Gülşən Mustafa

 

BİZİMLƏ "QAÇDI-TUTDU" OYNADI İLLƏR

 

Toppuş əllərimlə yumdum gözümü,

Gizləndin, tapmadım, qaçdım, tutmadın.

Mənim uduzduğum bu oyunlarda

Deyəsən, heç zaman sən udmadın.

İllər qaçdı bizdən "məni tut" - deyə,

İz bulub, yönünü tapan olmadı.

Yaxşı gizlənmişdik xəyalımızda,

Gəzdik xəyal kimi, tutan olmadı.

 

Sənin tellərini aparan yellər,

Mənim hörüyümə iz salıbdı.

Küsmüş arzulara bükülmüş xəyal,

Bir künc-bucaqda həsrət qalıbdı.

 

ƏL ATIB YAXANNAN TUTMAĞIM GƏLIR...

 

Hər küncdə-bucaqda xatirən yatır.

Fikrimi bulayır, başımı qatır.

Dada ikinci əl bazarı çatır

Dəyər-dəyməzinə satmağım gəlir.

 

Sənin xatirəni kim alacaq, kim?!

Hələ bir dərdimə olmayıb həkim.

Elə həmişəmi tək özüm çəkim?!

Əl atıb yaxannan tutmağım gəlir.

 

Daha çəkdiklərim bəs olubdu, bəs

Yığıb çinləməkdən dəst olubdu, dəst.

Sən olar-olmaz ümidini kəs.

Bütün dərd-sərimi atmağım gəlir.

 

TELLƏRİMİ

 

Barmağından uzaq düşmək qorxusu var,

Tel-tel əsir, bax, ürəyi saçlarımın.

Sənsizliyin küləyindən dolaşar da,

Acı verən daraq ilə dalaşar da.

Bu qorxudan rəngi qaçıb dümağ olub.

Tək peşəsi sığalını ummaq olub.

Bu nazına dözəmmirəm tellərimin,

Sənsiz  yığıb düzəmmirəm tellərimi...

Dadına gəl, asıb daraqdan özünü.

Yetişməsən, gəzər qayçıda çözümü...

 

EV O EV DEYİL

 

Gedəndə tək özün getmədin ki sən,

Yığıb aparmışdın odu ocağı.

Acı xatirələr dolu buz otaq

Üstümə gəlirdi küncü  bucağı...

 

Bilmirəm gözümün rəngi dəyişib,

Ya da divarların kağızı solub.

Çoxdandır baxımsız qalıb ev-eşik,

Ayna qırığından küləklər dolub.

 

Getdin qapıları çırpıb üzümə,

O gündən sözüm "qayıt sev" deyil.

Qayıdıb gəlmisən, ta deyim ki,

Gəlmisən buyur keç, ev o ev deyil...

 

CƏZA KİMİDİ

 

Günəşə oyanan qoca ağacın

Yaşıl tumurcuqlar qondu qoluna.

Vaxtsız ayaz kimi çöküb üstünə,

Vurdun acımadan sağı, soluna.

 

Qara günlərimin əksi əllər

Göyərçin misalı uçurdu sənə.

Dəmir barmaqların qəfəs olsa da,

Ovcuna sığala qonurdu yenə.

 

Nəyimə gərəkdi indi əllərin

Əlsizə verilən əsa kimidi.

Mərhəmət yağdıran baxışların da

Daha kor gözümə cəza kimidi.

 

Gülşən MUSTAFA

525-ci qəzet.-2018.-12 yanvar.-S.8.