Şahnaz ŞAHİN

 

Dəyiş

 

Daha heç qalmadı,

İndi nədən danışaq.

Küsülü deyilik,

Külək əsə, barışaq.

 

Yenə bir şey fikirləş,

Nəsə bir hoqqa çıxar.

Lap bir xəlvət şəkil çək,

Yanında da arzular.

 

Dilin topuq vurmasın,

Sakit ol, aram danış.

Belə qalmaz bu dünya”,

Sən bir azca dəyiş.

 

Dəyiş oyun havanı,

Dilində tamı dəyiş...

İnanıb boy verdiyin.

O suyu, camı dəyiş.

 

Sil üstündən günahı,

O son gümanı dəyiş.

Sol yanında yer tutan,

Yersiz adamı dəyiş!

 

Yerə endir günəşi,

Kürəyini oda ver.

Qorxma bütün ömrünü,

Bax bu uzaq, yada ver.

 

Tütünsüz çətin olar,

Götür bir siqaret çək.

Qoy son dəfə soruşum,

Bu dava çox çəkəcək?!

 

Şeir qadın

 

Mən bir az çöl qadınam,

bir az da orman qadın.

Bir az şeir qadınam,

Bir az da roman qadın.

 

Dadı damağımdadı,

Baldırğanın, reyhanın.

Yarpız, quşəppəyinin,

Çörəkotunun tamı...

 

Tala-tala ələfəm,

Çiçək-çiçək dağam mən.

Sahibini gözləyən,

Soyumuş ocağam mən.

 

Gedək, bu yol aparar,

Birbaş Göyçəyə bizi.

Neçə davamçısı var

Nüşabənin,Tomrisin.

Vətəndi adi daşı,

Bir çöpü vətəndi.

Çox da ana deyirik

Vətən Allaha təndi.

 

Qadınam, qadın... ana,

Hər dərdə sipər qadın.

Bətnimdə böyüyübdü,

O Həcər, Nigar qadın.

 

Leyli mənəm, Şirin mən,

Ocaq qadın, Pir qadın.

Tanrının yaratdığı,

Ən gözəl əsər...Qadın!

...Mən bir az çöl qadınam,

Bir az da şeir qadın...

 

Yenə axşam oldu

Yenə gün axşam oldu.

Yenə uçdu qaranlıq.

Qürbətdən dən gətirib.

Yerə səpdi qaranlıq.

 

Yenə O deyən oldu,

Yenə mən o dünyalıq.

Çıxıb indi necə alım,

Kimdən alım halallıq?!

Yenə gözlə dedilər,

Keçib gedər dumanlar.

Qayıdıb ürəyimi vurdu

O gümansız gümanlar

...Yenə axşam oldu...

 

Gecənin duası...

 

Ha su tökdüm, yaz olmadı bu dərdim,

Kotan çəkdim, düz olmadı bu dərdim.

Səndən başqa kimə desəm bu dərdi...

Bağışlamaz...

Allah, məni bağışla...

 

Bir hasar çək, diblərinə gül ək,

Qələm götür, gözlərimə sürmə çək.

Çıxıb gedər bəni-Adəm təkbətək...

Bağışlamaz...

Allah, məni bağışla...

 

Sıx gözünü varağa qara yaz,

Sarı deyil Sarı gəlin... bir yaz.

Günahım var, fərqi ki, çox, ya az..

Bağışlamaz...

Allah, məni bağışla...

 

Quru yerdi baş qoyduğum and yeri.

Hey sökülür arzuların bənd yeri.

Dilimdədi Tövbə, İman, Fənd yeri...

Bağışlamaz?

Allah, məni bağışla... bağışla...

 

lll

 

Ürəyimə yatmadı

Oxuduğun bu nəğmə.

Gecələrin içindən,

Səhərə əl eyləmə.

 

Sevgi məktubu yazma,

Ta mənə quş dilində.

Göylər yerlə danışır,

Narın yağış  dilində.

 

Ruhum uçduğu yer ,

Ruhlar aləmi deyil.

Fırtınalar önündə,

Neyləyə bilər sahil.

 

Biz ki, qohum deyilik,

Axı niyə qan çəkir.

Əlimdə yol biletim,

Məni son güman çəkir.

 

Unuduram özümü,

Unuduram səni .

O ocağı, o közü,

O bənzərsiz təmi ...

 

Burax, burax əlimi,

İcazə ver, qoy gedim.

Bir qovuşacaqmı,

Yollar....

Mən hardan bilim.

 

Məni axtardınmı...

 

Daş üstə yatdığım gecə,

Min il yol getdiyim gecə.

Gözündən itdiyim gecə,

Məni axtardınmı, Tanrım?

 

Qəmi könlümü oxşayan,

Taleyimi naxışlayan.

O gildir-gildir ağlayan,

Ahı bağışladınmı, Tanrım?

 

Yığış köç edək buradan,

Ağı ayıraq qaradan.

Söylə, anam mən sarıdan,

Yenə nigarandımı, Tanrım?

 

Əlim çatmadı sənə

 

Əlim çatmadı sənə,

Qaldıq hərəmiz dünyanın bir üzündə.

Sən günəş zərrəsində,

Mən külək səsində.

Başımız üstə hönkürüb ağlayan göylər,

Ayağımız altında susuzluqdan.

Bağrı çatlayan yer üzü...

Aramızda Ağrı qatı...

Eh... Şoran istəklər hələ başımızı qatır,

...Gözlərimi yumub

Gözlərindən öpmüşdüm,

yadındamı?

Bax, dodaqlarım hələ

duz dadır.

 

Tapılır

 

Gecələr göyün üzünə,

Qalxmağa imkan tapılır.

Bir az yerdən, bir az şərdən,

Olmağa pünhan tapılır.

 

Uzanır Kərbəla yolu,

Neçə şəhidiylə dolu.

Kimə damla qəhət olur,

Kiminə ümman tapılır.

 

Vəzni ayrı, nəzmi ayrı,

Hüsnü ayrı, hüznü ayrı.

İsmi, rəsmi, vəsfi ayrı,

Bir şah i-mərdan tapılır.

 

Şahnaz, getmə hal səsinə,

Olmayasan qul nəfsinə.

Salavat çək gül hüsnünə,

Çətin...

Bir belə sultan tapılır!

 

lll

 

vaxtsa yenidən doğulacağam,

Təkrar gələcəyəm mən yer üzünə.

vaxtsa diksinib oyanacağam,

Mən od işığına, külək səsinə.

Budaqda tumurcuq çatlayan kimi,

Bir ömür yenidən başlayacaqdır.

Bir payız yağışı yağıb keçəcək,

Bir bahar yenidən qayıdacaqdır.

 

Sevgi dar ağacı-asılacağam,

Könlümün gözündən sən keçəcəksən.

İlahi ağrının, ilahi qəmin,

Şəklini üzümdən köçürəcəksən.

 

Yenə vədələşib görüşəcəyik,

Bayram eyləcək tanış küçələr.

Bu otel otağı, dar dayanacaq,

Bu köhnə skamya... sevinəcəklər.

 

Hardasa yoluma çıxan birisi,

Mənə vurulacaq... yazıq olacaq.

Sənin uzaqlardan yazdığın məktub,

Mənə çatmayacaq... hayıf olacaq.

 

Keçdiyim dağ başı, sıldırım qaya,

Ağac kölgəsində əks olacağam.

Təkrar gələcəyəm mən yer üzünə,

Şahnaz, sənin üçün doğulacağam.

 

lll

 

Bizi ayrılığa aparar bu vaxt,

Baxmaz göz yaşına, əllərimizi

Çəkib yaxasından qoparar bu vaxt.

Bizi Ayrılığa aparar bu vaxt.

 

Arınar gecənin sirri içində,

Gümüş tellərini dağıdar sabah.

Tənha bir gözəlin bəxtinə düşüb,

Gecə çiçəyitək yumular bu vaxt.

 

Nigaran qalarıq bir-birimizdən,

Axarıq, gedərik... yolumuz dümağ.

Milyonlar içində itirər, sonra,

Bizi tityə kimi axtarar bu vaxt...

 

Bir səs havalanar vaxt qapısında,

Bizə gəlib çatar həmişə bivaxt.

Əvvəl sığal çəkər saçlarımıza,

Sonra könlümüzü qanadar bu vaxt,

Bizi ayrılığa aparar bu vaxt.

 

lll

 

Şeirimin şəklini çəkən oğlana,

Sözə qaranəfəs qaçan oğlana.

Bir məktub göndərim quş ürəyində.

Sevgisi solmasın daş, ürəyində.

 

Deyim ki... nə deyim, ah necə deyim.

Bu küçə daşlıdı, gecə qaranlıq.

Hər gün pusqudadı pislik, yamanlıq,

Xeyirlə vuruşur şər nə zamandı,

Deyim ehtiyatlı olsun, amandı...

 

Gözə qara eynək taxmasın deyim,

Dilindən yersiz söz çıxmasın deyim.

Eh, yadlar bir yana, dostlar bir yana,

Sınasın yaxını, doğmanı deyim...

 

Gördüyü pilləkən üzü göyədi,

Bilmək olmur göylər kimi bəyənir.

Adam var eləcə göyə boylanır,

Adam var eləcə göyə təşnədir...

 

Tanrım yaratdığı dünyanı sevir,

Bu yaşıl ormanı, səhranı sevir.

Günəşi, yağışı, dumanı sevir,

Damlanı, dalğanı, ümmanı sevir...

 

Yaxın gəl, bu çətin yola bir çıxaq,

Qırxıncı qapının sirri məndədir.

Sənin axtardığın böyük səadət,

Bir az sevincdədır, bir az qəmdədir....

 

Bu səhər ürəyi kövrək olubdu,

Qəlbimlə bir vurur qəlbi göylərin.

Deyə bilmədiyim qədər söz var,

Lütf edin, buludlar, ona söyləyin.

Lütf edin, olar, ona söyləyin!..

 

 

525-ci qəzet  2018.- 6 yanvar.- S.23.