Nofəl ÜMİD

 

BİR KƏND QOYUB GƏLMİŞƏM...

 

Tarlalar şumlanmış, bağlar əkilmiş,

Torpağın bağrına cızlar çəkilmiş,

Üzü günə boy-boy evlər tikilmiş,

Bir kənd qoyub gəlmişəm...

 

Dolu evlərimiz yerli,yataqlı,

Bütün otaqları əli çıraqlı,

Qapıları açıq,yolları bağlı,

Bir kənd qoyub gəlmişəm...

Ruh oxşayan, könül açan, səfalı,

Torpağı nur, bərəkətli, şəfalı,

Bulaq suyu, ov əti, dağ havalı,

Bir kənd qoyub gəlmişəm..

 

Bütün mümkünlərdən kəsilmiş yolu,

Artıq ümidlərdən qırılmış qolu,

Köksü parça-parça, gözləri dolu,

Bir kənd qoyub gəlmişəm...

 

Çatmaz ona cənnət olsa siz görən,

Döz ürəyim, bu həsrətə döz, dirən,

Hər yanında xoş xatirə gəzdirən,

Bir kənd qoyub gəlmişəm...

 

BU GÜNÜN SABAHI VAR

 

Vətən, sənin hər daşına qurbanam,

Hər daş altda bir şəhidin ruhu var.

Sevinc gəzə bilməz yaralı könlüm,

Ürəyimdə anaların ahı var.

 

Əsirlikdə elim var, axtarmıram,

Çəkir zülüm, dərd, qübar axtarmıram,

Bu halına günahkar axtarmıram,

Vətən deyən hər kəsin günahı var.

 

Dünya gəzən şöhrətimə göz dikib,

Əsir tutub, qeyrətimə göz dikib,

Torpağıma, sərvətimə göz dikib,

Düşmənimin çox gözəl iştahı var.

 

Vətən oğlu, torpağa yas saxlama,

Hər verilən vədə ümid bağlama,

Müjdə gözlə, dik dur, Anam ağlama,

Alacağıq, bu günün sabahı var..!

 

VƏTƏN

 

Həsrətindən yandı bağrım,

Çatmır sənə əlim, Vətən.

Məni bağışla deməyə,

Susub,gəlmir dilim, Vətən.

 

Hey bölünüb, parçalanıb,

Sinəsində od qalanıb,

Həm satılıb, həm talanıb,

Hanı bütöv elim, Vətən?!

 

Gün gələ keçim qarşına,

Çıxım dağların başına,

Üzümü sürtüm daşına,

Qucağında ölüm, Vətən.

 

525-ci qəzet  2018.- 20 yanvar.- S.23.