı olmuşdum. Bu iki qardaş Azərbaycandakı tanışlarımın içərisində Bakını və Bakı memarlığını ən yaxşı bilən insanlardandır. Onların yanında dəyərli tədqiqatçımız Ramiz Abutalıbov da vardı və qiyabən bir-birimizi tanısaq da, onunla ilk dəfə orada tanış olduq. Ramiz hocayla yurdundan, olub keçmişin qaranlığında itib-batmış insanlarımız haqqında söhbət etdik. Xüsusilə, Topçubaşov kimi aydınlarımızın qürbətdəki yalnızlıqlarından söz açdıq. İndi burada eyni durumda olan canlı bir insanla qarşı-qarşıya oturmuşdum.

Mavi gözləri hələ də gənc qalmış poçtalyon Mustafa yaşlılığından, yalnızlığından, çox az olan təqaüdündən söz açdı. O, danışdıqca mən onun hələ də parlaq, canlı qalmış gözlərinə baxırdım. Bu şirin, simpatik adamın gözlərində iki ayrı dünya vardı sanki... Biri qərb, o birisi şərq... Qərb müharibə sonrası yıxılmış bir dünya olaraq həkk olunmuş hafizəsinə.. Oradakı dayılarından, xalalarından bəhs edərkən, sanki yox olmuş bir aləmdən bəhs edirdi. Şərq isə onun atasının yurdu idi, amma onu xoşbəxt etməmişdi nədənsə... Çiləli və yorğun ruhunu baxışında yaxalamaq mümkündü... İki dünyaya da qırğın və küskündü. Amma nə etməli? Ona mən dünyanı yenidən yorumlayıb göstərəmməzdim ki! Ən yaxşısı onu xatirələri ilə baş-başa buraxmaqdı... Elə də etdim. Büzüşmüş kiçik əllərini əllərimin içinə alaraq, bu yorğun bədəni qucaqladım və sürətlə ayrıldım oradan. Qapıya qədər gəldi, arxamızdan baxaraq əl salladı.

Poçtalyon Mustafanın bağçasının sağ tərəfində daha bir bağçalı ev vardı. Bu kəs oranın qapısını döydük. Burada da qardaşı İslam yaşayır. Əmiləri olan Veyis babanın əmanətləri buradaymış. Bizi nurüzlü iki yaşlı adam səmimiyyətlə qarşılayaraq evə dəvət etdilər. Qonaq otağının divarında Veyis babanın böyüdülmüş şəkli asılmışdı. Uzun, bəmbəyaz saqqallı, nurani üzlü bir piri-fani... Qalın qara qaşlı, başında keçə papağı olan bu adam o dərviş könlüylə Sovet İttifaqının rejimi altında Allah bilir nə çilələr və çətinliklərə köksünü gərmişdi.

Veyis babanın gəlini Qənirə xala bizi çeşid-çeşid şirniyyatla qarşıladı. Sonra Veyis babadan yadigar əmanətləri masanın üstünə yığdı. Hər əşyada ayrı bir xatirə, ayrı bir hüzün vardı. Qənirə xalanın həyat yoldaşı İslam yetmiş yaşlarında, aparıq, hey gülümsəyən və gözləriylə insanı anlamağa çalışan bir insandı... O da almanca bilir və anasından həsrətlə söz edirdi.

Bir eşq, bir qadın və könlü ilə bir kəndi özünə bağlamış, evini ocaq halına gətirmiş bir dərviş insana nələr hiss etdirməz ki! Ağlımda minbir sual və düşüncələrlə oradan ayrıldım. Bu torpaqlarda kim bilir nə qədər Veyis baba kimi dərvişlər, nə qədər poçtalyon Mustafa kimi ürəyi yaralı aşiqlər vardı...

Ertəsi gün almanların yaşadıqları Xanlar qəsəbəsinə gedəcəkdim. Gedənlərdən eşitdiyimə görə, almanların oradakı evləri, küçələri, hətta kilsəsi olduğu kimi dururmuş. Otuz ilə yaxındır aralarında yaşadığım, bəzən qibtə etdiyim, bəzən də bəyənmədiyim almanlar əcaba yüz il əvvəl buralarda necə yaşamış, nə edirmişlər?

Muğanlıdan səhər yeddidə xoş təəssüratlarla ayrılıb yola düşdük. Xanlara getmədən öncə bu dəfə yolumuzu Ağstafadan - həyat yoldaşımın rəhmətlik Leyli bibisinin evindən saldıq. Geniş küçələri, təkqatlı bağçalı evləri və yaşıllığı ilə Ağstafanı görən kimi ürəyim isinmişdi. Özümü sanki İğdırdaymışam kimi hiss etdim. Gəldiyimiz ev həm də Almaniyada magistraturada təhsil alan Süleyman Sadıxov adlı çox sevdiyim bir tələbənin hal-hazırda ailəsinin yaşadığı ev idi. Süleymanın atası Sadıx səhər erkəndən samovarı qaynadıb, xanımı Sevinclə zövqlə əkib becərdiyi kiçik bağçalarından topladığı nanə ətirli çayını hazırlayıb, bazardan o yerlərə məxsus xamralı çörəyini alıb qoymuşdu ki, hər an gələ bilərdik. Sevinc xanım Ağstafanın hörmətli müəllimlərindən birisidir. Onların isti, qayğıkeş münasibəti və qonaqpərvərliyindən minnətdarlıqla ayrılıb təkrar yola rəvan olduq.

Dilimdə Musa Yaqubun şeiriyle:

Bu qədər dolaşdıq yollar içində

Qədərsiz bu qeyli qallar içində...

 

 

Orxan ARAS

 

 

525-ci qəzet.- 2018.- 29 sentyabr.- S.8.