KİNOLARDA "BİSMİLLAH"

 

Ələkbər QƏRİB

 

Dünən birinci dəfə olaraq Tiflisdə Azərbaycan Dövləti Kino Sənayesi tərəfindən buraxılmış "Bis-millah" nam film-şəkil tamaşaya qoyulmuş idi.

 

"Bismillah" Azərbaycan Dövləti Kino Sənayesinin birinci həyati şəkilidir. "Bismillah" Azərbaycan kənd həyat və məişətindən alınmış və həqiqəti göstərən kinoşəkildir.

 

Gürcüstanda bir çox şəkillər buraxılır. Fəqət bunların hamısı həddi-zatında bir-birinə bənzəyirlər və Gürcüstan kəndçisinin bu- günküya beş il bundan əvvəlki həyatını göstərən heç bir şəkil hələ ki, indiyə kimi meydana çıxarılmamışdır. Bununla bərabər, bu şəkilləri "Məişətdən alınmış həyati", - deyə tövsif edirlər. Bizcə, "Məişətdən alınmış həyati" şəkil adlandırmağa yalnız "Bismillah" layiqdir. Burada Azərbaycan kəndçisinin cahilliyi, qadınların hüquqsuzluğu, mollaların alçaqlığı, ikiüzlülüyü və əxlaqsızlığı, bəy və mülkədar güruhunun zalımlığı, daha sonra cahil xalqın yavaş-yavaş gözlərinin açılmağı və ilaaxır birər-birər göz qabağından keçirlər.

 

Azərbaycan Dövləti Kino Sənayesinin rejissoru Abbas Mirzə Şərifzadə özünün, doğrudan da, müqtədir bir rejissor olduğunu isbat etmişdir. Abbas Mirzə burada ilk təcrübəsini göstərmiş və biz heç şübhə etmirik ki, Abbas Mirzənin qoyduğu şəkillər gələcəkdə biri-birindən gözəl və qiymətli olacaqdır.

 

Artistlərdən ilk əvvəl bizim sevimli və müqtədir aktyorumuz Mustafa Mərdanov (Qulu rolunda) gözə çarpır. Mərdanov bizim səhnəmizin dəyərli aktyorlarındandır. Bu aktyor səhnədə hər bir hərəkətini ətraflıca düşünərək, oynadığı rolu dərindən hiss edir. Ona baxdıqca da tamaşaçı özünün teatroda olduğunu unudur. Mərdanovu biz kinoda birinci dəfədir görürüz. Aktyor burada da o qədər təbiidir ki, onun Mərdanov deyil, doğrudan da, avam, yazıq və cahil kəndli Qulu olduğuna bizdə şübhə oyanmayır.

 

Molla Əbdürrəhimin rolunu Mirzəağa Əliyev, Rəştdən qastrola gəlmiş rövzəxanın rolunu Kazım Ziya oynayırlar. Bunların hər ikisi gözəl və təbii oynayırlar. Riyakar, cibiştanpərəst, əxlaqı pozğun molla tiplərini aktyorlarımız böyük bir məharət ilə yaratmışlar. Bəyin rolunda Kirmanşahlı, Cəfərin rolunda İbrahim Azəri ifa edirlər. Hər ikisi təbii oynayırlar.

 

Bir neçə söz qadın rolları haqqında deməliyiz. Qoyaq ki, səhnəmiz aktrisa cəhətincə kasıbdır. Hələ ki, yetişməmişlər. Amma "Bismillah" şəkilində qadın rolları o qədər sadədirlər ki, Bakı kimi mərkəzdə o rolları oynayacaq türk qızları istədiyimiz qədər tapıla bilər. Budur ki, qadın rollarının rus qadınları tərəfindən oynanmasına biz çox təəccüb ediriz. Bəs nə vaxt biz hər cəhətcə milli səhnə, milli sənayeyi-nəfisə düzəldəcəyik? Biz əminiz ki, Zeynəbin və Qulunun anasının və bacısının rollarını türk qızları daha da təbii oynayardılar. Və bu rolları oynamaq da onlar üçün heç də çətin olmazdı.

 

Bir neçə söz də şəkilin yazıları haqqında deyək. Yazılara baxanda yenə də insan elə fikir edir ki, bizim Azərbaycanda nə yazıçımız, nə ədibimiz, nə də öz şivəmiz vardır. Bunlar hamısı İstanbuldan gəlib və özləri ilə bərabər şivə və yazılarını gətirmişlər. Şəkillərin yazısına Moskvadabütün Avropada o qədər böyük əhəmiyyət verirlər ki, bu yazıları düzəltmək üçün ən müqtədir yazıçılar və ədiblər dəvət edilirlər. Azərbaycan Dövləti Kino İdarəsi isə bu məsələyə laqeyd baxmış. Yazıların şivəsi İstanbul şivəsidir. Məsələn:

 

Həpisi, köylülər, bana, gəliyorsan, veriyorsan, hisseyi-həştüm və i.a. Hələ "Hisseyi-həştüm"ü hansı kino mollası ortaya atmışdır? Gülünc şeydir.

 

Kino İdarəsi unutmamalıdır ki, onun şəkillərinə Azərbaycan kəndçiləri tamaşa edəcəklər. Ümid ediriz ki, gələcək şəkillərdə göstərdiyimiz qüsurları ortadan qaldıracaqdır.

 

"Yeni fikir" qəzeti, Tiflis, 28 yanvar 1926, № 1001

 

525-ci qəzet  2017.- 18 yanvar.- S.7.