Oğurlanmış zeytunlar

 

Əhvalat

 

Dostum Ziyanı heç bu qədər pərişan görməmişdim. Dinib-danışmırdı, deyib-gülmürdü.

Evdə-ailədə ciddi bir problemin baş verdiyini zənn edərək narahatlıqla sorduğum sualları könülsüz, qırıq-qırıq cavablandırırdı. Kim xatirinə dəymişdi, kimdən incimişdi, bilmirdim. Ziya deyib-gülən, şən, zarafatsevən olsa da, ümumiyyətlə, ciddi, həm də həssas insan idi, bir az da dəymə-düşərliyi vardı. Bu səbəbdən üstünə çox da getmirdim, "lazım bilsə, özü anladar" - deyə düşünürdüm. Amma məsələ başqa cür imiş...

Onu çoxdan, elə bu idarəyə işə gələndən tanıyırdım. Məndən xeyli əvvəl burada, məxfi şöbədə işləyirdi. İxtisasca mühəndis olsa da, şöbənin işini mükəmməl bilirdi. Dürüst, həm də çox ehtiyatlı idi. Dəqiq və güvənli olduğu üçün rəhbərlik bu boyda idarənin möhürünü ona həvalə etmişdi. Bəzi iş yoldaşları onu zarafatla "çekist" çağırırdı. Başqaları ilə ünsiyyətə o qədər meyl göstərməsə də, aramızda ilk günlərdən xoş münasibət yaranmışdı. Ziya məndən  dörd-beş yaş böyük idi, amma söz-söhbətimiz tuturdu deyə, tezliklə dostlaşmışdıq. Şöbələrimiz qonşu olduğundan  demək olar ki, hər gün görüşüb ordan-burdan söhbət edirdik, mövzu da əksərən bağ-bağça, ağaclar haqqında olardı. Nə isə, gəlirəm mətləb üstünə. Üç-dörd gün beləcə davam etdi və nəhayət, bir gün nahardan sonra Ziya mənə yaxınlaşıb:

- Bilirsən, nə olub? - dedi. Mən də maraq və bir qədər təşvişlə:

- Yoox, sən bir şey söyləmədin ki - dedim.

O isə sakitcə: - Zeytunlarımı oğurlayıblar, - deyərək, mənim necə reaksiya verəcəyimi gözləyirmiş kimi üzümə baxdı.

- Nə zeytun?! Zeytun nədi? - təəccüblə soruşdum.

- Zeytun də, bağımdakı zeytunları deyirəm.

- Elə bu?! - deyə az qaldı bağırım.

- Bu azdı bəyəm, gərək evimi oğurlayardılar?

- Mən də deyirəm, görəsən, ciddi nə baş verib ki, sən belə depressiyaya düşmüsən. Zeytundur da, oğurlanıb, canın sağ olsun. Gedək, mənim bağımdan yığ, nə qədər istəyirsən.

- Yox ee, ona görə demirəm. Özün bilirsən ki, bizim bağda neçə ildir ki, zeytun əmələ gəlmir, şitilləri əkirəm,  quruyurlar. Nəhayət, bir ağacda bu il ilk bar əmələ gəlmişdi, saymışdım, düz 99 dənə idi...

Ziya danışdıqca sifətindəki ifadələrdən onun bu olaydan necə məyus olduğu aydın görünürdü. Əl-qol hərəkətləri və gözlərindəki ümidsizlik, illər uzunu çəkilən zəhmətin hədər getdiyini acı təəssüflə anlayan insanın keçirdiyi hissləri xatırladırdı. Təbii ki, bu xəbər mənim üçün də xoş olmadı, amma Ziya çox təsirlənməsin, ona təsəlli olsun deyə, özümü bir az tox tutdum.

- Ziya, qardaşım, daha kefini pozma, olan oldu, keçən keçdi. O zeytunlar geri qayıdası deyil, sən də daha üzülmə. Ciddi sözümdür, bizim bağda kifayət qədər zeytun var, ikimizə də çatar.

- Qardaşım, sən məni düzgün başa düş. Mən o zeytunlar üçün üzülmürəm, onların maliyyəti nədir ki, onlar üçün üzülüm. 99 ədəd zeytun bir kilo olar, ya olmaz, bu da eləsin, uzağı, bir manat. Məni üzən insanların bir-birinə bu qədər laqeyd, acımasız olmasıdır.

- Yaxşı, elə isə unut bu olanları. Məsələnin mahiyyətinə varsaq, çox dərinlərə gedib çıxarıq.

- Məmnuniyyətlə unudardım, amma zəmanət verirsənmi ki, sabah bu sənin, o birisinin başına gəlməyəcək?

- Elədir, sanki oğurluq, qaphaqap yarışına çıxıblar. Vətən, millət, insaf, vicdan keçib arxa plana. Din, iman da ki, onsuz da yoxdur. Nəticədə hər yanda biganəlik, acımasızlıq baş alıb gedir.

- Mən də elə onu deyirəm. Oğurlayan anlamır ki, onun oğurladıqlarında insanların alın təri, haqqı doğru-düzgün ödənilməyən əməyi, ehtiyacının nə vaxtsa bitəcəyinə ümidi var; başa düşmək istəmir ki, bəlkə kimsə illərlə maaşından qəpik-qəpik ayıraraq, oğlunun və ya qızının xeyir işi üçün, bəlkə də özünün və yaxınının müalicəsi, yaxud dəfni üçün yığıbmış; oğurlayanlar düşünmürlər ki, bəlkə, bu, o adamın götürdüyü kreditin faizini ödəmək və ya ailəsinə bayram bazarlığı etmək üçün saxladığı sonuncu pullarıdır. Bəlkə...

Ziya yaman əsəbiləşmişdi, getdikcə də qızışırdı.

- Ziya, dayan, qardaşım, səni yaxşı başa düşürəm. Bilirəm ki, bağda, özü də Abşeron kimi yerdə ağac əkib onu böyütmək nə deməkdir. Bar gətirən ağacın hər meyvəsində ilboyu çəkilən ağır zəhmətin zərrələri var. O zəhməti çəkməyən, o əziyyətlərə qatlaşmayan bunu anlamaz, duymaz və meyvələrinin də qədir-qiymətini bilməz, - deyərək onu sakitləşdirmək istədim.

Ziyagilin bağı Şüvəlanda, dənizə yaxın bir yerdə idi. İçində atadanqalma iki otaq, bir aynabənddən ibarət köhnə ev vardı, onun da  yarısı bacısıgilin idi. Bağın sahəsi xeyli böyük olsa da, ağac adına ətrafları cəngəlliyə dönmüş 4-5 qoca əncir ağacı, 7-8 nar kolu və yerə sərilmiş 30-40 ədəd meynə vardı. Bunların hamısını vaxtılə atası əkmişdi. Özünün evə yaxın ərazidə əkdiyi tut, gilənar, gavalı, küknar və zeytun ağaları isə hələ cavan idilər. Torpaq o qədər də münbit deyil, demək olar ki, qumdan ibarətdir. O səbəbdən Abşerona xas olmayan digər ağacların burada böyüyüb bar verməsi müşkül məsələdir. Əlbəttə, yaxşı baxan olsa, bu yerdə də hər növ ağac yetişdirib bar götürmək olar. Ancaq Ziyanın buna nə vaxtı vardı, nə də bağban tutmağa imkanı. Bağda hər işi - ağacları sulamaq, budamaq, alaqlardan təmizləmək... hamısını özü görürdü. Bu zəhmətin müqabilində məhsulun oğurlanması ona yaman yer eləmişdi. Mən də bağımda ağaclara özüm qulluq edirəm deyə, onu yaxşı anlayırdım.

Son günlər o, zeytunlardan həvəslə danışırdı. Adəti üzrə həftədə bir dəfə, bazar günləri bağa gedir və həyətə girən kimi əvvəl zeytun ağacına baş çəkir, zeytunları fərəhlə süzür və yetişməyini səbirsizliklə gözləyirdi. Fikrində, bir azdan ilk barı dərib yığacağını, duzlayıb asacağını və bir-iki aya acı suyu çıxandan sonra, onları ləzzətlə yeyəcəyini xəyal edirdi.

- Ziya, daha fikir eləmə, inşallah, gələn il bir az tədbirli tərpənərsən, başqalarına imkan verməyib məhsulu bəri başdan özün yığarsan, - deyib mövzuya yekun vurmaq istədim ki, bəlkə sakitləşib əhvalatı unuda.

- Qardaşım, sən özün bilirsən ki,  Bakı-Abşeron ərazisində qara zeytun tapmaq çətin məsələdir, camaat artıq oktyabr ayından yaşıl zeytunları yığmağa başlayır, heç yetişməyə qoymurlar. Mən  qara zeytunu çox xoşlayıram, istəyirdim ki, dekabra qədər gözləyim, yaxşı qaralsınlar, yağlansınlar, sonra yığım. İmkan vermədilər vələduznalar - deyib köksünü ötürdü.

Onun bu ümidsizliyini görəndə bayaqdan ağlımda dolaşan bir fikri təskinlik olar deyə, ona bildirmək istədim. Əvvəlcə: - Yaxşı, deyirsən zeytunları saymışdın, 99 ədəd idi, eləmi?

- Hə, bir-bir saymışdım, düz 99 dənə, - dedi.

- 99... Maraqlı rəqəmdir.

- Necə yəni, nə mənada? - deyə o, təəccüblə soruşdu.

Ziya rus dilində təhsil almışdı, amma Azərbaycan dilini bu dildə təhsil almışların çoxundan yaxşı bilirdi və harada bir başa düşmədiyi söz oxusaydı və ya eşitsəydi, tez onun mənasını öyrənib ayrıca dəftərçəsinə qeyd edərdi. Materialist dünyagörüşü vardı, ateist idi, amma inanclı olmasa da, dini fikirlərə bəziləri kimi çılğınlıqla etiraz etmirdi. Bir anlığa ona 99 rəqəminin mənasını necə anlada biləcəyimi düşündüm.

- Ziya, sən bilirsən ki, mən Qurani-Kərimi və dinə aid bir neşə kitabı oxumuşam və dindar olmasam da, din haqqında azacıq məlumatlıyam.

- Hə, bilirəm - dedi - nə olsun ki? Bunun söhbətimizə nə dəxli var?

- Bax, 99 rəqəmi islam dinində müqəddəs rəqəm sayılır. Qurani-Kərimdə Uca Allahın adının bir-birindən fərqli 99 gözəl xüsusiyyəti qeyd olunur. Məsələn, rəhimli, səxavətli, bağışlayan, qüdrətli... Allah! Üstəlik, Qurani-Kərimdə zeytun haqqında bir neçə ayə də var və orada zeytuna and da içilir.

- Yaxşı, başa düşdüm, amma bu adların mənim 99 zeytunumla nə əlaqəsi var?

- Onu mən deyə bilmərəm, birbaşa əlaqəsi var, ya yox, hər halda, zahiri əlaqə göz qabağındadır. Amma Allah hər şeyi görən, bilən olduğu üçün ümidvaram ki, sənin zeytun ağacı üçün çəkdiyin zəhməti və onu oğurlayanın yaramaz işini vaxtı çatanda layiqincə "qiymətləndirəcək". Və mənə belə gəlir  ki, sənin ateistliyinə baxmayaraq, Allahın düz bəndəsi olduğuna görə, o, səni tezliklə bu pərişanlıqdan qurtaracaq və zəhmət və sıxıntıların əvəzində gələn il sənə beş qat artıq məhsul götürməyə imkan verəcək.

O da gülə-gülə:

- Sən də deyəsən keçdin mollalığa - deyərək, dönüb getdi otağına.

Aradan 2-3 aya yaxın bir müddət keçdi və biz bir daha həmin mövzuya qayıtmadıq. Doğrusu, o özü bu haqda danışmırdı, mən də heç nə soruşmurdum.

Yeni ilin istirahət günləri qurtarmış, hamı yenidən işə qayıtmışdı. Ziya səhər məni dəhlizdə görüb: - Gəl, keçək içəri, sənə bir sözüm var - deyərək, mənim otağa keçməyimi xahiş etdi. Otağa girə-girə ürəyimdə: "Görəsən, indi nə olub?" - dedim. O, sanki kimsənin eşidəcəyindən ehtiyat edirmiş kimi asta səslə:

- Qardaşım, eşit, gör nə baş verib - deyərək söhbətə başladı. -Bayramın sonuncu günü getdim bağa baş çəkməyə. Doğrusu, o hadisədən sonra zeytun ağacı tərəfə heç baxmırdım da, sanki ondan küsmüşdüm. Amma bu səfər hansı hiss məni o tərəfə yönəltdi, bilmirəm. Sövq-təbii ağaca yaxınlaşdım. Gördüm, nə?! Ağacın dibində bir üç kiloluq şüşə balon, içi də dolu turşuya qoyulmuş zeytun...

Ona qəribə gəlsə də, mən Ziyanın bu dediklərini sakit qarşıladım, sanki cavabım hazır idi:

- Bax, görürsən, sənə dedim, axı, Allah əvəzini artıqlaması ilə verəcək - deyə onun sözünü kəsərək tələsik dilləndim.

- Sən gerisinə qulaq as, elə bil nağıldı. Balonu götürdüm və baxdım ki, altına bir kağız qoyublar. Açıb oxudum... Nə yazılsa yaxşıdır?

- Nə yazılmışdı? - artıq məni də maraq, təəccüb bürüyürdü.

- Əyri-üyrü xətlə yazıblar ki, dayı, bizi bağışla, zeytun turşularımızı bu il heç sata bilmədik.

- Ay, səni, işə bir bax! - deyə əllərimi bir-birinə vuraraq, heyrət qarışıq sevinclə səsləndim, sonra da ötən söhbətimizi Ziyaya xatırlatmaq üçün:

- İndi gördünmü, - dedim, - Allahın qüdrətini, ilahi ədalətini?! Ziya bir anlıq dinmədi, fikrə getdi, yəqin ki, nə cavab verəcəyini beynində götür-qoy edəndən sonra dilləndi:

- Nə deyim, ola bilər... Amma bu, bir yana, onsuz da mən o yazıqları bağışlamışdım. Əsas odur ki, başqaları, daha böyük oğurluqlar edənlər xətalarını başa düşüb, bu yoldan dönsünlər, görək özlərini bağışlada biləcəklərmi...

Dostum bunu deyib, dalğın halda otaqdan çıxdı. Mən isə onun bu məntiqi qarşısında nə deyəcəyimi bilmədən, bir müddət düşüncələr, gümanlar əlində qaldım.

 

Rəşid FƏTƏLİYEV

 

525-ci qəzet.- 2017.- 16 yanvar.- S.8.