Səməd Hüseynoğlu

 

Mən kiməm

 

Manat kimi xırdalanan ömrə bax,

ruh bilər, bədən bilər mən kiməm.

Həyat adlı bir karvana qoşulub

Məndən əvvəl gedən bilər mən kiməm.

 

Altı ildi "sağ ol" dedim qırxına,

Su tökmədim susuz bir çöl arxına.

Pər olmadım bir dəyirman çarxına,

Dən üyüdən nədən bilər mən kiməm.

 

Əl-ovcumda üçüm-beşim olmadı,

Pay qoparan quzğun dişim olmadı.

Bir kimsəylə müşkül işim olmadı,

Mehribanlıq edən bilər mən kiməm.

 

Bir daşına tən olmağa yubandım,

Ac quşuna dən olmağa yubandım.

Səmt olmağa, yön olmağa utandım,

Necə deyim: Vətən bilər mən kiməm?

 

ümmanlar, dənizlər bilmədi,

asanlar, qəlizlər bilmədi.

Özgələr heç, ən əzizlər bilmədi,

Allah bilər, dədəm bilər mən kiməm.

 

Tənha ağac 

 

Tənha bir ağac var yolumun üstə,

Mənim o ağaca yazığım gəlir.

Salmır kölgəsini qolumun üstə,

Mənim o ağaca yazığım gəlir.

 

Çox da ki yekədi, başda tacı var,

yaraq-yasağı, gücü var.

Onun da həmdəmə ehiyacı var,

Mənim o ağaca yazığım gəlir.

 

O ağac bəxtikəm adam kimidir,

Talanmış harayım, sədam kimidir.

Bir az da sınıxmış atam kimidir,

Mənim o ağaca yazığım gəlir.

 

Dibində çoxları kef-damaq qurub,

İllər yarasını köksünə vurub.

Ay allah, yetimtək boynunu burub,

Mənim o ağaca yazığım gəlir.

 

O ağac özüməm belə baxanda,

Baxdım o ağaca, baxdım yaxından.

Bəlkə o deyəcək tutub yaxamdan:

Mənim o ağaca yazığım gəlir.

 

Xoş gəlmisən

 

Onsuz da heç nədən küsən deyiləm,

Qara saçlarıma dən, xoş gəlmisən.

Günəşli günlərdən umacağım yox,

Bulud, xoş gəlmisən, çən, xoş gəlmisən.

 

Ay məni qəfildən haqlayan eşqim,

Gözümü yollarda saxlayan eşqim.

Arabir qapımı yoxlayan eşqim,

Ömrün ötəninə tən, xoş gəlmisən.

 

Bir qərib nisgili, nidanı aldım,

Həmişə, hər heydən sədanı aldım.

Başına dolandım, qadanı aldım,

Öpdüm qədəmini mən, xoş gəlmisən.

 

Götür, istədiyin pay sənin olsun,

Qışa mən dözərəm, yay sənin olsun.

Bir quru canım var, qoy, sənin olsun,

yaxşı gəlmisən sən, xoş gəlmisən.

 

Verdim hər nəyim var, mən yelə verdim,

Borcumdu qumarda bir belə, verdim.

Bir gülü qoparıb bir gülə verdim,

Gülüm, həyatıma ən xoş gəlmisən.

 

Qorxdum görən olar, göz tutar səni,

Çoxbilmiş ovçular tez tutar səni.

Birdən bu dediyim söz tutar səni,

Amandı, dolanma gen, xoş gəlmisən.

 

Bu adamlar

 

Təkcə bostanıma daş atmadılar,

Daşı ətəklərdən boşaltmadılar.

Ay Allah, gör nələr yaşatmadılar

Mənə bu adamlar, bax, bu adamlar.

 

Kimdir o, nədir o, bilmək istəmir,

Yaşamaq istəyir, ölmək istəmir.

Səni tanıyıb gəlmək istəmir,

Dinə, bu adamlar, bax, bu adamlar.

 

Sənsən, açan sənsən hər bir  tilsimi,

De, niyə əyridir dünyanın himi?

Bəlkə görünür kor şeytan kimi

Sənə bu adamlar, bax, bu adamlar.

 

Bilirəm, hamının borcu var sənə,

Nəyi var, versin borclular sənə?

Axır körpə kimi sığınar sənə,

Yenə bu adamlar, bax, bu adamlar.

 

Ana

 

Gəldik səni ziyarətə,

Nigaranım, salam, ana.

Mənəm, ömür-gün yoldaşım,

Bir iki balam, ana.

 

Şəkil olub baxışların,

Nəmi qalıb yağışların.

Hanı şirin alqışların,

Cavabsız sualam, ana.

 

Heç dəymədin kefimizə,

Dözdün neçə səhvimizə.

Sən gedəndən evimizə

Gəlmir bibim, xalam, ana.

 

Necədir yerin, bilmirəm,

İstidir, sərin? - bilmirəm.

Dərdin var, birin bilmirəm,

Ona görə lalam, ana.

 

Gör, atam necə sınıxıb,

Dərdləri üzünə çıxıb.

Qorxuram, qəlbini sıxıb

Mən bir xal salam, ana.

 

Qonşulardı solun-sağın,

Cərgə-cərgə, yığın-yığın.

Qaydasıdır ayrılığın -

Gərək yetim qalam, ana.

 

Heç kim bu adamı başa düşmədi

 

Məmməd Nazimoğlunun xatirəsinə

 

Yenə cədvəlinə yazıldı iki,

Bu adam neylədi beşə düşmədi.

Düz seçə bilmədi getdiyi yolu,

Bəxtinə bir fərli peşə düşmədi.

 

Yaradı kiminsə işinə bir az,

Üçünə bir az çox, beşinə bir az.

İstədi özün düşünə bir az,

Neylədi yatmış bəxt işə düşmədi.

 

Əsil dost yolunda sınaqda qaldı,

Həsrətdən gözləri soraqda qaldı.

Çox şeydən çəkildi, qıraqda qaldı,

Kiməsə yem olub dişə düşmədi.

 

Bildim, bu adamın Səmədmiş adı,

Bir Məmməd varıydı - dostu, ustadı.

Bax, o da heç kimdən heç nə ummadı,

Heç kim bu adamı başa düşmədi.

 

Bu gecə bir şeir yazmaq istədim

 

Bu gecə başımı başlara qoşub,

Bu gecə bir şeir yazmaq istədim.

Göydə ulduzların eşqinə düşüb,

Bu gecə bir şeir yazmaq istədim.

 

Göz-gözə gəldilər - göz əllərimlə,

Elə bil yandırdım köz əllərimlə.

Eşib dörd divarı öz əllərimlə

Bu gecə bir şeir yazmaq istədim.

 

Bir az qan qaraltdı bu namərd yuxu,

Yarımcan doğuldu sözlərin çoxu.

Zibil atanların söyüb var-yoxun

Bu gecə bir şeir yazmaq istədim.

 

Başıma qoymağa papaq tapmadım,

Gözümə sürtməyə torpaq tapmadım.

Şehini silməyə yarpaq tapmadım,

Bu gecə bir şeir yazmaq istədim.

 

Kim deşib qanatdı laçın dərdimi?

Ta qaysaq bağlamaz, açın dərdimi.

Salıb at belindən xurcun dərdimi,

Bu gecə bir şeir yazmaq istədim.

 

Döndüm bir gecənin qoçağına da,

Baxdım oğrusuna, qaçağına da.

Elə bu gecənin acığına da

Bu gecə bir şeir yazmaq istədim.

 

Sən gedəndən

 

Anasın itirmiş uşaq kimiyəm,

Qurumur gözümdə nəm sən gedəndən.

Alıb ağuşuna oxşayır elə,

Gecə də, gündüz də qəm sən gedəndən.

 

Köz hardan anlasın külün dərdini,

Bülbül necə duysun gülün dərdini?

Eşidən çox olar zilin dərdini,

Deşir ürəyimi bəm, sən gedəndən.

 

İncidir qəlbimi həsrət qubarı,

Qayıt, ağrılarım azalsın barı.

Yığışıb çöllərin avaraları,

Olublar başıma cəm, sən gedəndən.

 

Bir dost yalanına aldandım özüm,

Olub-qalanıma aldandım özüm,

Bəxtin kalanına aldandım özüm,

Bəxt ki, ağlatdı həm, sən gedəndən.

 

Qəlbimi göynədən söz deyən oldu,

Bir günah işlədib yüz deyən oldu.

Kim mənim yolumu gözləyən oldu,

Kim öldü dərdimdən, kim, sən gedəndən?

 

Gəldim

 

Ürəyim atlandı, qəlbim uçundu,

Çevrilib məhəbbət quşuna, gəldim.

Saldı öz sehrinə bu yerlər məni,

Qonub torpağına, daşına, gəldim.

 

Arı naxış vurdu gülə min rənglə,

gözəl uyuşdu bu xoş ahənglə!

Dedim su doldurar qızlar səhənglə,

Həvəslə bir bulaq başına gəldim.

 

Dedim daşdan-daşa qovlayar biri,

Aldadıb gizlicə tovlayar biri.

Nazlanıb könlümü ovlayar biri,

Bəlkə bir gözəlin xoşuna gəldim.

 

Kimini ağlayır səs bu bulağın?

Taleyi gətirib nəhs bu bulağın.

Hanı gözəlləri bəs bu bulağın?

Mən bura deyəsən boşuna gəldim.

 

Səməd HÜSEYNOĞLU

 

525-ci qəzet  2018.- 10 yanvar.- S.7.