Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

Şirməmməd HÜSEYNOV

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

Bizim muxtariyyətimiz və Bakı bolşevikləri

 

Bənim Əmələ və Əskər Şurası İcraiyyə Komitəsində söylədigim bir nitq Bakı bolşeviklərinin vasiteyi-nəşri-əfkarı olan “B.Raboçi” qəzetəsinə “Müsavat” firqəsi ilə Müsəlman Milli Komitəsinə hücum üçün bir sərmayə təşkil etmişdir.

 

Oxuyucuları əsl məsələ ilə aşina etmək üçün bolşevik qəzetəsinin isnadatını rədd etməkdən əvvəl mövzui-bəhs olan yuxarıdakı nitqimin nə kibi bir halda və nə surətdə söylənmiş olduğunu yazmaq məcburiyyətindəyəm.

 

Məsələ Bakı quberniyasının müxtəlif yerlərində hadis olan oğurluqlara və quldur hücumlarına aid idi. Teleqram gəlmişdi ki, Lənkəran uyezdi talan olunuyor. Şəhər qorxu içindədir. Petropavlovka ilə Hacıqabul və sair nöqtələrdən də buna oxşar teleqraflar alınmışdı. Bu qara və vəhşətli xəbərlərlə bərabər müsəlman diviziyasının naçalniki tərəfindən bir məsələdən dolayı İcraiyyə Komitəsi ünvanına bir az başqaca təhrir olunan bir məktub dəxi əlavə ediliyordu.

 

Burada sol eser Suxartsev söz alıb böyük bir qeyz və hiddətlə müsəlman təşkilatları üzərinə hücum elədi. Bu hücumu əsnasında “Müsavat” firqəsinə dəxi yanaşdı. Suxartsevcə bu uyezdlərdən gələn qara xəbərlərlə müsəlman divizyonu naçalnikinin məktubu arasında böyük bir münasibət vardır. Bu hadisələr sadə iğtişaş degildir. Bunlar səngərlərdir ki, gündən-günə Bakıya yaxınlaşıyor. Bu aşkarə bir hərəkətdir. Siyasi hərəkətdir. Şahsevənlər neçün qarətkarlıqlarında ancaq Rusiya kəndlərinə hücum ediyorlar? Diyorlar ki, bu hücumlardan müsəlmanlar da mütəzərrər oluyor, fəqət bu doğru degildir. Onlar zərər görüyorlarsa da cüzi görüyorlar. Ümumiyyətlə, tələf olanlar ruslardır. Bu Şərqə doğru vaqe olan bir hərəkətin səmərəsidir. Bən çayxanalarda əvamlar ağzından eşidi-yorum diyorlar ki, “Bakı bizimdir”. İştə, bu “bizimdir” sözü müəyyən bir siyasi məsləkin göyərtmiş olduğu nəticədir. Əvam cəmaət bundan o mənanı çıxarıyor ki, gərək nə ki xarici varsa buradan çıxsın, kəsilsin, qovulsun. Aldığımız teleqraflar iştə, bunu xəbər veriyorlar. Bundan artıq mədara lazım degildir, vəqtdir ki, müsəlman təşkilatlarilə qəti bir dil ilə danışaq. Ölmək lazımsa qoy şərəflə ölək, qoy onlar bilsinlər ki, müvəffəq olsalar da bu müvəf-fəqiyyətləri daimi olamaz. Bir azdan Hacıtərxan yolu açılar, o zaman intiqam almaq asandır.

 

İştə, son dərəcədə fitnəkaranə bir surətdə vaqe olub da adətən qəhhar bir general qubernator dili ilə danışan bir ictimaiyyun-amiyyunun çıxışı, bütün müsəlman təşkilatlarını rus cəmaətinə qarşı siyasi bir sui-qəsddə töhmətləndirməsi bənim acığımı tutduraraq mütəqabil çıxışıma bais oldu. Dəlil və sübutlarla göstərdim ki, müsəlman quberniyalarında vaqe olan iğtişaşlar ümumi iğtişaşlardan başqa bir şey degildir; anlatdım ki, şahsevənlərin eyni zamanda Lənkəran üzərinə də hücumunu və hərəkətin yalnız ruslara qarşı icra edilmədigini göstərir. Çünki Lənkəran rus şəhəri degil, müsəlman şəhəridir. Təəssüf etdim ki, yalnız xəbərsiz qara cəmaət degil, İcraiyyə Komitəsində də öylələri var ki, müsəlmanların niyəti həqqində bədgümanlara düşüyorlar. Əlavə etdim ki, Suxartsevin ruhu, bədgümanlığı və cəmaətimiz həqqindəki niyyəti yalnız kəndisinə məxsus olmayıb başqalarında da var, hətta İcraiyyə Komitəsinin qəzetəsi olan “İzvestiya” milli qoşun əleyhin-də  yazarkən şayani-etina bir cümlə işlətmişdi. “Hətta türklər, onlar da milli qoşun fikrinə düşdülər”, nə qədər ki, “bu hətta türklər” zehniyyəti İcra Komitəsində hökmfərmadır - quberniyadakı iğtişaşları yatırmaq üçün alınacaq tədbirlərə lazım olan ümumi dil tapmaq çətin olacaq. Əgər bizə imkan hasil olmazsa ki, həzrəti şahsevənlərin ittihadi-islam qoşunu degil, yersiz qaldıqlarından dolayı qanuni-ictimailə quldurluğa süluk edən taifə olduqlarına inandıraq, o zaman doğrudan da qorxarım ki, Suxartsevin elan etdigi hərbi qəbula məcbur olalım. Yalnız onu sevindirə bilərəm ki, bu toqquşmada müvəqqəti üstünlük onun tərəfində qala bilər.

 

Məsələnin müzakirəsi uzağa çəkmişdi. Müzakirə əsnasında bənə sual vermişlərdi ki, “ermənilərlə gürcülər milli qoşun düzəltdikdə heç olmazsa dəlilləri var ki, Qafqasiya cəbhəsini müdafiə edəcəklərdir. Sizdən ötrü ki, böylə bir bəhanə yoxdur”. Əcəba, müsəl-manlar neçün qoşun düzəldiyorlar.

 

Buna cavabən bən müsəlman quberniyalarının iğtişaş içində olduğunu göstərib əgər imdi burada səfərə mühəyya iki müsəlman rotası olseydi, Lənkəran atəş içində qalmazdı, dedim. Əlavə etdim ki, müsəlman polklarının təsisi müsəlman topraqlarındakı iğtişaşın qabağını saxlamaq üçün təşkil olunuyor. Əgər siz təmin edə bilsəniz ki, əlinizdəki beynəlmiləl qüvvətlərlə bu asayişi təmin edərsəniz, o zaman varsın müsəlmanlar qüvvə tədarük etməsinlər.

 

İştə, bənim söylədigim nitqin müxtəsərən tərcüməsi ki, “B.Raboçi” qəzetəsi bu nitqdən adətən əksinqilabdan bəhs edən kibi bəhs ediyor.

 

Şahsevənlərin hərəkətini quldur hərəkəti dedikdə və Bakı quberniyası ilə Gəncə quberniyasındakı müxtəlif hadisələrə iğtişaş adı verdikdə görünüyormuş ki, bən burjualarla mülkədarlara məxsus əksinqilabçı bir nəzəriyyə söylüyormuşam. Görünüyor ki, Lənkəran uyezdindəki iğtişaşlar iğtişaş degil, vətəndaş müharibəsi imiş, görünüyor şahsevənləri dəf etmək - iğtişaşı yatırmaq və asayişi bərpa etmək degil, inqilabı təpələmək və istibdad nizamını bərpa etmək imiş. Çünki “B.Raboçi” qəzetəsinin fikrinə görə başda Tağıyev ilə Nağıyev olan bir komitə bundan başqa nizam qoymağa qadir degilmiş. Milli Müsəlman Komitəsi bu günlərdə milli qoşunun inqilab nizamını müdafiə üçün təşkil olun-duğunu elan eləmişsə də, bolşeviklər “uşaq degildirlər ki, Tağıyev ilə Nağıyevə inansınlar”. İş böylə bir yerdə olunca bitəbii isbat etmək belə lazım degildir ki, Tağıyev ilə Nağıyevin Milli Komitə başı ilə heç bir əlaqələri yoxdur. Çünki bolşevik siyasiliginin “durbinligini” kim aldada bilər?

 

Görünüyor ki, bu durbin siyasiləri “Müsavat”ın inqilabdan yalnız muxtariyyət degil, topraqların bilaəvəz kəndlilərə keçməsi, səkkiz saətlik iş günü və əmələlərin dövlət hesabına sığorta olunması və ələlümum bütün həyati-siyasiyyə və ictimaiyyənin demokratik əsaslar üzərinə qurulmasını gözləməkdə olduğuna da heç bir vəchlə inandırmaq olamaz.

 

Fəqət burada bir şey anlaşılmayıb qalıyor. Bolşevizmcə biz müsəlmanların şübhəsiz ki, muxtariyyətə həqqimiz var və ozümüz öz müqəddəratımızı təyin və təşxis edə biləriz. Fəqət “B.Raboçi” diyor ki, bu o demək degildir ki, “Qafqasiya qüruni-vüsta qaidələri bərpa edilsin”. Bizim muxtariyyətimizdən yalnız qüruni-vüsta qaidəsi çıxacağına isə “B.Raboçi”nin əqidəsi kamildir. Bu da oradan görünüyor ki, diyor: müsəlman dövlətliləri ilə bəylərinin muxtariyyəti, daha Rusiya inqilabına təmas etməmiş olan müsəlman cəmaətinin muxtariyyəti demək degildir”.

 

Demək ki, rus inqilabı daha müsəlman cəmaətinə çatmamışdır. Buna görə də onun hər növ muxtariyyət istəməsi özünün degil, müsəlman burjuaziyası ilə mülkdarlarının muxtariyyətindən ibarət olub qalacaqdır. Buna isə “Rusiya demokratiyası qətiyyən razı olamaz”.

 

Əcəba, nərədə qaldı bolşeviklərin bütün dünya qarşısında elədikləri elan ki, “dərəceyi-mədəniyyətlərinə baxmayaraq bütün dünya millətlərinin muxtariyyət və istiqlal həqləri vardır” - dediniz.

 

Rusiya millətlərinin həqqi-muxtariyyətləri o demək degildir ki, Rusiya millətləri velikorus dvoryanlarının keyfindən qurtarıb velikorus əmələlərinin keyfinə tabe olsunlar.

 

Bolşevik inqilabı bütün Rusiya millətlərinə Rusiyadan ayrılmağa varıncaya qədər muxtariyyət həqqi elan eləmişdi. Qafqasiya millətləri bu vədələrin nəticəsini gözlədilər, müsəlmanlar da gözlədilər. Fəqət nəticədə tamamilə başqa bir şey çıxıyor: Türkiyə Ermənistanı muxtariyyət dekretinə (fərman) nail oluyor. Ermənilər “Daşnaksütyun” firqəsi tərəfindən təyid olunan böyük amallarına yaxınlaşıyorlar. Qafqasiya türklərinə gəlincə, Bakı bolşevikləri diyorlar ki: “siz inqilabçı bir millət olmadığınız üçün heç növlə muxtariyyət alamazsınız. Qoy “Müsavat” firqəsi də bu xüsusda artıq çalışmasın. Çünki Qafqasiya muxtariyyətinə nə Rusiya demokratiyası, nə də Rusiya burjuaziyası razı ola bilər”.

 

Türk ədəmi-mərkəziyyətçilərinin siyasəti bizim bolşeviklərə görə Qafqasiyayı xarabəzara döndərə bilər, necə ki, daşnaksaqanların siyasəti Türkiyə ermənilərini döndərdi.

 

Fəqət qəzetə yenə də ümidvar oluyor ki, “bütün Qafqasiya demokratiyasının əlbirligilə bu bədbəxtligi saxlamaq olar”.

 

Aşkardır ki, bu “demokratiya əlbirligində” Rusiya inqilabına “daha yanaşmamış olan” demokratiyanın hissəsi çox az təsəvvür olunuyor.

 

Bəlkə də müqəddərdir ki, biz muxtariyyətimizi xarabəzarlar qiymətinə alalım. Müqəddərati-tarixiyyədən əlbəttə ki, boyun qaçırmaq olmaz. Fəqət bununla bərabər biz həqliyiz gözləyək başqa bir Lenini ki, o da Qafqasiya müsəlmanlarının muxtariyyətinə aid bir “dekret” (fərman) çıxarsın.

 

M.Ə.Rəsulzadə

”Açıq söz”, 29 yanvar 1918, ¹667

 

Mədar - səbəb, əsas

Qəhhar - qüdrətli, güclü

Qüruni-vüsta - orta əsrlər

 

Əsirlər günü

 

Möhtaclara və əlamanda əsirlərə müavinətdə bulunmaq üçün təsis edilmiş olan “Möhtaclara kömək” cəmiyyətinin qərardadına görə bu gün yanvarın 19-da Bakıda möhtaclar üçün libas, yorğan-döşək və sairə kibi şeylər cəm ediləcəkdir. Şəhər bir neçə məhəlləyə təqsim və hər məhəlləyə müəyyən adamlar təyin edilmişdir ki, bunlar bu gün səhər tezdən məzkur heyətlə ianə və əşya toplamağa şüru edəcəklərdir. Bu şeylər kimlərə veriliyor?

 

Doğrudan canlarını əsirgəmədikləri əziz vətənlərindən, doğma yurdlarından, ailələrindən ayrı düşmüş, qərib vilayətlərdə, uzaq ölkələrdə aclıq və susuzluq, çıplaqlıq və bunların nəticəsi olan xəstəliklərə düçar olub da həkimsiz, təbibsiz, isti bucaq, rahət yer tapmayıb da yorğansız, döşəksiz çıplaq, quru bir yerdə otuzu, qırxı birdən ölən əsirlər üçündür, onlara veriliyor.

 

İnsanlara şəfqət və mərhəmət hissi həm də əsirlərə qarşı müsəlmanlıq və türklük vəzifəmiz bizdən tələb ediyor, bu gün mərhəmət kisələri geniş açılsın. Üzərimizə uzadılan əllər boş qaytarılmasın. Hamı qüvvəsi çatan, mümkün olan qədər borcunu əda etsin.

 

Heç kəs ianəsinin azlığına, çoxluğuna baxmasın, hər kəs bir sap versə, yetimə bir köynək çıxar. Bilməlidir ki, yığılan nə qədər az olsa da yenə bu adamları ölümdən xilas edəcəkdir.

 

Uzaq yerlərdən fəna şərait altında bizə binlərcə qardaşımız qonaq gəlmişdir. Mehmannəvazlıqla məşhur olan qafqasiyalılar ehsanları ilə tanınmış olan Bakı cəmaəti bu vəqtədək həmişə və hər dəfə böylə ianələr toplandıqda həmiyyətini göstərmiş olan qardaş-larımız bu gün mənəvi borclarını əlbəttə, əda etməlidirlər və edəcəklər. Əziz qardaşlarımız və qərib qonaqlarımızı razı buraxacaqlar.

 

“Açıq söz”, 19 yanvar 1918, ¹659

 

P.S. Qəzetin həmin nömrəsində “Türkiyə Ermənistanı həqqində əmrnamə”ni də M.Ə.Rəsulzadə ruscadan tərcümə edərək dərc etmişdir. V.İ.Leninin başçılıq etdiyi Xalq Komissarları Şurasının bu bədnam “tarixi” sənədini də oxuculara təqdim edirəm. Ş.H.

 

Türkiyə Ermənistanı həqqində əmrnamə

 

Petroqrad - Xəlq Komissarları Şurası erməni xəlqinə elan ediyor ki, fəhlə və kəndlilər hökuməti Rusiyanın Türkiyə ərazisini ilhaq hüququnu davam etdiriyor və elani-istiqlala qədər erməni xəlqinin özünüidarəyə həqqini təsdiq ediyor. Xəlq Komissarları Şurası bu hüququn mövqei-icraya qoyulması üçün erməni xəlqinin fikrini sərbəst bilməkdən ötrü son dərəcə lazım olan bir çox hökumət təminatı gərəkdir. Bu kibi təminatdan Xəlq Komissarları Şurası zildəkiləri ədd ediyor:

 

1) Əskərlərin Türkiyə Ermənistanından çıxarılması və orada bilatəxir erməni ordusunun təşkili.

 

2) Qaçqınların və həmçinin müxtəlif məmləkətlərə dağılmış erməni mühacirlərin bilaməmaniət Türkiyə Ermənistanı daxilinə qayıtmaqları.

 

3) Müharibə vəqti Türkiyə məmurları tərəfindən cəbrən məmləkət içərilərinə nəql edilmiş Türkiyə ermənilərinin bilaməmaniət öz yerlərinə qaytarılması, bunun üçün Xəlq Komissarları Şurası Türkiyə nümayəndələri ilə vaqe bulunacaq müxabiratda təkiddə bulunacaqlar.

 

4) Türkiyə Ermənistanında demokratik əsaslar üzərinə intixab olunmuş erməni xəlq şurası tərzində müvəqqəti milli bir idarə təşkili.

 

Qafqasiya işlərinin fövqəladə müvəqqəti komissarı Stepan Şaumyana təklif olunuyor ki, ikinci və üçüncü maddələrin mövqei-icraya qoyulması üçün Türkiyə Ermənistanı əhalisinə hər növ müavinətdə bulunsun və həmçinin əskərləri Türkiyə Ermənistanından çıxarmaq vəqtini və qaidəsini müəyyən etmək üçün qarışıq bir komissiya təşkilinə şüru etsin.

 

Qeyd - Türkiyə Ermənistanının hüdudi-coğrafiyası erməni xəlqinin demokratik nümayəndələri tərəfindən qomşu məhal və nüqat demokratik nümayəndələrinə birlikdə Qafqasiya işləri fövqəladə müvəqqəti komissarının iştirakı ilə müəyyən edilməlidir.

 

“Açıq söz”, 19 yanvar 1918, ¹659

 

Nüqat - nöqtələr

 

AZƏRBAYCANIN HƏYAT VƏ MƏTBUATINDAN

 

Bolşevik firqəsinin konqresindən sonra - VI Azərbaycan Sovetlər konqresi.

 

Məktəblilər Sovet rejiminə nasıl baxıyorlar?..

 

Gərək Azərbaycan bolşevik firqəsinin son mart konqrasından əvvəl, gərəksə konqradan sonra, Azərbaycan Komunist firqəsinin “sağ, sol, milliyyətçi, ufaq burjua” kibi ünsürlərdən təmizləmək məsələsi aktual şəklini mühafizə eyləməkdədir. Bakı bolşevik mətbuatı (“Komunist”, 2.IV.1929, ¹ 75) “Firqə aparatını nə cür (nasıl) təmizləməli?” başlığı altında Moskvada 30 martda qəbul edilmiş bir izahlı təlimatı dərc etməkdədir. Bu direktivə görə Komunist firqəsindən kimlər atılacaq? Direktivin Lenindən aldığı əsası oxuyacaq olursaq və Komiunist firqəsində kimlərin ali (uca, yüksək) qoyulacağına diqqət edilirsə, o zaman kimlərin atılacağı bəlli olur. Direktivə görə Lenin 1922-ci ildə demişdir ki:

 

“Firqənin əsasını əmələ-proletar təşkil etməlidir. Heç şübhə yoxdur ki, bizdə çox zaman sənaye-fabrika həyatı görməmiş şəxslər işçi hesab edilir. Çox zaman işçilər sırasına xalis ufaq burjua ünsürləri daxil olaraq işçi sifətinə girərlər. Münəvvər və yarım münəvvər ünsürlər üçün işçi əlbisəsinə bürünmək, bizim şərait içərisində, heç şübhə yoxdur ki, çətin bir məsələ degildir. Ona görə işçi sözünü anlatmaq və müəyyən etmək lazımdır. İşçi dedikdə, kəndi yaşayış şərtlərinə görə, doğrudan doğruya proletar psixolojisini bənimsəmiş şəxsləri nəzərə almalıdır. Proletar psixolojisini bənimsəmək üçün də, iqtisadi və ictimai yaşayış məqsədilə, uzun illər fabrikada çalışmaq lazımdır”. (“Komunist”, ¹ 75)

 

Leninin 1922-də vəz etdigi bu əsas üzrə hərəkət ediləcək və Komunist firqəsində olan “münəvvər, yarım münəvvər, ufaq burjua ünsürlər, köy və şəhər ufaq burjuasına yaklaşmış və məzkur siniflərin ideoloji və psixoloji təsirlərinə düşmüş olanlar, köyün milliyyətçi orta hallı ünsürləri, ticarət ərbabı, qolçomaqlar v.s.” Komunist firqəsindən dışarı atılacaqdır. Bu məqsədlə hər il yapılan təmizlik nəticəsində 1922-dən 1928 sənəsinin avqustuna qədər Sovetlər daxilində 260 min 144 əza Komunist firqəsindən dışarı atılmışdır. Bununla bərabər 1925-də Komunist firqəsinin yalnız 44 faizi proletar olub 56-sı qeyri proletar ünsürlər olmuşdur. 1928 sənəsi avqustunda isə Komunist firqəsinin 62 faizi proletar olub, yalnız 38 faizi qeyri proletar olmuşdur. Fəqət 38 faizin münəvvər olması və Komunist firqəsinin bilxassə türk-azəri olan milliyyətçi köylü komunistlərlə, gənc nəslə arxalanması və 62 faizinin isə, keçən məqalələrimizdə qeyd etdigimiz kibi, həp avam və cahil ünsürlərdən ibarət oluşu Komunist firqəsinin vəziyyətini çətinləşdirmişdir. Onun üçündür ki, son konqredən sonra yenidən təmizligə və 38 faizi sıfıra endirməgə ehtiyac hiss olunmaqdadır.

 

Bu təmizligin Azərbaycan şəraiti içərisində ifadə etdigi məna, Azərbaycan Komunist firqəsinin tamamilə ruslaşması demək olacağını dəxi unutmamalıdır. Bu ilki konqrada seçilən yeni heyəti mərkəziyyənin yarısı türk-azəri, yarısı rus və erməni olması, kontrol heyətinin tamamilə ruslar əlinə keçdigi Azərbaycan Komunist firqəsi heyətinin bu son təmizlikdən sonra bütün-bütünə ruslaşacağını göstərən bir hərəkətdir...

 

lll

 

Nisanın 1-də Azərbaycan Sovetlərinin VI Konqresi açılmışdır. Nisanın 9-da xitam bulan konqredə 234 əza və 98 namizəddən ibarət yeni bir mərkəzi icra komitəsi intixab edilmişdir. Bundan başqa Mavərayi-Qafqasiya Sovetlər konqresinə 276 mürəxxəs, ümumi Rusya Sovetlər konqresinə 29 əza intixab edilmişdir. Yeni icra heyətinin, qəzetələrdə oxuduğumuz listəyə görə (“Komunist”, ¹ 81) yarısı rus, erməni və yəhudidir.

 

Qurultayda Azərbaycan Komisarlar Heyəti rəisi Musabəyov Azərbaycan Sovet hökumətinin fəaliyyəti haqqında müfəssəl bir rapor vermişdir. Musabəyovun raporuna görə (“Zarya Vostoka”, ¹ 74) Azərbaycanın sənaye və ticarət istehsalı 1925-1926 sənələrində 451 milyon manat ikən, 1928-1929 sənələrində 862 milyon manat qiymətində olmuşdur. 2 sənə zərfində mənzil inşasına 1,5 milyon manat sərf edilmiş, bu sənə isə 12 milyon manat təxsis edilmişdir.

 

Ziraət məhsulatı 2 sənə içərisində yalnız 13 milyon manatlıq artmışdır (203 milyondan 216 milyon manata). Köy ziraətinin ticarət balansı da 52 milyondan 65 milyon manata qədər yüksəlmiş. Büdcə daima açıq olmuş. Bu sənə olduğu kibi, 1927-1928 sənəsi büdcəsinin gəlir qismi çıxarından çox az olmuş (gəlir 18,8 milyon, çıxar 27,3 milyon manat). Hökumətin qarşısında duran məsələlərin ən mühümmü olmaq üzrə, Musabəyov Azərbaycanın müdafiəsini qüvvətləndirməyi göstərmişdir.

 

Maarif haqqında məruzədə bulunan Mustafa Quliyev “müəllimlər köylərə mədəniyyət saçan bir qüvvətdir” şüarı ilə bəhs etdigi qismində müəllimlərin 75 faizinin azsavadlı (məlumatsız, avam)dır. (“Komunist”, ¹ 81) İlk məktəblərdə 170 min tələbə vardır. Ümum tələbənin yalnız 18 faizi qızdır. Ali məktəblərdə bütün professorlar (2 kişidən başqa) rusdur. Müəllimlərin isə yalnız 21 faizi türkdür.

 

Quluyev maarif sahəsindəki qayələrini izah edərək demişdir ki:

 

“Məqsədimiz Avropa mədəniyyətinə yetişmək və onları geridə buraxmaqdır”. (“Komunist”, ¹ 71)

 

Fəqət “bolşeviklərin bu müvəffəqiyyətlərini və işğal etdikləri maarif və mədəniyyət cəbhə və qalalarını” müsavatçılar işğal ediyorlar”. Müsavatçılar Sovetlərin maarif sahəsindəki müvəffəqiyyətlərilə mədəniyyət cəbhəsindəki inqilablarını kəndi əsərləri və malları kibi tarixə qeyd etmək istiyor və bolşevikləri bilxassə bu cəbhələrdə vuruyormuşlar.

 

Sözünün sonunda Quliyev diyor ki:

 

“Müsavatçılar öylə güman etməsinlər ki, Azərbaycan Əfqanıstandır. Müsavatçılar nəhayət bizə qalib gələcəklərini ümid etməsinlər. Biz Azərbaycanı bütün Şərq ölkələri üçün nümunə olacaq bir Cümhuriyyət halına salacağıq. Türkiyə də daxil olmaq üzərə, bütün Şərq bizi təqlid ediyor. Biz müsavatçılara qarşı kitab ilə çıxacağız...” (“Komunist”, ¹ 81)

 

Quliyevin “Müsavat” qorxusu, “Müsavat” fəaliyyəti, “Müsavat” təhdidi ilə dolu olan “maarif” raporunda, nədənsə, iddialarını təkmil edəcək heç bir maddi vəsiqə göstərməmişdir. Fəqət Quliyev məzurdur. Nədən bəhs etsə o mütləqa “Müsavat”ı əsas olaraq alacaqdır. “Müsavatoloji” mütəxəssisi olan Quliyev uyuyarkən röyasında belə “Müsavat” görməkdədir.

 

lll

 

Azərbaycan Komunist firqəsi məktəblilər arasında bir anket tərtib etmişdir. Anketdən məqsəd tələbənin siyasi səviyyəsini və Sovet rejiminə olan əlaqəsini təyin etmək olmuşdur. N.Markel, A.Eyvazov və V.Stgriqunovdan ibarət bir heyət tərəfindən tədqiq olunan bu anketin  tələbədən sorduğu “Sovet hökumətinə və Sovet rejiminə nə surətlə (nasıl) baxıyorsunuz?” sualı olmuşdur. Heyət tələbəyə ismini yazmamasını və bu surətlə sərbəst olaraq fikrini izhar etməsini təmin etmiş olduğundan, məktəblilərin bu cavablarına inanmaq lazım gəlir. Fəqət cavabları tədqiq edən heyətin bitərəf adamlardan ibarət olmaması və içlərində azərbaycanlı bir türkün bulunmaması tədqiqat nəticələrini çox şübhəli göstərməkdədir. Bununla bərabər gəncligin anketə verdigi cavablar çox şayani-diqqətdir.

 

Heyətin “Komunist” qəzetələrində nəşr etdigi raporuna görə (“Komunist”, ¹ 64):

 

“Tələbənin 15,2 faizi Sovet hökumətinə pis (mənfi - fəna) baxır. Bunlar tərəddüdlüdürlər, proletar diktatorluğunun nə olduğunu bilmiyorlar”. Bu 15,2 faizin cavabları “laqeyd” “bu məsələ üzərində şimdiyə qədər düşünmədim”, “şöylə-böylə”, “şimdilik bir tələbə kibi”, “şimdilik bu sorğuya cavab verəməm” şəklində olmuşdur.

 

Tələbənin 10,2 faizi Sovet hökumətinə pis nəzərlə baxdığını açıq yazıyor. Bu cavablar içində rapor sahiblərinin təbirilə “açıq əks inqilabçı” cavablar vardır. Bunlar “Sovet hökumətinə nasıl baxırsan?” sorğusuna “pis”, “mənfi”, “düşməncəsinə”, “ümumiyyətlə hər hökumətə mənfi baxdığım üçün Sovet hökumətinə də pis baxıram” şəklində qəti cavablar vermişlərdir. Tələbənin 5 faizi isə qətiyyən cavab verməmişdir.

 

Yerdə qalan 69,6 faiz içərisində 3 qism baxış vardır: “yaxşı”, “sevirəm”, “bir komsomolçu kibi”...

 

“Yaxşı” baxanlar 69,6 faizinin əksəriyyətini təşkil edirlər. Və “əkmək, qumaş, şəkər v.s. almaq üçün Sovet hökumətindən vəsiqələri olduğundan “yaxşı” baxıyormuşlar.

 

“Sevənlər”in cavabı “bir vətəndaşın kəndi vətəninə nasıl baxmalı olduğu kibi” tərzindədir.

 

Ufaq bir əqəliyyətin baxışı komsomolcasına olmuşdur. Onlar “bir komsomolçu kibi” baxıyorlar və “bütün ölkələrin bizdəki kibi sosyalist olmasını” istəməkdədirlər.

 

Rapordan bu tədqiqin ikinci olduğu anlaşılmaqdadır. Birinci tədqiqi yapanda eyni heyət olmuş və nəticədə məktəblilərin milliyyətçi olduğu anlaşılmışdır.

 

Heyət tədqiqat yaparkən məktəblərdə təsadüf etdigi “bəzi faktlar”ı da raportunda qeyd etməkdədir. Raporun bu qismini eynən alıyoruz:

 

“Bir məktəbdə divarlara “Rədd olsun komsomol!” şüarı yapışdırılmışdır. Digər bir məktəbdə tələbələr imzasız məktub yazaraq gizli təşkilatlarını açmaq təşəbbüsündə bulunacaq hər kəsi ölümlə təhdid eyləmişlərdir. Bir çox məktəblərdə gizli məcmuələr və əlyazıları bulunmuşdur”. (“Komunist”, ¹ 64)

 

Heyət digər bir anketdən dəxi bəhs etməkdədir. Bu da ərzaq qıtlığı, əkmək bahalığı və bu münasibətlə “sıra” və “vəsiqə” tətbiqi haqqında olmuşdur. Orta məktəb, texnikum və əmələ dairələrindəki məktəb tələbəsindən sormuşlar:

 

- “Taxıl (ərzaq) azlığı nədən oluyor?” Tələbə bu sorğu qarşısında müştərik olmamışdır, bir qismi demişlər ki:

 

- “Sovet hökuməti hərb üçün çoxlu taxıl (ərzaq) tədarük etməkdə olduğundan bazarda ərzaq qıtlığı var...” Digər bir qismi isə demiş ki, - “Sovet hökuməti əcnəbi məmləkətlərə çoxlu taxıl (ərzaq) ixrac etmək istədigindən məmləkətimizdə ərzaq böhranı vardır”. (“Komunist”, ¹ 64)

 

Heyət bu cavabların hər ikisini “əks inqilabanə” və “milliyyət pərvəranə” bir cavab buluyor, tələbənin “yabançı təsirlərdə bulunduğu” qənaətinə gəliyor. Heyət ən çox qızlara qızmaqdadır. Çünki qızların həpsi Sovet rejiminə mənfi baxdıqlarını yazmışlarmış.

 

M.B. (Mirzə Bala Məmmədzadə)

“Odlu-Yurd”, Temmuz (iyul) 1929, ¹ 5

 

Məzur - üzürlü

Müştərik - şərik, ortaq

 

AZƏRBAYCANDAN MƏKTUB

 

I

 

Vətənin qəlbinə ilan kibi sımsıxı sarılan əcnəbi vəhşilərilə kəndi heysiyyətlərini ləkədar və hissiyyati-milliyyə və vətəniyyələrini qeyb edən naxələf övladların hərəkətləri Azərbaycan daxilində yaşamağa heç bir növ ilə müsaid degildir. Vətənimizin heç bir tərəfində insanı şad edici bir şey görünməməkdədir. Yerli əhali daima təzyiq altına alınıb türlü-türlü bəhanələr ilə hizmətlərdən kənar edilməkdədir. Münəvvər siniflərin keçirdigi həyat olduqca ağır və təhlükəlidir. Hər yerdə bir şey və yaxud sui-istemal vaqe olursa türlü-türlü hiylələr icadilə münəvvər hizmətçiləri məsuliyyətə cəlb edib həbsxanə köşələrində yatırırlar. Təqibat olduqca qüvvətlidir. Nəzərdə bulunanların arxasında “Çeka”nın casusları dolaşıb təqib edərlər.

 

Məktəblərin yuxarı siniflərində təhsildə bulunan gənc tələbələrimiz türlü-türlü bəhanələr ilə oxumaqdan məhrum ediliyorlar. Orta məktəbləri bitirən və orta sinifə: (babası vaxtilə baqqal manifaqturaçı, ev sahibi, mədən sahibi) mənsub olan çocuqlar texnikuma və ali məktəblərə girmək haqqından məhrum edilmişlərdir. 2 min rublə sərmayəyə malik olan bir baqqalı 6000-5500 rublə vergi verməyə məcbur etmişlərdir. Milman ismində bir yəhudiyə 150 min, Musaxanovlara 25 min, Babayevlərə 42 min rublə vergi gəlmişdir. Məzkur vergiləri dükanında mövcud mallar ödəyə bilmədiyi üçün evlərini vergi hesabına yazıb satacaqlardır. Vergi hər bir dövlətdə maliyyə şöbələrinə aid bir məsələ olduğu halda, bolşevik üsulu-idarəsində bu vəzifə “Çeka”ya verilmişdir. “Çeka”nın bu şöbəsinin müdürü keçən sənə “Salovka” adasına sürgün edilən Maroz ismində bir yəhudi idi. Bu yəhudi telefonoqramla maliyyə şöbəsinə bir listə verir və listedə filan adama bu qədər və filankəsə də şu qədər vergi bildirişi (ixbarnamə) göndəriniz, bildiriş verginin vaxtını da təyin edir. Təbiidir ki, qüvvətlərindən qat-qat artıq olan bu vergiləri müəyyən vaxtda heç birisi verəmiyor. Və buna görə “Çeka” zavallıları yaxalayıb qürunu-vüsta (orta əsrlər)daki inqizisyon zindanlarından pək müdhiş olan qaranlıq bodrumlara sövq edir.

 

Yeyəcək məsələsinə gəldikdə hər şey hökumət kooperativlərində satılmaqdadır. Əkməyin funtu (girvənkəsi) 6 qəpik, şəkərin - 28, yağın - 1 rublə, çayın - 3 rublə 60 qəpik və başqa şeylər də bunun kibi. Burada yazdığım şeylər əhaliyə degil, ancaq məmurlara verilir. Əhali məzkur şeyləri almaq haqqından mərhumdur. Onlar əkməgi səyyar satıcılardan funtu 30 qəpiyə, şəkəri 1 rubləyə, yağı 1 rubl 60 qəpiyə, çayın funtunu da 8 rubla alırlar. Hökumətin çıxardığı əkmək adam başına bir funt miqdarında verilən siyah əkməkdən ibarətdir.

 

Əmələlər kəndiləri üçün aldıqları şəkəri qənaətlə işlədib bir miqdarını gizli olaraq başqalarına satır və ondan hasil olan parayı başqa ehtiyaclarına verirlər.

 

Azərbaycanda hər şey “norma” ilədir və hər kəs də “növbə” ilə şey almalıdır. Gündə bazardan yemək alıb gətirmək üçün bir adam lazımdır ki, səhər saat 5-də gedib 11-də ancaq evə övdət edə.

 

Gündən günə işsizlərin sayları artmaqdadır və bunların da böyük hissəsini yerli əhali təşkil edir. Yerli bir məmurun babası keçmişdə tacir olmuşsa, yaxud kiçik bir evi varsa onu məmurluqdan xaric edirlər. Şəhərin evlərinə gəldikdə, bunlardan çoxu hökumət tərəfindən alınmışdır. Bəzi evlərin sahibi kiraçilər olmuşdur. Yerdə qalan kiçicik evlər sahiblərində qalmışdır. Bu evlərdə oturan məmurlar ev kirəsini hökumətin qoyduğu “norma” ilə veriyor ki, ayda 5-6 yaxud 8, 10 rubldan fəzlə etmiyor. Biçarə ev sahibi kəndisi həyəti süpürür və qapıçılıq edir. Sovet hökuməti “norma”sı ilə bir ayda 80 rublə varidatı olursa mütləqa bir qapıçı tutmalıdır və qapıçıya maaş olaraq ayda 50 rublə vermək məcburiyyətindədir.

 

Bakının ətrafındakı köylərdən Bülbülə, Əmirhacıyan, Sabunçu, Suraxanı, Balaxanı, Ramana, Əhmədli, Keşlə və sairə kibi köyləri dağıdıb, bu dairəyi ruslarla məskun etmək fikrindədirlər. Bakının Bülbülə ilə Əmirhacıyan köyünün bütün ziraət yerlərini qəsb edib böyük köylər salmışlardır. Bunlar əmələlərə aiddir.

 

Əhmədli və Keşlə köylərinin yanlarında böyük əmələ köyləri salınmışdır ki, içindəkilər həp rus və ermənilərdir. Maştağa köyünü yerindən köçürmək üçün Baksovetdə müzakirə edilmişdir. Məştağa köyünün 1918 sənəsində cəbhə təşkil etməsi məsələsi bunları qorxutmuşdur; binaənileyh bu köyü ruslar dağıtmaq istiyorlar.

 

Vey Əlif

“Odlu-Yurd”, dekabr 1929, ¹ 10

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-13 yanvar.-S.20.