Azərbaycan nəsri və tənqidi çağdaş ədəbiyyatşünaslıq müstəvisində

 

Elman QULİYEV

Professor

 

Təranə Turan Rəhimli bədii və elmi düşüncə özünəməxsusluğu, yaradıcılıq sferasının genişliyi, çoxcəhətliliyi ilə ədəbi prosesdə fərqlənən qələm sahiblərindəndir.

 

Onun istər bədii sahədə əldə etdiyi uğurlar, poeziya, nəsr, publisistika və tərcüməçilik istiqamətlərində nailiyyətləri, istərsə də ədəbi-nəzəri  fikrimizi zənginləşdirən ədəbiyyatşünaslıq tədqiqatları, tənqidçi yazıları ədəbiyyatımızın istedadlı yaradıcılarından və mahir bilicilərindən olduğunu göstərir. Müəllifi olduğu yeni araşdırma - "Azərbaycan nəsri və tənqid" (Bakı, "Elm və təhsil", 2017) kitabı filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlinin elmi potensialının imkanlarını üzə çıxaran, onun nəsr və tənqidimizin üzvi əlaqəsi haqqında konseptual düşüncələrini əks etdirən fundamental bir tədqiqat əsəri kimi diqqəti çəkir. Kitaba daxil olan "Azərbaycan nəsri və tənqid /1960-70-ci illər nəsri ədəbi tənqid kontekstində/" adlı fundamental monoqrafiya, eləcə də "Anarın "Gözmuncuğu" povesti əsrin nəsri kontekstində", "Yeni Azərbaycan nəsri Kamal Talıbzadə tənqidində" məqalələri yüksək erudisiyalı, ədəbi-nəzəri fikir yetkinliyi ilə seçilən ədəbiyyatşünas-tənqidçi təfəkkürünün məhsuludur.

 

Tədqiqat işi olduqca aktual və qlobal bir mövzuya həsr olunub. Ədəbiyyatşünaslığımız üçün çox əhəmiyyətli olan bu araşdırmada  Azərbaycan nəsri və tənqidinin mühüm yaradıcılıq problemləri qoyulmuş və düzgün elmi həllini tapmışdır. Araşdırmada haqqında bəhs olunan ədəbi tənqid və bu tənqidin diqqət mərkəzində olan 1960-70-ci illər nəsri haqqında ədəbi-nəzəri fikrimizin müxtəlif vaxtlarda fərqli qənaətləri olmuşdur. Zaman-zaman bu tənqidə və nəsrə dair çoxsaylı tədqiqatlar işıq üzü görmüşdür. Milli ədəbi tənqidimiz həmin məqalələrə, monoqrafiyalara, eləcə də nəsrin inkişafı ilə bağlı məsələlərə həmişə həssas münasibəti ilə seçilmişdir. Bu mənada, Təranə Turan Rəhimlinin yeni monoqrafiyasının çox vaxtında yazıldığı zənnindəyik. Çünki indi 1960-1970-ci illər nəsrinə aid ədəbi tənqid materialları öz xarakteri etibarilə əvvəlki onilliklərdə olduğundan ciddi surətdə fərqlənir. Həm də XX əsrin 60-70-ci illərinin bir mərhələ olaraq ədəbiyyatşünaslığımızda, ədəbi tənqidimizdə ümumiləşdirilməsi indiki dövrə təsadüf edir. Buna görə də araşdırmaçı monoqrafiyada fərqli zamanların - sovet dövrünün və müstəqillik illərinin ədəbi tənqidinin nəzəri baxışlar sistemini, aparıcı qənaətlərini bir araya gətirmək, fərqli və oxşar xüsusiyyətləri aşkarlamaq imkanına malikdir.

 

Təranə Turan Rəhimli dünyanın müxtəlif  məkanlarında - Türkiyə, İtaliya, Belçika, Albaniya, İngiltərə, Hindistan, İran, Rusiya, Ukrayna, Qazaxıstan,  Özbəkistan, Qırğızıstan və  başqa ölkələrdə beynəlxalq ədəbi-elmi tədbirlərdə, konfranslarda elmi məruzələri, əhəmiyyətli çıxışları, kitabları və dövrü mətbuatda yazıları ilə maraq doğuran, yüksək nəzəri hazırlıqlı bir araşdırmaçı kimi monoqrafiyada qoyulan problemin kifayət qədər dərinliklərinə vara bilmişdir. Monoqrafiya olduqca vacib ədəbi-nəzəri problemlərə ciddi tədqiqatçı münasibəti baxımından diqqəti cəlb edir. Mövzu bir tərəfdən 1960-70-ci illərin zəngin, çoxsaylı bədii yaradıcılıq materiallarını tam şəkildə öyrənib mənimsəmək, ona nəzəri münasibət formalaşdırmaq, digər tərəfdən isə əlli ildən artıq bir dövrün - 1960-cı ildən başlayıb 2000-ci illər də daxil olmaqla böyük bir vaxt dönəminin ədəbi tənqid materiallarını tam halda bilməyi tələb edir. "Azərbaycan nəsri və tənqid" kitabı  ilə tanışlıq göstərir ki, Təranə Turan Rəhimli hər iki işin öhdəsindən uğurla gəlib. Həm bədii materialların öyrənilməsi, həm ədəbi tənqidin əsas nailiyyətlərinin mənimsənilməsi tədqiqatçının dərin nəzəri təhlillərində, ümumiləşdirmələrində aydın görünür.

 

Araşdırmanın məzmununu, strukturunu izlədikdə son dərəcə dərin, geniş və mürəkkəb bir mövzunun uğurlu elmi həlli ilə qarşılaşırıq. 1960-70-ci illərdə nəsrə gələn qüvvələrin, "altmışıncıların" mövzu, ideya, bədii qəhrəman, janr, üslub, süjet kompozisiya, dil baxımından ədəbiyyata gətirdikləri böyük rəngarənglik və tənqidin ona davamlı diqqəti, nəsrin ayrı-ayrı yaradıcılıq problemlərinə xüsusi həssaslığı monoqrafiyada lazımınca dəyərləndirilib. Tədqiqat əsərinin girişində öz əksini tapan qətiyyətli fikir və mülahizələr müəllifin qarşıdakı fəsillərdə qoyub həll etdiyi problemlərin nəzəri dərkinə zəmin hazırlayır.

 

Monoqrafiyanın birinci fəslində nəsrin mərhələ xüsusiyyətləri ədəbi-nəzəri baxış müstəvisində araşdırılır. Burada milli ədəbiyyatşünaslığımız üçün bir çox yeni mülahizə və qənaətlərlə qarşılaşırıq. Bu fəsil aydın surətdə göstərir ki, belə bir fundamental tədqiqatı təkcə nəsrimizin və ədəbi tənqidimizin 1960-70-ci illər mərhələsini bilməklə yazmaq mümkün deyil. Həm əvvəlki, həm sonrakı dövrlərin ədəbi inkişaf xüsusiyyətlərini dərindən öyrənən Təranə Turan Rəhimli ədəbi tendensiyaları sərf-nəzər edib gözdən keçirmiş, ədəbi-nəzəri fikirdə mövcud fərq və eyniliklərə diqqəti çəkmişdir ki, bu cəhət ciddi elmi maraq doğurur.

 

Bu dövrdə üç böyük pleyadanın, böyük ədəbi nəsillərin - bir tərəfdə Mirzə İbrahimov, Mir Cəlal, Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev və başqaları, sonrakı dövrdə Bayram Bayramov, İsa Hüseynov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, daha sonrakı dövrdə Anar, Elçin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, İsi Məlikzadə, Mövlud Süleymanlı, Yusif Səmədoğlu və başqa nasirlərin yaradıcılığındakı fərq və eyniliklər mövzu, ideya, problematika cəhətdən, həm də ədəbi tənqidin münasibəti baxımından monoqrafiyada ciddi təhlil edilir. Eyni zamanda, fəslin tarixilik və müasirlik estetik kateqoriyalarına ədəbi tənqidin münasibətini nəzərə çatdıran bölməsi də xüsusi diqqəti çəkir. Burada tarix məsələsinə müxtəlif vaxtlarda tənqidin baxış bucaqlarını əks etdirən qənaətlərin təhlili, müasirliyin izahında millilik məsələsinin unudulması və ya qismən yer alması ilə bağlı fərqli nəzəri mövqelərin şərhinə dair maraq doğuran mülahizələr vardır.

 

İkinci fəsildə tarixilik və müasirliyi bədii nəsrin materialları əsasında izləyən tənqid mövqelərinə münasibət bildirilir. Ədəbi tənqidin bu məsələnin izahında istər tarixi, istərsə də müasir mövzulu nəsrə dair qənaətləri məsələyə fərqli zamanların nəzəri baxış kontekstində nəzərdən keçirilir. Burada tənqidin problemə münasibəti İsmayıl Şıxlının "Dəli Kür", Fərman Kərimzadənin "Qarlı aşırım", İsa Hüseynovun "Məhşər", Mirzə İbrahimovun "Pərvanə", İlyas Əfəndiyevin "Körpüsalanlar", İsa Hüseynovun "Teleqram", "Kollu koxa", Bayram Bayramovun "Sərinlik", Anarın "Ağ liman", Elçinin "Bir görüşün tarixçəsi" və s. nəsr əsərləri haqqında məqalələr, tədqiqatlar əsasında müəyyənləşdirilir. Fəsildəki nəzəri təhlil və mülahizələr tamamilə yeni və orijinal görünür.

 

Monoqrafiyada nəsrin qəhrəman probleminə ədəbi tənqidin münasibətini aydınlaşdıran üçüncü fəsil nəsrin başlıca keyfiyyət dəyişimini təmin edən fərqli qəhrəmanın nəzəri şərhindən bəhs edir. Fəsildə Cahandar ağa, Kərbəlayı İsmayıl, Dədə Bəhmən, İsfəndiyar kişi kimi obrazların milli tarixi varlığın təmsilçiləri olaraq ədəbi-nəzəri fikirdə yer aldıqları vurğulanır. Qadın emansipasiyası  problemi fonunda ədəbi tənqidin diqqətini cəlb edən Təhminə, Səriyyə obrazlarına elmi-nəzəri münasibət burada araşdırmaçının xüsusilə diqqət mərkəzindədir.

 

Dördüncü fəsildə sözügedən nəsrin sənətkarlıq məsələlərinin tənqiddə hansı səviyyədə öz əksini tapdığını aydın görürük. Nəsrin janr tipləri, süjet-kompozisiya özünəməxsusluqları, nasirlərimizin üslub, dil fərdiliyi, forma axtarışlarında yeni tapıntıları bu fəsildə tənqidin diqqət mərkəzində duran və düzgün elmi izahını tapan məsələlərdir. Araşdırmaçı  ədəbi tənqidin bu forma özəlliklərinə dair fikir və mülahizələrini bir kompleks halında öyrənib çağdaş ədəbiyyatşünaslıq mövqeyindən dəyərləndirir. Burada ayrı-ayrı janrların taleyinə müxtəlif zamanların ədəbi-nəzəri münasibəti ilə bağlı təhlillər xüsusi maraq doğurur.

 

Avropa ədəbiyyatşünaslığında 50-ci illərdə, rus  ədəbiyyatşünaslığında 70-ci illərdə aktual olan roman məsələsinə dair qənaətləri, Azərbaycan ədəbi elmində problemə fərqli baxış bucaqlarını monoqrafiyasında bir araya gətirən Təranə Turan Rəhimli  "roman lazımdırmı?" sualının cavabını axtaran bütün tənqidi yazıları bir küll halında araşdırmışdır. Həmçinin, həmin illərin ədəbi-nəzəri fikrində "hekayə  axını" ilə bağlı narahatlıqları da nəzərdən qaçırmamış, ədəbi janrların hər birinin gərəkliliyi ilə bağlı tənqidin gəldiyi nəticələri aşkarlamışdır. 

 

Nəticədə dissertasiyanın yekun müddəalarını əks etdirən müəllif bədii nəsri təhlil prosesində ədəbi tənqidin özünün hansı inkişaf xüsusiyyətləri ilə zənginləşdiyini nəzərə çatdırır. "Azərbaycan nəsri və tənqid /1960-70-ci illər nəsri ədəbi tənqid kontekstində/" monoqrafiyası çağdaş ədəbi-nəzəri elmimizdə maraq doğuran mülahizə və ümumiləşdirmələrlə, əhəmiyyətli elmi yeniliklərlə səciyyələnir. Bu cəhətdən tədqiqat işini müasir ədəbiyyatşünaslığımıza yeni bir töhfə kimi dəyərləndirmək olar.

 

Kitaba daxil edilən məqalələr  Təranə Turan Rəhimlinin ədəbiyyatşünas-tənqidçi istedadının göstəricisi kimi diqqəti çəkir, təhlil edilən məsələlərə münasibət özünəməxsusluğu ilə seçilir. Anarın son illərdə qələmə aldığı, ədəbi  mühitdə böyük əks-səda doğuran, müstəqillik illəri ədəbiyyatının ciddi nailiyyəti hesab edilən "Gözmuncuğu" povestinə ilk ədəbi-nəzəri qiymət verən ədəbiyyatşünas-tənqidçilərdən biri Təranə Turan Rəhimli olmuşdur. Onun  "Anarın  "Gözmuncuğu" povesti əsrin nəsri kontekstində" məqaləsində əsərin ən yeni ədəbiyyatımızda yeri, bədii nəsrimizə gətirdiyi əhəmiyyətli yeniliklər  müəyyənləşdirilir, əsərin bədii-fəlsəfi fikrimizi zənginləşdirən özəllikləri aşkarlanır.

 

"Azərbaycan nəsri və tənqid" kitabı Azərbaycan ədəbi mühitində, ədəbiyyatşünaslıq aləmində kifayət qədər tanınan bir müəllifin əsəridir. Təranə Turan Rəhimli ədəbiyyatımızda və elmimizdə bir çox uğurlara imza atıb. O, şair, publisist, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi kimi çoxsahəli fəaliyyəti ilə diqqət mərkəzindədir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin (Məsləhət Şurasının), Türkiyədə Kıbrıs-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun, Filippində "Pentasi B Şairlər Dostluğu Cəmiyyəti"nin üzvüdür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Təranə Turan Rəhimli Türkiyədə Türk Araşdırmaları Vəqfinin "Akademik tarix və düşüncə" elmi dərgisinin eksperti, "Mana ustası" ədəbi jurnalının redaksiya heyətinin üzvü, Ural Təhsil və Mədəniyyət Strateji Araşdırmaları Dərnəyi saytının köşə yazarı kimi də səmərəli fəaliyyət göstərir.

 

Onun "Böyük nəslin layiqli yadigarı" (2002), "Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri" (2009), "Dərdin pıçıltısı" (2007), "Sevgimden tanıyacaklar" (Türkiyə/İzmir, 2013), "Sana yazmadığım şiir" (Türkiyə/Ankara, 2013) adlı kitabları geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şeirləri və elmi məqalələri dünyanın bir çox ölkələrində - Türkiyə, İran, İtaliya, Belçika, Latın Amerikası (Çili, Meksika), İspaniya, Albaniya, İngiltərə, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrdə nəşr edilmişdir.

 

Təranə Turan Rəhimli Azərbaycanda "İlin elmi kitabı" IX Bakı Kulturoloji Mükafatı, "Türk Dünyasına Xidmət Ödülü", Beynəlxalq "Rəsul Rza mükafatı", "Mikayıl Müşfiq mükafatı", Beynəlxalq "Akif Səməd ödülü", prezident təqaüdü (2015), Türkiyədə Türk Sənət Platformunun "Onur medalı", Kərkük Mədəniyyət Mərkəzinin "Şərəf Xidmət Ödülü", KİBATEK, ASKED, Gediz Universiteti, Okan Universiteti, Yaşar Universiteti, Ege Universiteti və Celal Bayır Universitetinin fəxri fərman və rəsmi təşəkkürləri, İtaliyada Bari Aldo Moro Universitetinin "Millətlərarası Qızıl Körpü" ədəbi mükafatı, Taranto Pablo Neruda Mədəniyyət Mərkəzinin "KİBATEK - 39 Beynəlxaq Festivalı Ödülü"nü və Latın Amerikasında İsla Neqra Dünya Şairləri Səfirliyinin "Min şair, min şeir" diplomunu almışdır. Bütün bu uğurları onu milli ədəbi-elmi, mədəni inkişafımızda daha əhəmiyyətli fəaliyyətə ruhlandırır, yeni əsərlər ərsəyə gətirməyə səsləyir. Ədəbiyyatşünas alim həmkarımızın təzə nəşr edilən əsərini - "Azərbaycan nəsri və tənqid" adlı kitabını da bu qəbildən olan növbəti nailiyyət kimi yüksək dəyərləndiririk.

 

525-ci qəzet  2018.- 17 yanvar.- S.7.