ƏBDÜL DAYI

 

(Povestdən parça)

 

Yusif HƏSƏNBƏY

 

İllərlə hökm sürən Sovetlərin binəsi sökülür, tağları uçulurdu. Azərbaycanda dağıdıcı müxalifət dövlət başçısını ölkədən qaçırtdı. Hakimiyyətə gələn səriştəsiz prezident nüfuzlu kürsülərdən "Biz İranı özümüzə birləşdirib gücləndirəcəyik", "Çinə bayrağımızı sancmalıyıq", "Türklərə qardaş olarıq!" - deyə bağırır, özünü dünya ictimaiyyətinin gözündə kiçildir, gülünc vəziyyətə salırdı.

 

Ölkədə qapa-qap, çapa-çap başlanmışdı. Bəzi nazirlər balanslarında olan mülkləri, torpaq sahələrini, dövlət əmlakını dollara çevirib altlarını doldururdular. İcra hakimiyyəti başçılarının sərəncamıyla kəhrizlər, bulaqlar, göllər tikanlı məftillərlə çəpərlənir, örüşlər, yaylaqlar imkanlılar arasında bölüşdürülürdü.

 

Araya çökən sakitliyi "Koroğlu" üverturasının qıvraq sədaları pozdu. Kabinə uğuldadı. Telefondakı  çağrışçının nömrəsini görən Məhərrəmin dodaqları qaçdı:

 

- Hə, Əbdül dayı, zəng vuran yoldaş Bədəlovdu! Özümü tanıyandan onu Qaraxanlıdakı Dövlət Bankının direktoru görmüşəm. İndi özəlləşdirib onu. Görürsən də kimlərlə işləyirik, - deyib lovğa-lovğa irişdi. Amma bu süni təbəssüm Əbdül kişini açmadı. Qaş-qabaq salladı. Bunu görən Məhərrəm də əsəbiləşdi. Telefonun bir neçə düyməsini birdən basdı. - Bəli, bəli! Məhərrəməm mən, eşidirəm, yoldaş Bədəlov. Nömrənizi görən kimi tanıdım. Bir qulluğunuz, tapşırığınız olsun!

 

- Sən hardasan indi? - dolu, amiranə səslə xəbər aldı Bədəlov.

 

- Qaraxanlı yolundayam. Amma siz hara desəz, ora gələrəm. Ancaq yoldaş Bədəlov, - səsi xırıldadı - xeyir ola? Sən Allah, nə məsələdi? Bir balaca ucundan-qırağından eşitdirin. Bəlkə hazırlıq görüm?

 

- Əşşi, problem yoxdu! Bilirsən, həyətimdə bir-iki dana-duna var. Pay gətiriblər mənə. Amma bir neçə gündü kötrüm düşüblər.

 

- Xəstədilər bəlkə? - soruşdu Məhərrəm.

 

- Ola bilər. İndi safa-çürüyə kim baxır? Deyərəm, çatdırsınlar onları da sənə? Sağaldarsan, ya elə kəsərsən, neylərsən öz işindi. Eşitmişəm sən də ağına-bozuna baxmadan əlinə düşəni kəsdirib ətini göndərirsən marketlərə. Xəstəxanalara, doğum evlərinə, uşaq bağçalarına da həmin ətlərdən gedir. Deyirlər ki, maşınlarla mal-qara da ötürürsən sərhəddən o tərəfə!

 

- Yox! Lap sən deyən kimi də deyil. Xəstə heyvanları veterinar həkimim sağaldır.

 

- Yaxşı da, bunları da ərit necə bacarsan. Pulunu yuxarı qiymətdən verərsən mənə. Hə, bir vaxt tap, gəl yanıma. Faizsiz kredit düzəldim, apar. Sonrasını da bilirsən də. Keçən dəfəki kimi, əl-əli yusun, əl də üzü!

 

- Çox sağ olun, yoldaş Bədəlov. Amma o dana-buzov sarıdan heç narahat olmayın. Əlbəttə! Kəsərik, ya elə necə var satarıq. Düzəldərik, düzələr!

 

Əbdül kişi tikan üstə oturmuşdu elə bil. Elə hey qurcalanırdı. Deməli, Məhərrəm o xəstə heyvanları kəsdirəcək. Bu ətlər də dükan-bazarlarda satılacaq, xəstəxanalarda, uşaq bağçalarında bunlardan ləzzətli xörəklər bişiriləcək? - Əbdül kişi içini yeyirdi. Ancaq Bədəlovun təklifi Məhərrəmi qanadlandırıb ala buluda qaldırmışdı. Birdən qəflət yuxusundan ayıldı elə bil. "Nədi, ay Məhərrəm, odu söndürüb külnən oynayırsan? Əsas məsələdən yayınırsan axı! Bəs bu kişini niyə oturtmusan yanında? Şabalıd gözlərinə aşiqsən? Başıma qışqırır, dözürəm. Elə bağıraram ki, bağrı çatlayar. Nazlandırdığım bəsdi! Qurtardı! Belə fürsət bir də ələ düşəcəkmi? Çətin! Qızmış dəmir maşanın ucundadırsa, onu soyutma! Zindan üstə oturdub döy!

 

Məhərrəm elə indicə - bu yolun içində Nurcahanın elçiliyini eləyəcək, Əbdül kişidən xeyir-dua alacaqdı.

 

- Hə, Əbdül dayı, sən maşına minəndə qanın bərk qaraydı. Elə hey namusdan, qeyrətdən danışırdın. Mən elə bildim ki, mənə atırsan bu kumufları.

 

- Sənə niyə? Allah başına daş salmasın Alsoltanın. Evində qonaqlıq vermişdi mənə. Yediyimi burnumdan gətirdi.

 

"Çox əcəb. Mən qurtardım şübhələrdən! Deməli, davası Alsoltanlaymış". Üzü güldü Məhərrəmin. Sonra da - Ay Əbdül dayı, ay can-ciyər - dedi - Axı biz yaxın qohumuq. Yanından yel olub ötəni nakazat elərəm. Bilmirəm necə baxacaqsan bu məsələyə? Hamı üçün adət olanı, mənimçün cinayət saymazsan yəqin ki? Bir neçə həftə bundan əvvəl maşınımla məhlənizdən keçirdim. Evinizin qabağındakı "Cəmşid" arxına çatanda maşını yumaq, ora-burasına əl gəzdirmək keçdi ürəyimdən. Arxa təkərlərini suya salıb vedrələri, poroşokları, maçalkaları tökdüm yerə. Birdən güclü gurultu, şaqqıltı səsi gəldi həyətiniz tərəfdən. Dedim, bəlkə dağ çayı şahə qalxıb. İndi süpürləyəcək məni də, maşınımı da. Ancaq nə gördüm? Bir-birindən bir az havalı, yeniyetmə uşaqlarınız həyətinizdən çıxıb hay-harayla doluşdular maşına. Döşəmə xalçalarını, kabinkadakı ayaqaltıları da yerə tökdülər. Pəncərələri yuyan kim, parpresin ləkələrini, kapotun palçığını silən kim! Uşaqlar yaxşı işləmişdilər. Ciblərinə pul-para qoya bilərdim...

 

Əbdül kişi yerindən dik atıldı:

 

- Qoydun?

 

Hökmlü, zabitəli səs Məhərrəmi diksindirdi. Qurcuxub çiynini çəkdi.

 

- Pul uşaqları korlayar. Yox, qoymadım.

 

- Lap əla elədin! Əla deyirəm, neynim, namusa boğulmuşam da! Eh... - dodaqlarını büzüb başını narazılıqla buladı - Əla deyirəm, amma bunun harasıdı əla? Heç olmasa bir-iki kitab-dəftər alardılar. Allah belini qırsın Alsoltanın. Üsullu-isbatlı yaşayırdıq da. Köhnə bazara təzə nırx qoydu. Rəvan axıb gedən çayın ağzını dikdirə caladı. Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Heç bilirsən noolub? İcra başçısının qoçuları evinin yanındakı Cümə məscidinin minarəsini yıxıblar onun barısının üstünə! Alsoltan minarəni dikəldib, yerinə qoymur.

 

Amma iki gün əvvəl Qarxun Məscidinin axundu Hacı Mayis günorta azanında həmin o minarənin başından ağzını aşağı tutub, ay camaat, Raykopittifaqın sədri İsgəndərov yumurtanı cücə qiymətinə satdırır deyib. Sonra əlavə eləyib ki, müdür Məmmədovun göstərişiylə avtobus sürücüləri adamları Bakıya, başqa rayonlara da çox baha qiymətə aparırlar. Dili dinc durmayıb bazarın içindəki Xalidşahın marketində kərə yağına sana yağı qatırlar deyib. İcranın qoçuları da Hacı Mayisi döyüblər. Uçurduqları minarə Alsoltanın barısını dağıdıb. Alsoltan bilməlidi ki, o Minarə kəndin bir növ radio-qovşağıdı. Ərazidə baş verən zorakılıqlar barədə xəbər verir əhaliyə. Minarəni dikəltməlidi, amma dikəltmir. Amma məni heçə-puça görə dannıyır. Evinə çağırmışdı. Yaxşı, gen-bol süfrə açdılar. Nuşicanlıqla yedik. Sonra yediklərimi burnumdan gətirdi. Dedi- ə... bəsdi. özünü yığışdır. Bənna Əbülqasım sənin barını çəkdirir, papaqçı Qulam hərdən ətdən-toyuqdan göndərir sizə. Belə-belə hərəkətlər, uşaqlarına da xoş gəlməz. Elə mənə də toxunur sənin bu düşüklüyün. Camaat torpaq bölgüsündə əkin, örüş götürüb. Sənə də "Çılğalıq"-da yer veriblər. Daşdı, qaya-kəsəkdi hər qarışı. Bax - deyə böyrümə bir çimdik atdı. - Bax, biz bir neçə yoldaşla fermer təsərrüfatı yaradırıq. Birinin torpağı yağışlı, dumanlı "Şimi" dərəsindədi. Orda kartof əkəcəyik. O biri torpaq çay qırağındadı, orda kələm, kök, çuğundur əkiləcək. Mənim də fermam var. Mal-qara kökəldəcəyik orda. Bəs səni necə qoşum özümüzə? Daş-kəsəkdə nə bitirək? - deyib, yapışdı yaxamdan, ay Məhərrəm, mən onu belə ası bilməzdim. Danışdıqca taxma dişləri irəli çıxır, titrəyirdi. Alnını xəncəllə doğram-doğram eləmişdilər elə bil. Qırışlar ovuna atılmaq istəyən kərtənkələ kimi çırpınır, çabalayırdı. Papirosundan dərin bir qullab alıb özünü sakitləşdirdi Alsoltan. Sonra da - Eh, neynim, görüblər ki, adamın, pulun da yoxdu, fərsizsən, sənə də o zay torpağı sırıyıblar - deyib, bərk sancdı məni. Mən də dözmədim, açıldım, nə açıldım ki...!

 

- Düzdü, zəngin həyat təcrübən var, amma noolsun, fantaziyan qısırdı, dedim. Torpağın zayı, yararsızı, faydasızı olmur. Əgər pay torpağımız bataqlıqdısa, suyunu qurudarıq, torpağını satarıq. Elə ordaca İtaliyada olduğu kimi ikinci bir Venetsiya şəhəri salınar. Pay torpağımız balaca bir göl də ola bilər. Çox yaxşı! Halvaçı qızı daha şirin. Orda biz qızıl balıqlar yetişdirərik. Amma mən Puşkinin "Balıqçı və balıq" nağılındakı qoca balıqçı kimi tora düşən sultan balıqdan villalar, xarici maşınlar, nökərlər, qaravaşlar istəmərəm! Uşaqlarımçın təknə dolu çörək istəyərəm. Əgər pay torpağım neft-qaz damarı üstündədisə, gəlirlərin hesabına mən də babam Zeynalabdin Tağıyev kimi məktəblər açar, fabrik, zavodlar tikərəm. Pay torpağım "Çılğalıq"dadı, eləmi? Sərvəti, bar-bəhəri də daş-kəsək, qaya parçasıdı. Çox gözəl. O daş-kəsəyin harda, nəyə sərf olunacağını mən bilirəm - deyib sağollaşmadan çıxdım evlərindən. "Hə... - mızıldandı astadan, dodaqları qaçdı Məhərrəmin. - Deməli Əbdül dayının qanını Alsoltan qaraldıb".

 

- Hə, belə-belə işlər , - deyərək əllərini bir-birinə çırpdı Məhərrəm, - Hə, Əbdül dayı, maşını yumaqdan danışırdım axı! Salondakı ayaqaltıları çırpıb-süpürən qızlar yorulub əldən düşdülər. Bəs mən də könüllərini almalıydım axı?! Ehtiyatlı çıxıram evdən. Bir az yemək, bişmiş də götürürəm hərdən. Bardaçokumda cürbəcür çərəzlər, növbənöv ədavalar olur. Əlimə düşəndə paxlava, şəkərbura də atıram ora. Şüşə konfetlərlə, peçenyelərlə doldurdum qızların ciblərini.

 

- Çox nahaq yerə! Sən də bil, başqalarına da başa sal. Nə mənə, nə də arvadım Şahzadaya - bir söznən ailəmizdən heç kimə, heç kim, heç nə verməsin bundan o yana! Mən qadağa qoyuram!

 

Məhərrəm Əbdül dayının bu qadağa-yasağına sən deyən elə bir əhəmiyyət vermədi. "Eh, hirslidi, danışır da. Hədiyyədən, paydan kim qaçar? Bəs o da kişidi axı! Şaqqatarını sındırmır, mənliyini qoruyur, özünü gözütox göstərir", - düşündü.

 

525-ci qəzet  2018.- 12 yanvar.-  S.7.